Məhkəmə qərarları › İş №2-1(114)-487/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-487/2023

20.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-487/2023 20.11.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasının yenidən hesablanması və pensiya fərqinin ödənilməsi tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 10 mart 2017-ci il tarixli 543 -VQD nömrəli Qanun, eləcə də "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 20.17.2-ci maddəsi əsasında təyin olunmuş pensiyanın məbləğinin yenidən hesablanıb ərinin təminat xərcliyinin 80 faizi miqdarında müəyyən edilməsi və 01 iyul 2017-ci il tarixdən pensiyanın ödənilməmiş fərqinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının həyat yoldaşı X1 İşlər Nazirliyinin Gəncə şəhəri, Kəpəz rayonunda sahə rəisi (kapitan) vəzifəsində uzun müddət işləmiş, yaş həddinə görə təqaüdə göndərilmiş və 09 dekabr 2000-ci ildə vəfat etmişdir. Həmin tarixindən iddiaçıya ailə başçısını itirməyə görə pensiya təyin olunmuş və pensiya mərhum ərinin təminat xərcliyinin 35%-i ilə hesablanmışdır, hazırda cəmi 305 manat məbləğində əmək pensiyası alır. Lakin Azərbaycan Respublikası Prezidentinin 10 mart 2017-ci il tarixli 543- VQD saylı Fərmanı ilə "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanuna müvafiq dəyişiklik edilmiş, xx.xx.2017-ci ildən qüvvəyə minmiş həmin dəyişikliyə görə (maddə 20.17.2) hərbi xidməti vəzifələrinin (xidməti vəzifələrinin) yerinə yetirilməsi ilə bağlı olmayan bədbəxt hadisə zamanı xəsarət almış və ya cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçuların sırasından olan pensiyaçıların ailə üzvülərinə - ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 35 faizi miqdarı ilə (ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərclərinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla) müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər pensiya təyin edilir. Göründüyü kimi qanunun mənasına görə iddiaçıya ailə başçısını itirməyə görə ayda mərhum ərinin təminat xərcliyinin 80% məbləğində pensiya hesablanmalı və ödənilməlidir. 1090 manat təminat xərcinin isə 80% məbləği 872 manatdır. Göstərilənlərə əsasən ona "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 10 mart 2017-ci il tarixli 543 -VQD nömrəli Qanun, eləcə də "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 20.17.2-ci maddəsi əsasında təyin olunmuş pensiyanın məbləğinin yenidən hesablanıb mərhum ərinin təminat xərcliyinin 80 faizi miqdarında müəyyən edilməsi və 01 iyul 2017-ci il tarixdən pensiyanın ödənilməmiş fərqinin ödənilməsinin təmin edilməsi məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, 2023-cü ilin fevral ayınadək ona hər ay 305 manat pensiya ödənilmiş, fevral ayından isə 481 manat ödənilir. Bu artım 2023-cü ilin əvvəlindən qanunla müəyyən edilmiş artım məbləğidir. Cavabdehin nümayəndəsi X4 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçıya pensiya qanunla müəyyən edilmiş həcmdə ödənilir. Çünki Əmək pensiyaları haqqında Qanunun 20.17.2-ci maddəsində nəzərdə tutulmuş 80 faiz artım iddiaçının qızına ödənilən pensiya məbləği də nəzərə alınmaqla hər birinə 40 faiz olmaqla ödənilir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3- 17-1/3-7-4815/2023 nömrəli «Əmək pensiyasının hesablanması haqqında» qərarından görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən etibarən pensiya məbləği 439,27 manat müəyyən edilmişdir. -Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/5158 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.17-ci maddəsinin 2017-ci il 1 iyul tarixindən qüvvədə olan tələblərinə uyğun olaraq məlum ailə başçısının təminat xərcliyinin 80 faizi məbləğində yenidən hesablanmaqla Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən İddiaçı əmək pensiyası həmin tarixdən 382,98 manata, 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 439,28 manata artırılaraq ödənilir, İddiaçı əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 571,92 manat fərq məbləği cari ilin mart ayından etibarən "Əmək pensiyaları haqqında" Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünərək hissə-hissə (hər ay 47,66 manat) pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülür. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçıya 9 oktyabr 2000-ci il tarixində ailə başçısını itirməyə görə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən ona ailə başçısını itirməyə görə əmək pensiyası həmin tarixdən etibarən Mərkəzi Filial tərəfindən ödənilmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinin 2017-ci il 1 iyul tarixindən qüvvədə olan tələblərinə uyğun olaraq əmək pensiyası yenidən hesablanmaqla müvafiq təminat xərcliyinin (870,40 manat) 80 faizi-696,32 manat məbləğində müəyyən edilmiş, eyni zamanda xx.xx.2023-cü il tarixdən yenidən hesablanaraq pensiya məbləği 439,27 manat müəyyən edilmişdir. İddiaçı isə pensiyanın düzgün hesablanmadığını iddia edərək hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. "Əmək pensiyaları haqqında" Qanunun:- -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -1.0.3-cü maddəsinə əsasən hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. -1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. -2.1-ci maddəsinə əsasən Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. -4.1-ci maddəsinə əsasən Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. -5.3-cü maddəsinə əsasən əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə; 14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. -17.2-ci maddəsinə əsasən hərbi qulluqçuların, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ailə üzvlərinə ailə başçısını itirməyə görə əmək pensiyaları hərbi qulluqçunun xidmət müddətindən asılı olmayaraq təyin edilir. Bu zaman ailə başçısını itirməyə görə əmək pensiyası ailə başçısı xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, amma xidmət etdiyi dövrdə aldığı xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində vəfat edibsə təyin olunur. Həmin hərbi qulluqçular sırasından olan pensiyaçıların ailələrinə isə ailə başçısı pensiya aldığı dövrdə və ya pensiya ödənilməsinin kəsilməsindən 5 il keçənədək vəfat edibsə təyin olunur. Hərbi əməliyyatlar zamanı itkin düşmüş hərbi qulluqçuların ailə üzvləri cəbhədə həlak olanların ailə üzvlərinə bərabər tutulur. -18.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər birinə düşən məbləği bu Qanunun 13.3-cü və 13.3-1-ci maddələrində nəzərdə tutulmuş əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin hesablanması mexanizminə uyğun olaraq hesablanmış məbləğin əmək qabiliyyəti olmayan ailə üzvlərinin sayına bölünməsi yolu ilə müəyyənləşdirilir. Əmək qabiliyyəti olmayan ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyalarının ailəyə düşən ümumi məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Ailə üzvlərindən biri (bu Qanunun 20.1.13-cü maddəsinə uyğun olaraq ailə başçısının qulluq stajına görə əlavə təyin olunmuş əri (arvadı) və övladları istisna olmaqla) öz seçimi ilə digər növ əmək pensiyasını, yaxud bu Qanunun 14.4-cü maddəsinə əsasən sosial müavinəti (ailə başçısını itirməyə görə müavinət istisna olmaqla) aldıqda ona ailə başçısının itirilməsinə görə düşən əmək pensiyasının məbləği digər ailə üzvləri arasında bölüşdürülməklə onların əmək pensiyasının məbləği yenidən hesablanır. -18.5-ci maddəsinə əsasən vəfat etmiş sığortaolunanın və əmək pensiyasının yığım hissəsi təyin olunmamış əmək pensiyaçısının fərdi şəxsi hesabının yığım hissəsində olan vəsaitlər qanunvericiliyə uyğun qaydada onun varisləri arasında bərabər bölünür. -20.17-ci maddəsinə əsasən bu qanunun 20.1.13-cü maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.17.2. hərbi xidmət vəzifələrinin (xidmət vəzifələrinin) yerinə yetirilməsi ilə bağlı olmayan bədbəxt hadisə zamanı alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə—ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 35 faizi miqdarı ilə (ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla) müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər. Məhkəmə tərəfindən iddiaçıya ödənilmiş pensiya məbləğinin düzgün hesablanıbhesablanmadığını müəyyən etmək məqsədilə iş üzrə ekspertiza təyin etmiş və iş üzrə təqdim edilmiş ekspert rəyində də iddiaçıya cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə uyğun qaydada hesablama aparıldığı müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçının pensiya məbləği qanunvericiliyə uyğun şəkildə hesablanmaqla ödənilir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddianın təmin edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. Bundan əlavə, məhkəmə hesab edir ki, 100 (bir yüz) manat dəyərində məhkəmə xərci iddiaçıdan tutulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasının yenidən hesablanması və pensiya fərqinin ödənilməsi tələbinə dair iddia təmin edilməsin. xx.xx.2023-cü il tarixli, 9/5158 nömrəli ekspert rəyi üzrə 100 (bir yüz) manat ekspertiza xərci İddiaçı tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SFİFT BİK CTREAZ 22 saylı hesaba ödənilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar