Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-481/2022 03.03.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi X1, Cavabdehin nümayəndələri X2 və X3 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı 01.03.2021-ci il tarixli, 36 nömrəli əmrin ləğv edilməsinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) Cavabdehnə (bundan sonra mətndə cavabdeh) qarşı 31.05.2021-ci il tarixində iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 01.03.2021-ci il tarixli 36 nömrəli əmrinin ləğv edilməsini və 01.03.2021-ci il tarixli ərizəyə əsasən öz xahişi ilə işdən çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının iddia tələbini dəqiqləşdirməsi barədə ərizəsi Gəncə İnzibati Məhkəməsinin 2- 1(114)-1287/2021 nömrəli, 24.06.2021-ci il tarixli qərardadı ilə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1287/2021 nömrəli, 23.07.2021-ci il tarixli qərardadı ilə İddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməmiş, İddiaçı Cavabdehnə qarşı əmrin dəyişdirilməsi və öz ərizəsinə əsasən işdən azad olunması tələbinə dair iddia ərizəsi mümkün sayılmamışdır. İddiaçının apellyasiya şikayəti əsasında 2-1(114)-1287/2021 nömrəli inzibati iş 14.09.2021-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 21.10.2021-ci il tarixli, 2-1(104)-672/2021 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1287/2021 nömrəli, 23.07.2021-ci il tarixli qərardadı ləğv edilmiş və iş materialları birinci instansiya məhkəməsinə göndərilmişdir. İddiaçı 03.03.2022-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqiləşdirilməsinə dair ərizə təqdim etmişdir. Məhkəmə tərəfindən 03.03.2022-ci il tarixli, 2-1(114)-481/2022 nömrəli qərardad qəbul edilmiş və İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi tələbinə qarşı 01 mart 2021ci il tarixli 36 nömrəli əmrin ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddianın dəqiqləşdirilməsinə dair ərizəsi inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 25 yanvar 2013-cü il tarixdə Tərtər Rayon İcra Hakimkiyyəti başçısının 06 nömrəli əmri ilə 6 ay sınaq müddəti müəyyən edilməklə Tərtər rayon, Çaylı kənd inzibati ərazi dairəsin üzrə nümayəndəliyində baş məsləhətçi və baş mühasib vəzifəsinə təyin edilmişdir. 18 sentyabr 2013-cü il tarixli, 177 nömrəli əmrilə həmin vəzifə üzrə daimi dövlət qulluğuna qəbul edilmiş, 07 fevral 2014-cü il tarixli 12 nömrəli əmr ilə kiçik dövlət qulluqçusu ixtisas dərəcəsi almış, 04 fevral 2015-ci il tarixli 26 nömrəli Sərəncam ilə Çaylı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində baş məsləhətçi və baş mühasib vəzifəsindən həmin nümayəndəliyin müavini vəzifəsinə təyin edilmiş, 01 mart 2016-cı il tarixli 36 nömrəli sərəncam ilə həmin vəzifədə 3-cü dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi alımışdır. 15 oktyabr 2016-cı il tarixli 187 nömrəli Sərəncam ilə tutduğu vəzifədən öz istəyilə azad edilərək eyni tarixli 128 nömrəli Sərəncam ilə Cavabdeh başçısının Talış kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin edilmişdir. Həmin vəzifədə əsassız olaraq azad edildiyi 01 mart 2021-ci il tarixədək işləmişdir. İşlədiyi müddət ərzində daim nizamintizamlı olmuş, işində heç bir nöqsanı olmamış və barəsində intizam məsuliyyəti tədbirlərindən heç biri tətbiq edilməmişdir. 01 mart 2021-ci il tarixdə Cavabdeh başçısının 36 nömrəli əmri ilə heç bir əsaslı səbəb olmadan tutduğu, vəzifədən "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsi rəhbər tutulmaqla azad edilmişdir. İddiaçı 24 fevral 2021-ci il tarixdə Tərtər rayon, Talış kəndində, münasibətdə olduğu hərbi hissənin zabitləri tərəfindən həmin ərazilərdən “-Kamaz” markalı maşınlarla metal daşındığı məlumatını almış, bu məlumatı dəqiqləşdirmək və müvafiq orqanlara düzgün məlumat vermək üçün hadisə yerinə getmək qərarına gəlmiş, iş yoldaşlarıyla birlikdə Talış kəndi ərazisinə gedərkən havanın qarlı və buzlu olmasını, həmin vaxt maşınla yolu gedə bilməyəcəklərini görüb geri qayıtmaq qərarına gəlmişlər. Tərtər rayon, Seydimli kəndi istiqamətində olan zaman qarşısına bir anda at çıxmış və nə qədər çalışsa da atı vurmaqdan yayına bilməmişdir. At vurduqdan sonra idarəetməni itirmiş və maşını aşırtmışdı. İddiaçı və avtomobildə olan şəxslər müxtəlif dərəcəli xəsarətlər alaraq Tərtər Rayon Mərkəzi Xəstəxanası aparılmışdır. Hadisədən 2 gün sonra Cavabdeh başçısının birinci müavini Ramiz Şabanov və Ərazi İdarəetmə şöbəsinin müdiri Fizuli Əliyev evlərinə gələrək İcra başçısının onları göndərməsini bildirərək hadisə barədə izahat istəmişlər. İddiaçı yuxarıda qeyd etdilən hadisəni ətraflı daşınaraq hadisənin necə olmasını onlara izah etmişdir. İddiaçını dinlədikdən sonra evindən ayrılmışlar. Həmin tarixlərdə isə iddiaçı məzuniyyətdə olmusdur. Belə ki, İcra başçısının 22 vanvar 2021-ci il tarixli 04 saylı əmri ilə 26 yanvar 2021-ci ildən 28 fevral 2021-ci ilədək, iddiaçıya 34 gün müddətinə əmək məzuniyyəti verilib. Məzuniyyəti bitdiyi gün yəni 01 mart 2021-ci if tarixdə iddiaçıya bildirilmişdi ki, o, 01 mart 2021-ci il tarixli 36 nömrəli əmr ilə işdən azad edilmişdir. Səbəbini soruşduqda, qeyri-qanuni olaraq işğal olunmuş ərazilərə keçdiyi deyilmişdir. İddiaçı isə bununla razılaşmamış və əmri əsassız hesab edir və ləğv edilməsini istəyir. İddiaçı həmin vaxt Cavabdehnə çağırılmadan, işdən çıxma əmrinin surəti, əmək kitabçası verilmədən birbaşa işdən azad edilmişdir. Bugünək də ona heç bir sənəd verilməmişdir. 01 mart 2021-ci il tarixli 36 nömrəli əmrinin birinci bəndində işdən çıxarılma səbəbi kimi göstərilmiş “qeyri-qanuni olaraq işğaldan azad olunmuş ərazilərə keçdiyi və qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verdiyi” sözü tamamilə əsassız hesab etmiş, Belə ki, qeyriqanuni keçildiyi deyilən ərazi ona əmrlə verilmiş inzibati ərazi dairəsidir. Yəni, o Talış kəndinin inzibati ərazi dairəsi üzrə nümayəndəsidir və onun hər zaman oraya getmək hüququ vardır. Bundan başqa əmrdə göstərilən səbəb ona görə əsassızdır ki, nəinki 24 fevral 2021-ci il tarixdə, hətta məzuniyyətdə olduğu digər günlər ərzində dəfələrlə Talış kəndində olmuş, müxtəlif günlərdə müxtəlif dövlət orqanları işçilərinə (Baş Prokurorluğun nümayəndələri, İqtisadi İnkişaf Nazirliyinin əməkdaşları) ərazilərdə rəhbərlik etmişdir. Həmçinin Cavabdeh başçısı Müstəqim Məmmədovun birbaşa göstərişi ilə 3-4 dəfə Talış kəndində olaraq həmin göstərişlər üzrə ev bölgüsü və torpaq bölgüsü ilə bağlı işlərdə dəfələrlə iştirak etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası 03 mart 2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Təyin edilmiş məhkəmə iclasına İddiaçı, onun nümayəndəsi (vəkili) X5 və cavabdehin nümayəndələri X6 və X8 gəlmişlər. Məhkəmə iclasında iştirak etmiş İddiaçı və onun nümayəndəsi (vəkili) X5 ayrı-ayrılıqda iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndələri X6 və X8 ayrı ayrılıqda iddia tələbinə etiraz edərək və tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - İddiaçıya məxsus AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - Tərtər rayon Talış kənd İƏD üzrə nümayəndə İddiaçı əmək məzuniyyəti verilməsi varədə 22.01.2021-ci il tarixli əmrin surəti; - Tərtər şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 1848 nömrəli 18.05.2021-ci il tarixli arayışı; - Tərtər rayon Polis Şöbəsinin 15.04.2021-ci il tarixli 184-89-54-12-21 nömrəli məktubu; - Cinayət işinin rədd edilməsi barədə 15.04.2021-ci il tarixli qərarın surəti; - Cavabdeh Başçısının 19.05.2021-ci il tarixli 1319 nömrəli arayış; - Cavabdeh Başçısının Talış kənd İƏD üzrə nümayəndəsi İddiaçı işdən azad olunması barədə 01.03.2021-ci il tarixli qərarının surəti; - 04.03.2021-ci il tarixli aktın surəti; - Tərtər rayon Polis Şöbəsinin 26.02.2021-ci il tarixli 184-4488-1221 nömrəli məktubunun surəti; - 15.04.2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarın surəti. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddiaçı məhkəməyə 01.03.2021-ci il tarixli, 36 nömrəli əmrin surəti ona 19.05.2021-ci il tarixdə təqdim olunması və Cavabdeh tərəfindən qəbul olunmuş əmrdə şikayət müddəti göstərilmədiyindən iddia müddətinin 6 ay müəyyən olunması barədə ərizə təqdim etmişdir. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.1 və 32.1-ci maddələri) aid olan hazırki iddianın müddətlə bağlı ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı tərəfindən mübahisələndirilən qərar cavabdeh orqan tərəfindən 19.05.2021-ci il tarixdə verilmiş və iddiaçı hazırki tələblə 30.05.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə müddəti buraxmadan müraciət etmişdir. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Məhkəmə tərəfindən işin tam və hərtərəfli araşdırılması üçün iddiaçının ehtiyata buraxılmasına dair əmrin verilməsinə əsas olmuş sənədlər sorğular əsasında əldə edilmişdir. Məhkəmə sorğusu əsasında məhkəməyə göndərilmiş Cavabdeh başçısının Talış kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İddiaçı işdən azad olunması barədə 01.03.2021-ci il tarixli, 36 nömrəli əmrindən müəyyən olunur ki, İddiaçı qeyri-qanuni olaraq işğaldan azad olunmuş ərazilərə keçdiyi və qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verdiyi üçün "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə uyğun olaraq 01 mart 2021 -ci il tarixdən dövlət qulluğuna xitam verilərək tutduğu vəzifdən azad edilmiş, Cavabdeh başçısının Talış kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinin icrası müvəqqəti olaraq Talış kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini X4 həvalə edilmiş, Cavabdeh başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinə nümayəndəliyin möhür, ştamp və digər sənədlərinin Z.M.Kərimova təhvil verilməsinin və Cavabdeh başçısının Talış kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçi-baş mühasibinə İddiaçı sonuncu haqqhesabının qanunvericiliyə uyğun olaraq hesablanıb verilməsini təmin edilməsi tapşırılmışdır. İş materiallarına əlavə edilmiş 22.01.2021-ci il tarixli, 04 nömrəli əmrin surətindən görünür ki, Tərtər rayon Talış kənd İƏD üzrə nümayəndə İddiaçı 15.10.2020-ci il tarixdən 15.10.2021-ci il tarixədək olan iş ilinə görə 34 təqvim günü müddətinə (30 təqvim günü əsas məzuniyyət və 4 təqvim günü uzun müddət işləməyə görə əlavə) əmək məzuniyyəti verilmiş, məzuniyyətin başlama tarixi 2021-ci il yanvarın 26-sı və qurtarma tarixi 2021-ci il fevralın 28, İddiaçı işə başlamalı olduğu tarix 2021-ci il martın 1-i olmuş, Tərtər rayon Talış kənd İƏD üzrə nümayəndə İddiaçı məzuniyyətdə olduğu müddətdə İƏD üzrə nümayəndə vəzifəsinin icrası nümayəndənin müavini X4 həvalə edilmişdir. İş materiallarına əlavə edilmiş 15.04.2021-ci il tarixli, HK-1-338 saylı material üzrə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan müəyyən olunur ki, 24.02.2021-ci il tarixdə Tərtər rayon Suqovuşan kəndi ərazisində yol nəqliyyat hadisəsi baş vermişdir. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, İddiaçı digər şəxslərlə birgə Tərtər rayon Suqovuşan kəndinə getmişlər və orada yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı işğaldan azad olunmuş əraziyə heç bir qanuni əsas olmadan, yəni müvafiq icazəsi olmadan keçmiş və həmin əraziyə keçməsini həmin ərazi üzrə icra nümayəndəsi olması ilə əlaqələndirmişdir. Həmçinin müəyyən olunmuşdur ki, İddiaçı həmin əraziyə keçən zaman məzuniyyətdə olmuşdur və onun səlahiyyətlərinin icrası 28.02.2021-ci il tarixədək X4 həvalə edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, AR DİN Tərtər rayon Polis Şöbəsinin 29.11.2021-ci il tarixli Tərtər RİH başçısına ünvanlanmış məktubundan görünür ki, İddiaçı iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermiş, həmin hadisə işğaldan azad edilmişTərtər rayon Suqovuşan –Talış avtomobil yolunda qeydə alınmış və sözügedən əraziyə daxil olma müvafiq icazə əsasında həyata keçirilir. Bundan əlavə müəyyən edilmişdir ki, Cavabdeh başçısı aparatının Ərazi və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Fizuli Əliyev təqdimatla Cavabdeh başçısına müraciət edərək, Cavabdeh başçısının Talış kənd İƏD üzrə nümayəndəsi İddiaçı, Ağabəyyalı kənd İƏD üzrə nümayəndəsi X11, Çaylı kənd İƏD üzrə nümayəndəliyinin baş məsləhətçi-baş mühasibi X9 və Canyataq kənd İƏD üzrə nümayəndəliyinin baş məsləhətçi-baş mühasibi X10 24.02.2021-ci il tarixdə işğaldan azad olunmuş Talış kəndinə icazəsiz qeyri-qanuni getmişlər. Qayıdarkən saat 20:00 radələrində X7 məxsus “Opel- Vectra” markalı **-MO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla Suqovuşan-Talış kənd yolunda ovtomobil qəzası törətmişlər. Hər biri bədən xəsarəti alaraq Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmişlər və həkimlər tərəfindən müayinə olunmuşlar. Qəza zamanı X7 məxsus avtomobili İddiaçı idarə etmişdir. Barələrində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə uyğun olaraq tədbir görülməsini xahiş etmişdir. “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun: - 18.0.3. dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməli; - 18.0.4. başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir. - 25.1. Dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. - 25.2. Dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: - 25.2.1. töhmət; - 25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; - 25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; - 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; - 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması; - 25.2.6. dövlət qulluğundan azad edilməsi; - 33.1. Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: - 33.1.1. dövlət qulluqçusunun öz arzusu ilə; - 33.1.2. dövlət orqanı ləğv edildikdə; - 33.1.3. dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə; - 33.1.4. qanunvericiliyin tələbləri pozularaq işə qəbul edildikdə; - 33.1.5. dövlət qulluqçusunun aldığı sertifikatın qüvvədəolma müddəti bitdikdə və dövlət qulluqçusu növbəti sertifikat ala bilmədikdə; [187] - 33.1.6. Bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə; - 33.1.7. Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə; [188] - 33.1.8. qanunvericilik və ya yerli özünüidarə orqanlarına seçildikdə, habelə hakim təyin edildikdə, əgər onlar həmin vəzifələrdən imtina etmədikdə; - 33.1.9. qanunvericilikdə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar dövlət qulluqçusu əmək funksiyasını yerinə yetirə bilmədikdə; - 33.1.10. məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qanuni qüvvəyə minmiş qərarı olduqda; - 33.1.11. dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə; - 33.1.12. dövlət qulluğunda olmanın yaş həddinə çatdıqda “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh 01.03.2021-ci il tarixli, 36 nömrəli əmri verilərkən qanun pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1 maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində belə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı 01.03.2021-ci il tarixli, 36 nömrəli əmrin ləğv edilməsi barədə iddia tələbi təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33, 68, 69, 73, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı 01.03.2021-ci il tarixli, 36 nömrəli əmrin ləğv edilməsi barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-481/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-481/2022
03.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver