Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-486/2021 06.08.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı "xxxx" MTK-nın nümayəndəsi Nəsir-zadə Azər Varağa oğlunun, nümayəndəsi və vəkili X3, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X5 iştirakları ilə, “28.10.2020-ci il tarixli qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin (bundan sonra mətndə 12 saylı Ərazi Vergilər Baş İdarəsi) 05.02.2020-ci il tarixli **********196870 saylı qərarına əsasən "xxxx" Mənzil Tikinti Kooperativinin (bundan sonra mətndə "xxxx" MTK) vergilər və digər ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. Yoxlama nəticəsində tərtib edilmiş 14.09.2020-ci il tarixli **********137332 nömrəli “səyyar vergi yoxlaması aktı”ndan görünür ki, yoxlama əlavə dəyər vergisi üzrə avqust 2017-dekabr 2019-cu il dövrü, əmlak vergisi üzrə 2017-2019-cu il dövrü əhatə etmişdir. Yoxlamanın nəticəsindən məlum olur ki, Gəncə şəhər İcra Hakimiyyəti Başçısının 23.10.2007-ci il tarixli 70 saylı sərancamına əsasən ünvan 1 ünvanında "xxxx" MTK-ya 1 ədəd 12 mərtəbəli (+texniki mərtəbə) yaşayış binasının tikintisinə icazə verilmişdir. Müəssisə tərəfindən həmin ünvanda (təməlqoyma işləri 2008-ci ilin 1-ci rübündə aparılmış və bəyannamə vergi orqanına təqdim edilmişdir) 9351,41 kv.m. ümumi sahəsi olan yaşayış binasının tikintisi aparılmışdır. Həmçinin müəssisə tərəfindən həmin ünvanda yaşayış binasına bitişik 5572,41 kv.m. ümumi sahəsi olan 2 mərtəbəli qeyri yaşayış binalarının tikintisi aparılmışdır. Bundan əvvəlki yoxlamalar ilə 2775,00 kv.m satışa yararlı yaşayış sahəsi əhatə olunmuşdur. Hazırki yoxlama ilə isə 2588,18 kv.m satışa yararlı yaşayış sahəsi, eyni zamanda 1519 kv.m qeyri-yaşayış sahəsi (binanın 1 və 2-ci mərtəbələri və zirzəmi üzrə qeyri yaşayış sahəsi) əhatə olunmuşdur. Kənarlaşmanın səbəbi aşağıdakı kimi izah olunur: MTK tərəfindən inşa olunmuş çoxmərtəbəli yaşayış binasının 7036,81 kv.m satışa yararlı hissəsi olmuşdur. Eyni zamanda binaya bitişik formada MTK tərəfindən inşa olunmuş 4162 kv.m MTK-ya məxsus qeyri-yaşayış sahəsi var. Göstərilən 7036,81 kv.m-dən 5363,18 kv.m yaşayış sahəsinə aiddir ki, əvvəlki yoxlamalarda bunun 2775 kv.m-i əhatə olunmuşdur. Hazırki yoxlanılan dövrdə MTK tərəfindən 2588,18 kv.m yaşayış sahəsinin, 1 kv.m sahəsi 265 manat (ƏDV ilə birlikdə) olmaqla təqdim edilmişdir. Yoxlama zamanı yuxarıda qeyd olunan 2588,18 kv.m yaşayış sahəsinin satışı, 1519 kv.m qeyri-yaşayış sahəsinin satışı müəyyən olunmuşdur. Yəni hazırki yoxlama ilə əvvəl əhatə olunan 2775 kv.m yaşayış sahəsindən başqa 2588,18 kv.m yaşayış sahəsi, 1519 kv.m qeyri-yaşayış sahəsi əhatə olunmuşdur. Yoxlama zamanı yaranmış zərurətlə əlaqədar dəvət olunmuş ekspert tərəfindən mənzillərin orta bazar qiyməti 1 kv.m üçün 550,00 manat (ƏDV ilə birlikdə), qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsinin orta bazar qiyməti 1 kv.m üçün 1200,00 manat (ƏDV ilə birlikdə), 2-ci mərtəbəsi üçün isə 800,00 manat (ƏDV ilə birlikdə) və zirzəminin orta bazar qiyməti 300,00 (ƏDV ilə birlikdə) manat müəyyən olunmuşdur.Yoxlanılan dövr üzrə təqdim olunmuş 2588,18 kv.m yaşayış sahəsinə eskpert tərəfindən verilmiş qiymətlə nəzərə aldıqda ******* manat ƏDV hesablanmış, MTK tərəfindən isə 104620 manat hesablanmış, nəticədə 112520 manat azaldılma müəyyən edilmişdir. 1519,00 kv.m qeyri-yaşayış sahəsi də ekspert tərəfindən verilən qiymət nəzərə alınmaqla MTK tərəfindən hesablanmış ƏDV ilə müqayisədə 104820 manat azaldılmış, Bundan əlavə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 2000 manat azaldılmış və nəticədə 360 manat əlavə ƏDV məbləği hesablanmışdır. Ümumilkdə müəssisəyə 217700 min manat ƏDV hesablanmışdır. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********141160 nömrəli, 28.10.2020-ci il tarixli qərar ilə "xxxx" MTK 2017-ci il üçün 360 manat, 2019-cu il üçün 217.338,15 manat ƏDV, 2017-ci il üçün 1.199,84 manat, 2018-ci il üçün 1,60 manat, 2019-cu il üçün 7,14 manat əmlak vergisi, ümumilikdə 218.906,72 manat (iki yüz on səkkiz min doqquz yüz altı manat 72 qəpik) vergilərin azaldılması və bütün bunlara müvafiq 109.453,37 manat (yüz doqquz min dörd yüz əlli üç manat, 37 qəpik) maliyyə sanksiyası hesablanmaqla vergi məsuliyyətinə cəlb edilmişdir. Qərarla razılaşmayan "xxxx" MTK tərəfindən 28.10.2020-ci il tarixli **********141160 nömrəli “Vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə” qərardan müvafiq olaraq yuxarı vergi orqanına – Dövlət Vergi Xidmətinə 02.11.2020-ci il tarixli **********407400 saylı şikayət ünvanlanmışdır. İnzibati orqan tərəfindən bu şikayətə 19.01.2021-ci il tarixli, **********813500 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, "xxxx" MTK tərəfindən külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə 18.01.2021-ci il tarixdə Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə cinayət işi başlanılmış, ona görə də, şikayətdə qeyd edilən hallara sübutlar çərçivəsində qiymət verilməsi üçün müdafiə tərəfi olaraq həmin məlumatları cinayət prosesini həyata keçirən orqana təqdim edilməsi tövsiyyə olunmuşdur. Bundan sonra, iddiaçı "xxxx" MTK cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı 25.01.2021-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********141160 nömrəli, 28.10.2020-ci il tarixli qərarının ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, "xxxx" MTK aidiyyəti üzrə vergi orqanlarında əlavə dəyər vergisinin ödəyicisi kimi 26.10.2006-ci il tarixdə qeydiyyatdan keçmiş və ********** saylı VÖEN almışdır. "xxxx" MTK faktiki olaraq mənzil tikinti kooperativi faktiki olaraq yaşayış və qeyri-yaşayış binaların tikintisi ilə məşğul olmuşdur və heç bir mövcud qanunvericiliklə qadağan olunmuş fəaliyyəti yoxdur. "xxxx" MTK -də 2006-cı ildən halhazırkı vaxta kimi sahibkarlıq fəaliyyəti dövründə bir neçə dəfə səyyar vergi yoxlaması aparılmış və heç bir vergilərin ödənilməsindən yayınma faktları aşkarlanmamışdır. Axırıncı dəfə 06.02.2020-ci il tarixdən 10.09.2020-ci il tarixədək müəssisədə sonuncu mubasiləndirilən səyyar vergi yoxlaması aparılmış, bu səyyar vergi yoxlaması avqust 2017-dekabr 2019-cu illəri əhatə etmişdir. Vergi yoxlaması təqdim olunmuş ilkin mühasibat sənədləri, gömrük bəyannamələri, memorial-orderlər, baş kitab, dövriyyə cədvəlləri və vergilərin hesablanması üçün zəruri sənədlər əsasında aparılmışdır. Yoxlama zamanı müəssisənin faktiki rekvizitləri ilə vergi orqanlarında olan uçot məlumatlarında olan rekvizitlər arasında kənarlaşma aşkar edilməmişdir. Lakin bütün bunlara baxmayaraq 14.09.2020-ci il tarixdə № **********137332 saylı səyyar vergi yoxlaması aktı tərtib edilmiş, bu aktın əsasında 28.10.2020-ci il tarixli № **********141160 saylı qərar çıxarılmışdır. Yoxlama dövrünə 2017-ci il üçün 360 manat, 2019-cu il üçün 217.338,15 manat ƏDV, 2017-ci il üçün 1.199,84 manat, 2018-ci il üçün 1.60 manat, 2019-cu il üçün 7.14 manat əmlak vergisi, ümumilikdə 218.906,72 manat vergilərin azaldılması və bütün bunlara müvafiq 109.453,37 manat maliyyə sanksiyası hesablanmışdır. Əslində isə müəssisənin mühasibat sənədlərini vergi qanunvericiliyinə müvafiq olaraq araşdırıb nəzərdən keçirsək, vergiyə cəlb edilməli olan məbləğin reallığa uyğun olmadığı görünür. Vergilər hesablanarkən vergitutma bazası, yəni vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyət göstəricələri düzgün araşdırılmamış, faktiki göstəriciləri hansı tarixdə müəyyən olunmuş hesab edilməsi düzgün qiymətləndirilməmişdir. Belə ki, yoxlama zamanı "xxxx" MTK tərəfindən ünvan 2 ünvanda inşa edilmiş yaşayış binasında mənzillərin, zirzəminin və qeyri-yaşayış sahəsinin 1 kv.m orta bazar qiymətinin müəyyənləşdirilməsinə zərurət yaranmış, bu səbəbdən də Departament tərəfindən Azərbaycan Respublikası Sənayə və Ticarət Palatasının “Azərekspertiza” Birliyinə 17.06.2020-ci il tarixi **********547000 nömrəli məktubla müraciət edilmişdir. “Ekspertizanın təyin edilməsi haqqında” 18.06.2020ci il tarixli **********127419 nömrəli Qərarına əsasən Azərbaycan Respublikası Sənayə və Ticarət Palatasının “Azərekspertiza” Birliyinin tərəfindən ünvan 2 ünvanında "xxxx" MTK tərəfindən inşa olunmuş binada mənzillərin, zirzəminin və qeyri-yaşayış sahəsinin 1 kv.m orta bazar qiyməti müəyyənləşdirilmiş və 02 sentyabr 2020-ci il tarixli müvafiq rəy vermişdir. Qeyd olaraq bildiririk ki, 14.04.2020-ci il tarixli **********198940 nömrəli ekspert qərarına əsasən "xxxx" MMC tərəfindən ekspertiza keçirilmiş və 08.09.2020-ci il tarixli **********88800 nömrəli məktub ilə rəy verilməsindən imtina edilmişdir. Hazırki yoxlama ilə 2588,18 kv.m. satışa yararlı yaşayış sahəsi, eyni zamanda 1519 kv.m qeyri-yaşayış sahəsi əhatə olunmuşdur. Kənarlaşmanın səbəbi aşağıdakı kimi izah olunur: MTK tərəfindən inşa olunmuş çoxmərtəbəli yaşayış binasının 7036,81 kv.m satışa yararlı hissəsi olmuşdur. Eyni zamanda binaya bitişik formada MTK tərəfindən inşa olunmuş 4162 kv.m MTK-ya məxsus qeyri-yaşayış sahəsi var. Göstərilən 7036,81 kv.m-dən 5363,18 kv.m yaşayış sahəsinə aiddir ki, bununla bundan əvvəlki yoxlamalarda 2775 kv.m əhatə olunmuşdur. Hazırki yoxlanılan dövrdə MTK tərəfindən 2588,18 kv.m sahə 1kv.m 265 manat (ƏDV ilə birlikdə) olmaqla təqdim edilmişdir. Yoxlama zamanı yuxarıda qeyd olunan 2588,18 kv.m yaşayış sahəsinin satışı, 1519 kv.m qeyri-yaşayış sahəsinin satışı müəyyən olunmuşdur. Yəni hazırki yoxlama ilə əvvəl əhatə olunan 2775 kv.m yaşayış sahəsində başqa 2588,18 kv.m yaşayış sahəsinin, 1519 kv.m qeyri-yaşayış sahəsinin əhatə olunmuşdur. Yoxlama zamanı yaranmış zərurətlə əlaqədar dəvət olunmuş ekspert tərəfindən mənzillərin orta bazar qiyməti 1 kv.m-i üçün 550 manat (ƏDV ilə birlikdə), qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsinin orta bazar qiyməti 1 kv.m-i üçün 1200,00 manat (ƏDV ilə birlikdə), 2-ci mərtəbəsi üçün isə 800,00 manat (ƏDV ilə birlikdə) və zirzəminin orta bazar qiyməti 300,00 (ƏDV ilə birlikdə) manat müəyyən olunmuşdur. Yoxlanılan dövr üzrə təqdim olunmuş 2588,18 kv.m sahəsini ekspert tərəfindən verilmiş qiymətlə nəzərə aldıqda 112,52 min manat ƏDV hesablanması nəzərdə tutulmuşdur. 1519 kv.m qeyri-yaşayış sahəsini və 541,6 kv.m zirzəmi sahəsi ekspert tərəfindən verilmiş qiymətlə nəzərə aldıqda cəmi 104,82 ƏDV hesablanmışdır. Təqdim edilmiş səyyar vergi yoxlaması aktı, səyyar vergi yoxlamasının keçirilməsi qaydalarına əməl etmədən və konkret sənədlərə, görülmüş işlərə, çəkilən xərclərə əsaslanmadan vergi məcəlləsinin müddəaları pozulmaqla tərtib edilmişdir. Bundan başqa qeyd etmək zəruridir ki, müəssisə gördüyü işlərə görə əldə etdiyi gəlirdən Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq bütün vergiləri hesablamış və dövlət büdcəsinə ödəmişdir. Lakin 12 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşları tərəfindən aparılan yoxlama zamanı görülmüş işlərə və göstərilmiş xidmətlərə görə çəkilmiş xərclərin düzgün hesablanmadığı, işləri qəbul edən bütün cavabdeh dövlət orqanlarının hesablamalarının səhv aparıldığı iddia edilərək müəssisə tərəfindən işlərin görülməsi üçün alınmış, alınarkən ödənilmiş və əvəzləşdirilmiş ƏDV-lərin bir hissəsi müəssisəyə sanksiya kimi hesablanmışdır. Bundan əvvəlki yoxlama zamanı 12 saylı Ərazi Vergilər Departamentinin 18.09.2017-ci il tarixli **********112554 saylı qərarına əsasən "xxxx" MTKnın fəaliyyəti yoxlanılmış və yoxlamanın aparılması üçün ekspertiza təyin edilmişdir. 2017ci ildə eyni ekspertiza yəni, Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azekspertiza” Birliyi tərəfindən rəy verilmişdir. “Azekspertiza” Birliyi tərəfindən bundan əvvəlki yoxlama ilə əlaqədar 18.09.2017-ci il tarixli rəy verilərək yaşayış sahəsinin bazar qiyməti 1 kv.m-265 manat, qeyri-yaşayış sahəsinin 1 kv.m-300 manat müəyyən edilmişdir. Yoxlama dövründə "xxxx" MTK -nın iddia tələbi əsasında Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-1(83)-02/2018 saylı 27.04.2018-ci il tarixli Qərarına əsasən inşa edilmiş binadakı mənzillərin satış qiymətinin 1 kv.m-265 manat, qeyri-yaşayış sahəsinin 1 kv.m- 300 manat müəyyən edilmiş, Gəncə Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlamışdır. Vergi orqanının şikayəti əsasında Ali Məhkəmədə 12 saylı Ərazi Vergilər Departamenti ilə razılığa gəlinmiş və iddia tələbi geri götürülmüşdür. 12 saylı Ərazi Vergilər Departamentinin 16.02.2018-ci il tarixli **********140126 saylı Səyyar vergi yoxlaması Aktına əsasən binadakı mənzillərin satış qiymətinin 1 kv.m - 265,00 manat, qeyri-yaşayış sahəsinin 1 kv.m - 300,00 manat müəyyən edilmişdir. 2017-ci ildə 12 saylı Ərazi Vergilər Departamenti tərəfindən aparılan yoxlama zamanı tərəfimizdən bütün sənədlər təqdim edilmişdir. Belə ki, "xxxx" MTK ilə Nəsir-zadə Fuad Varağa oğlu arasında 02.05.2017-ci il tarixli 51/17 saylı müqavilə əsasında qeyri-yaşayış sahəsinin 2000 kv.m 1 kv.m -300 manat alqı-satqı aparılmış və F. Nəsir-zadə 30.09.2019-cu ildə çıxarış almışdır. Nəsir-zadə Fuad Varağa oğluna 02.05.2017-ci il tarixli 51/17 saylı müqavilə əsasında satılmış qeyri-yaşayış sahəsi ilə əlaqədar vergiləri hesablanaraq Dövlət büdcəsinə tam ödənilmişdir. Bundan əlavə "xxxx" MTK ilə "xxxx" MMC arasında 10.06.2017-ci il tarixli 15/17 saylı müqavilə əsasında yaşayış sahəsinin 2588,18 kv.m 1 kv.m 265 manat alqı-satqı aparılmış, vəsait "xxxx" ASC olan hesabımıza köçürülmüş və vergilər hesablanar Dövlət büdcəsinə tam ödənilmişdir. Cavabdeh məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, 12 saylı Ərazi Vergilər Baş idarəsinin 05.02.2020-ci il tarixli **********196870 saylı qərarına əsasən "xxxx" MTK-nın 01.08.2017-ci il tarixdən 01.01.2020-ci il tarixədək olan dövr üzrə səyyar vergi yoxlaması aparılmışdır. Həmin qərara əsasən "xxxx" MTK-nın vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə 01.08.2017-ci il tarixdən 01.01.2020-ci il tarixədək olan dövr üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama zamanı "xxxx" MTK tərəfindən ünvan 2 ünvanda inşa edilmiş yaşayış binasında mənzillərin, zirzəminin və qeyri-yaşayış səhərinin 1 kv.m orta bazar qiymətinin müəyyənləşdirilməsinə zərurət yaranmış, bu səbəbdən də Departament tərəfindən Azərbaycan Respublikası Sənaye və Ticarət Palatasının "Azərekspertiza" Birliyinə 17.06.2020-ci il tarixli **********547000 nömrəli məktubla müraciət edilmişdir. Ekspert tərəfindən ünvan 2 ünvanında "xxxx" MTK tərəfindən inşa olunmuş binada mənzillərin, zirzəminin və qeyri-yaşayış sahəsinin 1 kv.m orta bazar qiyməti müəyyənləşdirilmiş və 01 sentyabr 2020-ci il tarixli müvafiq rəy vermişdir. Səyyar vergi yoxlaması nəticəsində 328, 36 min manat kənarlaşma aşkar edilmişdir. Gəncə şəhər İcra Hakimiyyəti Başçısının 23.10.2007-ci il tarixli 70 saylı sərəncamına əsasən Gəncə şəhəri, F.X.Xoyski küçəsi ünvanında "xxxx" MTK-ya 1 ədəd 12 mərtəbəli yaşayış binasının tikintisinə icazə verilmişdir. Müəssisə tərəfindən həmin ünvanda 9351,41 kv.m ümumi sahəsi olan yaşayış binasının tikintisi aparılmışdır. Həmçinin müəssisə tərəfindən həmin ünvanda yaşayış binasına bitişik 5572,41 kv.m ümumi sahəsi olan 2 mərtəbəli qeyri yaşayış binalarının tikintisi aparılmışdır. Bundan əvvəlki yoxlamalar ilə 2775,00 kv.m satışa yararlı yaşayış sahəsi əhatə olunmuşdur. Hazırki yoxlama ilə isə 2588,18 kv.m satışa yaralı yaşayış sahəsi, eyni zamanda 1519 kv.m qeyri-yaşayış sahəsi əhatə olunmuşdur. Yəni hazırki yoxlama ilə əvvəl əhatə olunan 2775 kv.m yaşayış sahəsindən başqa 2588,18 kv.m yaşayış sahəsinin, 1519 kv.m qeyri-yaşayış sahəsinin əhatə olunmuşdur. Kənarlaşmanın səbəbi aşağıdakı kimi izah olunur: MTK tərəfindən inşa olunmuş çoxmərtəbəli yaşayış binasının 7036,81 kv.m satışa yararlı hissəsi olmuşdur. Eyni zamanda binaya bitişik formada MTK tərəfindən inşa olunmuş 4162 kv.m MTK-ya məxsus qeyri-yaşayış sahəsi var. Göstərilən 7036,81 kv.m-dən 5363,18 kv.m yaşayış sahəsinə aiddir ki, bununda bundan əvvəlki yoxlamalarda 2775 kv.m əhatə olunmuşdur. Hazırki yoxlanılan dövrdə MTK tərəfindən 2588,18 kv.m sahə 1 kv.m 265 manat olmaqla təqdim edilmişdir. Yoxlama zamanı yaranmış zərurətlə əlaqədar dəvət olunmuş ekspert tərəfindən mənzillərin orta bazar qiyməti 1 kv.m-i üçün 550,00 manat, qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsinin orta bazar qiyməti 1 kv.m üçün 1200 manat manat, 2-ci mərtəbəsi üçün isə 800,00 manat və zirzəminin orta bazar qiyməti 300,00 manat müəyyən olunmuşdur. Yoxlanılan dövr üzrə təqdim olunmuş 2588,18 kv.m yaşayış sahəsini ekspert tərəfindən verilmiş qiymətlə nəzərə aldıqda 112,52 min manat ƏDV hesablanması nəzərdə tutulmuşdur. 1592 kv.m qeyri yaşayış sahəsini və 541,6 kv.m zirzəmi sahəsi ekspert tərəfindən verilmiş qiymətlə nəzərə aldıqda cəmi 104,82 ƏDV hesablanmışdır. Bundan əlavə Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 2,0 min manat azaldılmış və nəticədə 0,36 min manat əlavə ƏDV mələği hesablanmışdır. Ümumilikdə müəssisəyə 217,70 min manat ƏDV hesablanmışdır. Əmlak vergisinin yoxlanılması üzrə MTK-da yoxlanılan dövrdə 2017-ci ilin əmlak vergisi üzrə 1199,83 manat və 2019-cu ilin əmlak vergisi üzrə 7,14 manat kənarlaşma aşkar olunmuşdur. Kənarlaşmaya səbəb Vergi Məcəlləsinin 202-ci maddəsinə əsasən ilin əvvəlinə və sonuna əsas vəsaitlərin qalıq dəyəri düzgün göstərilməmişdir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yoxlama ilə müəssisə tərəfindən 2017-ci il üzrə azaldılmış 360.00 manat ƏDV-nin 50 faizi miqdarında, yəni 180.00 manat, 2019-cu il üzrə azaldılmış 217338.15 manat ƏDV-nin 50 faizi miqdarında, yəni 108669,15 manat, 2017-ci il üzrə azaldılmış 1199.83 manat əmlak vergisinin 50 faizi miqdarında, yəni 599.92 manat, 2018-ci il üzrə azaldılmış 1.60 manat əmlak vergisinin 50 faizi miqdarında, yəni 0.80 manat və 2019-cu il üzrə azaldılmış 7.14 əmlak vergisinin 50 faizi miqdarında, yəni 3.57 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd edilməlidir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı qurumda aparılmış səyyar vergi yoxlaması vergi qanunvericiliyinin tələbləri gözlənilməklə qanuni və əsaslı şəkildə aparılmışdır. Bütövlükdə iddia ərizəsində əks olunan dəlillər əsassızdır və iddiaçının dövlət büdcəsi qarşısında icra edilməli olan vergi öhdəliyinin yerinə yetirilməsindən yayınmağa xidmət edən fikirlərdir. Qeyd edilməlidir ki, cavabdeh inzibati orqan tərəfindən hər hansı prosessual normaların pozulması ilə bağlı iddiaçının dəlili mövcud deyil. İş materiallarından da göründüyü kimi cavabdeh inzibati orqan Vergi Məcəlləsinin 39-cu maddəsinin tələblərini tam gözləyərk qərar qəbul edilmişdir. İddiaçının səyyar vergi yoxlaması materiallarına baxılması ilə bağlı onun nümayəndəsinin iştirakının təmin edilməməsi ilə bağlı dəlili əsassızdır. Belə ki, 15.10.2020-ci il tarixli **********441000 saylı “Yoxlama materiallarına baxılması barədə” məktub iddiaçıya göndərilmiş, həmin məktubda 14.09.2020-ci il tarixli **********137332 nömrəli akta vergi qanunvericiliyinin pozulması hallarına, onların aradan qaldırılması və müvafiq sanksiyaların tətbiq edilməsi məsələsinə baxılması ilə əlaqədar 26 oktyabr 2020ci il tarixdə saat 1100-da 12 saylı Ərazi Vergilər Baş İdarəsinə gəlmək MTK-nın rəhbərliyinin diqqətinə çatdırılmışdır. İddiaçının nümayəndəsinin səyyar vergi yoxlaması materiallarına baxılması prosesində iştirakının təmin edilməsi ilə bağlı zəruri tədbirlər görülməsinə baxmayaraq MTK inzibati orqanda aparılan yoxlama materiallarına baxılması prosesində iştirak etməmişdir. 07.10.2020-ci il tarixli müraciəti ilə bağlı qeyd olunur ki, həmin müraciətə vergi orqanında baxılmış və nəticəsi üzrə 23.10.2020-ci il tarixdə cavab məktubu aidiyyəti üzrə göndərilmişdir. İddiaçının növbəti dəlili olan-“şirkət tərəfindən yoxlamanın əhatə olunduğu 2017-2018- 2019-cu illər üzrə mənzil satılmadığı halda müvafiq hesablamalar aparılmışdır, zirzəminin sahəsi 230.86 kv.metr olmuşdur.” fikrinə etiraz olaraq qeyd olunur ki, iddiaçının özünün də iş materiallarına əlavə etdiyi 10.07.2017ci il tarixli 15/07 nömrəli alqı-satqı müqaviləsinə əsasən "xxxx" MTK "xxxx" MMC-yə ümümi sahəsi 2588.18 kv.m olan yayayış sahəsi təqdim etmişdir. Həmin müqavilənin 3.1 -ci bəndinə əsasən yaşayış sahəsinin dəyəri aylar üzrə hissələrlə 3 il ərzində ödənilməsi alıcının öhdəliyi kimi müəyyən edilmişdir. Həmçinin 02.05.2017-ci il tarixli 51/17 saylı alqısatqı müqaviləsi ilə "xxxx" MTK X6 həmin MTK-ya məxsus olan binada yerləşən sahəsi 2000 kv.metr olan qeyri-yaşayış sahəsini zirzəmi ilə birlikdə satmışdır. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən yaşayış sahəsinin dəyəri aylar üzrə hissələrlə 3 il ərzində ödənilməsi alıcı Nəsir-zadə Fuad Varağa oğlunun öhdəliyi kimi müəyyən edilmişdir. Sözügedən müqavilə əsasında Nəsir-zadə Fuad Varağa oğlunun adına 1519,00 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinə 30.09.2019-cu il tarixli ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Planölçü sənədlərində əks olunmuş “Obyektin otaqlar üzrə eksplikasiyası” adlanan 5-ci bölümündə qeyri yaşayış sahəsinin tərkibi qeyd olunmuş, zirzəminin sahəsi 541.6 kv.m, digər qeyri- yaşayış yerlərinin sahəsini 1-ci mərtəbə üzrə 496.1, 2-ci mərtəbə üzrə isə 481,3kv.m, ümumilikdə qeyri-yaşayış yerinin sahəsi 1519,00 kv.m olduğu açıq-aydın görsənir. Göründüyü kimi, cavabdeh inzibati orqan iddiaçının yaşayış və qeyri-yaşayış sahəsinin təqdim olunması ilə bağlı mövcud olan alqı-satqı müqavilələrinə, qeydiyyat strukturu tərəfindən verilmiş çıxarışa əsasən müqavilədə və çıxarışda əks olunmuş sahə vahidlərinə istinad etmişdir. Bu baxımdan həm zirzəminin sahəsi ilə bağlı, həm də iddiaçı MTK tərəfindən yaşayış sahəsinin təqdim olunmaması ilə bağlı dəlilləri əsassızdır, vergi öhdəliyindən yayınmağa xidmət edir. İddiaçının nümayəndəsi Nəsir-zadə Azər Varağa oğlu və iddiaçının vəkili və nümayəndəsi X7 məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahatlar vermişlər və iddia tələbinin təmin olunmasını xahiş etmişlər. Cavabdehin nümayəndəsi X10 məhkəmə iclasında iddianı qəbul etməyərək məhkəməyə ünvanladıqları etiraz məktubu ilə eyni məzmunda izahat vermiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Yuxarıda qeyd edilənlərdən əlavə məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - İş materiallarında olan 02.05.2017-ci il tarixli, N5-51/17 saylı alqı-satqı müqaviləsinin 1.1-ci maddəsinə əsasən “Alıcı” Gəncə şəhəri, F.X.Xoyski küçəsi, "Universam” binasının arxasında inşa edilən 1 girişli 12 mərtəbəli hündürmərtəbəli yaşayış binasının birinci 2 mərtəbəsində və 1 mərtəbə zirzəmidə, ümumi sahəsi 2000 (iki min) kv.m təşkil edən qeyri-yaşayış sahəsinin ƏDV daxil olmaqla 300,00 (bir üç yüz manat) təşkil edən dəyərini aylar üzrə hissə-hissə ödəyir və həmin qeyri-yaşayış sahəsinə istifadə və sahiblik hüququnu əldə edir. - İşdə olan 10 iyun 2017-ci il tarixli, N-15/07 saylı alqı-satqı müqaviləsinin 1.1-ci maddəsinə əsasən “Alıcı” Gəncə şəhəri, F.X.Xoyski küçəsi, "Universam" binasının arxasında inşa edilən 1 girişli 12 mərtəbəli hündürmərtəbəli yaşayış binasında, ümumi sahəsi 2588,18 kv.m təşkil edən yaşayış sahəsinin ƏDV daxil olmaqla 265,00 (bir iki yüz altmış beş manat) təşkil edən dəyərini aylar üzrə hisə-hisə ödəyir və həmin yaşayış sahəsinə istifadə və sahiblik hüququnu əldə edir. - 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 18.06.2020-ci il tarixli qərarı əsasında aparılmış Azərbaycan Respublikası Ticarət və Sənaye palatası «Azərekspertiza» birliyinin 31 avqust 2020-ci il tarixli rəyindən məlum olur ki, Gəncə şəhəri, F.X.Xoyski küçəsində yeni tikili binalarda suvaqlı «podmayak» satışı yaşayış sahəsi mənzillərin 1 kv.m üçün orta bazar qiyməti 550 manat, qeyri-yaşayış sahəsi üzrə 1-ci mərtəbədə 1 kv.m üçün orta bazar qiyməti 1200 manat, 2-ci mərtəbədə 1 kv.m üçün orta bazar qiyməti 800 manat, zirzəmi (qaraja yararlı) 1 kv.m üçün orta bazar qiyməti 300 manat, mansard (yaşayışa yararlı) 1 kv.m üçün orta bazar qiyməti 300 manat müəyyən edilmişdir. - İş materiallarına əlavə edilmiş 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 13.10.2017-ci il tarixli qərarı əsasında aparılmış Azərbaycan Respublikası Ticarət və Sənaye palatası «Azərekspertiza» birliyinin 18 dekabr 2017-ci il tarixli rəyindən görünür ki, Gəncə şəhəri, F.X.Xoyski küçəsində yeni tikili binalarda suvaqlı «podmayak» satışı yaşayış sahəsi mənzillərin 1 kv.m üçün orta bazar qiyməti 265 manat, qeyri-yaşayış sahəsi üzrə 1 kv.m üçün orta bazar qiyməti 300 manat müəyyən edilmişdir. - Məhkəmənin 01.03.2021-ci il tarixli qərardadı əsasında aparılmış «İmza» ekspertiza mərkəzinin 03.05.2021-ci il tarixli 7 nömrəli rəyindən məlum olur ki, Gəncə şəhəri, F.X.Xoyski küçəsində yerləşən, "xxxx" MTK tərəfindən inşa edilmiş yaşayış binasının yaşayış sahəsinin (mənzillərin) 1 kv.m 2017-ci il üzrə orta bazar qiymətinin 265 manat, binanın birinci və ikinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin 1 kv.m-in 2017-ci il üzrə orta bazar qiymətinin 300 manat, binanın zirzəmisi qeyri-yaşayış sahəsi olduğundan həmin zirzəminin qaraja yararlı olduğu halda 1 kv.m-in 2017-ci il üzrə orta bazar qiymətinin 300 manat, mansard mərtəbəsinin isə yaşayışa yararlı olduğu halda 1 kv.m-in 2017-ci il üzrə orta bazar qiymətinin 265 manat olduğu müəyyən edilir. - Eyni predmet üzrə Azərbaycan Respublikası Ticarət və Sənaye palatası «Azərekspertiza» birliyinin 31 avqust 2020-ci il tarixli rəyində göstərilən qiymətlər ilə «İmza» ekspertiza mərkəzinin 03.05.2021-ci il tarixli 7 nömrəli rəyində göstərilən qiymətlər arasında ciddi fərq olduğundan, iş üzrə məhkəmə araşdırmasının, tam, hərtərəfli və obyektiv aparılması üçün "xxxx" MTK tərəfindən 2017-ci ildə satılmış yaşayış və qeyriyaşayış sahələrinin qiymətləndirilməsi ilə bağlı yeni mütəxəssis rəyinin alınması zəruri hesab etmiş və məhkəmənin 17.06.2021-ci il tarixli qərardadı əsasında aparılmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 27.07.2021-ci il tarixli LP-117/21 nömrəli rəyindən məlum olur ki, Gəncə şəhəri, F.X.Xoyski küçəsində yerləşən, "xxxx" MTK tərəfindən inşa edilmiş yaşayış binasının yaşayış sahəsinin (mənzillərin) 1 kv.m-in 2017-ci il üzrə orta bazar qiymətinin 300 manat, binanın birinci və ikinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin 1 kv.m-in 2017-ci il üzrə orta bazar qiymətinin 345 manat, binanın zirzəmisi qaraja yararlı olduğu halda 1 kv.m-in 2017-ci il üzrə orta bazar qiymətinin 345 manat, mansard mərtəbəsinin isə yaşayışa yararlı olduğu halda 1 kv.m-in 2017-ci il üzrə orta bazar qiymətinin 300 manat olduğu müəyyən edilir. Məhkəmə eyni predmetlə bağlı dörd müxtəlif mütəxəssis rəyinin mövcudluğunu, həmin mütəxəssis rəylərinin ikisinin («Azərekspertiza» birliyinin 18 dekabr 2017-ci il tarixli rəyi ilə «İmza» ekspertiza mərkəzinin 03.05.2021-ci il tarixli 7 nömrəli rəyinin) eyni olmasına, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 27.07.2021-ci il tarixli LP-117/21 nömrəli rəyinin əvvəlki iki rəyin nəticə hissəsindən ciddi şəkildə fərqlənməməsini, lakin hazırkı iş üzrə mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olmuş «Azərekspertiza» birliyinin 31 avqust 2020-ci il tarixli rəyinin digərlərindən ciddi şəkildə fərqlənməsini nəzərə alıb iş üzrə məhkəmə araşdırmasının tam, hərtərəfli və obyektiv aparılmasını təmin etmək məqsədilə ekspert rəyini tərtib etmiş Azərbaycan Respublikası Ticarət və Sənayə Palatası “Azərekspertiza” Birliyinin eksperti X2 məhkəmə iclasına dəvət etmişdir. X1 məhkəmə iclasında izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Ticarət və Sənaye palatası «Azərekspertiza» birliyinin 31 avqust 2020-ci il tarixli rəyi 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 17.06.2020-ci il tarixli **********547000 nömrəli məktubu və 18.06.2020-ci il tarixli **********137419 nömrəli qərarı əsasında onun tərəfindən tərtib edilmişdir. Hazırkı ekpert rəyini tərtib edərkən onun qarşısında qoyulmuş suallarda orta bazar qiymətinin hansı dövrə görə hesablanması ilə bağlı məsələ qoyulmadığından o, ekspertizanın keçirildiyi real tarixə, yəni 2020-ci ilin ortalarına olan orta bazar qiymətini hesablamış və bu rəyi tərtib etmişdir. Yəni rəydə qeyd olunan qiymətlər 2020-ci il üzrə orta bazar qiymətini əhatə etmişdir. Ekspert izahatında onu da göstərmişdir ki, həmin ərazidə başqa yeni tikili binalar olmadığından, təmirsiz, yəni suvaqlı «podmayak» sahələrin orta bazar qiymətinin hesablanması zamanı həmin ərazidə yerləşən və faktiki istifadədə olan təmirli binaların və qeyri-yaşayış sahələrinin orta bazar qiymətlərini hesablamış, bir-biri ilə uyğunlaşdırmış və hazırkı rəyi tərtib etmişdir. Onun tərtib etdiyi rəydə göstərilən orta bazar qiyməti 2020-ci ilin ortalarına aid olduğundan 2017-ci ilin orta bazar qiymətinə aid tərtib edilmiş digər rəylərlə onun rəyində uyğunsuzluğun olması təbiidir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, baxılan iş İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir və iddiaçı İnzibati-Prosessual Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirilmə haqqında iddia qaldırmış, məhkəmədən inzibati aktın ləğv edilməsini tələb etmişdir. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunmuşdur ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 05.02.2020-ci il tarixli **********196870 saylı qərarına əsasən "xxxx" MTK-nın vergilər və digər ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və aparılmış səyyar vergi yoxlamasının nəticəsində 14.09.2020-ci il tarixli **********137332 nömrəli “səyyar vergi yoxlaması” aktı tərtib edilmiş, həmin akt əsasında 28.10.2020-ci il tarixli **********141160 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, savabdehin müvafiq qərarına əsasən "xxxx" MTK-da yoxlamanın əlavə dəyər vergisi üzrə avqust 2017-dekabr 2019-cu il dövrü, əmlak vergisi üzrə 2017-2019-cu il dövrü əhatə etməsinə baxmayaraq mübahisələndirilən qərar Azərbaycan Respublikası Ticarət və Sənaye palatası «Azərekspertiza» birliyinin 31 avqust 2020-ci il tarixli rəyində göstərilən 2020-ci ilin orta bazar qiymətlərinə əsasən qəbul edilmiş, bu da əsassız nəticələrin əldə edilməsinə səbəb olmuşdur. Belə ki, nə “Azərekspertiza” birliyinin 31 avqust 2020-ci il tarixli rəyində, nə də həmin ekspertizanın keçirilməsinə əsas olmuş cavabdehin 18.06.2020-ci il tarixli **********137419 nömrəli qərarında orta bazar qiymətinin 2017-ci il üçün hesablanması göstərilməmişdir. Həmin rəyi tərtib etmiş X1 da məhkəmə iclasında qeyd etmişdir ki, qərarda orta bazar qiymətinin hesablanması ilə bağlı dövr göstərilmədiyindən o, hesablamanı ekspertizanın keçirildiyi tarixə, yəni 2020-ci ilin ortalarına uyğun aparmış və həmin rəyi tərtib etmişdir. Belə olan halda, məhkəmə eyni predmetlə bağlı dörd müxtəlif mütəxəssis rəyinin mövcudluğunu nəzərə alaraq hesab edir ki, «İmza» ekspertiza mərkəzinin 03.05.2021-ci il tarixli 7 nömrəli rəyi «Azərekspertiza» birliyinin 18 dekabr 2017-ci il tarixli rəyi ilə uyğunlaşdığından həmin rəydə göstərilən orta bazar qiymətləri əsas götürülməli, hazırkı iş üzrə mübahisələndirilən qərarın qəbul edilməsində əsas olmuş «Azərekspertiza» birliyinin 31 avqust 2020-ci il tarixli rəyi isə yoxlama dövrünə (2017-ci ilə) aid olmadığından və həmin rəydəki məlumatlar 2020-ci ilin ortalarını əhatə etdiyindən nəzərə alınmamalıdır. 14.09.2020-ci il tarixli **********137332 nömrəli “səyyar vergi yoxlaması” aktından və işdə olan sənədlərdən də göründüyü kimi iddiaçı əlavə dəyər vergisini «Azərekspertiza» birliyinin 18 dekabr 2017-ci il tarixli rəyində göstərilən məbləğlərə uyğun hesablayaraq ödəmişdir. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin 14.09.2020-ci il tarixli **********137332 nömrəli “səyyar vergi yoxlaması” aktının nəticələri və həmin akt əsasında qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********141160 nömrəli, 28.10.2020-ci il tarixli qərarı əsassızdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. - 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. - 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. - 64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. «Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12.03.2012-ci il tarixli qərarında qeyd edilir ki, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vəzifəsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, vergi orqanı tərəfindən bazar qiymətinin tətbiqinin qanuni olması üçün bu inzibati hərəkətin vergi qanunvericiliyinin yuxarıda göstərilmiş tələblərinə riayət etməklə qəbul edilməsi, o cümlədən müqavilədə icarə məbləğinin aşağı olduğunu sübut edən sənədlərin göstərilməsi, habelə əmlakın xüsusiyyətlərinə uyğun gələn müqayisə elementləri izah edilməklə tətbiq olunan bazar qiymətinin Vergi Məcəlləsinin 49.2-ci maddəsinin və “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin müddəaları nəzərə alınmaqla əsaslandırılması tələb edilir. Həmin Qərarda həmçinin qeyd edilir ki, mülki dövriyyə iştirakçılarına təqdim edərkən qanunvericilik hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir. Əks hal sübut edilməyənə qədər hər kəsin hərəkətlərinin düzgün olmasını nəzərdə tutan vicdanlılıq prezumpsiyası fundamental hüquqi prezumpsiyalardan biridir (quivis praesumitur bonus dones probetur contrarium). Məhz bu prezumpsiyadan çıxış edərək, Vergi Məcəlləsinin 14.2-ci maddəsi müəyyən edir ki, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işlərin, xidmətlərin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. Əks halın, yəni nəticə etibarilə, mülki hüquqdan sui-istifadənin sübuta yetirilməsi, bununla da sözügedən prezumpsiyanın təkzib edilməsi isə vergi orqanının üzərinə düşür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Belə olan halda işin faktiki halları ilə müəyyən olunmuşdur ki, vergi orqanı tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********141160 nömrəli, 28.10.2020-ci il tarixli qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Qeyd olunan hal isə vergi orqanının mübahisələndirilən qərarının ləğvi üçün əsas hesab edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 68-70, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********141160 nömrəli, 28.10.2020-ci il tarixli qərar ləğv edilsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərar apelyasiya şikayəti verilmədiyi və ya şikayətin geri götürüldüyü gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-486/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-486/2021
06.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver