Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-482/2024 22.01.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı6, İddiaçı5 və onların vəkili X3, cavabdeh Daşkəsən rayon Bayan Bələdiyyəsinin nümayəndəsi X4, üçüncü şəxs X2 vəkili X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdeh Daşkəsən rayon Bayan Bələdiyyəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, X7, İddiaçı3, İddiaçı6, İddiaçı5 cavabdeh Daşkəsən rayon Bayan Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, üçüncü şəxs X2 adına verilmiş keçmiş Daşkəsən rayonu, Bayan kəndi ərazisi kimi hesab edilən və hazırki Gəncə şəhəri Gülüstan qəsəbəsi ərazisindən verilən 0,08 hektar həyətyanı torpaq sahəsinin alqı-satqısına dair Daşkəsən rayonu Bayan bələdiyyəsi tərəfindən verilən xx.xx.2007-ci il tarixli 10 nömrəli qərarın və xx.xx.2007-ci il tarixli aktının ləğv edilərək etibarsız hesab edilməsi və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi barədə qərar qəbul etməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçılar Gəncə şəhəri Gülüstan qəsəbəsi, keçmişdə isə Göygöl rayonu Qızılqaya qəsəbəsi deyilən ərazidə yaşayır və həmin ərazidə onların hamısının yaşayış sahələri vardır. Onlar uzun müddət həmin ərazidə yaşayırlar və ailə üzvləriylə ayrı-ayrı ünvanlarda yaşayırlar. Həmçinin əsas yola çıxmaq üçün onlara o vaxtı torpaq sahələri ayrılanda avtomobil üçün gediş-gəliş yolu verilmişdir və ayrıca yol çəkilmişdir. Lakin bütün bunlara baxmayaraq, cavabdeh tərəf onların xəbəri və məlumatları olmadan həmin ərazidən keçən yolu, yəni gediş-gəliş üçün nəzərdə tutulan avtomobil yolunu bağlamaq istəyir və onların avtomobil üçün nəzərdə tutulan yolunu konkret olaraq məhdudlaşdırmaq istəyir. Məsələ bundan ibarətdir ki, həmin şəxslərin əlində daşınmaz əmlakın dövlət reyestrinin verdiyi çıxarış da mövcuddur və verilən çıxarışda guya göstərilir ki, həmin ərazi Daşkəsən rayonunun Bayan kəndinə aiddir. Cavabdeh həmin iddiaçıların ərazilərini, yəni yol kimi istifadə etdikləri ərazini zəbt etdiyinə görə və həmin yol hissəsini bağlamaq istədiyinə görə onlar məcburiyyət qarşısında qalaraq, hazırda həmin ərazi Gəncə şəhəri, Nizami rayon ərazisinə aid olduğuna görə Gəncə şəhəri, Nizami rayon Məhkəməsinə iddia qaldırmaq məcburiyyətində qalırlar. Cavabdeh bu hərəkətləri ilə uzun müddətdir istifadə etdiklər yolu bağlamaq istəyir və nəticədə onlar mülkiyyət hüquqlarını və əmlaklarına sahiblik və istifadə hüquqlarını həyata keçirə bilmirlər. Ümumiyyətlə iddiaçılar düşünürlər ki, cavabdehin əlində olan çıxarış həmin əraziyə aid deyil və həmin çıxarış tamamilə başqa koordinatlarda yerləşir. Cavabdeh qeyriqanuni şəkildə həmin ərazidə yerləşmişdir və onların yolunu da öz həyətyanı torpaq sahəsinə qanunsuz şəkildə qatmaq istəyir və düşünürlər ki, bununla bağlı məhkəmə tərəfindən texniki-tikinti və torpaqşünaslıq ekspertizası təyin edilməlidir və rəy alınmalıdır. Cavabdehin ******* saylı, xx.xx.2012-ci il tarixli çıxarış üzrə əldə etdiyi torpaq sahəsi əslində tamamilə başqa koordinatda və başqa ərazidə yerləşir. Belə ki, cavabdehin öz torpağı kimi təqdim etdiyi ərazi 30 ildən çoxdur ki, avtomobil yolu kimi istifadə olunmuşdur və bütün ilkin sənədlərdə və eyni zamanda sxematik planlarda və eyni zamanda iddiaçılara verilmiş ilkin sənədlərdə çertiyojlarda, tikintiyə dair sərəncamlarda çıxarış və texniki pasportlarda həmin ərazi yol kimi göstərilir və yol kimi də daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınmışdır. Belə olan halda həmin yolun cavabdehə göstərilməsi qanunsuzdur və onların mülkiyyətçi kimi və yoldan istifadə və sahiblik edən şəxslər kimi maraqlarını pozur. Digər bir tərəfdən is məhkəmənin nəzərinə onu da çatdırırlar ki, üçüncü şəxs Bakı şəhər sakinidir və Daşkəsən rayonu Bayan kəndi ərazisində qeydiyyatda olmamışdır və yaşamamışdır. Həmin şəxsi Daşkəsən rayonu Bayan kəndi ərazisindən torpaq sahəsi ayrıla bilməzdi və torpaq sahəsi satıla bilməzdi. Ona həmin torpaq sahəsi qanunsuz şəkildə satılmışdır. Üçüncü şəxsin Daşkəsən rayon Bayan kənd sakini olması və hərracdan kənar həmin torpaq sahəsinin satılması barədə hər hansı arxiv sənədləri yoxdur və bu səbəbdən də həmin çıxarış və ilkin sənədlər həmin əraziyə yazılmış olduğu aşkar olunmuş olsa da belə onda həmin sənədlər saxta olduğuna görə hesab edirik cavabdehə verilən ilkin torpaq ayırma sənədləri və həmin torpaq ayrılma sənədlər əsasında verilmiş bələdiyyə qərarı və alqı-satqı aktı əsassız və saxta olduğu üçün etibarsız hesab edilərək ləğv edilməlidir. İddiaçıların vəkili X3 müvafiq ərizəsinə əsasən ilkin iddia tələbi “Daşkəsən rayon Bayan Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 nömrəli qərarının ləğv edilməsi” tələbinə dəyişdirilmişdir. Həmçinin, iddiaçının vəkili X8 buraxılmış prosessual müddətin bərpa olunması ilə bağlı ərizə vermişdir. İddiaçı1 məhkəmə iclasında iddianı və prosessual müddətin bərpa olunması ilə bağlı ərizəni müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, 2011-ci ildə üçüncü şəxsin sahəsi yol kimi göstərilmişdir, lakin sonradan həmin yol üçüncü şəxsin istifadəsinə verilmişdir. İddiaçı6 məhkəmə iclasında iddianı və prosessual müddətin bərpa olunması ilə bağlı ərizəni müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, ona məxsus ərazinin yola çıxışını bələdiyyə qanunsuz olaraq satmışdır. Cavabdehin nümayəndəsi X9 məhkəmə iclasında bildirmişdir ki, o, 2020-ci ildən bələdiyyə sədridir, ona görə də mübahisələndirilən qərarın qanuniliyi barədə heç bir fikir bildirə bilmir. Üçüncü şəxsin vəkili X5 prosessual müddətin bərpa olunması barədə ərizənin təmin olunmamasını və iddianın mümkünsüz sayılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, surəti iş materiallarına əlavə edilmiş:- -Daşkəsən rayon Bayan Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 nömrəli qərarından görünür ki, Bayan bələdiyyə fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən X6 0.08 ha həyətyanı məqsədilə torpaq sahəsinin satılması qərara alınmışdır. -********** nömrəli xx.xx.2012-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışından görünür ki, Daşkəsən rayonu, Bayan kəndində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsi üzərində X2 mülkiyyət hüquqları qeydə alınmışdır. Beləliklə, iddia ərizəsinin məzmunu və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, hazırda mübahisələndirilən Daşkəsən rayon Bayan Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 nömrəli qərarı ilə Bayan bələdiyyə fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən X6 0.08 ha həyətyanı məqsədilə torpaq sahəsi satılmış, daha sonra həmin torpaq sahəsi üzərində sonuncunun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən hüquqi və fiziki şəxslərin hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı bələdiyyələr, icra hakimiyyəti orqanları və onların struktur qurumlarının cavabdeh qismində iştirak etdiyi işlər üzrə 2016-2017-ci illərdə məhkəmə təcrübəsi öyrənilərək məhkəmələrə tövsiyə olunmuşdur ki, “İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisə olunan inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-ci fəslində (Dövlət hakimiyyət orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 1 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, orqanların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdur”. Həmçinin “Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər”. Məhkəmə qeyd olunan tövsiyəni nəzərə alaraq hazırki iş üzrə də eyni hüquqi yanaşmanın tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, baxılan iş üzrə Daşkəsən rayon Bayan Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 nömrəli qərarının ləğv edilməsi tələb edilsə də, həmin aktın məhkəmə qaydasında mübahisələndirilməsi imkanı isə artıq aradan qalxmışdır və qüvvədə olan İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanını istisna edir. Göründüyü kimi sözügedən qərarın mübahisələndirilmə imkanı aradan qalxmışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. -24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. -38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 73.1 maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, iddiaçıların buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80-ci və 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdeh Daşkəsən rayon Bayan Bələdiyyəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iş üzrə müddətin bərpası barədə ərizə təmin edilməsin, iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-482/2024
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-482/2024
22.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver