Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-493/2021 01.06.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, məhkəmə iclasının katibi Musayeva Ülviyyə İlham qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə (üçüncü şəxs X13) qarşı şəhadətnamədə düzəliş edilməsi və çıxarışın verilməsi iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin faktiki halları: Qazax rayon Aqrar İslahat Komissiyasının 07.05.1997-ci il tarixli 06 nömrəli qərarı ilə ünvan 1 sakini X14 və onun ailə üzvləri X13 və X2 təsərrüfatı məhsullarının istehsalı məqsədilə 0,85 ha torpaq sahəsi verilmiş, bu barədə 50100068 kodlu JN899 nömrəli Dövlət aktı tərtib edilmişdir. Qazax rayon Aqrar İslahat Komissiyasının 07.05.1997-ci il tarixli 06 nömrəli qərarı ilə ünvan 1 sakini X13 və onun ailə üzvü X8 0,23 ha həyətyanı torpaq sahəsi verilmiş, bu barədə 50100068 kodlu JN535F nömrəli torpağın mülkiyyətə verilməsinə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. 17.06.1997-ci il tarixli Qazax şəhərində tərtib edilmiş vəsiyyətnamə ilə X14 vəfat edəcəyi günə kimi ona məxsus olan bütün əmlakını X3 vəsiyyət etmişdir. X14 05.10.1999-cu il tarixdə 88 yaşında ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 07.10.1999-cu il tarixdə 20 nömrə ilə qeyd aparılmışdır. Qazax rayon İcra Hakimiyyəti Başçısının Kosalar kənd İcra nümayəndəliyi üzrə 1996-2000-ci illərə aid 8 saylı təsərrüfatbaşı kitabın 56-cı səhifəsində X9 təsərüfatı 1) X14 (05.10.1999 tarixdə vəfat edib.AKT 20), 2)X13, 3)X11, 4)X4 (üzərindən xətt çəkilib, 20.05.1996-cı ildə vəfat edib, AKT 12) kimi qeyd edilmiş, təsərrüfatda 0,25 ha torpaq sahəsi mövcud olmuş, evin ümumi sahəsi 90 kv.m, yaşayış sahəsi 46 kv.m olmuşdur. X12 16.04.2013-cü il tarixdə ölmüş, bu barədə ölüm akt qeydləri kitabında 25.05.2018-ci il tarixdə 18 nömrə ilə qeyd aparılmışdır. Qazax rayon notariat kontorunda 2018-ci ilin noyabr ayında X5 miras qalmış ünvan 1i ünvanda yerləşən torpaq sahəsinə və fərdi yaşayış evinə qanun üzrə vərəsəlik şəhadətnamə verilməsinə dair nəvəsi İddiaçı müraciəti, miras qoyanla qohumluq əlaqəsini təsdiq edən sənədlər, mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında vərəsələrin dairəsi müəyyən edilmiş və vərəsəlik işi açılmışdır. Reyestrdə 2V-143 nömrə ilə qeyd edilmiş 333 nömrəli vərəsəlik işi ilə bağlı “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” 18.03.2021-ci il tarixli şəhadətnamədən görünür ki, X9 vərəsəsi İddiaçıdır. Şəhadətnamə ilə verilən miras əmlaka daxildir: 1)**********84-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli ünvan 1i ünvanda 0,23 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 86,6 kv.m olan fərdi yaşayış evindən tam, 0,23 ha torpaq sahəsindən mirasqoyanın payına düşən hissəsi; 2)**********48 reyestr nömrəli, ********** qeydiyyat nömrəli ünvan 1ində yerləşən ümumi sahəsi 0,12 ha torpaq sahəsindən mirasqoyanın payına düşən hissəsi; 3) **********45 reyestr nömrəli, ********** qeydiyyat nömrəli ünvan 1ində yerləşən ümumi sahəsi 0,73 ha torpaq sahəsindən mirasqoyanın payına düşən hissə. İddiaçı “X9 adının torpağın mülkiyyətə verilməsinə dair” 535 F nömrəli şəhadətnamədə ailə başçısı sırasında qeyd edilməsi barədə sərəncam verilməsi” ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) müraciət etmişdir. Cavabdeh 08.07.2019-cu il tarixli **********78 nömrəli məktubla iddiaçının müraciətinin təmin olunmasından imtina etmiş və bildirmişdir ki, “X9 adının torpağın mülkiyyətə verilməsinə dair” 535 F nömrəli şəhadətnamədə ailə başçısı sırasında qeyd edilməsi barədə sərəncam vermək Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyildir. İşə baxan məhkəmə İddiaçı cavabdehə (üçüncü şəxs X13) qarşı 31.07.2019-cu il tarixli iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək X25 komissiyasının 07.05.1997-ci il tarixli 06 saylı qərarı ilə X15 və X6 adlarına verilmiş seriya JN-535F, KOD 50100068 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə X9 adının qeyd edilməsi və elektron baza məlumatlarında düzəliş edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra iddiaçı 10.11.2019-cu il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək X25 komissiyasının 07.05.1997-ci il tarixli 06 saylı qərarı ilə verilmiş seriya JN-535F, KOD 50100068 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında veriləcək çıxarışda X9 adının qeyd edilməsi və elektron baza məlumatlarında düzəliş edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Ərizə inzibati məhkəmə icraatında qəbul olunmuşdur. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 26.12.2019-cu il tarixli 2-(83)-1531/2019 nömrəli qərarı ilə (hakim Kənan Vəliyev) iddia təmin edilmiş, cavabdehin üzərinə torpağın mülkiyyətə verilməsinə dair JN-535F, KOD 50100068 nömrəli şəhadətnamə əsasında verilən çıxarışda X10 adının qeyd edilməsi və bu barədə elektron baza məlumatlarında düzəliş edilməsi öhdəliyi qoyulmuşdur. Qərar 10.02.2020-ci il tarixdə qanuni qüvvəyə mindikdən sonra icra olunması cavabdeh quruma göndərilmiş və sonuncu tərəfindən verilən 06.03.2020-ci il tarixli, **********88 nömrəli məlumata əsasən qərar icra olunmuşdur. Daha sonra həmin qərardan üçüncü şəxs X13 apelyasiya şikayəti vermiş və iş baxılması üçün 14.08.2020-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29.09.2020-ci il tarixli 2- 1(104)-641/2020 nömrəli qərardadı ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 26.12.2019-cu il tarixli 2-(83)-1531/2019 nömrəli qərarı ləğv edilərək iş yenidən araşdırılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Tərəflərin münasibəti: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qazax rayonunun Kosalar kənd sakini mərhum X14 mənim nənəsidir. 0,1999-ci ildə vəfat etmişdir. N.Nəsibova vəfat etməmişdən əvvəl, yəni 17 iyun 1997-ci il tarixdə harada olmasından və harada yerləşməsindən asılı olmayaraq bütün əmlakını nəvəsi İddiaçı vəsiyyət etmişdir. Qazax rayon Aqrar İslahat Komissiyasının 07 may 1997-ci il tarixli 6 saylı qərarı ilə X9 adına DTXK-nin X17 İnstitu tərəfindən JN:988, KOD 50100068 olan torpağa mülkiyyət hüququna dair Dövlət aktı işlənib verilmişdir. Həmin aktda təsərrüfat başçısı kimi N.Mahmudova, onunla bərabər X13 və X11 da mülkiyyətçi kimi qeyd edilmişdirlər. Ancaq Qazax rayon Aqrar İslahat Komissiyasının 07 may 1997-ci il tarixli 6 saylı qərarı ilə DTXK-nin X17 İnstitu tərəfindən N.Nəsibovanın yaşadığı fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsi ilə bağlı serya JN-535F, KOD 50100068 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə isə nə səbəbdənsə X9 adı qeyd edilməmişdir. X1 və X6 adları qeyd edilməklə torpaq sahəsinin 0,23 ha olduğu göstərilmişdir. Qazax rayon Dövlət arxivinin 2 noyabr 2018-ci il tarixli 214 saylı Arxiv arayışında qeyd edilmişdir ki, Qazax İcra Hakimiyyəti Başçısının Kosalar kənd icra nümayəndəliyi üzrə 1996-2000-ci illərə aid 8 saylı təsərrüfat başı kitabının 56-cı səhifəsində X9 təsərrüfatında 0.25 ha torpaq sahəsi mövcud olmuşdur. Evin ümumi sahəsi 90 kv.m, yaşayış sahəsi 46 kv.m olmuşdur. Eyni zamanda Qazax rayon Dövlət atxivinin 4 yanvar 2019-cu il tarixli 2 saylı Arxiv arayışında qeyd edilmişdir ki, Qazax rayon Aqrar islahat komissiyasının yuxarıda qeyd edilən qərarı Qazax rayonunun Dövlət Arxivində saxlanmır. Qazax rayon Aqrar İslahat Komissiyasının 07 may 1997-ci il tarixli 06 saylı qərarı ilə serya JN-535F, KOD 50100068 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə isə nə səbəbdənsə X9 adı qeyd edilməmişdir. X1 və X6 adları qeyd edilməklə 0.23 ha torpaq sahəsinin mülkiyyətə veriməsinə dair şəhadətnamə verilmişdir. Məhkəmə iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil İrşad oğlu iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehdən iddiaya dair yazılı şəkildə münasibət (etiraz) bildirilməsi tələb olunsa da, iddiaya dair münasibət bildirməmiş, məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmişdir. Üçüncü şəxs Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 26.12.2019-cu il tarixli 2-(83)- 1531/2019 nömrəli qərarından verdiyi apellyasiya şikayətində iddiaya dair münasibət bildirərək qeyd etmişdir ki, iddiaçının subyektiv hüququnun olub-olmaması araşdırılmalı, iddiaçının hansı əsasla bu iddianı verildiyi müəyyən edilməlidir. Qazax rayon Aqrar islahat Komissiyasının qərarında hər hansı bir düzəliş edilmədən həmin qərar əsasında verilmiş şəhadətnamədə düzəliş aparıla bilməz. “Daşınmaz əmlakın Dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 16.1 və 16.2-ci maddələrində şəhadətnamələrdə buraxılan texniki səhvlərin düzəliş edilməsi qeyd olunmuşdur. Hazırda mübahisələndirilən şəhadətnamədə isə texniki səhv olmamışdır. Odur ki, iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tərəflərin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini Qazax rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ seriyalı 002088 nömrəli və AZ-İ nömrəli 895547 nömrəli ölüm haqqında şəhadətnamələrin notariat qaydada təsdiq edilmiş surətləri, 17.06.1997-ci il tarixli vəsiyyətnamənin notariat qaydada təsdiq edilmiş surəti, Qazax rayon Dövlət arxivinin 02.11.2018-ci il tarixli 214 nömrəli arayışları, 50100068 kodlu JN-535F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ksero-surəti, 50100068 kodlu JN-899 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktının ksero-surəti, cavabdehin 08.07.2019-cu il tarixli **********78 nömrəli imtinası, **********84-10301 nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surəti, Qazax rayon notariat kontorunun 02.11.2018-ci il tarixli 1068 nömrəli məktubu, Qazax Rayon İcra Hakimiyyətinin 13.04.2021-ci il tarixli 9-26/232 nömrəli məlumatı, Qazax rayon Dövlət Arxivinin 13.04.2021-ci il tarixli, 71 nömrəli məlumatı, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 22.04.2021-ci il tarixli **********30 nömrəli və 26.04.2021-ci il tarixli 26.04.2021-ci il tarixli məktubları təşkil etmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İşin faktiki hallarından görünür ki, Qazax rayon Aqrar İslahat Komissiyasının 07.05.1997-ci il tarixli 06 nömrəli qərarı ilə ünvan 1 sakini X13 və onun ailə üzvü X8 0,23 ha həyətyanı torpaq sahəsi verilmişdir. Hazırda iddiaçı iddia edir ki, həmin şəhadətnamədə varisi olduğu X9 da adı qeyd olunmalı idi. İddiaçının bu tələblə əvvəl cavabdeh inzibati orqana müraciət etmiş, ancaq müraciəti təmin olunmadığı üçün hazırkı mübahisə yaranmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) : - 16.3-ci maddəsinə əsasən, əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər; - 16.4-cü maddəsinə əsasən, bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər; - 16.5-ci maddəsinə əsasən, dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Maddələrin tələbləri belə izah olunur ki, dövlət reyestrində hüququ düzgün qeydə alınmamış şəxs qeyddə düzəlişin aparılmasını tələb edə bilər. Belə düzəlişin aparılması düzəlişlə hüququna toxunulan şəxsin razılığı əsasında, razılıq olmadığı halda məhkəmə qərarı əsasında aparıla bilər. İddiaçı dövlət reyestrində aparılmış qeydin həqiqi hüquqi vəziyyətə uyğun olmadığı əsası ilə düzəlişin edilməsini xahiş etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: - 8.0-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Maddənin tələbindən göründüyü kimi, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti ortqanı tərəfindən daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul edilmiş akt daşınmaz əmlak üzərində hüququn qeydə alınması üçün əsasdır. İşin hallarından göründüyü kimi, 0,23 ha torpaq sahəsinə dair JN-535F, kod 50100068 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə Qazax rayon Aqrar İslahat Komissiyasının 07 may 1997-ci il tarixli, 06 saylı qərarı əsasında üçüncü şəxsə verilmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun: - 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir; - 10-cu maddəsində qeyd edilir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1- ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin Əsasnamənin 2-ci bəndində qeyd olunur ki, göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinə və Xəritəçəkmə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. İddianın qanuni əsasını mülkiyyət hüququnun həqiqi hüquqi vəziyyətə uyğun aparılıb-aparılmaması təşkil etdiyindən, qiymətləndirmə qüvvədə olan Qazax rayon Aqrar İslahat Komissiyasının 07 may 1997-ci il tarixli, 06 saylı qərarına uyğun olaraq 0,23 ha həyətyanı torpaq sahəsi üzərində X9 mülkiyyət hüququnun qeydə alınması üçün əsas təşkil edilib-edilməsinə qiymət verilməlidir. Bunun üçün isə ilk olaraq həmin qərar və onunla təsdiq edimiş torpaq sahələrinin ayrılmasına dair siyahının mövcudluğu müəyyən edilməlidir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 22.04.2021-ci il tarixli **********30 nömrəli və 26.04.2021-ci il tarixli 26.04.2021-ci il tarixli məktublarından görünür ki, Xidmətin tabeliyində olan “xxxx” MMC-nin arxivində aparılan araşdırma nəticəsində Qazax rayonu Kosalar kəndi üzrə (“Lenin” təsərrüfatı) Qazax rayon Aqrar İslahat Komissiyasının qərarı ilə təsdiq edilmiş vətəndaşların qanuni istifadələrində olan həyətyanı torpaq sahələrinin onların mülkiyyətinə verilməsi ilə bağlı siyahıda X9 adı aşkar edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı vəverilməsi haqqında” Əsasnamənin 5-ci bəndində müəyyən edilmişdir ki, torpağa mülkiyyət hüququna dair dövlət aktı ailə tərkibi üzrə hər bir şəxsin adı, soyadı və ona düşən torpaq payı göstərilməklə ailə başçısının adına verilir. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ailə tərkibi üzrə hər bir şəxsin adı və soyadı göstərilməklə ailə başçısının adına verilir. “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə aparılmış dövlət qeydiyyatı hazırda da hüquqi qüvvəsini saxlayır və şəhadətnamədə göstərilən bütün şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılması üçün əsasdır. Şəhadətnamədə və həyətyanı torpaq sahələrinin mülkiyyətə verilməsi ilə bağlı siyahıda adı göstərilməmiş X9 torpaq sahəsində mülkiyyət hüquqlarının qeydiyyata alınmasına əsas verən heç bir hüquqi əsas yoxdur. Cavabdeh inzibati orqan mübahisəli 0,23 ha həyətyanı torpaq sahəsinə şəhadətnamədə adı sadalanmayan kənar şəxsin mülkiyyət hüququnu qeydiyyata almaqdan imtina etməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə (üçüncü şəxs X13) qarşı “X25 komissiyasının 07.05.1997-ci il tarixli 06 saylı qərarı ilə verilmiş seriya JN-535F, KOD 50100068 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında veriləcək çıxarışda X9 adının qeyd edilməsi və elektron baza məlumatlarında düzəliş edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-493/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-493/2021
01.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver