Məhkəmə qərarları › İş №2-1(114)-489/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-489/2025

29.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-489/2025 29.08.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Nağıyeva Aysu Azər qızının katibliyi, İddiaçı2 qızının iştirakı ilə, İddiaçı1, İddiaçı2, X3, Səfərova (Əliyeva) Sevinc Sətdar qızı və Səfərova (Abbasova) Nərgiz Sətdar qızının cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə (üçüncü şəxs Ağdam rayonu Rzalar bələdiyyəsi) qarşı mülkiyyət hüququnun qeydə alınması tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə:

1. Ağdam rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-ci il tarixli, 03 nömrəli qərarı ilə iddiaçıya 0,08 ha həyətyanı torpaq sahəsi verilmiş, bu barədə 7067 nömrə ilə kitabda qeydə alınmış JN-009A nömrəli (60909038 kodlu) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Şəhadətnamənin “Həyətyanı sahənin qaiməsi/sertifikatı/ndan görünür ki, torpağın ümumi sahəsi 800 kv.m-dir (suvarılan sahə 778,3 kv.m bonitet balı 100). Şəhadətnamənin sertifikatı xx.xx.2004-cı il tarixdə DTXK-nin Ağdam rayon şöbəsinin müdiri və Dövlət Yerquruluşu Layihə İnstitutu əməkdaşı tərəfindən imzalanmış və möhürlənmişdir.

2. İddiaçı Ağdam rayonu Rzalar kəndində yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı cavabdehə ərizə ilə müraciətinə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-46/2- 2922/2023 nömrəli imtina məktubundan görünür ki, Fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işləri aparılmış, fərdi yaşayış evinin inşa edildiyi torpaq sahəsinin elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmış və təqdim edilmiş sənədlər qanunvericiliyin tələblərinə uyğun ekspertiza edilən zaman məlum olmuşdur ki, naturada istifadə edilən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə X1 X2 göstərilən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları arasında uyğunsuzluq vardır. Belə ki, sənədləşdirmək istədikləri torpaq sahəsinin döngə nöqtələrinin koordinatları başqa mülkiyyətçinin mülkiyyətində olan pay torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının üzərinə düşür ki, bu da sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə ziddiyyət təşkil edir. Bu səbəbdən də ərizənin icrası qeyri mümkündür.

3. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların mülkiyyətlərində olan Ağdam rayonu, Rzalar kəndində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Ağdam rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1999-cü il tarixli, 03 saylı qərarı ilə fərdi yaşayış evi üçün 0,08 ha torpaq sahəsi ailə üzvləri lə birlikdə mülkiyyətilərinə verilmişdir. Sözügedən torpaq sahəsində ümumi sahəsi 132 kv.m olmaqla, 5 otaqlı ev tikdirmiş və hazırda da orada yaşayırlar. Uzun illər maneəsiz və müdaxiləsiz olaraq həmin torpaq sahəsindən istifadə edərək, öz vəsaitiləri hesabına tikdirdirdikləri evdə yaşayılar. Bu günlərdə ev üzərində mülkiyyət hüququnu qeydə aldırmaq üçün cavabdeh müraciətinə sonuncu tərəfindən imtina cavabı verilmişdir.

5. Cavabdeh iddiaya dair etirazını təqdim etmişdir. Etirazda imtina əsasları təkrarlanmışdır. xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində məhkəmənin sualları aşağdakı şəkildə cavablandırılmışdır.

1. TEKUİS- ə əsasən iddiaçıların iddia etdiyi və naturada göstərdikləri torpaq sahəsinin koordinatlarının hüdudları daxilindəki torpaq sahəsinin mülkiyyət forması xüsusi, kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlara aiddir. T. Məmmədov adına təsərrüfatın Rzalar kəndi ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsində yaşayış məntəqələri torpaqlarıdır.

2. TEKUİS- ə əsasən iddiaçıların iddia etdiyi və naturada göstərdikləri torpaq sahəsini “Torpağa mülkiyyət hüququna dair” JN- 129A nömrəli dövlət aktı ilə iddiaçıların xüsusi mülkiyyətlərinə verilmiş kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsidir. T. Məmmədov adına təsərrüfatın Rzalar kəndi ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən isə "Torpağın mülkiyyətə verilməsinə dair” JN-9A saylı şəhadətnamə ilə iddiaçıların mülkiyyətinə verilmişdir.

3. Torpaq sahəsinin qaz kəmərinin mühafizə zolağına, elektrik xəttinin qoruma zolağına, çayların, göllərin və sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin mühafizə zonalarına düşmür.

4. Qeydə alınması nəzərdə tutulan torpaq sahəsin TEKUİS- ə əsasən ‘Torpağa mülkiyyət hüququna dair” JN- 129A nömrəli dövlət aktı ilə iddiaçıların xüsusi mülkiyyətlərinə verilmiş kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi ilə üst-üstə düşür. T. Məmmədov adına təsərrüfatın Rzalar kəndi ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən isə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-9A saylı şəhadətnamə ilə iddiaçıların mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür.

5. Faktiki istifadə edilən torpaq sahəsinin koordinatları və ölçüsü rəyə əlavə edilən sxemdə öz əksini tapmışdır.

6. Rzalar kəndi ərazisində torpaq islahat gedən zaman həmin torpaq sahəsi Rayon və yerli Aqrar İslahat Komissiyası tərəfindən həyətyanı torpaq sahəsi kimi qeydiyyata alınıb.

7. İddiaçılar iddia etdiyi və naturada göstərdikləri torpaq sahəsi “Torpağın mülkiyyətə verilməsinə dair” JN- 9A saylı şəhadətnamə ilə mülkiyyətlərinə verilən 0.08 ha torpaq sahəsi eyni məkana düşür və uyğunluq təşkil edir.

8. İddiaçıların iddia etdikləri və naturada təqdim etdikləri torpaq sahəsində 148 kv.m ölçüdə fərdi yaşayış evi mövcuddur, istismara yararlı olub-olmaması barədə sualın cavablandırılması mümkün olmamışdır.

9. Torpaq sahəsinə dair rəy, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanına əsasən, elektron məlumat bazasında mövcud, X1ı uçotu (TEKUİS) informasiya sisteminə və Ağdam rayonu Qaradağlı kəndi T.Məmmədov təsərrüfatının ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən hazırlanmışdır. İddiaçı2 məhkəmə iclasına gəlmiş, cavabdeh və üçüncü şəxs nümayəndəsinin iştirakını təmin etməmiş,səbəbləri barədə məlumat təqdim etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.

Əsaslandırıcı hissə:

İddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İş materialları ilə müəyyən olunur ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-009A 60909038 kodlu şəhadətnaməyə əsasən Ağdam rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-ci il tarixli, 03 nömrəli qərarı ilə iddiaçıya həyətyanı məqsədilə 0,08 ha torpaq sahəsi ayrılmışdır. İddiaçı sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması məqsədilə cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Cavabdehin imtinasının əsası kimi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları başqa mülkiyyətçinin mülkiyyətində olan pay torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının üzərinə düşməsini bildirilmişdir. Şəhadətnamə verilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş: "Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında" Əsasnamənin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Torpağa mülkiyyət ilə istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında" Əsasnamənin 3-cü maddəsində göstərilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin altında olan torpaqlara görə onlara “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilir. Həmin Əsasnamənin 5ci maddəsində göstərilir ki, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ailə tərkibi üzrə hər bir şəxsin adı və soyadı göstərilməklə ailə başçısının adına verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1 və 8.0.5-ci normaların mənasına və təfsirinə görə "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" daşınmaz əmlaka hüququn qeydiyyata alınması barədə çıxarışla eyni hüquqi qüvvəyə malikdir. Bu baxımdan iddiaçının hüquqi marağı əslində və mahiyyət etibarı ilə hüquqi qüvvəsini saxlayan şəhadətnamənin yeni nümunəli çıxarışla əvəz olunmasını ehtiva edir. Başqa sözlə, iddiaçı hüququnun yenidən qeydiyyata alınmasını deyil, şəhadətnamə ilə artıq qeydiyyata alınmış hüququna dair yeni nümunəli çıxarışın verilməsini tələb edir. Yuxarıda qeyd Qanunun 8.0.5-ci maddəsinə görə, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmçinin 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən şəhadətnamələr daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün həmin normada əsas qismində təsbit edilmişdir. O da qeyd olunmalıdır ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" daşınmaz əmlaka hüququn qeydiyyata alınması barədə çıxarışla eyni hüquqi qüvvəyə malikdir. Bu baxımdan iddiaçının hüquqi marağı əslində və mahiyyət etibarı ilə hüquqi qüvvəsini saxlayan şəhadətnamənin yeni nümunəli çıxarışla əvəz olunmasını ehtiva edir. Başqa sözlə, iddiaçı hüququnun yenidən qeydiyyata alınmasını deyil, şəhadətnamə ilə artıq qeydiyyata alınmış hüququna dair yeni nümunəli çıxarışın verilməsini tələb edir. Digər tərəfdən, torpaq sahəsi üzərində iddiaçının hüququnu təsdiq edən həmin şəhadətnamə həm də hüquqmüəyyənedici sənəd qismində qəbul olunmalı və qiymətləndirilməlidir. Bununla bağlı nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında tanınmalı və qeydiyyata alınmalıdır. Qeyd olunmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə iddiaçıya aid “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin hər hansı orqan tərəfindən qanunla müəyyən edilmiş qaydada mübahisələndirilməsi, etibarsız hesab edilməsi, ləğv olunması və ya hər hansı səbəbdən qüvvədən düşməsi iş üzrə materiallarla təsdiq olunmur. Yəni torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə öz hüquqi qüvvəsini saxlayır və etibarlıdır. (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-21/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-71/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-1862/2023, xx.xx.2024- cü il tarixli 2-1(102)-3/2024 nömrəli qərarları). Hazırkı işin halları üzrə Ağdam rayon Rzalar kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsi iddiaçılara məxsusdur, həmin torpaq sahəsində iddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evi mövcuddur, bununla bağlı Ağdam rayon Aqrar İslahat Komissiyasının qərarı əsasında tərtib edilmiş şəhadətnamə hazırlanmışdır. Həmin sənədlər torpağın mülkiyyətə verilməsinə dair ilkin hüquqmüəyyənedici sənədlər hesab olunur. Qeyd olunan sənədlər səlahiyyətli dövlət orqanı tərəfindən verilmiş və halhazıradək qüvvədədir. Həmin sənədlərin ləğv edilməsi və ya dəyişdirilməsi barədə, yəni onun qüvvədə olmasını şübhə altına alan hər hansı sübut yoxdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun tələbinə əsasən isə həmin şəhadətnamə iddiaçının mübahisəli torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsasdır. Belə olan halda iddiaçılar hazırkı tələbində haqlı olmuşdur. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.

Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia təmin edilsin. İddiaçı1, İddiaçı2, X3, Səfərova (Əliyeva) Sevinc Sətdar qızı və Səfərova (Abbasova) Nərgiz Sətdar qızının Ağdam rayonu, Rzalar kəndində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar