Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-4826/2023 02.11.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Mən, hakim Quliyev Zəfər Arif oğlu, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə inzibati məhkəmə icraatı qaydasında məhkəmə binasında baxaraq müəyyən etdim: İddiaçı "xxxx" QSC-yə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Ərizə və iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın mümkünlük şərtlərindən biri kimi ilk növbədə iddiaçı tərəfindən mübahisəyə qanunla baxmaq hüququ olan səlahiyyətli məhkəməyə müraciət olunması ilə bağlı məsələ araşdırılmalıdır. İnzibati Prosessual Məcəllənin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 4 nömrəli Qərarının 12-ci bəndinə əsasən inzibati orqanla dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılır. Hazırkı mübahisə üzrə iddiaçı dövlət qulluqçusu deyil, hüquq və vəzifələr onunla cavabdeh arasında bağlanılmış əmək müqaviləsi ilə müəyyən olunmuşdur. Ona görə də, iddiaçı dövlət qulluqçusu olmadığından onun tələbləri inzibati hüquq münasibətləri ilə bağlı mübahisə deyildir. Müvafiq olaraq həmin tələbə də inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmədə deyil, mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə baxılmalıdır. İddiaçıya izah olunmalıdır ki, o, məsələyə dair Bakı şəhəri Nəsimi Məhkəməsinə müraciət etməlidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 4 nömrəli Qərarının 15.2-ci və 15.3-cü bəndlərinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-cı və 35-ci maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-4826/2023
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-4826/2023
02.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver