Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-48/2020 09.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə İslam qızının katibliyi, Cavabdeh Gəncə şəhət Kəpəz Rayon İcra Hakimiyyətinin etibarnamə üzrə nümayəndəsi X4 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə müraciət edərək, inzibati orqanın qanunsuz hərəkəti nəticəsində vurulan 30.987,14 manat məbləğində kompensasiyanın, cavabdehin qanunsuz hərəkəti nəticəsində mənəvi sarsıntılar, mənəvi iztirablar keçirdiyi üçün ona vurulmuş mənəvi zərərə görə 10.000 manat məbləğində pulun ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1991-ci ildə keçmiş Xanlar rayonunun X3 İcrayyə Komitəsinin mövcud qərarı ilə keçmiş Xanlar rayonun İstitutu qəsəbəsi, indiki Gəncə şəhəri, Nətavan qəsəbəsində 0,08 hektar torpaq sahəsi ona fərdi yaşayış evinin tikintisi üçün istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin Fəmanın və Torpaq İslahatı haqqında Qanunun 9-cu maddəsinə əsasən, həmçinin Samux rayon X1 xx xxxxxx 2000-ci il tarixli, 106 saylı qərarı ilə 0,08 hektar istifadəsində olan həyətyanı torpaq sahəsi mülkiyyətinə verilmişdir. Bu hal Azərbaycan Respublikası Torpağın Mülkiyyətə verilməsinə dair JN-288 F kod 50702018 saylı şəhadətnaməsi ilə təsdiq olunur. 1992-ci ildə istifadəsində olan 0,08 hektar torpaq sahəsinin plan və ölçüləri gözlənilməklə ümumi sahəsi 19,4 kv/m ibarət bir yaşayış sahəsi və 10 kv/m. çardaqdan ibarət ev inşa etmişdir. İnşa etdiyi yaşayış sahəsi üzərində mülkiyyət hüququ rəsmiləşdirərək Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal təsərrüfat Komitəsi Baş Dövlət Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyat idarəsinin Samux rayon şöbəsində, xx.xx.2006-cı il tarixdə Reysetr kitabının 415 sayına qeydə alınmış Qeydiyyat Vəsiqəsi üzrə ümumi yaşayış sahəsi 19,4 kv/m ibarət bir otaq və 10,0 kv\ m çardaqdan və 0,08 ha torpaq sahəsi, xx.xx.2006-cı il tarixdə reysetr kitabının 415 sayına qeydə alınmışdır. xx xxxxxxxx 2014-cü il tarixdə heç bir əsas və səbəb olmadan Gəncə şəhəri Kəpəz rayon İHB-nın göstərişi əsasında yaşayış sahəsinə qanunsuz daxil olaraq, yaşayış sahəsini tam dağıdaraq uçurmuşdur. O, bu hadisə ilə bağlı Kəpəz rayon İHB-na müraciət edərək ona məxsus yaşayış sahəsinin bərpa olunmasını xahiş etmişdir. Kəpəz rayon İHBsı yaşayış sahəsinin bərpa olunmasına söz versə də bu günə kimi heç bir tədbir görməmişdir. Kəpəz rayon İHB-sı 1992-ci ildən istifadəsində olan qüvvədə olan qanunvericiliyə əsasən mülkiyyət hüququ əldə etdiyi, xususi mülkiyyətində olmuş yaşayış sahəsinə qanunsuz daxil olaraq özbaşına uçurmuş, orada olan tikinti materiallarını mənimsəmişdir. Kəpəz rayon İHB-nın qanunsuz hərəkətlərinin nəticəsi olaraq qanuni mülkiyyətində olan yaşayış sahəsinə müdaxilə edələrək dağıdılmış ona zərər vurulmuşdur. Nəticədə o, qanunla qorunan xüsusi mülkiyyətində olan və dövlət orqanları tərəfındən ona naturada təhvil verilən yaşayış sahəsindən məhrum olmuşdur. İddiaçı əvvəlki məhkəmə iclaslarında iddia ərizəsinə uyğun izahat verərək, tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi X7 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, İddiaçı məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Natəvan qəsəbəsində yerləşən və heç bir fəaliyyət göstərməyən obyektin sökülməsi ilə bağlı Cavabdeh tərəfindən heç bir tapşırıq verilməmiş və tərəflərindən söküntü işləri aparılmamışdır. Məsələ ilə əlaqədar olaraq araşdırma aparılmış və araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı ona məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Natəvan qəsəbəsində yerləşən tikilinin xx.xx.2014-cü ildə uçurulması ilə əlaqədar olaraq 2016-cı ilin yanvar ayında cavabdeh Kəpəz Rayon İcra Hakimiyyətinə qarşı “dəymiş maddi və mənəvi ziyana görə pul” tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmış, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin qərardadı ilə iddia ərizəsi mümkünsüz hesab olunmuşdur. Daha sonra Cavabdeh başçısı Eldəniz Xudiyev İddiaçı dəfələrlə etdiyi xahişi nəzərə alaraq ona məxsus Natəvan qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsinin Atabəylər prospektinə baxan tərəfin 65 kv.m boş torpaq sahəsində müvafiq qayda da razılaşdırılmış layihə sənədləri əsasında mağaza tikintisinə icazə verilməsinə dair xx.xx.2016-cı il tarixli, 1269 nömrəli sərəncam verilmişdir. Nümayəndəsi olduğu inzibati orqan tərəfindən iddiaçının qeyd etdiyi tikilinin söküntüsü ilə bağlı heç bir sərəncam, inzibati akt qəbul edilməmiş və heç bir hərəkət həyata keçirilməmişdir. xx xxxx 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, iddiaçı ilə qonşudurlar. Belə ki, həmin ərzində onun da tikilisi uçurulmuşdur. Həmin vaxt o işdə olmuş, icra nümayəndəsi onunla telefon əlaqəsi yaradaraq bildirmişdir ki, onlara məxsus tikililəri uçurdurlar. O, ora gedən zaman orada çoxlu polislər olmuşdur. Həmin ərazidəki insanlar isə aparılan uçurtma işlərinə öz etirazlarını bildirirdilər. Orada ona məlum olmuşdur ki, uçurma işləri ilə bağlı göstəriş Gəncə şəhərinin keçmiş icra başçısı Elmar Vəliyev tərəfindən verilmişdir. İddiaçıya məxsus tikili istifadəyə yararlı idi və mağaza kimi istifadə olunması nəzərdə tutulmuşdur. Elmar Vəliyevin göstəriş verməsinin şəxsən şahidi olmamış, bu barədə ərazidəki şəxslərdən eşitmişdir. X12 Hakimiyyətində işləyən bir şəxsi tanımışdır, ancaq hazırda həmin şəxsin adını xatırlamır. O, gələndə artıq tikili uçurdulmuşdur. xx xxxx 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, iddiaçı onun xalasının əridir. İddiaçıya məxsus obyekt sökülən zaman orada idi və aparılan söküntü işlərinin şahidi olmuşdur. Həmçinin foto şəkillər çəkmişdir.Elmar Vəliyevin xidməti avtomobilini görmüş, lakin özünü görməmişdir. Həmin ərazidəki obyektlər X12 Hakimiyyətinin göstərişi ilə sökülmuş və söküntü təxmini 15-20 dəqiqə davam etmişdir. İddiaçıya hazırki məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını, iştirak edə bilməməsinin üzürlü hesab edilməsini xahiş etsə də, üzürlü səbəb barədə ərizəyə heç bir sübut əlavə etməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddia qaldırmış, iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. İşin mahiyyəti üzrə həlli ilə bağlı məhkəmə işdə olan sübutları tam və hərtərəfli araşdıraraq işin düzgün həlli üçün əhəmiyyəti olan faktiki hallar kimi müəyyən etmişdir ki, iddiaçı iddia tələbində ona məxsus fərdi yaşayış sahəsinin Cavabdeh tərəfindən söküldüyünü və bunun nəticəsində ona 30.987,14 (otuz min doqquz yüz səksən yeddi manat, on dörd qəpik) manat məbləğində maddi, 10000 manat dəyərində isə mənəvi ziyan dəydiyini iddia etsə də, həmin yaşayış sahəsinin Cavabdeh tərəfindən söküldüyünü və cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında ifadə verən şahidlər də həmin tikilinin söküntüsündə birbaşa iştirak etməmiş, həmin söküntünün cavabdeh orqan tərəfindən aparılmasını eşitdiklərini bildirmişlər. İş materiallarında olan: - “Torpağın mülkiyyətə verilməsinə dair” JN-288A KOD50702018 nömrəli şəhadətnamənin surətindən görünür ki, Samux rayon X1 2000-ci il tarixli, 106 nömrəli qərarı ilə İddiaçı 0,08 ha torpaq sahəsi verilmişdir. - xx xxxxxx 2006-cı il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Samux rayonu, İnstitut qəsəbəsində yerləşən fərdi yaşayış evi İddiaçı adına qeydiyyata alınmışdır. - Samux rayonu, Alıuşağı kənd sakini İddiaçı Samx rayonu, İnstitut qəsəbəsində 13,4 kv.m sahədə olan yaşayış otağının və həmin yaşayış otağının qarşısında 10,0 kv.m həcmində inşa edilmiş çardağın qiymətlədirilməsinə dair müstəqil auditor rəyindən görünür ki, qiymətləndirilən işin xx xxxxxx 2010-cu il tarixə uyğun olaraq dəyəri cəmi 30 987 manat 14 qəpik olmuşdur. - Gəncə şəhər Baş Polis İdarəsi Kəpəz rayon Polis İdarəsinin xx xxxxxx 2015-ci il tarixli, 14/4-352-B-188/2 nömrəli məktubundan görünür ki, iddiaçıya məxsus tikilinin qanunsuz olaraq uçurulması və maddi ziyan dəyməsi ilə bağlı Kəpəz rayon Polis İdarəsində araşdırılma aparılmaqla cinayət işinin başlanılmasının rədd olunması barədə qərar qəbul edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X6 və Ünvan Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinin xx xxxxxxx 2015-ci il tarixli arayışının surətindən görünür ki, Samux rayonu, İnstitut qəsəbəsində yerləşən fərdi yaşayış evi 02 nömrə ilə xx.xx.2006-cı il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. - Cavabdeh başçısının xx xxxxxxxx 2016-cı il tarixli, 1269 nömrəli sərəncamının təsdiqlənmiş surətindən görünür ki, Gəncə şəhəri, Natəvan (keçmiş Samux rayonu, İnstitut qəsəbəsi) qəsəbəsində yerləşən İddiaçı məxsus mülkün 65,0 kv.m boş torpaq sahəsində müvafiq qaydada razılaşdırılmış layihə sənədləri əsasında mağazanın tikintisinə icazə verilməsi qərara alınmışdır. - Gəncə şəhər Prokurorluğunun xx xxxx 2020-ci il tarixli, 204-xid-20 nömrəli məktubundan görünür ki, vətəndaş İddiaçı 2014-cü il tarixdə Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinə daxil olmuş müraciəti əsasında Təhqiqat Bölməsində araşdırma aparılmış, material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilərək vətəndaşa rəsmi cavab verilmişdir. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması (mülki qanunvericiliyin normalarını pozması) və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 nömrəli qərarında Plenum məhkəmələrə izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın müddəaları və X9 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Beləliklə, hazırkı iş üzrə iddiaçının tikilisinin əvvəllər mövcud olması və daha sonra isə sökülməsi mübahisə doğurmur. Mübahisəli hal tikilinin kim tərəfindən sökülməsidir. Cavabdeh tərəf etirazında və məhkəmə iclasında verdiyi ifadələrində tikilinin onun tərəfindən sökülmədiyini, icra hakimiyyəti tərəfindən heç bir göstəriş verilmədiyini bildirmişdir. İddiaçı tərəfindən isə əksini sübut edən dəlilləri iddia ərizəsinə əlavə olunmamış və məhkəmə iclasında da təqdim edilməmişdir. Göstərilənləri nəzərə almaqla məhkəmə hesab edir ki, iş materiallarında tikilinin inzibati orqan tərəfindən sökülməsinə dəlalət edən mötəbər sübutlar mövcud olmadığından iddia tələbinin təmin edilməsi üçün hüquqi əsas yoxdur. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbinin maddi zərərlə bağlı dəlillərinə hüquqi qiymət verildiyindən, həmin hissə ilə əlaqəli olan mənəvi zərərin ödənilməsi hissəsinin təmin edilməməsinə dair əlavə əsaslandırılmaya ehtiyac qalmamışdır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, İddiaçı Cavabdehnə qarşı kompensasiyanın ödənilməsi barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1. və 62.2. maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsin əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 70, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdehnə qarşı kompensasiya ödənilməsi barədə iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-48/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-48/2020
09.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver