Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-4805/2025 11.12.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi iddiaçı AZ X5” MMC-nin icraçı direktoru X2, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı cavabdeh tərəfindən kameral qaydada hesablanmış və qəbul edilmiş 601.872,97 manat məbləğində ƏDV-nin ödənilməsi barədə xx.xx.2024-cü il tarixli, **********78100 nömrəli qərarın ləğv olunması tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Təsviri hissə:
1. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 06 fevral 2024-cü il tarixli, **********078100 nömrəli qərarından görünür ki, İddiaçınə (VÖEN: **********) kameral yoxlama nəticəsində 2023-cü ilin sentyabr ayı üçün əlavə dəyər vergisi üzrə 601.872,97 manat əlavə vergi məbləği hesablanmışdır.
2. Qərar xx.xx.2024-cü il tarixdə saat 15:44:46-da imzalanaraq iddiaçı tərəfə elektron qaydada göndərilmiş, xx.xx.2024-cü il tarixdə saat 16:05:38-də iddiaçı tərəfindən oxunmuşdur.
3. İddiaçı MMC cavabdeh 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı “cavabdeh tərəfindən qəbul edilmiş 06 fevral 2024-cü il tarixli, **********78100 saylı qərarın ləğv edilməsi, 47.967,12 manat məbləğində dövlət büdcəsinə əvəzləşdirilən ƏDV üzrə artıq ödəmənin qeri qaytarilması və 2023-cü ilin oktyabr ayından (451 gün) həmin məbləğ geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0.1 % məbləği 21633.17 manat cəmi 69600.291 manat məbləğin cavabdeh tərəfindən ödənilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.
4. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə imzalanmış və məhkəməyə təqdim edilmişdir.
5. İddia ərizəsinə əlavə edilmiş müddətin bərpası barədə ərizədə (ərizə imzalanmamış, hüquqşünasın etibarnaməsinin müddəti bitmişdir) bildirilmişdir ki, hazırkı qərar 2024-cü ilin fevral ayında qəbul edilmişdir. Sentyabr ayına kimi Şirkətdə struktur dəyişikliyi getmişdir – direktor təyinatı, audit yoxlamaları və s. Bu səbəbdən şikayət müddətini nəzərə alıb qərardan şikayət vermək üçün prosessual müddətin bərpa edilməsini xahiş etmişdir.
6. Daha sonra iddiaçı iddia ərizəsində düzəliş təqdim edərək cavabdeh tərəfindən kameral qaydada hesablanmış və qəbul edilmiş 601.872,97 manat məbləğində ƏDV-nin ödənilməsi barədə xx.xx.2024-cü il tarixli, **********78100 nömrəli qərarın ləğv olunmasını xahiş etmişdir.
7. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-5862/2025 nömrəli qərardadı ilə iş ərazi aidiyyəti üzrə baхılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir.
8. İş xx.xx.2025-ci il tarixdə qeydiyyata alınmışdır.
9. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə cavabdeh tərəfindən kameral qaydada hesablanmış və qəbul edilmiş 601.872,97 manat məbləğində ƏDV-nin ödənilməsi barədə xx.xx.2024-cü il tarixli, **********78100 nömrəli qərarın ləğv olunması tələbinə dair iddia ərizəsində düzəliş inzibati məhkəmə icraatına qəbul edilmişdir.
10. 27.10.2025-ci il tarixdə iddiaçı (qərarın 5-ci bəndindəki) eyni məzmunlu müddətin bərpası barədə ərizə təqdim etmişdir.
11. Məhkəmə iclasında iştirak etmiş iddiaçının qanuni təmsilçisi iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmiş, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, müəssisədə qərar qəbul edilən zaman struktur dəyişiklikləri olmuş, əvvəlki icraçı direktor dəyişdirilmiş, bununla bağlı yoxlamalar, təhvil-təslim işləri aparılmış, nəticədə müddəti gecikdirmişdir.
12. Cavabdeh xx.xx.2025-ci il tarixli, 3-21-2-20/2-100107/2025 nömrəli vəsatətində bildirmişdir ki, iddiaçının iddiası əsassızdır, o təmin edilə bilməz. Uçot-baza məlumatlarına əsasən iddiaçı 05 may 2022-ci il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına alındığı, 05 may 2022-ci il tarixdən əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata alındığı, əsas fəaliyyət növünün “X3 X8 Satışı”- ndan ibarət olduğu müəyyən edilmişdir. Belə ki, iddiaçı tərəfindən 20 oktyabr 2023-cü il tarixdə təqdim etdiyi 2023-cü ilin sentyabr ayı üzrə ƏDV bəyannaməsinin 308-ci “Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən alınmış elektron qaimə-fakturalara (elektron vergi hesab-fakturalar) üzrə nağdsız qaydada ödənilmiş məbləğ” sətrində 311.196,53 manat göstərilməsinə baxmayaraq, həmin bəyannamənin əldə edilmiş elektron qaimə-fakturalaraı (e-VHF) və bu fakturalar üzrə aparılmış ödənişlər barədə məlumatlar təqdim edilmədiyi üçün kənarlaşma yaranmışdır. Həmçinin, ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar üzrə (307.1) hesabat dövrünün əvvəlinə debitor borc məbləği 5680236.65 manat məbləğ, ötən dövr üzrə təqdim edilmiş bəyannamənin ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar üzrə (307.1) hesabat dövrünün sonuna debitor borc 5783474.25 manat məbləğə bərabər olmuşdur. Qeyd edilən kənarlaşma ilə əlaqədar iddiaçıya “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” 23 oktyabr 2023-cü il tarixli **********882000 və 30 dekabr 2023-cü il tarixli **********991700 nömrəli məktublar göndərilməsinə baxmayaraq, vergi ödəyicisi tərəfindən əsaslandırılmış izahat, müvafiq təsdiqedici sənədlər və ya dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 601.872,97 manat əlavə vergi məbləği hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” 06 fevral 2024-cü il tarixli **********078100 nömrəli qərar qəbul edilərək vergi ödəyicisinin elektron qutusuna göndərilmiş, elektron qutuda isə müvafiq olaraq 06 fevral 2024-cü il tarixdə saat 16:05-də oxunmuşdur. Göründüyü kimi, iddiaçı 06 fevral 2024-cü il tarixli **********078100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı 06 fevral 2024-cü il tarixdə rəsmi qaydada almış və bu səbəbdən şikayət vermə müddətini ötürmüşdür.
13. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etiraz əsaslarını müdafiə edərək iddianın mümkün sayılmamasını xahiş etmişdir.
Əsaslandırma hissəsi:
Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Hazırkı iş üzrə iddiaçı mübahisələndirmə haqqında iddia qaldırmaqla, cavabdehin xx.xx.2024-cü il tarixli, **********78100 nömrəli qərarının ləğvini məqsəd güdür. Prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, eləcə də müddətlə bağlı məhdudiyyətlərə tabedir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən İnzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır. Müddəaların mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə isə belə şərtlər kimi müəyyən edilmişdir ki, publik hüquq sahəsinə aid olan məsələ ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt ünvanlandığı şəxs üçün hər hansı bir hüquqi nəticələr yaratdığı halda, sonuncu tərəfindən onun ləğvi ilə əlaqədar məlum olduğu vaxtdan 30 gün müddətində inzibati məhkəmədə mübahisələndirilə bilər. Məsələ ilə bağlı məhkəmə onu da qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir; - 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır; - 62.3-ci maddəsinə əsasən, bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda,aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. “Elektron imza və elektron sənəd haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən təkmil sertifikatda imza sahibinin səlahiyyətlərinə dair məlumatlar göstərildikdə bu Qanunun 3.2-ci maddəsinə müvafiq olan gücləndirilmiş imza şəxsin kağız daşıyıcısı üzərindəki və möhürlə təsdiq edilmiş əl imzasına bərabər tutulur. Vergi Məcəlləsinin 70.2-ci maddəsinə əsasən Vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. Həmin Məcəllənin 70.2-1.3-cü maddəsinə əsasən Sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən lazımi qaydada çatdırılmış sayılır. Sadalanmış müddəaların mənasından bəlli olur ki, inzibati aktın göndərilməsi ilə bağlı mübahisə yarandığı halda, inzibati orqan aktın təqdim edilməsi faktını və müddətini sübut etməlidir. Mübahisənin yaranması isə maraqlı şəxsin inzibati aktı almadığı və ya geç aldığı halların müəyyən edilməsi ilə əlaqədardır. Yəni hər bir halda maraqlı şəxs tərəfindən hansı qaydada inzibati aktdan məlumatlı olduğu bilinməlidir. Beləliklə, iddiaçı xx.xx.2024-cü il tarixli, **********78100 nömrəli qərarla elektron poçt vasitəsilə həmin tarixdə tanış olmuş və xx.xx.2024-cü tarixdə, yəni 10 aydan sonra ilk dəfə məhkəmədə mübahisələndirmişdir. Onu da qeyd etmək lazımdır ki, iddiaçı həmin qərardan yuxarı vergi orqanına 2024cü ilin oktyabr ayında, yəni Vergi Məcəlləsinin 62.3-cü maddəsində nəzərdə tutulmuş 3 aylıq müddət keçdikdən sonra şikayət vermiş, daha sonra iddiaçı xx.xx.2024-cü il tarixli məktubla xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli şikayətlərinin etibarsız hesab edilməsini xahiş etmiş, bu səbəbdən Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********326700 nömrəli qərarı ilə inzibati şikayət baxılmamış saxlanılmışdır. Bununla da, iddia qaldırılması üçün müəyyən edilmiş prosessual müddəti ötürmüşdür. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2314/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqe də bu istiqamətdə olmuşdur. Belə ki, həmin qərarda qeyd olunur ki, qanunvericilik inzibati akt barədə məlumat verilməsinin-təqdim edilməsinin bir üsulu kimi elektron üsulu təsbit etmişdir. “Elektron üsulla göndərmək” ifadəsi hüquqi və texniki kontekstdə sənədin və ya məlumatın ənənəvi kağız daşıyıcıdan fərqli olaraq elektron kommunikasiya vasitələri ilə qarşı tərəfə çatdırılmasını nəzərdə tutur və bu bir neçə formada təzahür edə bilər: sənədin elektron fayl (məsələn, skan edilmiş nüsxə və s.) şəklində rəsmi e-poçt ünvanına ötürülməsi, elektron sənəd dövriyyəsi sistemləri vasitəsilə sənədin göndərilməsi və digər elektron rabitə vasitələrindən istifadə edilməsi (rəsmi mobil tətbiq, avtomatlaşdırılmış mesajlaşma sistemi, elektron inteqrasiya platformaları və s.). Hazırkı iş üzrə cavabdeh iddiaçıya mübahisələndirilən qərarı X1 Sistemi vasitəsi ilə göndərmişdir ki, onun alt sistemi olan “Onlayn kargüzarlıq” sistemi vətəndaşlar və vergi ödəyiciləri ilə vergi orqanları arasında elektron sənəd mübadiləsinə imkan verən sistemdir. “Elektron sənəd” və “elektron üsul” anlayışları bir-birindən fərqlənir. Başqa sözlə, elektron sənəd hazırkı kontekstdə inzibati aktın formasını təzahür etdirir, elektron üsul isə mövcud inzibati aktın (formasından asılı olmayaraq) təqdim edilmə formasını əks etdirir. “Elektron imza və elektron sənəd haqqında” Qanunun 6.1-ci maddəsinə əsasən dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının informasiya sistemlərində elektron sənəd mübadiləsi üçün ancaq gücləndirilmiş imzadan və sertifikatlaşdırılmış imza vasitələrindən istifadə edilir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən elektron sənəd müəyyən tələblərə cavab verməlidir: texniki və proqram vasitələrinin köməyi ilə yaradılmalı, saxlanılmalı, emal edilməli, ötürülməli və qəbul edilməlidir; bu Qanunun 22-ci maddəsində müəyyən edilmiş quruluşa malik olmalıdır; identikləşdirməyə imkan verən rekvizitlərə malik olmalıdır; texniki və proqram vasitələrinin köməyi ilə əyani qavranılan (vizual) şəkildə təqdim olunmalıdır. Həmin Qanunun 22-ci maddəsinə əsasən elektron sənəd ümumi və xüsusi hissələrdən ibarət quruluşa malikdir: elektron sənədin məzmunu və ünvanlandığı şəxs barədə məlumatlar onun ümumi hissəsində, elektron sənədə əlavə edilən elektron imza (imzalar) və vaxt göstəricisi (göstəriciləri) elektron sənədin xüsusi hissəsində qeyd olunur. İddia müddəti axımının başlanılması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 62.2-ci maddəsinə əsasən həmçinin Vergi Məcəlləsinin 70.2-1.3-cü maddəsinə əsasən elektron üsulla göndərilmiş inzibati akt göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Qanunvericilik buraxılmış müddətlərin bərpa olunmasını istisna etmir. Belə ki, İPMnin 24.1-ci maddəsində deyilir ki, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa edə bilər. İddiaçı da bu normaya əsasən buraxılmış müddətin bərpa olunmasını xahiş etmişdir. Ərizənin məzmunundan bəlli olur ki, iddiaçı 2024-cü ilin sentyabr ayına kimi Şirkətdə struktur dəyişikliyi getmişdir – direktor təyinatı, audit yoxlamalarını əsas gətirir. Məhkəmə iddiaçının bu arqumenti ilə bağlı əvvəla qeyd edir ki, həmin hallar qərardan şikayət verilməsini istisna etmir, belə olduqda isə bu hal üzürlü səbəb hesab edilə bilməz. Müddətin bərpa edilməsi üçün üzürlü səbəblər dedikdə elə hallar nəzərdə tutulur ki, iddia verilməsi üçün müəyyən olunmuş müddətdə, şəxsin iddia verməsinə yönələn hərəkətləri etməsinə maneə olsun və ya başqa şəkildə qeyri-mümkün etsin. Müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. İddiaçı tərəf məhkəməyə həmin obyektiv səbəbləri açıqlamamış, müddətin üzürlü səbəbdən buraxılmasına dair heç bir tutarlı əsas göstərə bilməmiş və sübut təqdim etməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının qeyd etdiyi hal iddianın mümkün sayılmasına əsas vermir. Ona görə ki, hazırkı iddia mübahisələndirmə haqqında iddiadır və bu növ iddialar inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan müəyyən edilmiş müddətdə qaldırılmalıdır. Beləliklə, iddiaçı tərəfindən buraxılmış müddətin bərpa olunması üçün üzürlü halların mövcud olması məhkəmə araşdırması zamanı müəyyən olunmur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı:
İddiaçı MMC-nin buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi təmin olunmasın. İddiaçı MMC-nin cavabdeh 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı cavabdeh tərəfindən kameral qaydada hesablanmış və qəbul edilmiş 601.872,97 manat məbləğində ƏDV-nin ödənilməsi barədə xx.xx.2024-cü il tarixli, **********78100 nömrəli qərarın ləğv olunması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zəfər Quliyev