Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-479/2022 15.02.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə 15.12.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 28.10.1993-cü il tarixdə Ağstafa rayon Hərbi Komissarlığı tərəfindən səfərbərliklə hərbi xidmətə çağrılmış, xidmətə N () nömrəli hərbi hissənin tərkibində başlamış, 01.02.1988-ci il tarixdən 12.05.1994-cü il tarixədək Qazax rayonunun Ermənistanla həmsərhəd olan kəndlərin azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmiş, lakin hal-hazıra kimi müharibə veteranı statusu ala bilməmişdir. Bununla bağlı cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə göndərilmiş 08.01.2022-ci il tarixli, 11/29 nömrəli iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, Mərkəzi Arxivin 19.10.2021-ci il tarixli 4/2-1287 nömrəli arayışına əsasən İddiaçı N nömrəli hərbi hissə komandirinin noyabr-dekabr 1993-cü, yanvar-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində xidməti barədə məlumat olmadığına və hərbi hissəni özbaşına tərk etdiyinə görə iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsinin verilməsini istisna edir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin 01.12.2021ci il tarixli, 4/3-1757 nömrəli məktubunda qeyd olunmuşdur ki, Mərkəzi Arxivin 19.10.2021ci il tarixli 4/2-1287 nömrəli arayışına əsasən İddiaçı N nömrəli hərbi hissə komandirinin noyabr-dekabr 1993-cü, yanvar-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində xidməti barədə məlumat olmadığına və hərbi hissəni özbaşına tərk etdiyinə görə ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. -Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsinin 02.11.2021-ci il tarixli 915 nömrəli arayışında bildirilir ki, İddiaçı 28.10.1993-cü il tarixdə N nömrəli hərbi hissəyə daxil olmuş, 05.1994-cü il tarixi üçün pul təminatı ilə təmin olunmuş, hərbi hissəni özbaşına tərk etdiyinə görə N nömrəli hərbi hissə komandirinin 18.02.1996-cı il tarixli 49 nömrəli əmrilə 13.02.1996-cı il tarixdən şəxsi heyətin siyahısından çıxarılmışdır. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirinin Katibliyi İşlər İdarəsinin Mərkəzi Arxivinin 19.10.2021-ci il tarixli 4/2-1287 nömrəli arxiv arayışından görünür ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin 28.10.1993-cü il tarixli 012 nömrəli əmrilə 2-ci motoatıcı avtomobil taborunun şəxsi heyətinin siyahısına daxil edilməklə bütün təminat növlərinə yazılaraq zenit raket tağımında manqa komandiri vəzifəsinə təyin olunmuş, N nömrəli hərbi hissənin iyun 1994, 11.07.1994-15.08.1994-cü il tarixli şəxsi heyətə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda aprel, may, iyun 1994-cü il tarixi üçün pul təminatı ilə təmin olunmuş 6 MAT Zenit-raket tağımının şəxsi heyətinin siyahısında manqa komandiri sıravi İddiaçı adı qeyd edilmiş, eləcə də hərbi hissəni özbaşına tərk etdiyi etdiyinə görə Müdafiə nazirinin 30.01.1996-cı il tarixli əmrinə müvafiq olaraq N nömrəli hərbi hissə komadirinin 18.02.1996-cı il tarixli 49 nömrəli əmrilə 13.02.1996-cı il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır, həmçinin N nömrəli hərbi hissə komandirinin noyabr dekabr 1993, yanvar dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində onun xidməti barədə məlumat aşkar edilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikasıİnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Belə ki, Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Beləliklə yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün şəxsin hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) şərtdir. Yəni, hərbi xidmətin başa çatması hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrinə əsasən şəxsi heyət siyahısından çıxarılması ilə şərtləndirilmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı N nömrəli hərbi hissədə hərbi xidmət keçmiş, həmçinin müvafiq pul təminatı ilə təmin olunmuşdur. Buna baxmayaraq hərbi hissəni özbaşına tərk etdiyi etdiyinə görə Müdafiə nazirinin 30.01.1996cı il tarixli əmrinə müvafiq olaraq N nömrəli hərbi hissə komadirinin 18.02.1996-cı il tarixli 49 nömrəli əmrilə 13.02.1996-cı il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Göründüyü kimi iddiaçı qanuni əsaslarla deyil, hərbi hissəni özbaşına tərk etdiyinə görə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Halbuki, hərbi xidmətin başa çatması hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrinə əsasən şəxsi heyət siyahısından çıxarılması ilə şərtləndirilmişdir. Qeyd olunan hallar isə ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsini istisna edir. Beləliklə qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 73.1, 75 və 81-86-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-479/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-479/2022
15.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver