Məhkəmə qərarları › İş №2-1(114)-485/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-485/2020

18.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-485/2020 18.06.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qazax rayon şöbəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qazax rayon şöbəsinə (bundan sonra AR ƏƏSMN yanında DSMF-nin Qazax rayon şöbəsi) qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və əmək pensiyanın bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh AR ƏƏSMN yanında DSMF-nin Qazax rayon şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, onun xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək M.Allahverdiyev adına sovxozda çoban işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona təyin edilmiş əmək pensiyanın bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. İddiaçının vəkili Vəkil iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, arxiv arayışınfda qeyd olunan dövrlər əmək kitabçasında yazılmadığına görə pensiya ödənişi dayandırılmışdır. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçıya pensiya təyin edilmiş, lakin arxiv arayışı nəzərə alınmadığına görə audit yoxlamasının nəticələrinə əsasən pensiyası dayandırılmışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -AR ƏƏSMN yanında DSMF-nin Qazax rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, **********2 nömrəli məktubunun surətindən görünür ki, İddiaçı 1994-1997-ci illərdə M.Allahverdiyev adına sovxozda işlədiyi dövr əmək kitabçasında qeyd olunmadığı üçün onun pensiyasının bərpa edilməsindən imtina olunmuşdur. -Qazax rayon Dövlət Arxivinin xx.xx.2017-ci il tarixli, 106 nömrəli arxiv arayışından görünür ki, İddiaçı xx.xx.1994-cü il tarixdə 29 nömrəli əmrlə M.Allahverdiyev adına sovxoza sürü çobanı təyin edilmiş, xx.xx.1997-ci il tarixdə 17 nömrəli əmrlə islahatla əlaqədar işdən azad edilmiş və qeyd olunan müddət ərzində əmək haqqı almışdır. -Qazax rayon Dövlət Arxivinin xx.xx.2017-ci il tarixli, 106 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1992-1993-cü illərdə Poylu sovxozunda işləmiş və əmək haqqı almışdır. -AR ƏƏSMN yanında DSMF-nin Qazax rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, **********1 nömrəli məktubunun surətindən görünür ki, İddiaçı ilk dəfə xx.xx.2017-ci il tarixdə 14 il 10 ay 10 gün sığorta stajı ilə yaşa görə əmək pensiyası təyin edilmiş, həmin stajın 11 il 1 ay 10 günü xx.xx.1974-xx.xx.1989-cu il tarixə olan dövrdəki sosial sığorta stajı təsdiq olunmuş, xx.xx.1992-ci ildən xx.xx.1996-cı il tarixə olan dövrdəki 3 il 9 ay sığorta stajı isə xx.xx.2017-ci il tarixdə Arxiv tərəfindən verilmiş arayış əsasında hesablanmışdır. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, Qazax rayon Dövlət Arxivinin xx.xx.2017-ci il tarixli, 106 nömrəli arxiv arayışlarına əsasən İddiaçı 1992-1993-cü illərdə Poylu sovxozunda və xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək M.Allahverdiyev adına sovxozda işləmiş, lakin qeyd edilən illər əmək kitabçasında qeyd edilmədiyinə görə cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyası dayandırılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun; - 3.1. maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. - 21.1. maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının; -3.1. maddəsinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. -3.2. maddəsinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda əmək pensiyasının təyin edilməsi üçün əsas hesab olunur. Təqdim edilmiş arxiv arayışından görünür ki iddiaçı həqiqətən 1992-1993-cü illərdə Poylu sovxozunda və xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək M.Allahverdiyev adına sovxozda işləmiş və əmək haqqı almışdır. Məhkəmə qeyd olunan arxiv arayışlarını mötəbər sübut kimi qəbul edir. Bundan başqa iddiaçıya məxsus əmək kitabçasına əsasən onun 11 il 1 ay 10 gün sığorta stajı yaranmışdır ki, bu işin mübahisəsiz halıdır. İddiaçıya həmin dövrdə yaşa görə əmək pensiyası təyin olunması üçün 12 il sığorta stajı tələb olunmuşdur ki, hazırki halda arxiv arayışında öz təsdiqini tapmış sığorta stajı və əmək kitabçasında qeyd olunan dövrlər nəzərə alındıqda onun ümumilikdə 14 il 10 ay 10 gün (11 il 1 ay 10 gün + 3 il 9 ay) sığorta stajı yaranmış olur. Göründüyü kimi qeyd olunan müddətlərin iddiaçının sosial sığorta stajına hesablanması pensiya təyinatı baxımından da onun maraqlarına uyğundur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 10 mart 2017-ci il tarixli 543 VQD nömrəli qanunun 1.12-ci bəndinə görə 7-ci maddənin birinci hissəsində “62” rəqəmləri “63” rəqəmləri ilə, “57” rəqəmləri “60” rəqəmləri ilə, “azı 12” sözləri “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25” sözləri ilə, mötərizədə “bu Qanunun qüvvəyə mindiyi günədək” sözləri “2017-ci il iyulun 1-dək” sözləri ilə əvəz edilmişdir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Qazax rayon Dövlət Arxivinin xx.xx.2017-ci il tarixli, 106 nömrəli arxiv arayışına əsasən İddiaçı 1992-1993-cü illərdə və xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona təyin edilmiş əmək pensiyasının dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qazax rayon şöbəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar