Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-485/2022 07.02.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı Yunis oğlunun, üçüncü şəxs X2 və vəkili X5 iştirakı ilə, İddiaçı Yunis oğlunun Cavabdehnə qarşı (üçüncü şəxslər X6 və X7) pasport qeydiyyatından çıxarılma tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Yunis oğlu Cavabdehnə qarşı iddia ərizəsi ilə 16.12.2021-cu il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, X2 və X1 şəhəri, Səməd Vurğun küçəsi, ev 45A ünvanından pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. Həmin evdə üçüncü şəxslər qeydiyyatdadır. Həmin şəxslərin iddiaçıya məxsus evdə pasport qeydiyyatında olması iddiaçının əlavə komunal xərclər ödəməsinə səbəb olmaqla, hüquqlarının pozulması ilə nəticələnir. İddiaçı həmin şəxslərin pasport qeydiyyatından çıxarılması məqsədilə cavabdehə müraciət etsə də sonuncu bundan imtina etmişdir. İddiaçı Yunis oğlu iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, Dürdanə Həmzəyeva arvadı, Yusif Həmzəyev isə oğludur, hər ikisi də sözü gedən ünvanda yaşamırlar. Oğlu 7 ildir ki Ukrayna Respublikasında yaşayır, Dürdanə isə 6-7 aydır ki, atasının evində yaşayır. Üçüncü şəxs X6 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı onu döyərək 2 ay bundan əvvəl məcburən həmin evdən qovmuşdur, həmçinin iddiaçı ilə nikahdadırlar. Üçüncü şəxsin nümayəndəsi X8 bildirmişdir ki, təmsil etdiyi şəxsin həmin mənzildə yaşamaq hüququ var, ona görə də qeydiyyatdan çıxarılması qeyri-qanunidir. Cavabdeh işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş ********** qeydiyyat nömrəli, 26.10.2021-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı Yunis oğlunun adına qeydiyyata alınmışdır. -Cavabdeh 22.11.2021-ci il tarixli, 120-34959H-3221 nömrəli məktubun məzmunundan görünür ki, X4 və X3 ünvan 2 ünvanından qeydiyyatdan “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə çıxarıla biləcəyi bildirilmişdir. -Yaşayış yeri üzrə qeydiyyat yeri haqqında 09.08.2021-ci il tarixli ******* nömrəli əmrindən də görünür ki, X6 və X1 şəhəri, Səməd Vurğun küçəsi, ev 45A ünvanında qeydiyyatdadırlar. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyyət baxımında əsaslı deyil. Belə ki, məhkəmə araşdırması zamanı, həmçinin iş materialları ilə müəyyən edilmişdir ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında İddiaçı Yunis oğluna məxsusdur. Digər tərəfdən iş üzrə üçüncü şəxslər X6 və X7 iddiaçının ailə üzvləridir. Deməli həmin şəxslərin qeyd olunan evdən istifadə hüquqlarının olub-olmaması, eləcə də həmin hüquqa xitam verilməsi səlahiyyətli məhkəmə tərəfindən araşdırılmalı və qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarında qeyd edilir ki, məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Yekun nəticə olaraq qərar alınmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydiyyatdan çıxarılır. Hazırki halda işin faktiki halları (tərəflərin izahatı) ilə müəyyən olunur ki, üçüncü şəxslərin mülkiyyətçi ilə ailə-hüquq münasibətlərinin mülki məhkəmə qaydasında araşdırılması, həmçinin həmin mənzilə dair onların istifadə hüquqlarına xitam verilməsi barədə hər-hansı qərar mövcud deyil. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Yunis oğlunun Cavabdehnə qarşı pasport qeydiyyatından çıxarılma tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-485/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-485/2022
07.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver