Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-491/2025 28.01.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (bundan sonra mətndə - iddiaçı) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra mətndə - cavabdeh) qarşı müharibə veteranı adı və vəsiqəsi verilməsi məqsədi ilə adının müvafiq siyahiya daxil edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə qöndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. İşin halları: SX seriyalı, ******* nömrəli hərbi biletdəki məlumata əsasən iddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək N nömrəli hərbi hissədə xidmət etmiş, xx.xx.2020xx.xx.2020-ci il tarixlərdə Fizuli, Zəngilan, Qubadlı istiqamətində gedən döyüşlərdə N nömrəli hərbi hissədə sanitar-təlimatçı vəzifəsində xidmət etmişdir. 952 saylı hərbi-hissənin arayış-məlumatına əsasən, döyüş əməliyyatları aparılan zaman (27.09.-xx.xx.2020-ci il tarixlərdə) iddiaçının iştirak etdiyi ərazi Bərdə rayonu olmuş, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqların azad edilməsi uğrunda gedən döyüşlər zamanı şəxsi heyətin sağlamlığının qorunub saxlanılmasında iştirak etmişdir. İddiaçı tərəf ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. İddiaçının müraciətinə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2023-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubunda bildirmişdir ki, barəsində təqdim olunmuş arayış-məlumatda qeyd olunmuş ərazi (Bərdə rayonu) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarında göstərilən ərazilərə uyğun gəlmədiyinə görə ona “Müharibə Veteram” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. İddiaçı tərəfin dəlilləri: İmtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı cavabdehin “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtinasının qanunsuz və əsassız hesab edilməsi və ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Ərizə xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ehtiyatda olan əsgər İddiaçı 04 oktyabr 2017-ci il tarixdən 04 aprel 2019-cu il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçirmişdir. 21 sentyabr 2020-ci il tarixdə “Vətən Müharibəsinin başlanması ilə əlaqədar olaraq səfərbərlik qaydasında hərbi xidmətə qaytarılmışdır. 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində Füzuli, Zəngilan və Qubadlı rayonları uğrunda gedən döyüşlərdə iştirak etmiş və 13 yanvar 2021-ci il tarixdə ordu sıralarından təxris olunmuşdur.Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Qazax rayon Şöbəsinin təqdim etdiyi 01 dekabr 2022-ci il tarixli, 635 saylı arayışda adı qeyd edilən rayonların işğaldan azad edilməsi üçün aparılan döyüş əməliyyatlarında iştirak etməyi əksini tapmışdır. Lakin buna baxmayaraq ona müharibə veteranı adı və vəsiqəsi verilməmişdir. Onunla birlikdə İİ Qarabağ müharibəsinə cəlb edilmiş və eyni hərbi vəzifələri yerinə yetirmiş hərbi qulluqçulara “Müharibə veteranı” adı və vəsiqəsi verilmiş, lakin heç bir əsaslandırma aparılmadan o bu hüquqdan məhrum edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək onun adının müharibə veteranı statusu və vəsiqəsi verilən şəxslərin siyahısına daxil edilərək, həmin siyahının Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Cavabdeh tərəfin dəlilləri: Cavabdeh iddia tələbinə xx.xx.2024-cü il tarixli, 3-25-4/2-2555/2024 nömrəli məktubla məhkəməyə etirazını təqdim etmiş və etirazında bildirmişdir ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir:Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması.Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfumuna Aəzrbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir.Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteram” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır.İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, iddiaçının barəsində təqdim olunmuş arayış-məlumatda qeyd olunmuş ərazi (Bərdə rayonu) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarında göstərilən ərazilərə uyğun gəlmədiyinə görə ona "Müharibə Veteram” adının və vəsiqəsinin verilməsi üçün sənədləri Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı isə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Cavabdehin nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu müddəaya uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə təsdiq edilmişdir. Həmin Əsasnamənin 1-ci maddəsində aşağıdakılar nəzərdə tutulmuşdur: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Əsasnamənin 2-ci bəndində qeyd edilmişdir ki, Əsasnamənin 1-ci hissəsinin sonuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvipsixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Qanunvericiliyin yuxarıda sadalanmış tələblərinə görə 2020-ci il sentyabrın 27- dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əkskəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə müharibə veteranı statusunun verilməsi zamanı döyüşlərdə iştirak etdiyi ərazilərlə bağlı hər hansı bir şərt və məhdudiyyət nəzərdə tutmamışdır. Yəni normanın tələbinə əsasən, 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə müvafiq sənədlər əsasında müharibə veteranı statusunun verilməsi birbaşa təsbit edilmişdir. Həmçinin qeyd edilmişdir ki, döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Məhkəməyə sorğu əsasında daxil olmuş “hərbi qulluqçular barədə arayış-məlumat”ın surətində qeyd edilmişdir ki, iddiaçı Hərbi Hava Qüvvələrinin Komandanının xx.xx.2020-ci il tarixli 015 nömrəli əmri, Müdafiə Nazirinin müavini – Hərbi Hava Qüvvələri Komandanının xx.xx.2020-ci il tarixli 0028 nömrəli döyüş sərəncamı əsasında Bərdə rayonu ərazisində xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək əks hücum əməliyyatları və işğal altında olan torpaqların azad edilməsi uğrunda gedən döyüşlər zamanı şəxsi heyətin sağlamlığının qorunub saxlanılmasında iştirak etmişdir. Eyni zamanda, N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli əmri ilə hərbi hissənin və bölmələrinin şəxsi heyətinin düşmən təxribatının qarşısının alınması ilə əlaqədar döyüş tapşırığını yerinə yetirən və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı xidməti vəzifəsini layiqincə yerinə yetirən hərbi qulluqçuların siyahısına iddiaçı da daxil edilmişdir. Göründüyü kimi, iddiaçının 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etdiyi təsdiq edilir. Məhkəmə qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Cavabdeh öz imtinasının əsası kimi yalnız iddiaçının xidmət etdiyi hərbi hissənin yerləşdiyi ərazinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarında göstərilən ərazi meyarlarına uyğun gəlmədiyini göstərmişdir. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı adı müharibə veteranı statusu və vəsiqəsi verilən şəxslərin siyahısına daxil edilərək, həmin siyahının Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-1(114)-491/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-491/2025
28.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver