Məhkəmə qərarları › İş №2-1(114)-477/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-477/2021

04.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-477/2021 04.03.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı qızının Cavabdehnə qarşı uşağın soyadının dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, X1 dəyişdirilərək X4 yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı X9 ilə nikaha daxil olmuş və birgə nikahlarından xx.xx.2007-ci il tarixdə X3 dünyaya gəlmişdir. Nikah rəsmi olmadığıdan uşağın doğum haqqında şəhadətnaməsində atasının soyadının əvəzinə anasının soyadı yazılmışdır. X9 xx.xx.2019-cu il tarixdə vəfat etmiş və bu barədə Gəncə “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsində 130 saylı akt nömrəsi ilə qeydiyyat aparılaraq ölüm haqqında şəhadətnamə tərtib edilmişdir. İddiaçı qızı X1 atasının soyadına dəyişdirilməsi ilə bağlı Cavabdehnə müraciət etsə də, cavabdeh orqan bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdeh işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -xx.xx.2014-cü il tarixli, AZ-İİİ 414809 nömrəli “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2007-ci il tarixdə doğulmuş və ata qrafasında X5 qeyd edilmişdir. -Cavabdeh xx.xx.2020-ci il tarixli, 05/Q-1318 nömrəli məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Məhkəmə araşdırması zamanı tədqiq edilən sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı ilə X9 arasında rəsmi nikah bağlanmadığından xx.xx.2007-ci il tarixdə doğulmuş X2 doğum haqqında şəhadətnaməsində atasının soyadının əvəzinə anasının soyadı yazılmışdır. İddiaçı qızının soyadının onun bioloji atası hesab etdiyi şəxsin soyadına dəyişdirilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh orqan bundan imtina etmişdir. Cavabdeh orqanın imtinasının məzmunundan aydın olur ki, iddiaçının övladının atalığı məhkəmə qaydasında müəyyən olunmadığından cavabdeh orqan Ailə Məcəlləsinin 46.3-cü maddəsinə istinad edərək onun ərizəsinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:- -53.3-cü maddəsinin tələblərinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. -46.3-cü maddəsinin tələblərinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın:- -2.12-ci bəndinə əsasən atalıq müəyyən olunmadıqda uşağa ad, ananın göstərişi ilə, ata adı anasının göstərişi üzrə uşağın atası kimi qeydə alınan şəxsin adına görə, soyad isə ananın soyadına görə verilir. -6.16-cı bəndinə əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. İşin faktiki hallarından göründüyü kimi iddiaçı uşağın soyadının dəyişdirilməsinin əsası kimi bioloji atasının soyadının “Abbasov” olması ilə əsaslandırmışdır. Lakin işdən görünür ki, atalığın tanınması faktına məhkəmə qaydasında hüquqi qiymət verilməmişdir. Odur ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsininə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı qızının Cavabdehnə qarşı uşağın soyadının dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar