Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-4787/2023 12.12.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı müavinətin ödənilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.2010-cu il tarixdən xx.xx.2013-cü il tarixədək müharibə veteranı müavinət pulunun ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun istifadə etmədiyi son 3 (üç) ilin xx.xx.2010-cu il tarixdən xx.xx.2013-cü il tarixədək müharibə veteranı müavinət pulunun ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1992-ci ildə erməni-daşnaq quldurları torpaqlarımızı işğal edəndə könüllü olaraq Şəmkirdə yerləşən N () saylı hərbi hissəyə daxil olmuş və əsgərlərlə təlimlərə başlamışdır. xx.xx.1992-ci il tarixdə hücum edərək Şəmkirdə yerləşən hərbi aviabazanı ruslardan təmizləmişlər. Daha sonra hazırlaşaraq xx.xx.1992-ci il tarixdə hücum edərək Gədəbəydə yerləşən quldur yuvası "Başkəndi" ermənilərdən azad etmişlər. 1994-cü il Kəlbəcər qış əməliyyatlarında yaxından iştirak etmişdir. Atəşkəsdən sonra da Milli ordu sıralarında vicdan və ləyaqətlə xidmətini davam etdirmişdir. Müqaviləsi başa çatdıqdan sonra o, Şəmkir RHK-na gələrək qeydiyyata durmuşdur. 1996-cı il tarixdən müharibə iştirakçılarına müharibə veteranı vəsiqəsi verilməyə başlamışdır. Lakin ona müharibə veteranı vəsiqəsi verilməmişdir. Müdafiə Nazirliyinə etdiyi müraciətdən sonra ona yalnız 13 iyul 2013-cü il tarixdə müharibə veteranı vəsiqəsi verilmişdir. O, bu illər ərzində kimlərinsə səhvindən müharibə veteranı imtiyazlarından istifadə edə bilməmişdir. Odur ki, heç olmasa son 3 (üç) ilin müharibə veteranı müavinətini almaq üçün ƏƏSMN-nin DSMF-nin Sosial Ödənişlərin Təniyatı üzrə Mərkəzi Filialına müraciət etmiş və 02 iyun 2023-cü il tarixdə 3-17-1/2-Ə-124306/2023 saylı imtina cavabı almışdır. Bu imtina cavabı ilə razı deyil.
3. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. II. Prosessual məsələlər
4. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, aidiyyətlə bağlı məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və məhkəmə bildirişi göndərilməklə, bu barədə tərəflərə məlumat verilmişdir.
5. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər.
6. İddiaçı işin aidiyyatı üzrə göndərilməsinə etiraz edərək, göstərdi ki, o, Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, YAT/NA, ev 21 ünvanında qeydiyyatda olsa da, Şəmkir şəhərində ona xidməti yaşayış sahəsi kimi orderlə verilmiş evdə yaşayır. Ona görə də, işinə Gəncə İnzibati Məhkəməsində baxılmasını istəyir.
7. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında işin aidiyyəti üzrə göndərilməsinə etiraz etmədiklərini və bu məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir.
Əsaslandırma hissəsi:
8. Məhkəmə iddia ərizəsini, ona əlavə edilən sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə hazırkı işə Gəncə İnzibati Məhkəməsi tərəfindən baxılmamalı və iş ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir.
9. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan olduğundan hazırkı mübahisəyə İPM-in 8.1.2-ci maddəsində nəzərdə tutulmuş aidiyyət qaydası tətbiq edilməlidir.
10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə (bundan sonra mətndə İPM-in): Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: Maddə 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Maddə 8.2. Predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir.
11. Göründüyü kimi, öhdəliyin icrası haqqında iddialarda, cavabdehin yerləşdiyi ərazi birdən çox məhkəmənin yurisdiksiyasına aid olduqda iddiaçının yaşayış yerinin məhkəməsi tərəfindən baxılır.
12. İddiaçının şəxsiyyət vəsiqəsi və izahatı ilə müəyyən edilir ki, onun qeydiyyat ünvanı Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, YAT/NA, ev 21-dir.
13. Məhkəmə iddiaçının Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, YAT/NA, ev 21 ünvanında qeydiyyatda olsa da, Şəmkir şəhərində ona xidməti yaşayış sahəsi kimi orderlə verilmiş evdə yaşaması barədə dəlilinə münasibətdə isə qeyd edir ki, əvvəla, iddiaçı xidməti yaşayış sahəsi ilə bağlı məhkəməyə hər hansı sənəd təqdim etməmişdir. Hansı ki, işin aidiyyatla bağlı məhkəmə iclası təyin edilərkən məhkəmənin xx.xx.2023-cü il tarixli bildirişində ona bu barədə ətraflı izah edilmişdir.
14. İkinci tərəfdən isə, hətta iddiaçının xidməti yaşayış sahəsi mövcud olacağı halda belə, iddiaçı ilə cavabdeh arasında yaranmış hüquq münasibətləri inzibati orqanla hərbi qulluqçu arasında olan xidməti hüquq münasibətləri olmadığından hazırkı mübahisənin aidiyyatı İPM-nin 8.1.3-cü maddəsinin təsiri dairəsinə düşmür. Hazırkı mübahisəyə İPM-in 8.1.2-ci maddəsində nəzərdə tutulmuş aidiyyət qaydası tətbiq edilməlidir.
15. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer - onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür.
16. Həmin Qanunun 3-cü maddəsinin 1-ci bəndinə əsasən yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir.
17. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur.
18. İddiaçının yaşayış yeri olan Bakı şəhəri Azərbaycan Respublikası Məhkəmə- Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidinə daxildir.
19. Odur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.2010-cu il tarixdən xx.xx.2013-cü il tarixədək "müharibə veteranı" müavinət pulunun ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə Bakı İnzibati Məhkəməsində baxılmalı olduğundan iş ərazi aiddiyyəti üzrə həmin məhkəməyə göndərilməlidir.
20. İPM-in 8.5-ci maddəsinə görə bu Məcəllənin 8.2–8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər.
Nəticəvi hissə:
21. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 2.2, 8.1, 8.2 və 8.5-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.2010-cu il tarixdən xx.xx.2013-cü il tarixədək müharibə veteranı müavinət pulunun ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Gülşən Əliyeva