Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-492/2024 28.03.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müvafiq əlillik dərəcəsinin təyin edilməsi tələbi üzrə inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, ona müharibə əlilliyinin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bötüvlüyü uğrunda gedən döyüşlər zamanı Ağdam rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən atılan artileriya atəşi nəticəsində “döş qəfəsinin ön səthinin kor qəlpə yaralanması, şəraitlə əlaqədar astenonevrotik təzahürlər” xəsarətini almışdır. İlk olaraq N nömrəli hərbi hissədə tibbi müalicədə olmuş, daha sonra N nömrəli hərbi hissədə stasionar müalicəyə daxil olmuşdur. xx.xx.2021-ci il tarixdə SN Psixi: sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılov tərəfindən müayinə olunub “Fəlakət (hərbi əməliyyatlar nəticəsində) yaranan davamlı şəxsiyyət pozuntusu F62.0” diaqnozu təyin edilmişdir. xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə SN Respublika psixiatriya xəstəxanasında “İfadə olunmuş dissosiativ-konversion pozuntu, fəlakət (hərbi əməliyyat nəticəsində) yaranan davamlı şəxsiyyət pozuntuları istisna olunmur” diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur. Bundan başqa, dəfələrlə müxtəlif tarixlərdə həmin müəsisədə stasionar müalicədə və müayinədə olmuşdur. xx.xx.2023-cü il tarixli xəstəlik haqqında hərbi həkim komissiyasının 5061 nömrəli şəhadətnaməsinə əsasən “Fəlakət (müharibə) keçirtdikdən sonra kəskin dərəcədə ifadə olunmuş şəxsiyyətin davamlı dəyişikliyi, depressiv daxilolmalarla, intihar fikirləri ilə, Döş qəfəsinin ön səthinin kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı” diaqnozu qoyulmuş, həm müharibə dövründə, həm də sülh dövründə hərbi xidmətə yararsız hesab edilməsi qeyd edilmişdir. xx.xx.2023-cü il tarixli Səhiyyə Nazirliyinin Ambulator kitabçadan çıxarışdan göründüyü kimi “Fəlakət keçirtdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi F62.0” və “Psixotik simtomlarsız müşahidə olunan ağır dərəcəli deprerssiv epizod F32.2” diaqnozu ilə müayinə və müalicədə olmuşdur. Hal-hazırda qeyd edilən xəstəliklərdən əziyyət çəkir. Dəfələrlə bədənində olan ağrılara görə intihara cəhd etmişdir. O, Azərbaycan Respublikası Prezidentinin Sərancamları ilə “Cəsur döyüşçü”, “Vətən müharibəsi iştirakçısı”, “Ağdamın azad edilməsi” medalları ilə təltif edilmişdir. Bunlara baxmayaraq, cavabdeh orqan əsassız imtinalar verməklə sürundürməçiliyə yol vermişdir. Cavabdeh orqan xx.xx.2023-cü il tarixdə yenidən müraciətini qiymətləndirilərək mənə Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı xəsarətləri və xəstəlikləri nəzərə almaqla müharibə əlili statusu verilməsi tələb etsə də cavabdeh orqan əsassız imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən göndərilmiş etirazda qeyd edilmişdir ki, Tərtər rayon sakini xx.xx.1988-ci il təvəllüdlü İddiaçı orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2023-cü il tarixdə Agentlikdə əyani müayinəsi nəticəsində qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixli 5061 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Fəlakət (müharibə) keçirdikdən sonra kəskin dərəcədə ifadə olunmuş şəxsiyyətin davamlı dəyişikliyi depressiv daxilolmalarla intihar fikirləri ilə. Döş qəfəsinin ön səthinin kor qəlpə yaralanmasından (xx.xx.2020) sonrakı bərkimiş dəri çapığı” diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. “Xroniki baş ağrısı. Beynin xroniki işemiyası. Burun tənəffüsünün cüzi dərəcədə pozulması ilə burun çəpərərinin əyriliyi. Naməlum mənşəli proteinuriya” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 61 nömrəli Tibbi rəyində diaqnoz “Fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi. Ağır depressiv epizod, intihar fikirləri ilə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023xx.xx.2023-cü il tarixli 10350549 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi. Psixotik simtomlarsız müşahidə olunan ağır dərəcəli depressiv epizod” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilikdən, baş ağrısından, gərginlikdən, yuxunun və yaddaşın pozulmasından şikayətlənmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi. Ağır depressiv epizod (araşdırılmamış essensial hipertoniya fonunda)” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən tez-tez baş verən dekompensasiya halları, kobud davranış pozuntuları qeyd olunmamış, bələdliyin və tənqidin bütün növləri saxlanılmışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -iş materiallarına əlavə edilmiş ******* nömrəli hərbi biletin surətinən görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Ağdam və Suqovuşan istiqamətində gedən döyüş əməliyyatlarında iştirak etmişdir. -iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 5061 nömrəli Xəstəlik haqqında Şəhadətnamədən görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı Ağdam rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən atılan artilleriya atəşi zamanı "Döş qəfəsinin ön səthinin kor qəlpə yaralanması. Şəraitlə əlaqədar - asteno-nevrotik təzahürlər” xəsarətini almışdır. İlkin tibbi yardım N nömrəli hərbi hissədə göstərilmişdir. xx.xx.2020-ci il tarixdə N nömrəli hərbi hissədə stasionar müalicəyə qəbul olunmuş, "Sağalma ilə nəticələnmiş şəraitlə əlaqəli dissosiativ reaksiya. Naməlum mənşəli proteinuriya” diaqnozu ilə müalicə olunmuş, sonra SQ BKH-na köçürülmüşdür (əsas: köçürmə epikrizi). xx.xx.2021-ci il tarixdə SN Psixi Sağlamlıq Mərkəzinin direktoru, Bakı şəhər Baş Səhiyyə İdarəsinın Baş Psixiatrı, Tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olunub, Fəlakət (hərbi əməliyyatlar nəticəsində) yaranan davamlı şəxsiyyət pozuntusu F62.0” diaqnozu təyin olunmuşdur. xx.xx.2021-xx.xx.2024-ci il tarixədək Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasında “ifadə olunmuş dissosiativ-konversion pozuntu, fəlakət (hərbi əməliyyatlar nəticəsində) yaranan davamlı şəxsiyyət pozuntuları istisna olunmur” diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur. O, xx.xx.2021-xx.xx.2021, xx.xx.2022-xx.xx.2022, xx.xx.2023-xx.xx.2023-cü il il tarixlərdə Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasında, xx.xx.2022-xx.xx.2022ci il tarixlərdə Kliniki tibbi Mərkəzdə, xx.xx.2023-cü il tarixdə MN MHP-da müayinə və müalicədə olmuşdur. -iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2022-ci il tarixli, **********2 nömrəli qərarından görünür ki, iddiaçının hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi. Ağır depressiv epizod (araşdırılmamış essensial hipertoniya fonunda)” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən tez-tez baş verən dekompensasiya halları, kobud davranış pozuntuları qeyd olunmamış, bələdliyin və tənqidin bütün növləri saxlanılmışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. -iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, T 854/2023 nömrəli ekspert rəyində bildirilir ki, vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib olunmuş Forma 088 göndərişində qeyd edilən “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Döş qəfəsinin ön səthinin kor qəlpə yaralanması. Şəraitlə əlaqədar asteno-nevrotik təzahürlər. Fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi. Ağır depressiv epizod, intihar fikirləri və cəhdləri ilə” diaqnoz xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında müəyyən edilmişdir. Diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin, istərsə də xx.xx.2022-ci il tarixli, 187 saylı qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müvafiq əlillik dərəcəsinin təyin edilməsi meyarları”nın hər-hansı bir bəndini aid etmək mümkün olmadı. -iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixində « Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi (XBT kodu-F62.0 » və « Psixotik simptomlarsız müşahidə olunan ağır dərəcəli depressiv epizod (F32.2) » xəstəlikləri müəyyən edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçının xəstəliyi ilə əlaqədar ona qoyulmuş diaqnoza əsasən xx.xx.2022-ci il tarixdə « Fəlakət (müharibə) nəticəsində yaranan davamlı şəxsiyyət pozuntusu. İfadə olunmuş dissosiativ konversion pozuntu. Depressiv sindrom. Asteno nevrotik sindrom », xx.xx.2022-ci il tarixdə « Üzvi dissosiativ pozuntu. Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi », xx.xx.2022-ci il tarixdə « Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi », xx.xx.2023-cü il tarixdə « Hərbi əməliyyatlar nəticəsindədigər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Döş qəfəsinin ön səthinin kor qəlpə yaralanması.Şəraitlə əlaqədar asteno-nevrotik təzahürlər.Fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi. Ağır depressiv epizod, intihar fikirləri ilə cəhdləri ilə » diaqnozu ilə “diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun :- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin :- -1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. -1.5-ci bəndinə əsasən Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. -2.2. bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”-na əsasən, 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra alt sistemə ötürülür. 2.3. Göndəriş alt sistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə alt sistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -24.1. maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2. maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3. maddəsinə əsasən İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4. maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Beləliklə, qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlmək olar ki, iddiaçının tələbi qanuni və əsaslıdır. Belə ki, məhkəmə araşdırması nəticəsində məlum olmuşdur ki, iddiaçıya xx.xx.2022ci il tarixdə keçirilmiş müayinə nəticəsində təyin edilmiş diaqnoz (Fəlakət (müharibə) nəticəsində yaranan davamlı şəxsiyyət pozuntusu. İfadə olunmuş dissosiativ konversion pozuntu. Depressiv sindrom. Asteno nevrotik sindrom) və Xəstəliyin beynəlxalq təsnifatı (V sinif – Psixi pozğunluqlar və davranış pozğunluqları – F60-F69 - Yetkin yaşlarda təsadüf olunan şəxsiyyət və davranış pozğunluqları – F62 – Baş beyin zədələnməsi və ya xəstəliyi ilə əlaqədar olma...), xx.xx.2022-ci il tarixdə təyin edilmiş diaqnoz « Üzvi dissosiativ pozuntu. Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi », xx.xx.2022-ci il tarixdə « Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi » və xx.xx.2023-cü il tarixdə təyin edilmiş diaqnoz « Hərbi əməliyyatlar nəticəsindədigər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Döş qəfəsinin ön səthinin kor qəlpə yaralanması.Şəraitlə əlaqədar asteno-nevrotik təzahürlər. Fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi. Ağır depressiv epizod, intihar fikirləri ilə cəhdləri ilə » hər müayinə nəticəsində söz ifadəsi olaraq, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin həm 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin, həm də xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarla təsdiq edilmiş « Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müvafiq əlillik dərəcəsinin təyin edilməsi meyarları»nın müvafiq kodları və X1 qeyd olunan kodlar baxımından eyni olmasına baxmayaraq ona verilmiş imtina qanunsuz və əsassız olmuşdur. Bununla yanaşı, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 5061 nömrəli Xəstəlik haqqında Şəhadətnamədə iddiaçının xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı Ağdam rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən atılan artilleriya atəşi zamanı "Döş qəfəsinin ön səthinin kor qəlpə yaralanması. Şəraitlə əlaqədar - astenonevrotik təzahürlər” xəsarətini aldığı, iddiaçının psixi statusu kimi « Bələdliyi bütün növlər üzrə saxlanılıb. Zahirən gərgindir, narahatdır. Ünsiyyətə həvəssis daxil olur. Davranışı qeyri-adekvatdır. Maraqları daralıb. Yuxusu pozulub. Emosional labildir. Yaddaşı zəifləmişdir. Tənqidi formaldır » kimi, nevroloji status kimi isə « Huşu aydındır. Kəllə-beyin sinirləri patologiyasızdır. Tək-tək nistaqm qeyd olunur. Göz almalarının hərəkəti tam həcmdədir. Burun-dodaq büküşü assimetrikdir. Romberq vəziyyətində davamlıdır. Vətər və sümük üstlüyü refleksləri tam həcmdədir, D=S, orta canlıdır. Əllərin tremoru və distal hiperhidrozu » kimi qeyd edilmişdir. Bundan başqa, xx.xx.2023-cü il tarixli, T 854/2023 nömrəli ekspert rəyində bildirilir ki, vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib olunmuş Forma 088 göndərişində qeyd edilən “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Döş qəfəsinin ön səthinin kor qəlpə yaralanması. Şəraitlə əlaqədar asteno-nevrotik təzahürlər. Fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi. Ağır depressiv epizod, intihar fikirləri və cəhdləri ilə” diaqnoz xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında müəyyən edilmişdir. Diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin, istərsə də xx.xx.2022-ci il tarixli, 187 saylı qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müvafiq əlillik dərəcəsinin təyin edilməsi meyarları”nın hər-hansı bir bəndini aid etmək mümkün olmadı. Belə ki, ekspert, ekspertiza rəyində iddiaçının da onun adına müvafiq tibb müəssisəsində tərtib olunmuş Forma 088 göndərişində qeyd edilən diaqnozların müəyyən edilməsini qeyd etsə də, heç bir əsas göstərmədən iddiaçının əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklərin əlillik səviyyəsində olmadığı üçün ona əlilliyin təyin edilməməsi qənaətinə gəlmişdir. Həmçinin qeyd etmişdir ki, iddiaçı müəyyən edilən diaqnozla əlaqədar zərurət yarandığı təqdirdə əlavə bərpa müalicəsinə cəlb edilə bilər. Məhkəmə qeyd etmək istəyir ki, ekspert də öz rəyində iddiaçının göstərilmiş diaqnozlardan əziyyət çəkməsini inkar etmir, lakin heç bir əsas olmadan iddiaçıya əlillik dərəcəsinin təyin edilməsi üçün əsasların olmadığı qənaətinə gəlir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 29-1-ci maddəsinə əsasən İnzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103-cü maddəsinə əsasən Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Belə olan halda, məhkəmə iş üzrə keçirilmiş ekspertiza rəyini sübut növü kimi qəbul etmir və ona tənqidi yanaşır. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya əlillik təyinatından imtina ilə bağlı hərəkətləri qanunsuz olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müvafiq əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müvafiq əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-492/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-492/2024
28.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver