Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-4907/2025 14.10.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Fərəcova Tamilla Məhərrəm qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh 1 saylı Gəncə Cavabdehndə Ədliyyə Nazirliyi Qeydiyyat şöbəsinə qarşı “xx.xx.1968-ci il tarixli, 1134 nömrəli nikah haqqında akt qeydində mərhum əri X1 adının “Rustamdan” “Rüstəmə”ə düzəliş edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Ədliyyə Nazirliyi 1 saylı Gəncə Cavabdeh Qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 22 noyabr 1968-ci il tarixdə Kirovabad şəhər VVAQ şöbəsində (indiki Gəncə şəhər Qeydiyyat şöbəsində) 1134 № ilə qeyd edilmiş nikah haqqında akt qeydində mərhum X1 adının “Rustam”dan “Rüstəm”ə düzəliş edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onun mərhum əri X5 24 may 2025-ci ildə vəfat etmişdir. Onunla nikahı 22 noyabr 1968-ci il tarixdə Kirovabad şəhər VVAQ şöbəsində (indiki Gəncə şəhər Qeydiyyat şöbəsində) 1135 № ilə qeyd edilmişdir. İddiaçı hazırda həyat yoldaşının pensiyasını almaq istəyir. Amma nikah haqqında şəhadətnamədə onun adı “Rustam”, ölüm haqqında şəhadətnamədə isə “Rüstəm” yazılmışdır. Sənədlərdə ziddiyyət olduğu üçün o hüquqlarından istifadə edə bilmir. Ərinin təhsil haqqında sənədlərində, (attestat, İİ№527744 saylı diplom), şəxsiyyət vəsiqəsində, övladlarının şəxsiyyət vəsiqələrində onun adı “Rüstəm” yazılmışdır. Uşaqların doğum haqqında şəhadətnamələri onların nikah haqqında şəhadətnamələrinə uyğun olaraq yazıldığından orada ata adı “Rustam” kimi göstərilmişdir. Mərhumun Hərbi bileti sovetin vaxtında rus dilində yazıldığından adı “Rustam” kimi yazılmışdır. İddiaçı nikah haqqında şəhadətnamədə ərinin adının “Rustam”-dan, “Rüstəm”ə düzəliş edilməsi ilə bağlı Gəncə Regional "ASAN Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh orqan ərinin sənədlərində uyğunsuzluq olduğunu və buna düzəliş edilməsinin qeydiyyat şöbəsində mümkün olmadığını nəzərə alaraq məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. İddiaçı cavabdehin imtinasını əsassız hesab edir və onunla razılaşmır. Belə ki imtina məktublunda cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 saylı qərarına istinad edərək göstərmişdir ki, akt qeydindəki səhvlərin düzəldilməsi kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda qeydiyyat şöbələri tərəfindən həyata keçirilir. Aidiyyətı şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. İddiaçı hesab edir ki, həmin imtina onun hüquqlarını məhdudlaşdırır. O, nikah akt qeydində düzəliş edilməsi üçün cavabdehə kifayət qədər sənəd təqdim etmişdir. Bununla əlaqədar heç bir mübahisə də yoxdur. Cavabdeh tərəfindən iddiaya qarşı məhkəməyə etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında iştirak etmiş, lakin cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməmələrinin üzrlü olması və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. İşin halları AZE 01265270 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi X2 məxsusdur. xx.xx.1964-cü il tarixli, НЭ ******* nömrəli hərbi bilet X3 məxsusdur. xx.xx.1966-cı il tarixli, АЭ 113849 nömrəli attestat X3 məxsusdur. xx.xx.1968-ci il tarixli, 1134 nömrəli “evlənmək haqqında akt” qeydindən görünür ki, X6 ilə X4 xx.xx.1968-ci ildə evlənmişlər, ərə “Əliyev”, arvada “Əliyeva” soyadı verilmişdir. xx.xx.1968-cı il tarixli, АЭ 126589 nömrəli “evlənmək haqqında şəhadətnamə”dən görünür ki, X6 ilə X4 xx.xx.1968-ci ildə evlənmişlər, ərə “Əliyev”, arvada “Əliyeva” soyadı verilmişdir. xx.xx.1971-ci il tarixli, Ц 527744 nömrəli diplom X2 məxsusdur. 9130 8 0403 30052025 nömrəli ölüm haqqında akt qeydinə əsasən, X5 xx.xx.2025ci il tarixdə ölmüşdür. xx.xx.2025-ci il tarixli AZ-İİ 497581 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X5 xx.xx.2025-ci il tarixdə ölmüşdür. 1 saylı Gəncə Cavabdehndə Ədliyyə Nazirliyi Qeydiyyat şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, AR Milli arxiv İdarəsinin Goranboy rayon filialından daxil olmuş xx.xx.2025-ci il tarixli 1-48-15-RA-2-117/2025 saylı məktubda ərinin adı ətrafında yoxlanış aparıldığı və doğum haqqında akt qeydinin aşkar olmadığı barədə məlumat əldə edilmişdir. Həmçinin, Goranboy rayon qeydiyyat şöbəsində də vətəndaşlıq vəziyyəti aktlarıının dövlət qeydiyyatı üzrə yoxlama aparılmış və aşkar edilmədiyi barədə məlumat arayış tərtib edilərək elektron formada ünvanına göndərilmişdir. Müəyyən uyğunsuzluqlar övladlarının doğum haqqında akt qeydlərində də öz əksini tapmışdır. Belə ki, doğum haqqında akt qeydləri Gəncə şəhər qeydiyyat şöbəsinin 22.011.1968-ci il tarixli 1135 saylı nikah haqqında akt qeydinə uyğun tərtib edilmişdir. Mərhumun 1 saylı Gəncə regional Asan xidmət mrəkəzində ƏN Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli 403 saylı ölüm haqqında akt qeydində isə adının “Rüstəm” adı kimi qeyd edilməsi, nikah haqqında akt qeydi ilə uyğunsuzluq təşkil etmişdir. - 1 saylı Gəncə regional ASAN xidmət mərkəzində ƏN qeydiyyat şöbəsində kifayət qədər sənəd aşkar edilmədiyindən Gəncə şəhər qeydiyyat şöbəsinin xx.xx.1968-ci il tarixi 1135 saylı nikah haqqında akt qeydində ərizəyə uyğun olaraq ərinin adının “Rüstəm” adına düzəliş edilməsi imkan xaricindədir və adiyyəti üzrə məhkəmə orqanına müraciət edilməsi tövsiyə olunmuşdur. Goranboy Rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Goranboy rayon Qeydiyyat Şöbəsinin rayon Dövlət Arxivində mühafizə olunan Doğum haqqında akt qeydi Qovluqları (Borsunlu kəndi üzrə saxlama vahidi - 7) yoxlanılmış və X1 doğum akt qeydi barədə məlumat aşkar olunmamışdır. Bu səbəbdən də, X1 təvəllüdünü təsdiq edən Arxiv arayışının verilməsi qeyri-mümkündür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən X8 Abbasova (Əliyeva) ilə nikahı və ölümü haqqında akt qeydlərinə dair məlumat aşkar edilmişdir. Həmçinin, informasiya sistemində Rüstəm Əliyevin doğumu haqqında məlumat aşkar edilməmişdir. -Qeyd edilmişdir ki, vətəndaşlıq vəziyyəti akt qeydləri Vətəndaşlıq vəziyyəti aktlarının arxivində 1948-ci ildən saxlanılır. Belə ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabları onların tərtib edildiyi vaxtdan 75 il müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrində və Vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılır. Bu müddət qurtardıqdan sonra qeydiyyat kitabları saxlanılmaq üçün Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə təhvil verilir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 158. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə 159. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə 161. Vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsi 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. Maddə 192. Adın, ata adının və soyadın dəyişdirilməsi ilə əlaqədar olaraq vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında yeni şəhadətnamələrin verilməsi Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydaları
6. Adın, ata adının və soyadın dəyişdirilməsi 6.2. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən həyata keçirilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar” İ. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik qaydası
1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.
2. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır.
3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: vətəndaşlıq vəziyyəti akt qeydlərindəki səhvlər düzəldikdə.
4. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi üçün aşağıdakılar əsas hesab edilir: vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında məhkəmənin qərarı.
Məhkəmənin mövqeyi Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini, iş materiallarını araşdıraraq, iş üzrə tərəfi dinləyərək, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İddiaçı hazırkı iddia tələbi ilə nikah haqqında akt qeydində mərhum ərinin adının “Rustam”dan “Rüstəmə”ə düzəliş edilməsini xahiş edir. İş materialları ilə müəyyən edilir ki, iddiaçının nikah haqqında akt qeydində ərinin adı “Rustam” qeyd olunmuşdur. Lakin iddiaçının ərinə məxsus olmuş bir çox sənədlərdə, attestatında, diplomunda, şəxsiyyət vəsiqəsində, həmçinin ölüm haqqında şəhadətnamədə adı “Rüstəm” yazılmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının mərhum ərinə məxsus olmuş sənədlərdə adının “Rüstəm”, nikah haqqında akt qeydində isə “Rustam” yazılması iddiaçıya hüquqlarının həyata keçirilməsində maneələr yaradır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən həyata keçirilir. Vətəndaşlıq vəziyyəti akt qeydlərindəki səhvlər düzəldikdə vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər edilir. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında məhkəmənin qərarı vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi üçün əsas hesab edilir. Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya məxsus olan xx.xx.1968-ci il tarixli, 1134 nömrəli nikah haqqında akt qeydində mərhum ərinin adının “Rustam”dan “Rüstəmə”ə düzəliş edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 34.1 və 85.1-ci maddələrini rəhbər tutaraq
Qərara aldı İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. xx.xx.1968-ci il tarixli, 1134 nömrəli nikah haqqında akt qeydində kişinin adının “Rustam”dan “Rüstəm”ə düzəliş edilməsi öhdəliyi cavabdeh 1 saylı Gəncə Regional Cavabdehndə Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ruhiyə Tağıyeva