Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-4850/2024 14.11.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikası Nazirlər Kabineti və digərlərinə qarşı qərarların ləğv edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızı İddiaçı cavabdehlər Azərbaycan Respublikası Nazirlər Kabinetinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatı X1, Azəbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxsinə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, "xxxx" Azərbaycan Əməliyyat Şirkətinə və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı "xxxx" tədbiri ilə bağlı alınan məhdudlaşdırıcı, qanunazidd inzibati qərarların icrasının dayandırılması, bu tədbirlərlə bağlı alınan yazılı olmayan inzibati qərarların yazılı formada təmin edilməsi, inzibati qərarların məhkəmə qaydasında ləğv edilməsi, ya da qanunsuz inzibati qərarları alan inzibati orqanların Konstitusiyaya zidd qərarlarının mahiyyətindəki məhdudiyyətlərin, bərabərsizliklərin aradan qaldırılaraq surətiylə müsbət yöndə dəyişdirilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar qaydada baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Nazirlər Kabinetinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatı X1, Azəbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxsinə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, "xxxx" Azərbaycan Əməliyyat Şirkətinə və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, "xxxx" tədbiri ilə bağlı alınan məhdudlaşdırıcı, qanunazidd inzibati qərarların icrasının dayandırılması, bu tədbirlərlə bağlı alınan yazılı olmayan inzibati qərarların yazılı formada təmin edilməsi, inzibati qərarların məhkəmə qaydasında ləğv edilməsi, ya da qanunsuz inzibati qərarları alan inzibati orqanların Konstitusiyaya zidd qərarlarının mahiyyətindəki məhdudiyyətlərin, bərabərsizliklərin aradan qaldırılaraq surətiylə müsbət yöndə dəyişdirilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" tədbiri ilə bağlı olaraq uzun müddətdir ki, ölkə daxilində inzibati olaraq qərarlar qəbul edilir. Buna uyğun olaraq da, ölkə daxilində insanların həyatına mənfi təsir edəcək addımlar atılır. Atılan bu inzibati addımlar vətəndaşların həyatında müsbət heç bir nəticə vermədiyi kimi, çətinliklər yaradır. Üstəlik dövlətə də əlavə maddi yük olur. Bundan öncəki Avropa Oyunları, İslam Oyunları, Formula 1 kimi tədbirlərdə olduğu kimi, yurddaşlara heç bir yararı olmayan, onların günlük həyatına mənfi təsir edən, dövlətin büdcəsinə isə zərər verən bir tədbirdir. Yəni, həm pul xərclənir, həm də narahatçılıq yaranır. Qarşılığında isə maddi və mənəvi heç bir qazanc olmur. Gedən, itirilən pullarla yanaşı çəkilən əziyyətlərin də geriyə dönüşü olmur. Dövlət vətəndaşlar üçün var və bütün vətəndaşlara müsbət yansıması olmalı, bu sosial rifahın artırılmasına xidmət etməli, həyat şəraitini yaxşılaşdıran qərarlar və addımlar olmalıdır. Bu kimi tədbirlərdə isə görünən odur ki, bu tədbir yalnız xaricilərə, başqa dövlətin vətəndaşlarına və Azərbaycandakı əhalinin 0,1 ilə 1 faizini təşkil edənlər üçün əyləncə, imic, zövq predmeti təşkil edir.
Əsaslandırma hissəsi:
3. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
4. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır.
5. İlkin olaraq qeyd edilməlidir ki, iddia ərizəsində, Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatı X3, Azəbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxsi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, "xxxx" Azərbaycan Əməliyyat Şirkəti və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi cavabdeh qismində göstərilmişdir.
6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 30.1. Mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Maddə 30.2. Mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər.
7. Məhkəmə qeyd edir ki, iddia ərizəsində qeyd olunmuş cavabdehlər Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin tələblərinə görə müştərək hüquqi maraqlara malik deyildir, hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənmir, ona görə də hazırki mübahisə üzrə prosessual həmiştirakçılar kimi çıxış edə bilməzlər.
8. İkincisi, iddiaçı "xxxx" tədbiri ilə bağlı cavabdeh orqanların qəbul etdikləri inzibati qərarların icrasının dayandırılması və ləğv edilməsi, yaxud dəyişdirilməsini tələb etsə də, qərar rekvizitləri qeyd edilməmişdir. Yəni, iddiaçı hansı orqan tərəfindən qəbul edilmiş hansı aktı mübahisələndirdiyini, həmin aktın onun hansı hüquqlarına toxunduğunu (məhdudlaşdırdığını) qeyd etməmişdir ki, bununla da tələb qeyri-müəyyən olmuşdur.
9. Bunlardan əlavə isə, məhkəmə tələblə bağlı aşağıdakıları qeyd edir. - Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası atmosferdə istixana qazlarının konsentrasiyalarını sabitləşdirməklə "insanların iqlim sisteminə təhlükəli müdaxiləsi" ilə mübarizə aparmaq üçün ölkələr arasında beynəlxalq müqavilədir. 1992-ci ildə Rio-de-Janeyroda keçirilən BMT-nin Ətraf Mühit və İnkişaf üzrə Konfransında 154 dövlət tərəfindən imzalanıb. 1997-ci ildə imzalanmış və 2005–2020-ci illəri əhatə edən Kioto protokolu Konvensiya çərçivəsində tədbirlərin ilk icrası olmuşdur. Həmin protokol qlobal istiləşmə və iqlim dəyişiqliyi mövzüsünda mübarizə aparmağa yönəlik beynəlxalq protokol olmaqla, Konvensiyanı genişləndirən beynəlxalq müqavilədir. - Azərbaycan Respublikası 18 iyul 2000-ci il tarixdə “Birləşmiş Millətlər Təşkilatının “İqlim Dəyişmələri haqqında” Çərçivə Konvensiyasına dair” Kioto Protokoluna qoşulmaq barədə” Azərbaycan Respublikasının Qanunu ilə “Birləşmiş Millətlər Təşkilatının “İqlim Dəyişmələri haqqında” Çərçivə Konvensiyasına dair” 1997-ci il dekabrın 11-də Kioto şəhərində qəbul olunmuş Protokoluna qoşulmuşdur. - Paris sazişi isə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına əsasən 2020-ci ildən atmosferdəki karbon dioksidin azaldılmasına dair tədbirləri tənzimləyən bir razılaşma olmaqla, 12 dekabr 2015-ci ildə konsensusla qəbul edilərək, 22 aprel 2016-cı ildə imzalanmışdır. - Azərbaycan Respublikasının 28 oktyabr 2016-cı il tarixli “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası ilə bağlı Tərəflərin 21-ci Konfransında qəbul olunmuş Paris Sazişinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası ilə bağlı Tərəflərin 21-ci Konfransında qəbul olunmuş Paris Sazişi təsdiq edilmişdir. - Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası ilə bağlı Tərəflərin Konfransı (COP) ali qərar qəbuledici orqan olmaqla, hər il toplanır və Konfransın 2023-cü ilin dekbar ayında https://az.wikipedia.org/wiki/Birl%C9%99%C5%9Fmi%C5%9F_%C6%8Fr%C9%99b_%C6 %8Fmirlikl%C9%99riX4 Dubay şəhərində baş tutmuş 28-ci sessiyası (COP28) zamanı növbəti 29-cu sessiyanın (COP29) keçiriləcəyi məkan olaraq Azərbaycan Respublikasının Bakı şəhəri seçilmişdir. - COP-a ev sahibliyi bir qayda olaraq BMT-nin beş regional qrupu (Afrika ölkələri, Asiya ölkələri, Latın Amerikası və Karib ölkələri, Mərkəzi və Şərqi Avropa ölkələri, Qərbi Avropa və digər ölkələr) təmsil edən 198 ölkənin səsverməsi ilə seçilir. Hər regional qrup, üzvlərindən bu konfransı təşkil edəcək bir ölkəni irəli sürmək üçün konsensusla qərar qəbul edir. - Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2024-cü il tarixli, 4264 nömrəli Sərəncamı ilə BMT-nin İqlim Dəyişmələri üzrə X2 Konfransının 29-cu sessiyasının (COP29), X5 Görüşünün 19cu sessiyasının və X7 Görüşünün 6-cı sessiyasının 2024-cü ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması qərara alınaraq, həmin Təşkilat Komitəsinə BMT-nin İqlim Dəyişmələri üzrə X2 Konfransının 29cu sessiyasının (COP29), X5 Görüşünün 19cu sessiyasının və X7 Görüşünün 6-cı sessiyasının təşkili və keçirilməsi ilə bağlı Tədbirlər Planı hazırlayıb həyata keçirməsi (bənd 2.1) və əməliyyat şirkətinin yaradılması ilə əlaqədar tədbirlər görməsi (bənd 2.2) tapşırılmış, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin üzərinə isə həmin Sərəncamın 2.1-ci bəndində nəzərdə tutulan Tədbirlər Planının icrası ilə bağlı maliyyələşdirməni təmin etməsi və digər zəruri məsələlərin həlli üçün tədbirlər görməsi vəzifəsi qoyulmuşdur. - Həmin Sərəmcamın icrası qaydasında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə X2 Konfransının 29-cu sessiyasının (COP29), X5 Görüşünün 19-cu sessiyasının və X7 Görüşünün 6-cı sessiyasının keçiriləcəyi dövrdə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər haqqında 1 avqust 2024-cü il tarixdə 371 saylı qərar qəbul edilmişdir.
10. Məhkəmə qeyd edir ki, BMT-nin İqlim Dəyişmələri üzrə X2 Konfransının 29-cu sessiyasının (COP29), X5 Görüşünün 19cu sessiyasının və X7 Görüşünün 6-cı sessiyasının 2024-cü ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2024-cü il tarixli, 4264 nömrəli Sərəncamının icrası qaydasında həm Nazirlər Kabineti, həm digər cavabdeh orqanlar ölkənin qoşulduğu beynəlxalq sənədlərin tərkib hissəsi olan beynəlxalq tədbirin təşkili və keçirilməsi ilə bağlı qərarlar qəbul etmiş olsalar belə, cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin yuxarı icra orqanı, digər cavabdehlər ("xxxx" Azərbaycan Əməliyyat Şirkəti istisna olmaqla) isə mərkəzi icra hakimiyyəti orqanları olmaqla, onların qəbul etdikləri qərarlar normativ hüquqi aktdır.
11. Azərbaycan Respublikası Konstitusiyasına görə: Maddə 114. Azərbaycan Respublikası Nazirlər Kabinetinin statusu İ. Azərbaycan Respublikasının Prezidenti icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetini yaradır. İİ. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin yuxarı icra orqanıdır. İİİ. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidentinə tabedir və onun qarşısında cavabdehdir. Maddə 120. Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları İ. Ümumi qaydalar müəyyən etdikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərarlar, başqa məsələlər üzrə sərəncamlar qəbul edir. Maddə 148. Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan aktlar İ. Qanunvericilik sistemi aşağıdakı normativ hüquqi aktlardan ibarətdir: 1) Konstitusiya; 2) referendumla qəbul edilmiş aktlar; 3) qanunlar; 4) fərmanlar; 5) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları; 6) mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları.
12. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 1.0. X6 istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. normativ hüquqi akt – tənzimlənməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə, qanunla və ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən məsələlər üzrə həmin dövlət orqanı tərəfindən və ya referendum yolu ilə qəbul edilmiş, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəd; Maddə 2. Normativ hüquqi aktlar və onların hüquqi qüvvəsi Normativ hüquqi aktların növləri Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsi ilə müəyyən edilir. Maddə 19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktları 19.1. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Konstitusiyasının 120-ci maddəsinin İ hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikası Prezidentinin aktları əsasında, Azərbaycan Respublikası Konstitusiyasının, referendum aktının, Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikası Prezidentinin aktları ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə qərarlar formasında normativ hüquqi aktlar qəbul edir. 19.4. Normativ hüquqi akt Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul olunduqda bu normativ hüquqi aktın istinad etdiyi Azərbaycan Respublikası Konstitusiyasının maddəsi və ya Azərbaycan Respublikası Prezidentinin aktı göstərilməli və bu Konstitusiya Qanununun 19.1-ci maddəsində göstərilən aktların icrasını təmin etmək məqsədi ilə qəbul olunduğu qeyd edilməlidir. Maddə 20. Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları 20.1. Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları Azərbaycan Respublikası Prezidentinin aktına, habelə Azərbaycan Respublikası Konstitusiyasından, referendum aktından, Azərbaycan Respublikası qanunlarından və Azərbaycan Respublikası Prezidentinin aktlarından irəli gəldiyi halda Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktına əsasən, yalnız Azərbaycan Respublikası Prezidentinin aktları ilə onların səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə qəbul edilə bilər. Maddə 76. Normativ hüquqi aktların ləğv edilməsi qaydası 76.1. Normativ hüquqi aktın qəbul edilməsi ilə əlaqədar həmin akta daxil edilmiş normalara zidd olan və ya bu normalarla əhatə olunan, yaxud faktiki olaraq əhəmiyyətini itirən, həmin və ya daha aşağı hüquqi qüvvəyə malik olan bütün aktlar (onların struktur elementləri isə bu Konstitusiya Qanununun 32-ci maddəsinin tələblərinə uyğun olaraq) ləğv edilməlidir. 76.2. Normativ hüquqi aktın ləğv edilməsi barədə həmin aktı qəbul etmiş orqan tərəfindən və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 8-ci bəndi və 119-cu maddəsinin yeddinci abzası ilə müəyyən edilmiş qaydada ayrıca norma qəbul edilir.
13. Maddə 109. Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Azərbaycan Respublikasının Prezidenti: 8) Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının aktlarını ləğv edir;...
14. Göründüyü kimi, həm Nazirlər Kabineti, həm mərkəzi icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikası Prezidentinin aktları ilə onların səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə normativ hüquqi aktları olan qərarlar qəbul edirlər ki, onların xüsusi ləğv qaydası müəyyənləşdirilmişdir.
15. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının qərarlarını ləğv etmək səlahiyyətinə yalnız həmin orqan və Azərbaycan Respublikasının Prezidenti malikdir.
16. Normativ hüquqi aktların inzibati məhkəmə icraatı qaydasında ləğvi qanunvericilikdə nəzərdə tutulmadığından, onların məhkəmədə mübahisələndirilməsi yolverilməzdir.
17. Cavabdeh "xxxx" Azərbaycan Əməliyyat Şirkətinə münasibətdə isə məhkəmə qeyd edir ki, həmin şirkət Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2024-cü il tarixli, 4264 nömrəli Sərəncamı ilə məhz BMT-nin İqlim Dəyişmələri üzrə X2 Konfransının 29-cu sessiyasının (COP29), X5 Görüşünün 19cu sessiyasının və X7 Görüşünün 6-cı sessiyasının 2024-cü ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar yaradılmışdır. Həmin şirkət adıçəkilən Sərəncamın icrasından irəli gələn məsələlərə dair qərarlar qəbul etsə də, şirkət inzibati orqan olmadığından onun qərarları inzibati akt hesab oluna bilməz.
18. İnzibati məhkəmə icraatı qaydasında yalnız inzibati aktların mübahisələndirilməsinə və Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinə uyğun olaraq yoxlanılması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müstəsna səlahiyyətinə aid edilmiş normativ xarakterli aktlar istisna olmaqla, dövlət və bələdiyyə orqanları tərəfindən qəbul edilmiş normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialar qaldırıla bilər.
19. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununa görə: Maddə 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Maddə 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir;
20. İnzibati akt inzibati orqan tərəfindən qəbul edilməli, ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı, ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı və hakimiyyət tədbiri olması əlamətləri ilə səciyyələnir. Beləliklə, inzibati akt qanunvericiliklə müəyyən edilmiş qaydada publik idarəetmənin səlahiyyətli subyektləri tərəfindən qəbul edilir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair xx.xx.2013-cü il tarixli qərarı).
21. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddiaya inzibati məhkəmə icraatında baxılması mümkün olmadığından iddia mümkün sayılmamalıdır.
22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
23. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir.
Nəticəvi hissə:
24. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Gülşən Əliyeva