Məhkəmə qərarları › İş №2-1(114)-489/2023

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-489/2023

25.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-489/2023 25.01.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin ödənilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 5 saylı regional ərazi filialına) qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının xx.xx.2006-cı il tarixli, 54-İİİQ №-li Qanunun xx.xx.2009-cu ilədək qüvvədə olan 8.1-ci maddəsinə əsasən dörd uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etdiyindən və azı 5 (beş) il sığorta stajına malik olduğundan 50 yaşının tamam olduğu xx.xx.2007-ci ildən ona yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və təyin edilmiş pensiyanın 01 iyun 2007-ci ildən başlayaraq indiyədək ödənilməli olan ümumi fərq məbləğinin ona birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 1957-ci ildə anadan olmuş, əmək fəaliyyətinə 1975-ci ildən başlamışdır. Ümumi iş stajına əsasən ona xx.xx.2017-ci il tarixdə 60 yaşında ümumi əsaslarla əmək pensiyası təyin edilmişdir və hal -hazırda da 268.62 manat pensiya alır. Lakin hesab edir ki, ona xx.xx.2017-ci ildə deyil, 4(dörd) uşaq doğub 8 (səkkiz) yaşınadək tərbiyə elədiyinə görə ondan 10 il əvvəl, yəni xx.xx.2007-ci ildə pensiya təyin edilməli idi. Lakin həmin vaxt savadsız olduğundan vaxtında pensiyaya çıxa bilməmişdir. İddiaçı pozulmuş pensiya hüquqlarının bərpa edilməsi məqsədilə, yəni dörd uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etdiyindən və azı 5 (beş) il sığorta stajına malik olduğundan 50 yaşının xx.xx.2007-ci ildə tamam olduğunu nəzərə alıb ona hüququnun yarandığı xx.xx.2007-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2007-ci ildən hazırki tarixədək yaranmış pensiya fərqinin ödənilməsi məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 5 saylı regional ərazi filialının üçüncü şəxs qismində icraatda iştirakına xitam verilmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçıya xx.xx.2017-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Hazırki tələblə bağlı isə filiala xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Ona görə də hazırki iddianın hüquqi nəticəsi yoxdur. Belə ki, iddiaçıya 2007-ci ildə pensiya təyin edilsə belə, ona xx.xx.2022-ci il tarixdən 3 il geriyə pensiya ödənilə bilər, həmin dövr üzrə isə iddiaçıya pensiya ödənilmişdir. Çünki həmin dövrdə iddiaçı pensiyaçı olmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə AR İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işin faktiki halları ilə müəyyən olunur ki, iddiaçıya xx.xx.2017-ci il tarixdə ümumi əsaslarla yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının xx.xx.2006-cı il tarixli, 54-İİİQ №-li Qanunun xx.xx.2009-cu ilədək qüvvədə olan 8.1-ci maddəsinə istinad edərək, dörd uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etdiyindən və azı 5 (beş) il sığorta stajına malik olduğundan 50 yaşının tamam olduğu xx.xx.2007-ci ildən ona yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və təyin edilmiş pensiyanın 01 iyun 2007-ci ildən başlayaraq indiyədək ödənilməli olan ümumi fərq məbləğinin ona birdəfəyə ödənilməsini tələb etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, iddiaçının dörd uşağı səkkiz yaşınadək tərbiyə etməsi, eləcə də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının xx.xx.2006-cı il tarixli, 54-İİİQ №-li Qanunun xx.xx.2009-cu ilədək qüvvədə olan 8.1-ci maddəsinə əsasən 5 (beş) il sığorta stajına malik olduğundan 50 yaşının tamam olduğu xx.xx.2007-ci ildən ona yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməli olması işin mübahisəsiz halıdır. Lakin buna baxmayaraq keçmiş müddət üçün alınmamış əmək pensiyası ilə bağlı qüvvədə olan qanunvericilik iddiaçının hazırki tələbinin təmin olunmasını istisna edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. 32.1-1-ci maddəsinə əsasən Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. -37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Göründüyü kimi mövcud qanunvericiliyə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilə bilər. İddiaçının cavabdeh orqana xx.xx.2022-ci il tarixdə müraciət etməsi nəzərə alındıqda iddiaçıya ən çoxu xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək pensiya ödənilməsi nəzərdən keçirilə bilərdi. Lakin işin hallarından göründüyü kimi iddiaçıya 01 iyun 2017-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş və əvvəlki 3 il üçün qeyd olunan müddətdə (xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək) o artıq pensiya almışdır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, inzibati orqanın imtinası nəticəsində iddiaçının hüquqlarının pozulması halı baş verməmişdir. Məhkəmə onu da qeyd edir ki, hər bir iddia tələbininin arzu olunan nəticəsi olmalıdır. İddia təmin olunacağı halda belə həmin nəticə yaranmırsa, yəni iddiaçı istəyinə çata bilmirsə, belə mübahisəyə mahiyyəti üzrə baxılmasının mənası və əhəmiyyəti yoxdur. Ona görə hazırki iş üzrə iddia tələbi mümkün sayıla bilməz. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Qəraraaldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin ödənilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar