Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-49/2024 16.05.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, iddiaçı və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “Göygöl şəhəri, Koroğlu küçəsi 01a ünvanında yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi üzərində hüquqların qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1962-ci il tarixdə Ermənistan, Krasnoselo rayonu, Yanıqpəyə kəndində anadan olmuş, hazırda Göygöl şəhəri, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayır. Xanlar rayon X3 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 20 saylı protokolqərarına əsasən Ermənistan SSR-dən gəlmiş azərbaycanlı, Özbəkistan SSR-dən gəlmiş mexseti türk ailələrinə fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m həyətyanı torpaq sahəsi ayrılmışdır. Göygöl rayonu Göygöl bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 90 nömrəli arayışına əsasən ünvan 2 ünvandakı 0,06 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Həmin ünvanda yerləşən fərdi evin çəpərlənmiş sahəsindən Gəncə RQİİ-ə məxsus 219 mm-lik yerüstü qaz xətti 1 metr aralıdan keçir. Gəncə RQİİ-nin balansında olan qaz xətlərinin qoruq zonasına düşmür. Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli, 01 saylı qərarına əsasən iddiaçıya 0,06 ha həyətyanı torpaq sahəsi verilmiş, bu barədə xx.xx.2006-cı il tarixdə JN-1438B nömrəli, 50801004 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Şəhadətnaməyə əlavə edilmiş həyətyanı sahənin qaiməsi/sertifatı/dan görünür ki, torpaq sahəsinin ümumi sahəsi 602,7 kv.m-dir. Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli, 01 saylı qərarına əsasən iddiaçıya 0,05 ha həyətyanı torpaq sahəsi verilmiş, bu barədə xx.xx.2006-cı il tarixdə JN-1438A nömrəli, 50801004 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Şəhadətnaməyə əlavə edilmiş həyətyanı sahənin qaiməsi/sertifatı/dan görünür ki, torpaq sahəsinin ümumi sahəsi 547,9 kv.m olmaqla, tikintialı 96 kv.m, suvarılan sahə 451,9 kv.m-dir. İddiaçı Göygöl şəhərində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra mətndə - cavabdeh) müraciət etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********95 nömrəli bildirişində bildirmişdir ki, aparılan araşdırma zamanı ərizəyə əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 346 saylı Göygöl rayon Dövlət Arxivi tərəfindən verilmiş arxiv arayışında qeyd edilən 0,06 ha torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınaraq “Torpağın mülkiyyətə verilməsinə dair” JN 1438A saylı şəhadətnamə verildiyi üçün həmin arxiv arayışı əsasında yenidən qeydiyyat aparılması mümkün olmamışdır. Həmçinin, ərizəyə əlavə edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN 1438A saylı şəhadətnamənin Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarında öz əksini tapmadığı müəyyən edilmişdir. İddiaçı cavabdehə qarşı Göygöl şəhəri, Koroğlu küçəsi 01a ünvanında yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi üzərində hüquqların qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli, 01 saylı qərarı ilə Göygöl şəhəri, Koroğlu küçəsində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi iddiaçının mülkiyyətinə verilib və həmin torpaq sahəsinə dair JN-1438B, kod 50801004 saylı mülkiyyət hüququna dair şəhadətnamə verilmişdir. İddiaçı qeyd edilən torpaq sahəsində hələ islahat dövründən əvvəl yaşayış evi tikərək yaşayır. Ona görə də Aqrar islahat zamanı torpaq sahəsinə şəhadətnamə verilmişdir. İddiaçı hazırkı tələblə əvvəl cavabdehə müraciət etmiş, ancaq imtina cavabı almışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçı və vəkili izahatında bildirmişdir ki, həmin dövrdə iddiaçının özünün yaşadığı və məhsəti türklərə görə verilən torpaq sahəsi olmuşdur. Cavabdeh iddiaya dair xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-382/2023 nömrəli etirazını təqdim etmiş və bildirmişdir ki, Göygöl rayonu ərazisində iddiaçının adına 0.05 ha torpaq sahəsinə dair torpağın mülkiyyətə verilməsinə dair" JN-1438A saylı (KOD ********) və Göygöl rayonu ərazisində iddiaçının adına 0.06 ha torpaq sahəsinə mülkiyətə verilməsinə dair" JN-1438B saylı (KOD ********) şəhadətnamələr vardır. Lakin, JN-1438B saylı şəhadətnamənin Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarında öz əksini tapmadığı müəyyən edilmişdir. Cavabdeh “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2, 9, 8.0.5, 11,12, 23-cü maddələrinə istinad edərək iddianın təmin olunmamasını xahiş etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-665/2023 nömrəli məktubunda bildirmişdir ki, elektron bazaya toplanmış məlumatlara əsasən Xanlar rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli, 01 saylı qərarına əsasən, Göygöl (keçmiş Xanlar) şəhərində yerləşən torpaq sahəsinə dair JN- 1438, KOD 50801004 saylı "Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamə iddiaçının adına işlənmişdir. Həmin şəhadətnamənin Ərazi İdarəsinə təhvil verilmiş nüsxəsində və "Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamələrin qeydiyyatı kitabında torpaq sahəsinin ölçüsü 0,05 ha göstərilmişdir. 3 saylı Gəncə Ərazi İdarəsinə xidməti istifadə üçün verilmiş elektron xəritə mətumatlarına istinadən, sözügedən JN-1438A, KOD 50801004 saylı şəhadətnamə elektron baza (DBF) məlumatlarında torpaq sahəsi 0,06 ha kimi göstərilmişdir. Bununla yanaşı "Torpağın mülkiyyətə verilməsinə dair" JN-1438A, KOD 50801004 saylı şəhadətnamənin nüsxəsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi tərəfindən Ərazi İdarəsinə təhvil verilən zaman vətəndaş müraciəti olmadığından Daşınmaz Əmlakın Milli Qeydiyyat Sistemidə **********74 reyestr nömrəsi işlənmişdir. Lakin reallıqda vətəndaşın adına müvafiq çıxarış verilməmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazda qeyd olunanları müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1118/2023 nömrəli qərardadı ilə Göygöl rayonu Göygöl bələdiyyəsi iştirakı zəruri olan üçüncü şəxs qismində işə cəlb edilmişdir. Üçüncü şəxs Göygöl rayonu Göygöl bələdiyyəsi nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaya dair münasibət bildirməmişdir. Üçüncü şəxs Göygöl rayonu Göygöl bələdiyyəsinin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Tədqiqat obyektinə keçirilmiş baxış və aparılmış araşdırma nəticəsində Yerquruluşunun Təşkili şöbəsinin mühəndisi tərəfindən tərtib edilmiş mütəxəssis rəyində qeyd olunur: Əraziyə keçirilən baxışda iddiaçı deyil, sözügedən torpaq sahəsindən faktiki istifadə etdiyini bildirən, X2 iştirak etmişdir. X2 tərəfindən naturada təqdim olunan torpaq sahəsi, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) və AzCad məlumatlarına istinadən, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid (həyətyanı məqsədlər üçün nəzərdə tutlmuş) torpaq sahəsidir. X2 tərəfindən naturada təqdim olunan 0.096 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin altınada olan sahə də, daxil olmaqla 0.06 ha hissəsi, Göygöl Bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmiş koordinatlı planda əks olunan 0.06 ha torpaq sahəsi ilə üstüstə düşür. X2 tərəfindən naturada təqdim olunan 0.096 ha torpaq sahəsi üzərində, başqa şəxsin, şəxslərin və ya orqanların hüquqları, daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən qeydə alınmamışdır. 4. Torpaq sahəsinin hava məkanında elektrik xətti müşahidə olunmadı. X2 tərəfindən naturada təqdim olunan torpaq sahəsinin kənarından keçən qaz xətti və asfalt yolun, eyni zamanda digər abyektlərin mühafizə zonası barədə, istifadəmizdə olan elektron baza materiallarında heç-bir məlumat aşkarlanmadı. İş üzrə keçirilmiş xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/8611 nömrəli ekspert rəyi də mütəxəssis rəyi əsasında tərtib edilmişdir. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Şəhadətnamə verilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş: "Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında" Əsasnamənin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Torpağa mülkiyyət ilə istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında" Əsasnamənin 3-cü maddəsində göstərilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin altında olan torpaqlara görə onlara “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilir. Həmin Əsasnamənin 5ci maddəsində göstərilir ki, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ailə tərkibi üzrə hər bir şəxsin adı və soyadı göstərilməklə ailə başçısının adına verilir. Hazırkı işin hallarına görə iddiaçının hüquqi marağı məzmun baxımından aqrar islahat zamanı verilən torpaq sahəsi üzərində mülkiyyət hüququna dair dövlət reyestrindən müvafiq çıxarışın verilməsinə nail olmaqdan ibarətdir. İddiaçının bununla bağlı müraciətinin təmin olunmasından imtina edərkən, cavabdeh onun adına iki şəhadətnamənin mövcud olması, lakin həmin şəhadətnamələrdən birinin elektron baza məlumatlarında öz əksini tapmadığına istinad etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1 və 8.0.5-ci normaların mənasına və təfsirinə görə "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" daşınmaz əmlaka hüququn qeydiyyata alınması barədə çıxarışla eyni hüquqi qüvvəyə malikdir. Bu baxımdan iddiaçının hüquqi marağı əslində və mahiyyət etibarı ilə hüquqi qüvvəsini saxlayan şəhadətnamənin yeni nümunəli çıxarışla əvəz olunmasını ehtiva edir. Başqa sözlə, iddiaçı hüququnun yenidən qeydiyyata alınmasını deyil, şəhadətnamə ilə artıq qeydiyyata alınmış hüququna dair yeni nümunəli çıxarışın verilməsini tələb edir. Yuxarıda qeyd Qanunun 8.0.5-ci maddəsinə görə, 2006-cı il iyulun 6- dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmçinin 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən şəhadətnamələr daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün həmin normada əsas qismində təsbit edilmişdir. Beləliklə, mövcud qanunvericilik daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Hazırkı işin halları üzrə Göygöl şəhərində yerləşən 602,7 kv.m həyətyanı torpaq sahəsi iddiaçıya məxsusdur, bununla bağlı Xanlar rayon Aqrar İslahat Komissiyasının qərarı və həmin Aqrar İslahat Komissiyası tərəfindən təsdiq edilmiş vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl əsasında tərtib edilmiş şəhadətnamə hazırlanmışdır. Həmin sənədlər torpağın mülkiyyətə verilməsinə dair ilkin hüquqmüəyyənedici sənədlər hesab olunur. Qeyd olunan sənədlər səlahiyyətli dövlət orqanı tərəfindən verilmiş və halhazıradək qüvvədədir. Həmin sənədlərin ləğv edilməsi və ya dəyişdirilməsi barədə, yəni onun qüvvədə olmasını şübhə altına alan hər hansı sübut yoxdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun tələbinə əsasən isə həmin şəhadətnamə iddiaçının mübahisəli torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsasdır. Belə olan halda iddiaçı hazırkı tələbində haqlı olmuşdur. Cavabdehin imtina əsasına gəldikdə isə, məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı əsas hesab olunur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 1.4-cü bəndinə əsasən rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlərdəndir. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, iddiaçıya Xanlar rayon X3 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 20 saylı protokol-qərarına və Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli, 01 saylı qərarına əsasən torpaq sahələri verilmişdir. Həmin torpaq sahələri başqa ünvanlarda (ünvan 4r iki torpaq sahəsi iddiaçıya məxsusdur. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməli və məhkəmə tikinti-texniki ekspertizası keçirilməsi nəzərə alınaraq prosessual qanunvericiliyin tələblərinə əsasən 100 (yüz) manat ekspertiza xərci cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. ünvan 5 ünvanda yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-49/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-49/2024
16.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver