Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-485/2024 19.02.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, cavabdeh Ağstafa rayon Böyük-Kəsik bələdiyyəsinin nümayəndəsi (sədri) X2 iştirakı ilə, İddiaçı cavabdeh Ağstafa rayon Böyük-Kəsik bələdiyyəsinə qarşı icarə müqaviləsinin bağlanması ilə bağlı inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Ağstafa rayon Böyük-Kəsik bələdiyyəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, onunla Ağstafa rayon Böyük-Kəsik bələdiyyəsi arasında 7.0 ha torpaq sahəsi ilə bağlı yeni icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Ağstafa rayonu, Böyük-Kəsik Bələdiyyəsinin 22 may 2004-cü il tarixli, 99 saylı qərarı və xx.xx.2004-cü il tarixli icarə müqaviləsi ilə Ağstafa rayonu Böyük-Kəsik Bələdiyyəsinin balansında olan torpaq sahəsindən kənd təsərrüfatı məhsullarının istehsalı üçün 15 il müddətinə 7,0 ha kənd təsərrüfatını inkişaf etdirmək məqsədi ilə istifadə üçün torpaq sahəsini icarəyə götürmüşdür. Bu barədə KOD 50203018 JN-5484 saylı X1 hüququna dair Şəhadətnamə də təqdim edilmişdir. İcarə müqaviləsi 15 iİ müddətinə bağlanmışdır və müqaviləyə uyğun olaraq icarə haqları da vaxtlı-vaxtında ödənilirdi. İcarə müqaviləsinin müddəti 2019-cu il tarixdə bitsə də, torpaq sahəsi iddiaçının istifadəsində olmuş, iddia ərizəsinə əlavə edilmiş qəbzlərdən də göründüyü kimi bu vaxta qədər iddiaçıya Ağstafa rayonu, Böyük-Kəsik Bələdiyyəsi icarə haqqı ödətdirmişdir. Həm də illik icarə haqqı 50 manat olduğu halda iddiaçı 1000 (min) manat icarə haqqı ödəmişdir. Belə ki, Bələdiyyənin sədri X3 iddiaçıya məcburi olaraq 1000 manat məbləğində icarə haqqı üzrə ödəniş etdirmişdir. Bundan başqa 2019-cu ildən bəri hər il icarə müqaviləsinin müddətinin artırılması ilə bağlı 2022-ci ildə Bələdiyyəyə müraciət etmiş, müraciəti nəticəsiz qalmışdır. Sonuncu dəfə etdiyi müraciəti də rəsmi olaraq poçt vasitəsi ilə göndərmiş, Bələdiyyə sədri məktubun konverti açılmış şəkildə poçt vasitəsi ilə özünə qaytarmışdır. Hal-hazırda bu il becərdiyi məhsulu yığmaq istəsə də Bələdiyyə buna imkan vermir, onu torpaq sahəsinə yaxın buraxmır. Açıqaşkar ona bildirir ki, torpaq sahəsini başqa şəxsin istifadəsinə vermək niyyətindədir. Müqavilə müddəti bitdikdən sonra da 4 ildir ki, torpaq sahəsindən istifadə edir və yeni icarə müqaviləsinin bağlanmadığına baxmayaraq, 4 ildə 1000 manatdan da artıq icarə haqqı ödəmişdir. İddiaçının müvafiq ərizəsinə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ilkin iddia “icarə müqaviləsinin bağlanması üzrə inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dəyuişdirilmişdir. İddiaçı əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçıya həmin sahə 15 il müddətinə icarəyə verilmişdir, icarə müddəti bitməsinə baxmayaraq iddiaçı həmin sahədən zorla istifadə etməkdə davam etmişdir. Lakin 2023-cü ildə bələdiyyə tərəfindən həmin sahə 7 nəfərə (o cümlədən şəhid ailəsinə, müharibə veteranlarına) icarəyə verilmişdir. İcarə müqavilələri hələlik rəsmi bağlanmamışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş JN-5484 nömrəli “Torpaqdan istifadə hüququna dair” şəhadətnamədən görünür ki, Ağstafa rayon Böyük-Kəsik bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 99 nömrəli qərarı və xx.xx.2004-cü il tarixli icarə müqaviləsi ilə 7.0 ha torpaq sahəsi 15 il müddətinə İddiaçı icarəsinə verilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 33-cü maddəsinə əsasən məcburetmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, icarəyə verilməsi tələb olunan torpaq sahəsi 15 il müddətində (2004-2019) iddiaçının icarəsində olsa da müqavilənin müddəti bitdikdən sonra cavabdeh iddiaçıya heç bir rəsmi və qanuni əsas bildirmədən torpaq sahəsi ilə bağlı icarə müqaviləsinin bağlanmasından faktiki olaraq imtina etmişdir. Göründüyü kimi cavabdeh orqan icarəyə verilməsi tələb olunan sahənin yenidən ilkin icarəçiyə icarəyə verilməsinin mümkünsüzlüyünü labüd edən hüquqi əsasları, habelə həmin sahənin digər şəxslərə icarəyə verilməsini təsdiq edən sənədlərə istinadən müvafiq əsaslandırılmış inzibati akt (qərar) qəbul etməli olduğu halda bu tələblərə əməl etmədən formal və səthi yanaşma nümayiş etdirmişdir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun:- -20.2-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. -24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -28-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin ərizəsi inzibati icraatın başlanması üçün əsaslardan biridir. -57.4-cü maddəsinə əsasən bu Qanunun 57.3-cü maddəsinə əsasən şifahi və ya digər anlaşılan formada (başa düşülən digər formada) qəbul edilmiş inzibati akt ünvanlandığı şəxsin və ya digər maraqlı şəxsin hüquq və qanunla qorunan maraqlarını məhdudlaşdırdıqda elan olunduğu vaxtdan 5 gün müddətində yazılı formada təsbit olunmalıdır: -61.1-ci maddəsinə əsasən yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. -61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. -61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Qeyd olunan normaların məzmunundan göründüyü kimi inzibati orqan şəxsin müraciətinə əsasən inzibati icraat başlamalı, müraciəti ətraflı araşdırmalı və müvafiq qərar qəbul etməlidir. Buna baxmayaraq hazırki iş üzrə cavabdeh qeyd edilən tələblərə zidd olaraq heç bir araşdırma aparmamış, iddiaçıya rəsmi cavab verməkdən də yayınmışdır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarına, iş materiallarına və öz daxili inamına əsaslanaraq hesab edir ki, iddia əsaslıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 73.1, 75 və 81-86-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Məhkəmənin hazırki qərarda qeyd olunan hüquqi mövqeyi nəzərə alınmaqla JN-5484 nömrəli “Torpaqdan istifadə hüququna dair” şəhadətnamədə göstərilən torpaq sahəsinə dair İddiaçı ilə icarə müqaviləsinin bağlanması ilə bağlı inzibati aktın qəbul edilməsi vəzifəsi Ağstafa rayon Böyük-Kəsik bələdiyyəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətindəGəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-485/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-485/2024
19.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver