Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-487/2025 10.04.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı qızının cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı ticarət məqsədilə köşk qoyulmasına icazə verilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı ticarət məqsədilə yaşadığı yer üzrə Gəncə şəhəri, Gülüstan qəsəbəsi ərazisində köşk qoyulmasına icazə verilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 3058 nömrəli sərəncamına əsasən 1-ci mikrorayon, 1№-li evin 19-cu mənzilində yaşayan 2-ci qrup Qarabağ əlili İddiaçı 19.12.95-ci il tarixli ərizəsinin nəzərə alınması və ona "Karuselin yeri" adlanan ərazidə nəzərdə tutulmuş ticarət obyektləri cərgəsində 2.0 x 3.0 m ölçüdə torpaq sahəsi ayrılması və həmin ölçüdə yüngül konstruksiyadan, yüksək memarlıq üslubunda hazırlanmış müvəqqəti ticarət köşkünün quraşdırmasına icazə verilməsi qərara alınmışdır.
2. İddiaçı köşkün qoyulmasına icazə verilməsi ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinə etdiyi müraciətə, həmin İcra Hakimiyyəti orqanının xx.xx.2023-cü il tarixli, 5- 1/2-03/2173/2023 nömrəli məktubu ilə imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, sözügedən məsələnin araşdırılması üçün məhkəməyə müraciət etmək hüququna malikdir.
3. Məhkəmənin sorğusuna Gəncə Şəhər İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 5- 1/2-1338/2024 nömrəli və xx.xx.2024-cü il tarixli 5-1/2-1524/2024 nömrəli cavab məktublarında bildirilmişdir ki, Gəncə Şəhər İcra Hakimiyyəti Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” əsasında fəaliyyət göstərir. Həmin Əsasnaməyə görə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının ticarət məqsədi ilə köşk qoyulmasına icazə verilməsinə dair hər-hansı bir səlahiyyəti yoxdur. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq iddiaçının tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
4. Məhkəmənin sorğusuna Gəncə Şəhər İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 5- 1/2-2022/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, Gəncə şəhərində quraşdırılmış ticarət məqsədli köşklərin qoyulmasına icazənin hansı qurum tərəfindən verilməsi, yerləşdirilmiş köşklərin altındakı torpaq sahələrinin hansı subyektə məxsus olması barədə Gəncə İcra Hakimiyyəti başçısı Aparatında hər hansı məlumat yoxdur.
5. Məhkəmənin sorğusuna Gəncə şəhər Nizami bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 1709 nömrəli cavab məktubunda bildirilmişdir ki, Gəncə şəhərində quraşdırılmış ticarət köşklərinin altındakı torpaq sahələri bələdiyyə mülkiyyətinə aid deyildir.
6. Məhkəmənin sorğusuna Gəncə şəhər Kəpəz bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 04/3096 nömrəli cavab məktubunda bildirilmişdir ki, Gəncə şəhər Kəpəz bələdiyyəsinin mülkiyyətində olan torpaq sahələrinin elektron xəritəsi olmadığından ərazidə qoyulmuş köşklərin yerləşdiyi torpaq sahələrinin hansı mülkiyyətə məxsus olması barədə məlumat verə bilmirlər. Əlavə olaraq bildirirlər ki, köşkün yerləşdiyi konkret ünvandakı torpaq sahəsinin hansı mülkiyyətə aid olmasını müəyyən etmək üçün aidiyyatı üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr publik hüquqi şəxsin 3 saylı Gəncə ərazi idarəsinə müraciət oluna bilər. II. Məhkəmədə icraat
7. İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Gəncə şəhərində hər hansı bir yerdə ticarət məqsədilə köşkün qoyulmasına icazə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Başçısının 19 yanvar 1996-cı il tarixli 3058 saylı sərəncamı ilə iddiaçıya "Karuselin yeri" adlanan ərazidə nəzərdə tutulmuş ticarət obyektləri cərgəsində 2.0x3.0m ölçüdə torpaq sahəsi ayrılmış və həmin ölçüdə yüngül konsruksiyadan, yüksək memarlıq üslubunda hazırlanmış müvəqqəti ticarət köşkü quraşdırılmasına icazə verilmişdir. İddiaçı tərəfindən qeyd edilən torpaq sahəsində köşk qoyulmuş və həmin köşk onun tərəfindən uzun müddət istifadə edilmişdir. İddiaçı İ Qarabağ müharibəsinin iştirakçısıdır, Qarabağ əlilidir, səhhətimdə baş verən problemlərlə əlaqədar köşkdə işləməyə gedə bilməmişdir. Uzun müddət yataq xəstəsi olaraq yaşamış, səhhəti normallaşanda köşkün yerindən götürüldüyünü və torpaq sahəsinin başqa şəxslərə verildiyini bilmişdir. Buna görə Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət edərək, yenidən köşkün qurulmasına icazə verilməsini xahiş etmişdir. Lakin cavabdeh orqan qeyd edilən torpaq sahəsinin başqa şəxslərin istifadəsində olmasını bildirərək məhəkəməyə müraciət etməli olduğunu bildirmişdir. Halbuki, iddiaçı qeyd edilən torpaq sahəsində deyil, hər hansısa bir torpaq sahəsində köşk qoyulması üçün müraciət etmişdir və onun ilkin müraciəti də bu mövzuda idi.
9. İddiaçının müvafiq ərizəsinə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ilkin iddia tələbi “Gəncə şəhərinin hər hansı bir yerində ticarət məqsədi ilə köşkün qoyulmasına icazə verilməsi barədə inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.
10. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-2789/2023 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia təmin edilmiş, İddiaçı Gəncə şəhərinin hər hansı bir yerində ticarət məqsədi ilə köşkün qoyulmasına icazə verilməsi ilə bağlı inzibati aktın qəbul edilməsi vəzifəsinin Gəncə Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır.
11. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2- 1(104)-194/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş və inzibati iş yenidən baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir.
12. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(114)-1877/2024 nömrəli qərardadı ilə hazırki iddia tələbi “müvafiq köşkün yaşadığı yer üzrə Gəncə şəhəri, Gülüstan qəsəbəsi ərazisində qoyulmasına icazə verilməsi” tələbinə dəyişdirilmişdir. III. Prosessual məsələlər
13. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilmişdir.
14. İddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir.
15. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, məhkəmə iclasının gəlməyən şəxslərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.
16. Cavabdehin iddiaya qarşı xx.xx.2023-cü il tarixli, 5-1/2-03/2173/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"yə görə köşk quraşdırılması icra hakimiyyətlərinin səlahiyyəti xaricindədir. Əlavə olaraq qeyd edilir ki, iddiaçıya məxsus hər hansı tikilinin sökülməsi ilə əlaqədar Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən qərar verilməmişdir. Odur ki, Gəncə Şəhər İcra Hakimiyyətinin hər hansı bir hərəkəti və ya hərəkətsizliyi nəticəsində İddiaçı zərər dəymədiyindən iddiaçının tələbinin rədd edilməsi barədə qərar çıxarılması xahiş olunur.
Əsaslandırma hissəsi:
17. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
18. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.
19. İddiaçı hazırkı tələbində ticarət məqsədilə yaşadığı yer üzrə Gəncə şəhəri, Gülüstan qəsəbəsi ərazisində köşk qoyulmasına icazə verilməsini xahiş edir.
20. Hansı ki, “Yerli icra hakimiyyəti orqanları haqqında Əsasnamə”yə əsasən sözügedən icazənin verilməsi səlahiyyətinin cavabdeh orqana aid olması müəyyən edilmir.
21. Məhkəmənin sorğusuna Gəncə Şəhər İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 5-1/2-2022/2024 nömrəli cavab məktubunda da bildirilmişdir ki, Gəncə şəhərində quraşdırılmış ticarət məqsədli köşklərin qoyulmasına icazənin hansı qurum tərəfindən verilməsi, yerləşdirilmiş köşklərin altındakı torpaq sahələrinin hansı subyektə məxsus olması barədə Gəncə İcra Hakimiyyəti başçısı Aparatında hər hansı məlumat yoxdur.
22. Həmçinin, hazırki işin apellyasiya instansiyasında icraatı üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli 2-1(104)-194/2024 nömrəli qərardadında məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının ona vurulmuş ziyanın naturada ödənilməsi barədə iddia irəli sürməsi məhkəmə tərəfindən işin hallarına uyğun olaraq zərərin naturada ödənilməsi əvəzinə, vurulmuş zərərin əvəzini ödəmək öhdəliyinin qoyulması barədə qərar çıxarılmasına maneə deyildir.
23. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələblərinə əsasən məhkəmə tərəfindən iddiamçıya iddia tələbinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılmasına dair sərəncam göndərilərək, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadında ifadə edilmiş hüquqi mövqeyinə uyğun olaraq tələbini dəqiqləşdirməyi təklif olunmuş, lakin iddiaçı məhkəməyə təqdim etdiyi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə ticarət məqsədilə yaşadığı yer üzrə Gəncə şəhəri, Gülüstan qəsəbəsi ərazisində köşk qoyulmasına icazə verilməsini xahiş etmişdir.
24. Məhkəmə qeyd edir ki, iddiaçı hüquqi marağına uyğun olaraq zərərin naturada ödənilməsi əvəzinə, vurulmuş zərərin əvəzini ödəmək öhdəliyinin qoyulması (kompensasiya) barədə iddia tələbi ilə məhkəməyə müraciət edə bilər.
25. Göründüyü kimi, hazırki işdə cavabdeh orqanın hər hansı hərəkətləri nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh tərəfindən pozulması halı mövcud deyildir.
26. Halbuki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
27. Məhkəmə hesab edir ki, hazırkı işdə cavabdeh tərəfindən iddiaçının istinad etdiyi hallar üzrə onların hər hansı hüquqlarının pozulmasına yol verilmədiyindən, bu barədə faktiki halların mövcudluğu iddiaçı tərəfindən sübuta yetirilmədiyindən iddia mümkün sayılmamalıdır.
28. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
29. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir.
Nəticəvi hissə:
30. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Gülşən Əliyeva