Məhkəmə qərarları › İş №2-1(114)-480/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-480/2025

30.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-480/2025 30.10.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün adının siyahıya daxil edilərək sənədlərinin razılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. N nömrəli hərbi hissənin mühəndis texnikasının texniki vəziyyətinin yoxlanması haqqında xx.xx.2021-ci il tarixli 1498 nömrəli aktda göstərilmişdir ki, Vətən müharibəsi zamanı mühəndis təminatı işlərin görülməsi üçün Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət komissiyası tərəfindən hərbi hissəyə Samux rayonu N nömrəli yol idarəsi tərəfindən Dormaj B-100 markalı 51T439 nömrə nişanlı ekskovator verilmiş, həmin texnika Suqovuşan təminatı işləri görən zaman düşmən atəşi nəticəsində yan şüşələri, qəlpə nəticəsində qalopka deşilmiş, AKB yararsız hala salınmış, texnikanın idarəetmə beyni sıradan çıxmış və göstərilən texnika xx.xx.2021-ci il tarixdə Samux rayonu N nömrəli yol idarəsinin mexanizatoru İddiaçı təhvil verilmişdir.

2. N nömrəli hərbi hissənin xx.xx.2021-ci il tarixli 775 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində Suqovuşan-Talış kənd istiqamətində buldozerçi kimi mühəndis işlərini yerinə yetirmişdir.

3. N nömrəli hərbi hissənin komandirinin xx.xx.2021-ci il tarixli Fəxri Fərmanına əsasən İddiaçı xx.xx.2020-ci il tarixində “X6” zamanı ona həvalə edilmiş döyüş texnikasından bacarıqla istifadə etdiyinə görə təltif olunmuşdur.

4. X2 Dövlət Agentliyi N nömrəli Yol İstismarı MMC-nin xx.xx.2023-cü il tarixli 11- 1/2-xx-xx/2023 nömrəli arayışda göstərilmişdir ki, X2 X3 və Mexanizasiya idarəsinin tapşırığı əsasında xx.xx.2020-ci il tarixində N nömrəli Yol İstismarı MMC-nin mexanizatoru İddiaçı idarə etdiyi B-100 markalı buldozer texnikası ilə Tərtər rayonunda yerləşən N №-li hərbi hissəyə döyüş tapşırığını yerinə yetirmək üçün ezam olunmuşdur. Hərbi hissənin komandiri mayor X1 qarşılayaraq ona döyüş gedən Talış-Suqovuşan ərazisində döyüş tapşırıqlarını yerinə yetirən hərbi texnikanın hərəkətinin təmin edilməsi üçün yolların çəkilməsi tapşırığı verilmişdir. Tapşırığın yerinə yetirilməsi zamanı buldozerin vurulması məqsədilə qarşı tərəfin atdığı minomyot mərmilərinin yaxına düşməsi nəticəsində buldozer zədələnmiş və İddiaçı müxtəlif yerlərindən qəlpə yaraları almışdır.

5. Məhkəmə sorğusuna Azərbaycan Avtomobil X5 N nömrəli Yol İstismarı MMC-nin xx.xx.2024-cü il tarixli cavab məktubuna əlavə edilmiş yol mexanizmləri üçün yol vərəqələrindən görünür ki, mexanizator İddiaçı B-100 markalı buldozer texnikası ilə Tərtər rayonunda yerləşən hərbi hissəyə göndərildiyi və orada 27-30 sentyabr 2020-ci il tarixlərdə Talışkənd istiqaməti, 01-31 oktyabr 2020-ci il tarixlərdə Suqovuşan və Talışkənd ərazisində, 02-31 noyabr Suqovuşan və Birsulu ərazisində mühəndis təminatı işləri gördüyü qeyd edilmişdir. II. Məhkəmədə icraat

6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, müharibə veteranı adı və vəsiqənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, xx.xx.1955-ci il tarixdə Kəlbəcər rayonunda doğulmuşdur. 1993-cü il tarixdə Kəlbəcər rayonu işğal olunduqdan sonra ailəsilə birlikdə Yevlax rayonu ərazisində, hazırda isə Samux rayon Yeni Nəbəğalı qəsəbəsində məskunlaşmışdır. O, "Birinci Qarabağ" və "İkinci Qarabağ" Müharibəsinin aktiv iştirakçısıdır. O, 1955-ci il təvəllüd olmağıma baxmayaraq onu xx.xx.2020-ci ildə Vətən Müharibəsi başlayandan işlədiyi Azərbaycan Avtomobil X5ndən HƏRBİ HİSSƏYƏ ezam etdilər. Çünki AVTOYOLDA İdarə etdiyi texnikanı idarə edə biləcək heç bir hərbiçi olmadı. Ona görə də onu hərbi hissəyə ezam etdilər. O, xidmətini N nömrəli hərbi hissədə etmişdir. Hərbi Xidməti xx.xx.2020-ci ilədək davam etdi. Onun idarə etdiyi texnikanın nömrəsi 51 T 439 olsa da müharibə dövründə həmin texnikaya hərbi nömrə (S-235-QQ) verilmişdir. Hətta o döyüş vaxtı əlimdən qəlpə yarası da almışdır. Baxmayaraq ki, yaralınmış olsa da o heç bir hospitala və tibbi bölüyə müraciət etməmiş və xidmətini davam etdirmişdir. İdarə etdiyi texnikanın düşmən tərəfindən açılan atəş nəticəsində zərər görməsini də təstiq edən hərbi hissənin aktı da mövcuddur ki, həmin aktı da əlavə edir. Eyni zamanda xidmətinə N nömrəli hərbi hissənin komandiri tərəfindən qiymət verilərək "FƏXRİ FƏRMAN"la təltif edilmişdir.

8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

9. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırkı iş üzrə iddia tələbi müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün adının siyahıya daxil edilərək sənədlərinin razılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü

10. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

11. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

12. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

13. Hətta məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı 30 gün müddətində zəruri araşdırmanın aparılaraq qərar qəbul edilməsi ilə bağlı öhdəlik qoyulmasına baxmayaraq, qərardad uzun müddət icra edilməyərək yekun qərar qəbul edilmədiyindən məhkəmə işə mahiyyəti üzrə baxmağa davam etməkdə özünü haqlı saymışdır.

14. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Şəmkir rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

15. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

16. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. İV. Prosessual məsələlər

17. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

18. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş, iştirak etməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir.

19. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

20. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.

21. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, o, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində Suqovuşan-Talış kənd ərazilərində buldozerçi kimi mühəndis işlərinin görülməsində iştirak etmiş, düşmənin atdığı minomyotdan həm özü qəlpə yarası almış, həm də texnikası zədələnmişdir.

22. Cavabdehin məhkəməyə iddiaya qarşı yazılı etirazı daxil olmamışdır. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

23. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - N nömrəli hərbi hissənin mühəndis texnikasının texniki vəziyyətinin yoxlanması haqqında xx.xx.2021-ci il tarixli 1498 nömrəli aktı; - N nömrəli hərbi hissənin xx.xx.2021-ci il tarixli 775 nömrəli arayışı; - N nömrəli hərbi hissənin xx.xx.2021-ci il tarixli fəxri fərmanı; - N nömrəli Yol İstismarı MMC-nin xx.xx.2023-cü il tarixli 11-1/2-xx-xx/2023 nömrəli arayışı; - Məhkəmə sorğusuna N nömrəli Yol İstismarı MMC-nin xx.xx.2024-cü il tarixli cavab məktubu və ona əlavə olunmuş yol vərəqələri.

Əsaslandırma hissəsi:

Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

24. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

25. İddiaçı ona müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etsə də, müraciəti üzrə yekun qərar qəbul edilməmiş, cavabdeh orqan tərəfindən hərəkətsizlik nümayiş etdirilmişdir.

26. Məhkəmə cavabdeh orqanın hərəkətsizliyini əsassız sayır. Belə ki, iddiaçının cavabdeh orqana və məhkəməyə təqdim etdiyi sənədlərlə müəyyən olunur ki, Azərbaycan Avtomobil Yolları X3 və Mexanizasiya idarəsinin tapşırığı əsasında xx.xx.2020-ci il tarixində N nömrəli Yol İstismarı MMC-nin mexanizatoru İddiaçı idarə etdiyi B-100 markalı buldozer texnikası ilə Tərtər rayonunda yerləşən N №-li hərbi hissəyə döyüş tapşırığını yerinə yetirmək üçün ezam olunmuş və İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində Suqovuşan-Talış kənd, Birsulu ərazilərində buldozerçi kimi mühəndis işlərini yerinə yetirmişdir.

27. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 3. Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər. Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə görə: Bənd 1. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında (9cu yarımbənd); Bənd 2. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.

29. Yuxarıda adıçəkilən Əsasnamənin 9-cu yarımbəndindən göründüyü kimi, mülki şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün: - O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etməli, yəni döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmalı; - Bu fakt hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında öz təsdiqini tapmalıdır.

30. İddiaçı X2 X3 və Mexanizasiya idarəsinin tapşırığı əsasında xx.xx.2020-ci il tarixində N nömrəli yol istismarı MMC-nin mexanizatoru İddiaçı idarə etdiyi B-100 markalı buldozer texnikası ilə Tərtər rayonunda yerləşən N №-li Hərbi hissəyə döyüş tapşırığını yerinə yetirmək üçün ezam olunmuşdur. Bu hal iş materiallarında olan arayışlar, yol vərəqələri və Fəxri Fərmanla öz təsdiqini tapmışdır.

31. Mübahisənin maddi-hüquqi əsasını təşkil edən normaların tətbiqi və iş materiallarının tədqiqi nəticəsində məhkəmə belə hesab edir ki, hazırkı halda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaçının adını müharibə veteranı adı veriləcək şəxslərin siyahısına daxil edərək, sənədlərini razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina etməsi barədə hərəkətləri qanunauyğun olmamışdır.

32. İPM-in 14.2-ci maddəsinə görə inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilələrdən müdafiəyə dair iddialar üzrə belə müdaxilələri zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür.

33. Lakin hazırkı işdə cavabdeh inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtləri mövcudluğunu və imtinasında istnad etdiyi halları sübuta yetirə bilməmişdir.

34. Ona görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

35. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

36. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. İddiaçı müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün adının siyahıya daxil edilərək, sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar