Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-488/2022 26.05.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ona əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 16.12.2021-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək ona əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1963-cü ildə anadan olmuşdur. 1985ci ildən əmək fəaliyyətinə başlamışdır. 17 avqust 1992-ci il tarixdən 22 dekabr 2006-cı il tarixədək rəngləyici kimi Kirovabad Cihazqayırma zavodunda işləmişdir. Bu peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə pensiya təminatı hüququ verən işlərin siyahısına daxildir. 2006-cı ildən əlillik dərəcəsini almış və buna görə də pensiya almağa başlamışdır. 52 yaşı olanda əmək pensiyasına çıxmaq hüququ yaranmış və o, əlillik pensiyasının əmək pensiyasına dəyişdirilməsi barədə ərizə vermişdir. Elə hesab etmişdir ki, əlillik pensiyası əmək pensiyasına keçirilmişdir. 2021-ci ildə aprel ayında əmək pensiyasının artıbartmadığını öyrənmək üçün DSMF-nə müraciət etdikdə bildirilmişdir ki, ona əmək pensiyası verilmir. Bununla əlaqədar cavabdeh orqana müraciət edərək ona əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Lakin cavab olaraq bildirilmişdir ki, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Lakin o işlədiyi müddətdə pensiya kapitalı yığılması zərurəti yox idi. Hesab edir ki, cavabdehin hərəkəti qanunsuz hesab edilməli, ona əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. İş üzrə şifahi məhkəmə baxışı iclası 26 may 2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, İddiaçı inzibati orqana təqdim etdiyi müraciət ərizəsində ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin inzibati orqan tərəfindən verilmiş imtinada müəssisə tərəfindən iddiaçıya verilmiş arayışda iddiaçının rəngsaz vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğu zaman tətbiq etdiyi maddələrin təhlükəlilik sinifi və həmin sinifin hansı sənədlərə əsasən müəyyən edildiyi qeyd olunmadığı üçün güzəştli staj kimi nəzərə alnmadığı qeyd edilmişdir. Əlavə olaraq imtinada qeyd olunmuş məlumatlar müvafiq arayışda əks olunduğu təqdirdə mərkəzi filiala təqdim edildikdən sonra iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı məsələsinə baxılacağı bildirilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı’nın ümumi peşələr (35) bölməsində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar vəzifəsi nəzərdə tutulmuşdur. Yəni, rəngsaz vəzifəsi o halda güzəştli staj hesab olunur ki, müvafiq vəzifəni icra edərkən tətbiq olunan zərərli maddələr qərarda göstərilmiş sinifdən aşağı olmasın. Belə ki, “X4” ASC tərəfindən iddiaçıya verilmiş 10 iyun 2016-cı il tarixli, 6/6 nömrəli arayışda İddiaçı 17.08.1992- 22.12.2006-cı il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə rəngsaz vəzifəsində işlədiyi qeyd edilsə də, müəssisənin arayışında iddiaçının rəngsaz vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğu zaman tətbiq etdiyi maddələrin təhlükəlilik sinifi və həmin sinifin hansı sənədlərə əsasən müəyyən edildiyi qeyd olunmamışdır. İddiaçı 17.08.1992-ci ildən 22.12.2006-cı ilədək əmək fəaliyyəti güzəştli staja aid edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmadığı üçün həmin illər güzəştli staj kimi nəzərə alınmamışdır. Vətəndaşın stajı Qanunun 9.1-ci maddəsinin tələbini qarşılamadığı üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bu səbəbdən də, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə mərkəzi filialının 11.01.2022-ci il tarixli, **********1 nömrəli imtina məktubu əsaslıdır. Məhkəmə araşdırmasının predmetini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 24.06.2021-ci il tarixli, **********4 nömrəli, 17.09.2021-ci il tarixli, **********7 nömrəli, 26.11.2021-ci il tarixli, **********0 nömrəli, 11.01.2022-ci il tarixli, **********1 nömrəli, 18.01.2022-ci il tarixli, **********7 nömrəli və 11.04.2022-ci il tarixli, **********2 nömrəli məktubları, “X4” ASC-nin 04.07.2016-cı il tarixli, 7/3 nömrəli, 10.06.2016-cı il tarixli, 6/4 nömrəli, 10.06.2016-cı il tarixli, 6/6 nömrəli, 10.06.2016-cı il tarixli, 6/5 nömrəli arayışlarının surətləri, iddiaçıya məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin və 17.06.1985-ci il tarixli, İT-İ ******* nömrəli əmək kitabçasının surətləri, iddiaçının pensiya işinin təsdiqlənmiş surəti təşkil etmişdir. Məhkəmə qeyd edilən sənədlərin məzmununa istinad etmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati orqan tərəfindən verilmiş imtinada müəssisə tərəfindən iddiaçıya verilmiş arayışda iddiaçının rəngsaz vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğu zaman tətbiq etdiyi maddələrin təhlükəlilik sinifi və həmin sinifin hansı sənədlərə əsasən müəyyən edildiyi qeyd olunmadığı üçün güzəştli staj kimi nəzərə alnmadığı qeyd edilmişdir. Göründüyü kimi inzibati orqan tərəfindən iddiaçının 17 avqust 1992-ci il tarixdən 22 dekabr 2006-cı il tarixədək Kirovabad Cihazqayırma zavodunda işləməsi mübahisələndirilməmiş və sonuncu imtina əsası kimi iddiaçının rəngsaz vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğu zaman tətbiq etdiyi maddələrin təhlükəlilik sinifinin və həmin sinifin hansı sənədlərə əsasən müəyyən edildiyinin qeyd olunmadığını göstərmişdir. Məhkəmə hesab edir ki, iddiaçının 17 avqust 1992-ci il tarixdən 22 dekabr 2006-cı il tarixədək Kirovabad Cihazqayırma zavodunda işləməsi faktı inzibati orqan tərəfindən mübahisələndirilmədiyindən və təqdim edilmiş sənədlərlə təsdiq edildiyindən hazırkı iş üzrə pensiya hüququnun həyata keçirilməsi ilə bağlı iddiaçının rəngsaz vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğu zaman tətbiq etdiyi maddələrin təhlükəlilik sinifinin və həmin sinifin hansı sənədlərə əsasən müəyyən edildiyinin qeyd olunmamasının imtina üçün əsas olub-olmaması araşdırılmalıdır. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, 4 işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). Bu hüquq Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq hər bir insanın, cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ var. Eyni zamanda, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada və beynəlxalq-hüquqi aktlarda əksini tapan sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. “Vətəndaşların pensiya təminatı haqqında” 23 sentyabr 1992-ci il tarixli Azərbaycan Respublikası Qanunun; 67-ci maddəsinin birinci hissəsinin müddəalarından görünür ki, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti, xarakterindən və müddətindən asılı olmayaraq, ümumi iş stajına daxil edilir. 69-cu maddəsinə əsasən, iş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. 01 yanvar 2006-cı ildən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan ncftçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə qadınlar kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli, 321-İQD nömrəli qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddinin 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması qərara alınmışdır. Məhkəmə qeyd edir ki, qanunun da mənasından göründüyü kimi iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün iki əsas şərt ödənilməlidir: 1) iddiaçının işlədiyi iş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 nömrəli Siyahısında göstərilən işlərə aid olmalı, 2) iddiaçının azı 20 il iş stajı olmalı, bu müddətin azı 10 ilini 1 nömrəli siyahıda göstərilən işlərdə çalışmalıdır. Məhkəmə hesab edir ki, şəxsin hansı vaxtdan pensiya hüququnun təmin edilməsi üçün müraciət edildiyindən asılı olmamalı, yəni onun müraciət etdiyi vaxt deyil, məhz hüququnun yarandığı tarix ona pensiyanın təyin edilməsi üçün nəzərə alınmalıdır. Belə ki, şəxsin pensiya hüququnun yarandığı vaxt qüvvədə olmuş qanunvericiliyin tələbləri tətbiq edilməlidir. Yəni əgər iddiaçı pensiya hüququnun yarandığı 31 dekabr 2015ci il tarixdə pensiyanın təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etsəydi, həmin orqan həmin anda pensiya təminatı ilə bağlı qanunvericiliyin müddəalarını tətbiq etməli və onlara uyğun olaraq iddiaçının pensiyasını hesablamalı idi. Həmin müddətdən sonra qanunvericilikdə hər hansı bir dəyişikliyin baş verməsi iddiaçıya pensiyanın təyin edilməsi qaydasında dəyişikliyə səbəb ola bilməz, çünki yuxarıda istinad edilmiş maddədən də göründüyü kimi, pensiya hüququnun yarandığı tarixdən müraciət edilməsi iddiaçının pensiya təminatını hər hansı bir qaydada çətinləşdirə, əlverişsiz vəziyyətə qoya bilməzdi. Əks yanaşma həm konstitusion normalarda, həm inzibati qanunvericilikdə təsbit olunmuş bərabərlik prinsipininin pozulması kimi də qiymətləndirilə bilər, çünki eyni faktiki və hüquqi əsaslara söykənməkə pensiya ilə təmin olunmuş və vaxtında müraciət etmiş şəxslərlə müqayisədə daha sonra müraciət etmiş şəxslərə münasibətdə fərqli qaydaların tətbiq edilməsi ilə nəticələnə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 12.1. və 12.2 maddələrində qeyd edilir ki, hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Sadalanmış maddələrin mənası onunla bağlıdır ki, 52 yaşına çatmış qadınlar azı 20 il ümumi iş stajına malik olduqda, onun isə 10 ilini əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmışlarsa, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu əldə edirlər. Belə peşələrin siyahısı ilə müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 06 mart 2006-cı il tarixli Fərmanının 2.2-ci bəndinə əsasən, həmin Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikası Nazirlər Kabineti həyata keçirir. Məhkəmə qeyd edir ki, Nazirlər Kabinetinin təsdiqlədiyi siyahıda qeyd edilən işlərdə işləyən şəxslər həm ümumi iş stajını, onun daxilində xüsusi stajda işləyən dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən toplamışdırlarsa, pensiya hüququnun əldə edilməsi üçün yaş həddi ilə bağlı şərt də qanunvericiliyin müədəalarına əsasən müəyyən edilməlidir. Bu əsasla pensiya hüququnu əldə etmiş şəxslər həmin hüququn yarandığı vaxtdan istənilən anda pensiyanın təyin edilməsi üçün müraciət edə bilərlər. “X4” Açıq Səhmdar Cəmiyyətinin 10 iyun 2016-cı il tarixli, 6/6 nömrəli arayışında iddiaçının 17.08.1992-ci il tarixdən 22.12.2006-cı il tarixədək keçmiş Kirovabad Cihazqayırma zavodunda 2-ci dərəcəli rəngsaz (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin» Siyahısı, bölmə 35, səhifə 166, ümumi peşələr, təhlükəliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar) işləməsi öz təsdiqini tapmışdır. “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısının “XXXİİİ. Ümumi peşələr” bölməsində 23200000—13450 nömrəli kodda təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar qeyd olunmuşdur. Beləliklə, iddiaçının işlədiyi iş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin»1 nömrəli Siyahısında göstərilən işlərə aid olmuş, iddiaçının 20 ildən çox (25 il 7 ay 28 gün) ümumi iş stajı olmuşdur ki, həmin dövrün 10 ilini (11 il 10 ay 14 gün) müddətində işlədiyi iş 1 nömrəli Siyahıda göstərilən işlərə aid olmuşdur. Məhkəmə “Əmək pensiyaları haqqında” Qanunda əmək pensiyası hüququ olan şəxslərin əmək pensiyası hüququnun yarandığı gündən heç bir məhdudiyyət olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət etmək hüququ verildiyindən hesab edir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş bütün tələbləri ödədiyi tarixdən, yəni iddiaçının 52 yaşından (31 dekabr 2015-ci il tarixdən) əmək pensiyası hüququ yarandığından ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən inzibati orqanın imtinası əsaslı olmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının pensiya hüququ 2017-ci il iyulun 1-dək yarandığından, bu zaman fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı tələb olunmadığından iddiaçının zəruri pensiya kapitalına malik olmadığına görə pensiya hüququnun yaranmadığı barədə cavabdeh inzibati orqanın gəldiyi nəticə əsaslı sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin; 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. maddəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı pensiya hüququ yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati-İqtisadi Məhkəməsi (Gəncə şəhəri, Heydər Əliyev prospekti 105) vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-488/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-488/2022
26.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver