Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-48/2024 23.05.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı “Bakı-Qazax yolunun kənarında (Kür çayının üzərində nasos stansiyasına gedən yolun başlanğıcında) yerləşən 0,05 ha torpaq sahəsi üzərində hüquqların qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşdəki sənədlərə əsasən: İddiaçı (bundan sonra mətndə - iddaçı) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Şəmkir şöbəsi tərəfindən xx.xx.2001-ci il tarixdə 8/5-123 nömrə ilə qeydiyyata alınmışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə ********** VÖEN ilə kommersiya qurumunun dövlət qeydiyyatından keçmişdir. İddiaçı xx.xx.2005-ci il tarixdə torpaq sahəsinin satılması və həmin sahədə ticarət obyektinin tikintisinə icazə verilməsi barədə X8 müraciət etmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Tovuz rayon şöbəsinin xx.xx.2006-cı il tarixli, 84 nömrəli rəyinə əsasən iddiaçıya satılması nəzərdə tutulan torpaq sahəsi 0,05 hektar olmaqla, Düz Cırdaxan bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. Satılması nəzərdə tutulan torpaq sahəsi kənd təsərrüfatına şərti yararsız olmaqla həmin məqsəd üçün satılması qanuna müvafiqdir. İddiaçının müraciət əsasında xx.xx.2006-cı il tarixdə Tovuz RİH Memarlıq və Tikinti şöbəsinin müdiri A.Məmmədovun, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Tovuz rayon şöbəsinin müdiri K.Həsənovun, Tovuz rayon X3 Xidmətinin rəisi M.Hüseynovun, 2 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi R.Quliyevin, Tovuz rayon Sanitar-Epidemioloji mərkəzinin baş həkimi A.Ağayevin iştirakı ilə iddiaçıya sahibkar ticarət obyekti altına ayrılacaq torpaq sahəsinə baxış keçirilmiş və həmin məqsəd üçün 0,05 ha torpaq sahəsinin ayrılması məqsədə müvafiq hesab edilmişdir. Bu barədə tərtib edilmiş akt adı çəkilən şəxslər tərəfindən imzalanmış və möhürlənmişdir. Tovuz rayon Düz Cırdaxan bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 16 nömrəli qərarına əsasən iddiaçıya bələdiyyənin ehtiyat fondunun alqı-satqı əsasında Bakı-Qazax avtomobil yolunun kənarında (Kür çayının üzərində nasos stansiyasına gedən yolun başlanğıcında) yerləşən 0,05 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Bunun müqabilində iddiaçı tərəfindən 31 manat haqq ödənilmişdir. Torpağın alqısatqısına dair akt Düz Cırdaxan bələdiyyəsinin sədri X6, iddiaçı qurumun sədri X7, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Tovuz rayon şöbəsinin müdiri X5 iştirakı ilə xx.xx.2006-cı il tarixdə tərtib edilərək imza və möhürlə təsdiq edilmişdir. X13 rayon şöbəsində xx.xx.2006-cı il tarixdə 03 nömrə ilə qeydiyyata alınmışdır. Həmin torpağa mülkiyyət hüququna dair JN-0795 nömrəli (kod5********) dövlət aktı xx.xx.2006-cı il tarixdə dövlət aktı qeydiyyat kitabında 795 nömrə ilə qeydiyyata alınmışdır. Torpaq sahəsinin qaiməsi /sertifikatı/na əsasən torpaq sahəsinin ölçüsü 500,06 kv.m; keyfiyyət qrupu – V; bonitet balı 19, differensial renta 1543,94-dür. İddiaçı daşınmaz əmlak üzərində hüquqların qeydə alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə (bundan sonra mətndə - cavabdeh) müraciət etmişdir. İcraat zamanı xx.xx.2022-ci il tarixdə ƏMDX-nin Qazax ərazi şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş akta əsasən baxış zamanı sözügedən torpaq sahəsi üzərində 1988-ci ildə inşa edilmiş bir mərtəbəli qeyri-yaşayış binasının mövcud olması məlum olmuşdur. Həmin qeyri-yaşayış binası və onun ətrafında olan 0,05 ha torpaq sahəsi xx.xx.1988-ci ildə X9 İcrayyə Komitəsinin qərarı əsasında İddiaçı kooperativinin tikintisi üçün ayrılmış torpaq sahəsidir. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********61 nömrəli məktubuna əsasən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları elektron baza xəritəsində yoxlanılarkən torpaq sahəsinin dövlətə məxsus olması şübhəsi yaranmışdır. Bu səbəbdən, Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax ərazi şöbəsinə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq həmin qeyri-yaşayış binası və onun ətrafında olan 500 kv.m torpaq sahəsi xx.xx.1988-ci ildə X9 İcrayyə Komitəsinin qərarı əsasında İddiaçı kooperativinin tikintisi üçün ayrılmış dövlət mülkiyyətində olan torpaqlara aiddir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********45 nömrəli imtinasında da eyni əsasları göstərmiş və əlavə olaraq qeyd etmişdir ki, torpaq sahəsinin bir tərəfindən (sərhəd boyunca) yüksək gərginlikli (10 kv) elektrik xətti keçir. "xxxx" MMC-nin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3-60/2-308/2023 nömrəli məktuba əsasən təqdim olunmuş koordinatlarda yerləşən sözügedən torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olduğu müəyyən olunmuşdur. Sonradan Tovuz rayonunun Düz Cirdaxan bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 03 nömrəli Qərarı əsasında "xxxx" MMC- yə satılmış və ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həmin torpaq sahəsinə JN-795 (kod ********) nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Akti" hazırlanmışdır. Torpaq sahəsi Dövlət Aktı ilə "xxxx" MMC-nin mülkiyyətindədir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 3-21-3-60/2-851/2023 nömrəli məktubun məzmunundan aydın olur ki, Mərkəzin arxivində JN-795 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın işlənilməsinə əsas olmuş ilkin torpaqayırma sənədləri – bələdiyyə qərarı, torpağın alqı-satqısına dair akt, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Tovuz rayon şöbəsinin rəyi, tikinti altına yerseçmə aktı, memar rəyi, sxematik plan, yerquruluşunun planı, torpaq sahəsinin qaiməsi mövcuddur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən məktubda qeyd olunmuşdur ki, torpaq sahəsinin mülkiyyət forması dövlət, kateqoriyası yaşayış məntəqələrinin torpaqlarıdır. Həmin torpaq sahəsi üzərində başqa şəxslərin hüquqları dövlət reyestrində qeydə alınmamışdır. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 13-13/2-2-06-4B-4050-5/2024 nömrəli arayışına əsasən X2 (iddiaçı qurumun rəhbəri) məxsus, Tovuz rayonunun Düz Cırdaxan kəndində yerləşən qeyri-yaşayış sahəsi "xxxx" ASC-ə məxsus elektrik şəbəkəsinin mühafizə zonasında yerləşmir. Məhkəmə mübahisəsi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Bakı-Qazax yolunun kənarında (Kür çayının üzərində nasos stansiyasına gedən yolun başlanğıcında) yerləşən 0,05 ha torpaq sahəsi üzərində hüquqların qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”nı xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli, 3-21-3-37/2-2440/2023 nömrəli münasibətində də imtina əsaslarını təkrarlamışdır. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi imtina əsaslarını müdafiə edərək iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Tovuz rayonunun Düz Cırdaxan bələdiyyəsi iştirakı adi olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Üçüncü şəxs Tovuz rayonunun Düz Cırdaxan bələdiyyəsi nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaya dair münasibət bildirməmişdir. Üçüncü şəxs Tovuz rayonunun Düz Cırdaxan bələdiyyəsinin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Tədqiqat obyektinə keçirilmiş baxış və aparılmış araşdırma nəticəsində Yerquruluşunun Təşkili şöbəsinin mühəndisi tərəfindən tərtib edilmiş mütəxəssis rəyində qeyd olunur:mübahisələndirilən ərazi JPEG formatında olan sovxozun uçot xəritəsində Kooporativlərin özəlləşməsi ilə bağlı Tovuz rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 264 nömrəli qərarı nəzərə alınmadan S.Vurğun adına təsərrüfatın baş sxemində bələdiyyə mülkiyyəti kimi göstərilmişdir. Sözü gedən torpaq sahəsi İslahata dair kompleks yerquruluşu layihəsinə əsasən bələdiyyə mülkiyyətində ictimai tikili altında olan torpaq sahəsidir. Bələdiyyənin Dövlət aktında mülkiyyət növ bələdiyyə mülkiyyəti kimi göstərilmişdir. Torpaq sahəsindən UN 10 kV elektrik hava xəttinə qədər ən yaxın məsafə 4.3 metrdir. İş üzrə keçirilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/9336 nömrəli ekspert rəyi də mütəxəssis rəyi əsasında tərtib edilmişdir. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunanlara əsasən iddianı əsaslı hesab edir. İş materiallarından görünür ki, Tovuz rayon Düz Cırdaxan bələdiyyəsinin xx.xx.2006cı il tarixli, 16 nömrəli qərarına əsasən iddiaçıya bələdiyyənin ehtiyat fondunun alqı-satqı əsasında Bakı-Qazax avtomobil yolunun kənarında (Kür çayının üzərində nasos stansiyasına gedən yolun başlanğıcında) yerləşən 0,05 ha torpaq sahəsi satılmış, bununla bağlı xx.xx.2006-cı il tarixdə qeydiyyat kitabında 795 nömrə ilə qeydiyyata alınmış JN- 0795 nömrəli (kod5********) dövlət aktı tərtib olunmuşdur. Həmin torpaq sahəsi 19 balla V keyfiyyət qrupu yararsıza aid olmaqla 0,05 ha-dır. Bundan başqa, ilkin hüquqmüəyyənedici sənədlər verilən zaman Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Tovuz rayon şöbəsi tərəfindən iddiaçıya satılması nəzərdə tutulan torpaq sahəsinin 0,05 hektar olmaqla Düz Cırdaxan bələdiyyəsinin mülkiyyətinə aid olması, alqı-satqı predmeti olması, kənd təsərrüfatına şərti yararsız olmaqla həmin məqsəd üçün satılması qanuna müvafiq olması barədə xx.xx.2006-cı il tarixli, 84 nömrəli rəy verilmişdir. xx.xx.2006-cı il tarixdə Tovuz RİH Memarlıq və Tikinti şöbəsinin müdiri A.Məmmədovun, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Tovuz rayon şöbəsinin müdiri K.Həsənovun, Tovuz rayon X3 Xidmətinin rəisi M.Hüseynovun, 2 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi R.Quliyevin, Tovuz rayon Sanitar-Epidemioloji mərkəzinin baş həkimi A.Ağayevin iştirakı ilə iddiaçıya sahibkar ticarət obyekti altına ayrılacaq torpaq sahəsinə baxış keçirilmiş və həmin məqsəd üçün 0,05 ha torpaq sahəsinin ayrılması məqsədə müvafiq hesab edilmişdir. Bundan sonra iddiaçı hazırkı tələblə cavabdeh inzibati orqana müraciət etmiş, inzibati orqan 500 kv.m torpaq sahəsinin xx.xx.1988-ci ildə X9 İcrayyə Komitəsinin qərarı əsasında İddiaçı kooperativinin tikintisi üçün ayrılmış dövlət mülkiyyətində olan torpaqlara aid olması, həmçinin, torpaq sahəsinin bir tərəfindən (sərhəd boyunca) yüksək gərginlikli (10 kv) elektrik xətti keçməsini bildirərək müraciətinin təmin olunmasından imtina etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrıayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 4.3-cü maddəsində qeyd olunur ki, 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər. 8.0.5-ci maddəsinin tələbinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı əsas hesab olunur. 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Yuxarıda qeyd olunan normalardan görünür ki, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Bu cür işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə əsasən torpaq sahəsi üzərində qeydiyyata alınmış və sözügedən dövlət aktı ilə rəsmiləşdirilmiş mülkiyyət hüququ qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən tanınmış bir hüquqdur. İş üzrə iddiaçının hüquqi marağı və məqsədi də onun iddia tələbinin məzmununa və iş üzrə materiallara əsasən əslində torpaq sahəsi üzərində hüququn cavabdeh tərəfindən qeydiyyata alınmasına deyil, artıq qeydiyyata alınmış hüquqa dair yeni nümunəli çıxarışın verilməsinə nail olmaqdan ibarətdir. Belə ki, iddiaçının həmin torpaq sahəsi üzərində hüququ səlahiyyətli dövlət orqanı tərəfindən artıq 2006-cı il tarixdə qeydiyyata alınmışdır. Məntiqi baxımdan müvafiq səlahiyyətli qeydiyyat orqanı tərəfindən aparılmış dövlət qeydiyyatı qanuna əsasən öz hüquqi qüvvəsini saxladığından hüququnun təkrar qeydiyyatının aparılmasında iddiaçı maraqlı ola bilməz. Bu mənada iddiaçının tələbinin torpaq sahəsi üzərində hüququn qeydiyyata alınması kimi ifadə olunmasına baxmayaraq, əslində onun həqiqi niyyəti hüququna dair yeni nümunəli müvafiq sənədin əldə olunmasına yönəlmişdir. Hazırkı iş üzrə iddiaçının təqdim etdiyi ilkin qeydiyyat və ilkin sənədlər qüvvədədir, həmin sənədlərin möhtəbərliyinə şübhə yaradacaq hər hansı hal müəyyən olunmamışdır. Cavabdehin imtina əsaslarına gəldikdə isə, məhkəmə qeyd edir ki: imtinada 500 kv.m torpaq sahəsi xx.xx.1988-ci ildə X9 İcrayyə Komitəsinin qərarı əsasında İddiaçı kooperativinin tikintisi üçün ayrılmış dövlət mülkiyyətində olan torpaqlara aid olması əks olunsa da, daşınmaz əmlakın vahid dövlət kadastrının, dövlət torpaq kadastrının və ünvan reyestrinin tərtibi və aparılması sahəsində fəaliyyət göstərən "xxxx" MMC bu halı təsdiqləməmişdir. Belə ki, MMC-nin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3-60/2-308/2023 nömrəli məktuba əsasən təqdim olunmuş koordinatlarda yerləşən sözügedən torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olmaqla, sonradan bələdiyyənin xx.xx.2006-cı il tarixli, 03 nömrəli Qərarı əsasında iddiaçıya satılmış və ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həmin torpaq sahəsinə JN- 795 (kod ********) nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Akti" hazırlanmışdır. Torpaq sahəsi Dövlət Aktı ilə "xxxx" MMC-nin mülkiyyətindədir. Alqı-satqı zamanı tərtib edilmiş sənədlərin təsdiqlənmiş surəti həmin cəmiyyətdə saxlanılır. Həmçinin, cavabdeh qurumun Yerquruluşunun təşkili şöbəsinin verdiyi mütəxəssis rəyində də torpaq sahəsinin İslahata dair kompleks yerquruluşu layihəsində bələdiyyə mülkiyyətində olması qeyd edilmişdir. cavabdehin imtina əsaslarından biri də, torpaq sahəsinin bir tərəfindən (sərhəd boyunca) yüksək gərginlikli (10 kv) elektrik xətti keçməsidir. Torpaq Məcəlləsinin 22.3-cü maddəsinə əsasən, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Məhkəmə mübahisəsi başlanan zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”n müddəalarına görə, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər (6). Torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır (7). Hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli 261 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər”ə əsasən Bu Tələblər qüvvəyə minənədək ərazisində elektrik şəbəkələrinin mühafizə zonası müəyyən edilən torpağın mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri həmin torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Elektrik şəbəkələrinin mühafizə zonasının ərazilərində təsərrüfat işlərini aparan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu Tələblərə əməl etməlidirlər (1.4). Göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri xüsusi mülkiyyətdə və yaxud istifadədə ola bilər. Lakin həmin torpaq sahələrində binaların layihələşdirilməsi və tikintisi zamanı qeyd olunan Qaydaların tələbləri gözlənilməlidir. Başqa sözlə, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. Belə ki, iddiaçıya ayrılmış torpaq sahəsinin elektrik xəttinin mühafizə zonasında yerləşməsi ona məxsus hüququn qeydə alınmasını tələb etmək imkanına təsir etmir. Eyni ilə, torpaq sahəsinə hüququn qeydə alınması - bunun üçün əsaslar yarandığı halda, istinad edilən normanın tətbiqi imkanını aradan qaldırmır. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməli və məhkəmə tikinti-texniki ekspertizası keçirilməsi nəzərə alınaraq prosessual qanunvericiliyin tələblərinə əsasən 100 (yüz) manat ekspertiza xərci cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Tovuz rayonu, Düz Cırdaxan kəndi, Bakı-Qazax yolunun kənarında (Kür çayının üzərində nasos stansiyasına gedən yolun başlanğıcında) yerləşən 0,05 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin üzərinə qoyulsun. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası üçün aparılmış tədqiqatın dəyəri olan 100 (bir yüz) manat ekspertiza xərci “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsindən alınaraq 210005 kodlu, VÖEN**********, AZ34CTRE ********************, X1, VÖEN********** müxbir hesab AZ41NABZ013602**********3944; SFİFT BİK CTREAZ22 saylı hesaba ödənilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-48/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-48/2024
23.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver