Məhkəmə qərarları › İş №2-1(114)-491/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-491/2024

20.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-491/2024 20.05.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayənəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1978-ci il tarixdən xx.xx.1984-cü il tarixə kimi Şəmkir rayonunda yerləşən “N.Nərimanov” adına kolxozda çilingər, xx.xx.1985-ci ildən xx.xx.1985-ci ilə kimi X1 Birliyində sürücü, xx.xx.1985-ci ildən xx.xx.1994-cü ilə kimi X1 Birliyində çilingər, xx.xx.1994-cü ildən xx.xx.2004-cü ilə kimi X2 Birliyində çilingər, xx.xx.2004-cü ildən xx.xx.2007-ci ilə kimi “Şəmkir Avtoservis” ATSC-də çilingər işlədiyi illərin ümumi sosial sığorta stajına daxil edilərək ona yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.1994-cü ildən xx.xx.2004-cü ilə kimi X2 Birliyində çilingər, xx.xx.2004-cü ildən xx.xx.2006-cı ilə kimi “Şəmkir Avtoservis” ATSC-də çilingər işlədiyi illərin ümumi sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, həmin ərizə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-491/2024 nömrəli qərardadı ilə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1958-ci ildə Şəmkir rayonunda anadan olmuş, xx.xx.1976-cı ildən xx.xx.1978-ci ilə kimi hərbi xidmətdə olmuşdur. xx.xx.1978-ci il tarixdən xx.xx.1984-cü il tarixə kimi Şəmkir rayonunda yerləşmiş “N.Nərimanov” adına kolxozda çilingər işləmiş, xx.xx.1985-ci ildən xx.xx.1985-ci ilə kimi X1 Birliyində sürücü, xx.xx.1985-ci ildən xx.xx.1994-cü ilə kimi X1 Birliyində çilingər, xx.xx.1994-cü ildən xx.xx.2004-cü ilə kimi X2 Birliyində çilingər işləmişdir. xx.xx.2004-cü il tarixli, 32 nömrəli əmrlə işdən azad edilmişdir. xx.xx.2004-cü il tarixli, 40 nömrəli əmrlə “Şəmkir Avtoservis” ATSC-də 4-cü dərəcəli çilingər işinə qəbul edilmiş, xx.xx.2007-ci il tarixli, 1 nömrəli əmrlə işdən azad edilmişdir. İşlədiyi bu yerlər haqqında əmək kitabçasında müvafiq qeydlər aparılmış, həmçinin işlədiyi yerlər barədə X6 Rayon Filialından arxiv arayışları verilmişdir. Əmək kitabçasında işə daxil olmağı və işdən azad edilməyi, həmçinin başqa vəzifələrə keçirilməyi barədə qeydlər aparılmışdır. Göstərilənləri nəzərə alaraq cavabdeh orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ona yaşa görə əmək pensiyası təyin olunması üçün rəsmi şəkildə müraciət etmiş, lakin cavabdeh 03 mart 2023-cü il tarixli məktubu ilə müraciətin təmin olunmasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış bensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilmişdir. Sığorta stajının 21 il 1 ay 22 gün olmaqla tələb olunan müddətdən (25 ildən) az olduğu, əmək kitabçasında qeyd edilmiş xx.xx.1978-ci il tarixindən xx.xx.1984-cü il tarixinədək olan dövrün doldurulma qaydasının pozulduğu üçün (Nərimanov kolxozunda işlədiyi dövr Sovxoz möhürü ilə təsdiq olunub) həmin dövrün sığorta stajına daxil edilməsinin qanunvericilikdə nəzərdə tutulmadığı, bundan başqa Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün xx.xx.2004-cü il tarixindən xx.xx.2007-ci il tarixinədək Şəmkir Avtoservis ATSC-də olan dövrün sığorta stayına daxıl edilməsinin qanunvericilikdə nəzərdə tutulmadığı qeyd edilməklə imtina edilmişdir. Cavabdehin sözügedən imtinası qanuni və əsaslı olmamışdır. Halbuki onun əmək kitabçasında və arxiv arayışında işlədiyi yerlərin hamısı qeyd olunmuş və təsdiqlənmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası 20 may 2024-cü il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X5 iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2023-cü il tarixli, 3-17-1/2-209111/2023 nömrəli etirazda qeyd olunmuşdur ki, iddiaçı ona yaşa görə görə əmək pensiyasının təyin edilməsi üçün Mərkəzi Filiala müraciət etmişdir. Mərkəzi Filial tərəfindən inzibati icraatın nəticəsi olaraq iddiaçıya xx.xx.2023-cü il tarixli 3-17-1/2-G-156883/2023 nömrəli məktub ünvanlamışdır. Sözügedən məktub ilə iddiaçıya 15 il 4 ay 25 gün sığorta stajı olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsinin qanunvericiliyin tələblərinə əsasən mümkün olmadığı bildirilmişdir. Bundan sonra iddiaçı xx.xx.1994-xx.xx.2004-cü il tarixlərində “Şəmkir Avtonəqliyyat” iB-də və xx.xx.2004-xx.xx.2007-ci il tarixlərində “Şəmkir Avtoservis” ATSCdə olan əmək təaliyyəti dövrünün sığorta stalına daxil edilərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması üçün məhkəməyə müraciət etmişdir. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ərizə ilə Mərkəzi Filiala müraciət etmişdir. İddiaçının müraciəti Mərkəzi Filial tərəfindən araşdırılmış, iddiaçıya xx.xx.2023-cü il tarixli 3-17-1/2-G-156883/2023 nömrəli imtina məktubu ünvanlamışdır. Sözügedən məktubla bildirilmişdir ki, iddiaçının sığorta stajının qanunvericiliklə nəzərdə tutulmuş sığorta stajından (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Belə ki, İ.X3 təqdim etdiyi əmək kitabçasının, hərbi biletinin surətlərinə əsasən sığorta stajı 15 il 4 ay 25 gün gün təşkil edir. Sözügedən məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən İddiaçı təqdim etdiyi əmək kitabçasında qeyd edilmiş xx.xx.1994-cü il tarixdən xx.xx.2004cü il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdən çıxma qeydlərində düzəliş olunub) həmin dövrün iddiaçının sığorta staijına daxil edilməsi qanunvericilikdə nəzərdə tutulmayıb. Əlavə olaraq bildirilmişdir ki, Fondun 2 saylı Qazax-Tovuz regional filialının xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli müvafiq aktlarına əsasən “Şəmkir Avtonəqliyyat” İB-in” xx.xx.1994-cü il tarixindən xx.xx.2004-cü il tarixinədək olan əmr kitabları və əməkhaqqı cədvəlləri X6 filialına təhvil verilməmişdir. Həmçinin, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində iddiaçının adına xx.xx.2006-cı il tarixdən məcburi dövlət sosial sığorta haqqı Ödənilmədiyindən İddiaçı xx.xx.2004-cü il tarixdən xx.xx.2007-ci il tarixədək "Şəmkir Avtoservis” ATSC-dəki əmək fəaliyyəti dövrünun sığorta staiına daxil edilməsinin mümkün olmadığı bildirilmişdir. Bundan başqa, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı qeyd olunmuşdur. Əlavə olaraq, iddiaçının adına aktiv VÖEN hesabı (**********) olduğu üçün yaşa görə müavinətin təyin edilməsinin qanunvericilikdə nəzərdə tutulmadığı bildirilmişdir. İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.2004-cü il tarixədək “Şəmkir Avtonəqliyyat” İB-də və xx.xx.2004-cü il tarixdən xx.xx.2007-ci il tarixədək “Şəmkir Avtoservis” ATSC-dəki əmək fəaliyyətinin həqiqiliyinə dair əsaslı şübhələr mövcuddur. Belə ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi əmək kitabçasının 44-45-ci səhifələrində iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.2004-cü il tarixədək “Şəmkir Avtonəqliyyat” İB-də işdən azad olunmasına dair qeydlər fərqli qələmlər və fərqli rəngli mürəkkəblərlə yazılmışdır. Bundan əlavə, iddiaçının xx.xx.1994-cü il tarixdə işə qəbul edilməsi ilə bağlı qeydlər Azərbaycan Respublikasının dövlət dilində yazılmamış, kiril qrafikalı əlifbadan istifadə etməklə rus dilində yazılmışdır. Bununla da “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın tələbləri pozulmuşdur. Həmçinin, Fondun 2 saylı Qazax-Tovuz regional filialının xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli müvafiq aktlarına əsasən “Şəmkir Avtonəqliyyat” İB-nin xx.xx.1994cü il tarixdən xx.xx.2004-cü il tarixədək olan əmr kitabları və əməkhaqqı cədvəlləri X6 filialına təhvil verilməmişdir. Bununla da, həmin dövrdə iddiaçının qeyd edilən müəssisədəki əmək fəaliyyətinin təsdiqlənməsi mümkün deyil. Beləliklə, qeyd olunan səbəblərdən iddiaçının sözügedən dövrlərdəki əmək fəaliyyətinin doğruluğu sübut olunmadığı üçün həmin dövrlərin stajına daxil edilməsi qanunvericiliyin tələblərinə ziddir. Bundan əlavə, iddiaçının xx.xx.2004-cü il tarixdən xx.xx.2007-ci il tarixədək “Şəmkir Avtoservis” ATSC-dəki əmək fəaliyyətilə bağlı qeyd edirik ki, “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” qaydalarına əsasən İddiaçı adına xx.xx.2006-cı il tarixdən etibarən məcburi dövlət sığorta haqqı ödənilməli olduğu halda Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində iddiaçının adına xx.xx.2006-xx.xx.2007-ci il tarixləri arasında məcburi dövlət sosial sığorta haqqı ödənilməmişdir. Bu səbəbdən iddiaçının Şəmkir Avtoservis” ATSCdəki əmək fəaliyyətinin həqiqiliyi şübhə altında qalır. Qeyd edilən səbəblərdən iddiaçının yuxarıda göstərilən əmək fəaliyyəti dövrlərinin sığorta stalına daxil edilməsi istisna edilir. İş materiallarına iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surəti, cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-17-1/2-G-44946/2023 nömrəli məktub, iddiaçıya məxsus ******* nömrəli əmək kitabçasının surəti, cavabdeh orqan tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixli, 3-17-1/2-209111/2023 nömrəli etiraz, cavabdeh tərəfindən aparılmış inzibati icraat materiallarının təsdiq edilmiş surəti, təsdiq edilmiş Sığortaolunanın hesabı vərəqi, 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən cavabdeh orqana ünvanlanmış xx.xx.2023-cü il tarixli, **********570900 nömrəli və məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, **********181000 nömrəli məktubların surəti, Azərbaycan Respublikasının X6 filialı tərəfindən xx.xx.2024-cü il tarixli, 3-48-13F/1- 48/2024 nömrəli məktubu, AR ƏƏSMN-nin xx.xx.2023-cü il tarixli, xxxxxxx230013 nömrəli müraciət vərəqəsi, xx.xx.2023-cü il tarixli, K-1-188 nömrəli Arxiv Arayışı, iddiaçıya məxsus ******* nömrəli hərbi biletin surəti əlavə edilmişdir. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Əsaslandırmahissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün olmaqla yanaşı mahiyyəti baxımından əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mahiyyəti üzrə aşağıdakılara görə əsaslıdır. Göründüyü kimi, hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçının xx.xx.1994-cü ildən xx.xx.2004-cü ilə kimi X2 Birliyində və xx.xx.2004-cü ildən xx.xx.2006cı ilə kimi “Şəmkir Avtoservis” ATSC-də çilingər işlədiyi illərin sosial sığorta stajına daxil edilməsindən imtina edilmiş və bu iddiaçıya məxsus əmək kitabçasının doldurulma qaydası pozulması və iddiaçının xx.xx.1994-cü il tarixdə işə qəbul edilməsi ilə bağlı qeydlər Azərbaycan Respublikasının dövlət dilində deyil, kiril qrafikalı əlifbadan istifadə edilməklə rus dilində yazılması ilə əsaslandırılmışdır. Bununla yanaşı, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 3-17-1/2-G- 156883/2023 nömrəli imtina məktubundan görünür ki, Fondun 2 saylı Qazax-Tovuz regional filialının xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli müvafiq aktlara əsasən “Şəmkir Avtonəqliyyat” İB-in xx.xx.1994-cü il tarixindən xx.xx.2004-cü il tarixinədək olan əmr kitabları və əmək haqqı cədvəlləri X6 filialına təhvil verilməyib. Bu səbəblə sözügedən dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasının doldurulma qaydası pozulduğu üçün (işdən çıxma qeydlərində düzəliş olunub) həmin dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Halbuki, iddiaçının xx.xx.1994-cü ildən xx.xx.2004-cü ilə kimi və xx.xx.2004-cü ildən xx.xx.2006-cı ilə kimi işlədiyi dövr əmək kitabçasında öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydaların 3.2-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1 -dək sığortaolunanlarm qazanılmış əmək pensiyası hüquqlarının alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1 əmək kitabçası;..... Göründüyü kimi, hazırda qüvvədə olan Qaydalarda da 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın “Sosial sığorta stajının hesablanması proseduru” adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X7) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır. Göründüyü kimi, cavabdeh orqanın iddia tələbindən imtina etməsinə səbəblərdən biri də əmək kitabçasına düzəliş dilməsidir. Məhkəmə əmək kitabçasını nəzərdən keçirib o qənaətə gəlir ki, əmək kitabçasında heç bir düzəliş olunmamışdır. Ona görə də, məhkəmə iddiaçının xx.xx.1994-cü ildən xx.xx.2004-cü ilə kimi X2 Birliyində və xx.xx.2004-cü ildən xx.xx.2006-cı ilə kimi “Şəmkir Avtoservis” ATSC-də çilingər işlədiyinə dair əmək kitabçasında göstərilən məlumatları mötəbər sübut sayır və hesab edir ki, həmin dövrlər iddiaçının əmək stajına daxil edilməlidir. Azərbaycan Respublikasının X6 filialı tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2024-cü il tarixli, 3-48-13F/1-48/2024 nömrəli məktubdan görünür ki, “Şəmkir Avtoservis” ATSC-nin arxiv sənədləri X6 filialına təhvil verilmədiyi üçün arxivdə saxlanılmır. Məhkəmə belə hesab edir ki, iddiaçının işlədiyi müəssisə tərəfindən mübahisələndirilən dövrlərə dair əmək haqqı kitablarının arxivə təhvil verilməməsi iddiaçının təqsiri ilə bağlı olmayan hal olduğundan, sözügedən məsələnin işəgötürənin vəzifəsi olduğundan onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalı, işçinin sosial təminat hüququna müdaxilə edilməsinə əsas olmamalıdır. Həmçinin nəzərə almaq lazımdır ki, əmək kitabçasının iş illərinə dair adına əmək haqqının hesablanmaması iddiaçının məsuliyyət sferasına aid edilə və onun sosial təminat hüququnun məhdudlaşdırılmasına səbəb olan əsas kimi qiymətləndirilə bilməz. Oxşar işlər üzrə formalaşmış Ali Məhkəmənin hüquqi mövqeyindən də görünür ki, iddiaçının mübahisələndirilən illərdə sözügedən müəssisələrdə iş fəaliyyəti və stajı onun əmək kitabçası ilə təsdiq olunduğundan digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Bundan başqa, İddiaçı yaşa görə pensiya təyin edilməsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7. maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Göründüyü kimi yaşa görə əmək pensiyası təyin edilməsi üçün iki şərt 1. pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu olmadıqda isə azı 25 il sığorta stajı olduqda;

2. əmək pensiyaları haqqında qanunvericilikdə nəzərdə tutulan yaş həddinə çatdıqda təyin edilir. Məhkəmə qeyd edir ki, 2022-ci il 1 iyulundan - 2023-cü ilin 30 iyununadək olan dövrdə kişilərə yaşa görə pensiya təyin edilməsi üçün yaş həddi 65 yaş müəyyən edildiyindən və 25 ildən çox sığorta stajı olduğundan iddiaçının yaşa görə əmək pensiyası hüququ yaranır. İş materiallarından məlum olur ki, İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür və xx.xx.2023-cü il tarixdə 65 yaşı tamam olmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etirazda iddiaçının mübahisəli olmayan sığorta stajı ümumilikdə 15 il 4 ay 25 gün olması qeyd edilmişdir. İddiaçının xx.xx.1994-cü ildən xx.xx.2004-cü ilə kimi X2 Birliyində və xx.xx.2004-cü ildən xx.xx.2006-cı ilə kimi “Şəmkir Avtoservis” ATSC-də çilingər işlədiyi müddət də onun sosial sığorta stajına daxil edildiyi halda iddiaçının 26 il 8 ay 23 gün sığorta stajı tamam olur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, iddiaçının xx.xx.1994-cü ildən xx.xx.2004-cü ilə kimi X2 Birliyində və xx.xx.2004-cü ildən xx.xx.2006-cı ilə kimi “Şəmkir Avtoservis” ATSC-də çilingər işlədiyi müddət sosial sığorta stajına daxil edilməli və ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 34.1. maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. və 62.2. maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir.

N ə t i c ə v i h i s s ə:

Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1994-cü ildən xx.xx.2004-cü ilə kimi X2 Birliyində və xx.xx.2004-cü ildən xx.xx.2006-cı ilə kimi “Şəmkir Avtoservis” ATSC-də çilingər işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, Heydər Əliyev pr. 105) vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə (Gəncə şəhəri, Atatürk pr. 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar