Məhkəmə qərarları › İş №2-1(114)-4873/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-4873/2025

12.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-4873/2025 12.02.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkünlük vəsiqəsinin verilməsi” tələbinə dair Giriş hissəsi: Hakim Hüseynov Nurəli Əvəz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Hüseynova Aləmzər İlkin qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkünlük vəsiqəsinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: I. Məhkəmə araşdırmasının predmeti

1. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlərə əsasən: - xx.xx.2004-cü il tarixli, AA 087134 seriya nömrəli məcburi köçkünlük vəsiqəsi iddiaçıya məxsusdur; - "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, ********* nömrəli mədaxil qəbzinə əsasən, ödəyən/göndərən qismində İddiaçı və alan qismində cənab Rövşən Rzayev göstərilmişdir; - Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin sədri cənab Rövşən Rzayeva ünvanlanmış məktub xx.xx.2025-ci il tarixdə “poçt göndərişinin verilməsi haqqında” xəbərnaməyə imza edilməklə qəbul edilmişdir; - Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Kəlbəcər şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 858 nömrəli arayışına əsasən, 1974-cü il anadan olmuş İddiaçı Kəlbəcər şəhəri sakini olmaqla, hazırda məcburi köçkün kimi Gəncə şəhəri, Cavadxan qəsəbəsində müvəqqəti məskunlaşmış, ailə tərkibi arvadı X2 və qızı X1 ibarətdir.

2. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etiraza qoşma şəklində əlavə edilmiş vətəndaş İddiaçı ünvanlanmış məktuba əsasən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş "”Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ının 4.2.4 bəndinin tələblərinə görə sakini olduğu rayon işğal olunan zaman hərbi qeydiyyatdan yayınan, səfərbərlikdən boyun qaçıran və barəsində amnistiya aktı tətbiq edilən şəxslərə məcburi köçkün statusunun verilməsi nəzərdə tutulmadığından istəyinin müsbət həlli komitənin imkanı xaricindədir.

3. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-36-3/2- 4571/2025 nömrəli məktuba qoşma şəklində əlavə edilmiş iddiaçıya məxsus xx.xx.2003cü il tarixli, AO ******* seriya nömrəli hərbi biletin 4-cü səhifəsinə əsasən xidmət etmədiyi, 16-cı səhifəsinə əsasən Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2000-ci il tarixli, 95 nömrəli əmrinə əsasən dinc dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olduğu qeyd edilmiş, 24-cü səhifəsinə əsasən xx.xx.2003-cü il tarixdə Kəlbəcər rayon Hərbi Komissarlığına uçota götürülmüşdür.

4. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2026-cı il tarixli, 3-43-32/2-1034/2026 nömrəli məktuba əsasən, aprel 1993-cü il ermənilər tərəfindən Kəlbəcər rayonunun işğalı ilə əlaqədar, keçmiş Kəlbəcər rayon hərbi komissarlığına aid qeydiyyat və arxiv sənədləri işğal ərazisində qalmışdır. 1974-cü il təvəllüdlü İddiaçı hərbi xidmətdən boyun qaçırıbqaçırmaması barədə şöbədə rəsmi məlumat yoxdur və o, xx.xx.2003-cü il tarixdə hərbi həkim komissiyasından keçmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 95 saylı 2000-ci il tarixli əmrinin 42 “c” maddəsinə əsasən hərbi xidmətə yararsız hesab edilmişdir. xx.xx.2003-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsində qeydiyyata alınmış və son yaş həddi 50 (əlli) yaşla əlaqədar hərbi vəzifəlilərin qeydiyyatından silinmişdir.

5. Kəlbəcər Hərbi Prokurorluğu tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2026-cı il tarixli, 3-3-240/2-001828/2026 nömrəli məktuba əsasən, Kəlbəcər Hərbi Prokurorluğunda xx.xx.1974-ci il təvəllüdlü İddiaçı barəsində hərbi xidmət keçməkdən boyun qaçırma faktı üzrə cinayət işi istintaq olunmamış, barəsində hərbi cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməmiş və amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməmişdir.

6. “AZEMİS” elektron məhkəmə informasiya sisteminə əsasən: - iddiaçı xx.xx.1974-cü il tarixdə Kəlbəcər rayonunda anadan olmuş, hazırda yaşayış yeri üzrə qeydiyyat ünvanı Kəlbəcər rayonu, Kəlbəcər şəhəri, Qaçaq Nəbi küçəsi, ev 13dür; - iddiaçının qaçqınlıq statusu mövcuddur; - iddiaçıya məxsus 2004, 2008 və 2009-cu illərdə verilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqələrində də iddiaçının hazırda yaşayış yeri üzrə qeydiyyat ünvanı Kəlbəcər rayonu, Kəlbəcər şəhəri, Qaçaq Nəbi küçəsi, ev 13 olmuşdur.

7. Məhkəmə araşdırmasının predmetini aşağıdakı inzibati məhkəmə icraatı materialları təşkil etmişdir: - iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilən sənədlər; - cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etiraza qoşma şəklində əlavə edilən sənədlər; - cavabdehin xx.xx.2025-ci il tarixli, 3-36-3/2-4571/2025 nömrəli məktubu və məktuba qoşma şəklində əlavə edilmiş sənədlər; - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin xx.xx.2026-cı il tarixli, 3-43-32/2-1034/2026 nömrəli məktubu; - Kəlbəcər Hərbi Prokurorluğunun xx.xx.2026-cı il tarixli, 3-3-240/2-001828/2026 nömrəli məktubu.

II. Tərəflərin ərizəsi və etirazı

8. İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona məcburi köçkün statusunu və təsdiq edən sənədin (vəsiqənin) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

9. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ölkənin çətin günləri başlayan vaxtda valideynləri ilə, qaçqınlar və məcburi köçkünlərlə birlikdə öz el-obalarından məcburi çıxarılaraq Gəncə şəhərində ilk olaraq Gəncə Dövlət Universitetinin yataqxanasında və daha sonralar avtomobil zavodunun ətrafyanı ərazisində hal-hazıradək kirayədə məskunlaşmış, ailəlidir və bir qız övladı var. Onun məcburi köçkün vəsiqəsinin seriyası AA № 087134 və verilmə tarixi xx.xx.2004-cü ildir. İddiaçı bildirir ki, məcburi köçkünlük vəsiqəsinin yenilənməsi üçün xx.xx.2025-ci ildə cavabdehə müraciət etsə də, müddəti keçmiş vəsiqəsini yeniləyə bilməmiş, imtina səbəbi olaraq hərbi qeydiyyatı barədə məlumatın olmaması qeyd edilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər Rayon Şöbəsi tərəfindən verilmiş hərbi bilet AO № 0508496, xx.xx.2003-cü il tarixdə verilmiş, eyni zamanda xx.xx.2025-ci ildə № 3.43.32/2.151/25 məktubunda fərari olmadığı rəsmi təsdiqlənmişdir. İddiaçı məcburi köçkün statusunun verilməsi üçün Azərbaycan Respublikası Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə və Azərbaycan Respublikası Kəlbəcər Rayonu İcra Hakimiyyətinə rəsmi ərizə ilə də müraciət etmiş, baxmayaraq ki, komitəyə xx.xx.2025ci il tarixdən rəsmi ərizə ilə müraciət etmiş, Azərbaycan Respublikası Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən rəsmi müraciətinə cavab verilməmişdir.

10. Cavabdeh tərəfindən iddia tələbi ilə bağlı etiraz məhkəməyə daxil olmuş və etirazda qeyd edilmişdir ki, Azərbaycan Respublikasında məcburi köçkünlərin statusunun müəyyənləşdirilməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 05 iyun 2013-cü il tarixdə qeydiyyatdan keçmiş və Azərbaycan Respublikası Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 1-ci maddəsinə əsasən, məcburi köçkün - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Göründüyü kimi, Azərbaycan Respublikası Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin miqrasiyası, uçotu və qeydiyyatına dair işlər görülməkdədir. Xüsusilə vurğulamaq lazımdır ki, müvafiq işlərin təşkili, sistemliliyin və uçotun düzgün aparılmasını təmin edərək, baş verə biləcək bir sıra neqativ halların qarşısını alır. Həmçinin, Komitənin sözügedən istiqamətlər üzrə həyata keçirdiyi fəaliyyətlər, işğaldan azad edilmiş ərazilərə köçürülmə prosesinin səmərəli və effektiv təşkili üçün konstruktiv tədbirlərin müəyyənləşdirilməsinə və həyata keçirilməsinə imkan yaradacaqdır. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 1.1-ci bəndinə əsasən, “Azərbaycan Respublikasının Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikası Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi qəbul edir. Qaydaların 3.1-ci bəndinə əsasən, “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi haqqında ərizə və ona əlavə edilən sənədlər Komitəyə təqdim edildikdən sonra Komitə sədrinin və ya onun müavininin dərkənarına əsasən status sənədlərinə baxan aidiyyəti şöbəyə ünvanlanır. Qaydaların 3.3-cü bəndinə əsasən, şəxsə “məcburi köçkün” statusu verilməsi və ya bundan imtina haqqında qərar ərizənin Komitədə qeydə alındığı gündən bir ay müddətində qəbul edilir. İddiaçı ərizə ilə Komitəyə müraciət edərək, yeni məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsini xahiş etmişdir. Komitə tərəfindən verilən cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.2.4-cü bəndinin tələblərinə görə sakini olduğu rayon işğal olunan zaman hərbi qeydiyyatdan yayınan, səfərbərlikdən boyun qaçıran və fərariliyə görə barəsində amnistiya aktı tətbiq olunan şəxslərə məcburi köçkün statusu verilməsi nəzərdə tutulmadığından istəyinizin müsbət həlli Komitənin imkanı xaricindədir. (xx.xx.2025-ci il tarixli 3-36-3/2-H-58xxxx/2025/6095 nömrəli cavab məktubu) Azərbaycan Respublikasının Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin müraciətinə əsasən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər Rayon Şöbəsinin cavab məktubunda qeyd edilmişdir ki, aprel 1993-cü il ermənilər tərəfindən Kəlbəcər rayonunun işğalı ilə əlaqədar, keçmiş Kəlbəcər hərbi komissarlığının qeydiyyat və arxiv sənədləri işğal ərazisində qalmışdır. İşğaldan sonra şöbədə hərbi vəzifəlilərin qeydiyyata bərpa işləri aparılmışdır. 1974-cü il təvəllüdlü İddiaçı xx.xx.2003-cü il tarixli Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2000-ci il tarixli 95 nömrəli əmrinin 42-ci maddəsinə əsasən sülh vaxtı hərbi xidmətə yararsız, müharibə vaxtı məhdud yararlı hesab edilmişdir... Bildiririk ki, İddiaçı Kəlbəcər rayonu işğal olunan zaman hərbi xidmətə getməmiş və getməmə səbəbi barədə hərbi biletində heç bir qeyd mövcud olmamışdır. Həmçinin, iddiaçı Kəlbəcər rayonu işğal olunan zaman hərbi xidmətə getməməsinin üzrlü hesab olunması barədə heç bir sübutedici sənəd təqdim etməmişdir. Göründüyü kimi Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.2.4cü bəndinin tələblərinə uyğun olaraq, ona məcburi köçkün vəsiqəsi verilə bilməz. Odur ki, Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.2.4cü bəndinin tələblərinə uyğun olaraq, ona məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilmişdir. Belə ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.2.4-cü bəndinə əsasən, sakini olduğu rayon işğal olunan zaman hərbi qeydiyyatdan yayınan, səfərbərlikdən boyun qaçıran və fərariliyə görə barəsində amnistiya aktı tətbiq olunan şəxslərə məcburi köçkün statusu verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsi xahiş edilmişdir.

III.Tərəflərin iştirakı

11. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsində qeyd edilənlərə oxşar izahat vermiş, iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

12. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi məhkəməyə təqdim edilən etiraza oxşar izahat vermiş, təmsil etdiyi inzibati orqanın mövqeyinin hüquqi cəhətdən əsaslı olduğunu və bu səbəbdən də iddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

Əsaslandırma hissəsi:

IV. İddianın mümkünlük şərtləri

13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3.inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Maddə 34.Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1.Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

14. İş materialları ilə müəyyən edilir ki, hazırda iddiaçı tərəfindən məhkəmədə qaldırılan iddia öhdəliyin icrası haqqında iddia - inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddiadır. Bu kimi iddialarda qanunvericiliyin tələbinə əsasən, iddianın xüsusi mümkünlük şərti məhkəmədə iddia qaldırılmamışdan öncə eyni tələblə cavabdeh inzibati orqana müraciət etməkdir. İş üzrə inzibati icraat materiallarında olan cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərə əsasən, iddiaçı tərəfindən cavabdehə müraciət etdiyi və cavabdehin bundan imtina etdiyi məlum olur.

15. Məhkəmə qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur.

16. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir.

V. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

17. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 16. Sosial inkişaf və dövlət İ. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır.

18. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Bu Qanunda istifadə edilən əsas anlayışlar Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır: məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Maddə 10. Qaçqın və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi haqqında vəsatətin qaldırılması qaydası ... məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (Azərbaycan Respublikası Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi > Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 148 nömrəli Fərmanı) qeydiyyatdan keçməlidirlər.

19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.Qanunçuluq prinsipi 11.1.İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar 11.2.İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.Etimad hüququnun qorunması prinsipi 13.1.İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 14.Diskresion səlahiyyətlərin həyata keçirilməsi qaydası 14.3.Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 24.İşin hallarının obyektiv araşdırılması 24.1.İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2.İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

20. “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair” Qaydalar Əsas anlayışlar Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. I.Ümumi müddəalar 1.2. Məcburi köçkünlər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə və bu qaydalarla müəyyən edilmiş müddətdə “məcburi köçkün” statusu almaq hüququna malikdirlər. İV. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi 4.1. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: 4.1.1. Sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına. 4.2. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilmir: 4.2.4. Sakini olduğu rayon işğal olunan zaman hərbi qeydiyyatdan yayınan, səfərbərlikdən boyun qaçıran və fərariliyə görə barəsində amnistiya aktı tətbiq olunan şəxslərə.

21. İş üzrə inzibati materiallarının araşdırması zamanı müəyyən edilir ki, iddiaçının hazırda əsas hüquqi marağı ona məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqənin) verilməsi olmuş və bununla bağlı cavabdeh orqana müraciət etsə də, ona imtina cavabı verilmişdir. İmtinaya əsas kimi isə, iddiaçı barəsində hərbi xidmətdə olması ilə bağlı mübahisəli məsələnin mövcud olması olmuşdur.

22. Məhkəmə ilk öncə onu qeyd etməyi məcbur hesab edir ki, iddiaçı barəsində mübahisələndirilməyən məsələ onun keçmiş işğal edilmiş ərazilərdə doğulması və məcburi köçkün olması faktıdır.

23. Belə ki, “AZEMİS” elektron məhkəmə informasiya sisteminə əsasən, iddiaçı Kəlbəcər rayonunda olmuş, bundan əvvəl 2004, 2008 və 2009-cu illərdə aldığı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqələrində və 2024-cü ildə aldığı Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsində yaşayış yeri üzrə qeydiyyat ünvanı ünvan 6 bir zaman dəyişməmişdir.

24. Həmçinin, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və ona məxsus olan xx.xx.2004-cü il tarixli, AA 087134 nömrəli məcburi köçkünlük vəsiqəsi də sübut edir ki, iddiaçı məcburi köçkündür və bu statusa malik olmuş şəxslər siyahısına daxil edilmişdir.

25. Lakin hazırkı mübahisəli məsələdə cavabdeh orqan iddiaçıya məcburi köçkünlük vəsiqəsinin verilməsindəm imtina etmiş və imtinaya da əsas kimi iddiaçı barəsində hərbi xidmətdən boyun qaçırılması halının mövcud olduğunu bildirmişdir.

26. Qeyd edilən mübahisəli hal ilə əlaqədar məhkəmə müvafiq sorğular vermişdir.

27. Məhkəmənin sorğusuna Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsi tərəfindən verilmiş cavab məktubuna əsasən, 1974-cü il təvəllüdlü İddiaçı hərbi xidmətdən boyun qaçırıb-qaçırmaması barədə şöbədə rəsmi məlumat olmadığını və onun xx.xx.2003-cü il tarixdə hərbi həkim komissiyasından keçdiyi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 95 saylı 2000-ci il tarixli əmrinin 42 “c” maddəsinə əsasən hərbi xidmətə yararsız hesab edildiyi, xx.xx.2003-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsində qeydiyyata alındığı və son yaş həddi 50 (əlli) yaşla əlaqədar hərbi vəzifəlilərin qeydiyyatından silindiyi qeyd edilmişdir.

28. Məhkəmənin sorğusuna Kəlbəcər Hərbi Prokurluğu tərəfindən verilmiş cavab məktubuna əsasən, Kəlbəcər Hərbi Prokurorluğunda xx.xx.1974-ci il təvəllüdlü İddiaçı barəsində hərbi xidmət keçməkdən boyun qaçırma faktı üzrə cinayət işi istintaq olunmadığı, barəsində hərbi cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmədiyi və amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmədiyi bildirilmişdir.

29. Habelə, iş üzrə inzibati icraat materiallarında olan və iddiaçıya məxsus xx.xx.2003-cü il tarixli, AO ******* nömrəli hərbi biletin 16-cı səhifəsində onun Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2000-ci il tarixli, 95 nömrəli əmri ilə dinc dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olduğu, həmçinin 24-cü səhifəsində Kəlbəcər rayon Hərbi Komissarlığına xx.xx.2003-cü il tarixdə uçota alındığı müəyyən edilir.

30. Beləliklə, cavabdeh orqanın imtinasının əsas istinad etdiyi hərbi xidmətlə bağlı mübahisəli hal öz təsdiqini tapmamışdır. Bir sözlə, iddiaçının səfərbərlikdən boyun qaçırması və fərariliyə görə barəsində amnistiya aktı tətbiq edilməsi öz təsdiqini tapmır.

31. Qanunvericiliyin tələbinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur və onlar diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul edə bilməz. Həmçinin, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur və o, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

32. Göründüyü kimi, cavabdeh inzibati orqan kifayət qədər araşdırma aparmadan iddiaçının müraciətinə imtina cavabı vermiş və bu, iddiaçının qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının pozulmasına və onların lazımi qaydada istifadə edilməsinə əngəl yaratmışdır.

33. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası qanunsuz olmuş və bu səbəbdən də iddia tələbi təmin edilməli, İddiaçı məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin üzərinə qoyulmalıdır.

34. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 52.Məhkəmə baxışının hədləri Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 58.Sübutların araşdırılması qaydası 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7.Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68. Məhkəmə qərarının əsası 68.1.Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 70. Mübahisələndirmə haqqında iddiaya dair məhkəmə qərarı 70.3. İnzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Maddə 78.Məhkəmə qərarının qanuni qüvvəyə minməsinin hüquqi nəticələri Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1.Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Nəticəvi hissə:

35. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68, 70, 78 və 85-ci maddələrini rəhbər tutaraq Qərara aldı:

İddia təmin edilsin. İddiaçı məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan onun surəti tam formada rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (Ünvan: Gəncə şəhəri, Heydər Əliyev prospekti, 105) vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nurəli Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar