Məhkəmə qərarları › İş №2-1(114)-487/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-487/2021

05.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-487/2021 05.04.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli, **********674700 nömrəli qərarının ləğv olunmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə Maliyyə Monitorinqi tərəfindən daxil olmuş məlumata əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən iddiaçının 58.713,85 manat məbləğində nağd qaydada aparılmış valyuta mübadiləsi əməliyyatı nəticəsində 34.490,00 USD məbləğində xarici valyuta əldə etdiyi müəyyən edilmiş və qeyd olunan vəsaitin əldə etməsi ilə bağlı ətraflı izahat verməsi üçün vergi orqanına dəvət edilmişdir. İddiaçı tərəfindən vergi borcunun silinməsi barədə vergi orqanına dəfələrlə müraciət etməsinə, həmçinin konvertasiya olunmuş pul vəsaitini özünə məxsus ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilin xx.xx.2018-ci il tarixdə X1, bacısı X4 tərəfindən xx.xx.2019-cu il tarixdə xxxx ASC-dən 12.950 (on iki min doqquz yüz əlli) manat məbləğində kredit vəsaiti alınaraq ona verilməsindən və özünün mülkiyyətində olan Mercedes Benz markalı, **-GF-*** nömrəli avtomobilin 13..08.2020-ci il tarixdə X8 alqısatqı müqaviləsi əsasında satılmasından əldə etdiyini və bunun sadəcə Bakıda şəhərində ev almaq məqsədinə çatması üçün və pul vəsaitinin hər hansı devalivasiya nəticəsində dəyər itirməsinin qarşısını almaq üçün edildiyini bildirməsinə baxmayaraq heç bir tədbir görülməmiş, qanunsuz olaraq xx.xx.2020-ci il tarixli, **********674700 nömrəli qərarla ona “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” 8.219,94 manat gəlir vergisi hesablanmışdır. Bu səbəbdən də iddiaçı hesab edir ki, həmin qərar qanunvericiliyin tələblərinə zidd olduğuna görə ləğv olunmalıdır. İddiaçı əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, ona məxsus evi 2018-ci ildə 20.000 (iyirmi min) manata satmış və pulu saxlamış, həmçinin müxtəlif vaxtlarda bir neçə dəfə kredit götürmüş və həmin pulu da yığıb saxlamışdır, sonradan devalvasiyanı nəzərə alaraq ona məxsus manatla olan pul vəsaitini dollara dəyişmişdir. Vergi orqanı tərəfindən tələb edilmiş sənədləri təqdim etsə də, cavabdeh orqan bunu nəzərə almamışdır. Cavabdehin nümayəndəsi X10 iddianı qəbul etməyərək bildirmişdir ki, Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətindən əldə olunmuş məlumata əsasən İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə 58713,85 AZN məbləğində aparılmış valyuta mübadiləsi əməliyyatı nəticəsində 34490 USD məbləğində xarici valyuta əldə edildiyi müəyyən olunmuşdur. Bununla bağlı iddiaçı xx.xx.2020-ci il tarixli məktubla qeyd olunan vəsaitin əldə edilməsi ilə bağlı bağlı ətraflı izahatın verilməsi üçün Baş İdarəyə dəvət olunmuş, lakin iddiaçı tərəfindən yuxarıda qeyd olunan məktuba cavab verilməmiş, onun tərəfindən əldə edilmiş vəsaitin mənbəyi ilə bağlı hər hansı sənəd təqdim olunmamışdır. **********495700 saylı xx.xx.2020-ci il tarixli “kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktuba əsasən vergi ödəyicisi 5 gün ərzində əsaslandırılmış yazılı izahatı və zəruri olan sənədləri vergi orqanına təqdim etmədiyi üçün Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinin müddəlarına əsasən vergi orqanı vergi ödəyicisinin vergi öhdəliklərini Baş idarənin **********674700 saylı xx.xx.2020ci il tarixli “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə yenidən hesablamışdır. İddiaçı xx.xx.2020-ci il tarixli cavab məktubunu Baş İdarəyə təqdim etmiş, həmin məktuba Baş İdarə tərəfindən xx.xx.2020-ci il tarixli məktubla cavab verilmiş və iddiaçı tərəfindən vergi orqanına təqdim edilmiş edilmiş sorğu vərəqəsində gəlirlərin əldə edilməsi barədə qeydlər olmasına baxmayaraq bunu təsdiq edən hər hansı təsdiqləyici sənədin təqdim edilmədiyi qeyd olunmuşdur. İddiaçının xx.xx.2020-ci il tarixli məktubuna bir sıra sənədlər əlavə olunmuş, lakin təqdim edilmiş alqısatqı müqaviləsində mənzilin satış qiyməti barədə hər hansı qeyd olmamış, X4 tərəfindən götürülmüş kredit məbləği olan 12950 manat məbləğin ona bağışlanması barədə təsdiqedici sənəd aşkar edilməmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə **********235300 nömrə ilə qeydiyyata alınmış müraciətində “kameral vergi yoxlaması ilə əlaqədar aparılan inzibati araşdırmaya sənədlərin təqdim olunması əlavə vaxt tələb etdiyi üçün xx.xx.2020-ci il tarixli müraciətinin müddət axımının müvəqqəti dayandırılmasını xahiş etmişdir. Yuxarı vergi orqanının xx.xx.2020-ci il tarixli məktubunda da əlavə sənədlərin araşdırmaya təqdim edilməməsi səbəbindən ərizəyə baxılması müddətinin dayandırıldığı qeyd olunmuşdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli, **********674700 nömrəli, qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən gəlir vergisi bəyənnaməsini təqdim etmədiyinə görə 8.219,94 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. -AB 940040 nömrəli, xx.xx.2013-cü il tarixli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Mercedes Benz C230 minik markalı, **-GF-*** nömrəli avtomobilin sahibi İddiaçı olmuşdur. -AD 911045 nömrəli, xx.xx.2020-ci il tarixli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Mercedes Benz C230 minik markalı, **-GF-*** nömrəli avtomobilin sahibi X9r. -xx.xx.2020-ci il tarixli, **********335 nömrəli ərizənin surətindən görünür ki, X4 “xxxx” ASC-nin Daşkəsən filialından xx.xx.2019-cu il tarixdə kredit götürdüyü 12950 manat pul vəsaitini qardaşı İddiaçı Bakı şəhərində mənzil almaq üçün verməsini qeyd etmişdir. -AN-İ ******* nömrəli xx.xx.2018-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı ona məxsus ünvan 1 ünvanında yerləşən 9 nömrəli mənzili X2. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarından göründüyü kimi İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə 58.713,85 manat məbləğində nağd qaydada aparılmış valyuta mübadiləsi əməliyyatı nəticəsində 34.490,00 USD məbləğində xarici valyuta əldə edilmişdir. Konvertasiya olunmuş vəsaitin mənbəyi barədə vergi orqanına hər-hansı təsdiqedici sənədin təqdim edilməməsi əsası ilə vergi orqanı tərəfindən kameral vergi yoxlaması ilə 2019-cu ilin gəlir vergisi üzrə müvafiq hesablama aparılmış və hazırda mübahisələndirilən “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli, **********674700 nömrəli qərar qəbul edilmişdir. Məhkəmə mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırması zamanı iddiaçı konvertasiya olunmuş məbləğin əsas hissəsinin özünə məxsus evin və avtomobilin satılmasından əldə olunan pullar, digər hissəsinin isə bacısı X4 tərəfindən kredit vəsaiti olaraq alınan və ona ev alması üçün bağışlanan pullar olmasını bildirmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdə də görünür ki, iddiaçı həqiqətən özünə məxsus olmuş evi xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X7, Mercedes Benz C230 minik markalı, **-GF-*** nömrəli avtomobili isə X3. Həmçinin iddiaçının bacısı X4 “xxxx” ASC-nin Daşkəsən filialından xx.xx.2019-cu il tarixdə kredit götürdüyü 12950 manat pul vəsaitini iddiaçıya verməsini müvafiq yazılı ərizəsi ilə təsdiq etmişdir. Bu baxımdan cavabdeh orqanın X4 tərəfindən kredit götürülmüş məbləğin iddiaçıya bağışlanmasını sübut edən ayrıca təsdiqedici sənədin tələb edilməsi əsassız olmuşdur. Halbuki mövcud qanunvericiliklə bu cür ziddiyətli məqamlar vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin:- -3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. -53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. -62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. -64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. Bundan başqa “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun:- -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə məhkəmə yuxarıda qeyd olunan işin faktiki hallarına və mübahisəyə tətbiq olunanacaq maddi hüquq normalarına əsasən hesab edir ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli, **********674700 nömrəli qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli, **********674700 nömrəli qərarı ləğv edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar