Məhkəmə qərarları › İş №2-1(114)-4775/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-4775/2025

06.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-4775/2025 06.08.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinin sxematik bölgü sənədinin tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. İddiaçının tələbi İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, iddia tələbinin təmin edilməsi və mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən mülkün faktiki bölünmüş vəziyyətinə uyğun sxematik bölgü sənədinin tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi belə əsaslandırılmışdır ki, ünvan 1 ünvanı paylı mülkiyyət hüququ əsasında ½ pay olmaqla İddiaçı1 və İddiaçı2 məxsusdur. Ev vahid əmlak kimi qeydə alınsa da evlərin ayrıca giriş-çıxışı var faktiki olaraq hər ikisinin ailəsi ayrı evlərdə yaşayır. Hər ikisinin çıxarışında hər iki tikili "A" kimi qeyd edilsə də, sənəddən görünür ki, yaşayış evləri sahələri fərqli iki evdir. İddiaçılar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə bölgü sxemin hazırlanması ilə bağlı müraciət etsələr də cavabdeh 02 aprel 2025-ci il tarixli, 3-21-3-33/2-3398/2025 nömrəli məktubla fərdi yaşayış evinin vahid əmlak olması səbəbi ilə bölgü sxem hazırlanmasından imtina etmişdir. Cavabdeh tərəfindən tikili vahid "A" tikilisi kimi göstərilsə də İddiaçı2 məxsus ümumi sahəsi 83.8 kv.m, yaşayış sahəsi 38.8 kv.m, köməkçi sahəsi 45.0 kv.m, tikili "B" hamam 69.1 kv.m və 0.0514 ha torpaq sahəsi təşkil edir, İddiaçı1 məxsus tikilinin isə ümumi sahəsi 91.4 kv.m, yaşayış sahəsi 32.0 kv.m, köməkçi sahəsi 59.4 kv.m, açıq eyvan 11,7 kv.m, tikili "C" hamam 14.8 kv.m, tikili "İ" talvar 34.8 kv.m və 0,0393 ha torpaq sahəsi olmaqla faktiki giriş çıxışı olan ayrı tikililərdir. Uzun illərdir hər iki ailə mübahisəsiz həmin evlərdə yaşayır. İşin halları xx.xx.2022-ci il tarixli, **********78-10301 reyestr nömrəli, 54486 inventar nömrəli texniki pasporta əsasən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin hüquq subyektləri İddiaçı1 və İddiaçı2dur. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** və ********** qeydiyyat nömrəli, **********78- 10301 reyestr nömrəli çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə İddiaçı1 və İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində 84 nömrəli reyestr kitabının 55 nömrəli vərəqində qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən vətəndaş İddiaçı2 ünvanlanmış xx.xx.2025-ci il tarixli “müraciətə baxılması haqqında” məktubdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi tikili “A” vahid bir əmlak olduğu üçün bölgü sxeminin hazırlanması mümkün olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Hazırkı iddia tələbi ilə iddiaçılar fərdi yaşayış evinin sxematik bölgü sənədinin tərtib edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş edirlər. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən İddiaçı2 ünvanlanmış xx.xx.2025-ci il tarixli “müraciətə baxılması haqqında” məktubda qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi tikili “A” vahid bir əmlak olduğu üçün bölgü sxeminin hazırlanması mümkün olmamışdır. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsində, publik hüquqi şəxsin bölgü sxeminin hazırlanması kimi vəzifəsi nəzərdə tutulmamışdır. Məhkəmə qeyd edir ki, bölgü sxeminin hazırlanması cavabdehin qanunvericilikdə nəzərdə tutulan vəzifəsi deyil. Həmçinin xx.xx.2022-ci il tarixli, **********78-10301 reyestr nömrəli, 54486 inventar nömrəli texniki pasportdan görünür ki, cavabdehin də qeyd etdiyi kimi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi vahid bir əmlakdır. Ona görə də hazırkı iş üzrə cavabdehin üzərinə fərdi yaşayış evinə dair bölgü sxeminin hazırlanması kimi vəzifə qoyula bilməz. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinin sxematik bölgü sənədinin tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35 və 85.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinin sxematik bölgü sənədinin tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar