Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-4937/2023 15.12.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı sənədlərin verilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızı İddiaçı Cavabdehnə qarşı əmanətlərlə bağlı sənədlərin surətlərinin ona verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizsəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı Cavabdehnə (üçüncü şəxslər "xxxx" ASC və "xxxx" ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmanətlərlə bağlı sənədlərin surətlərinin ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, 2002-ci ildə "xxxx" ASC və "xxxx" ASC-yə əmanətlər qoymuşdur. Həmin əmanətlərlə bağlı kitabça ona verilməmişdir. 2004-cü ildə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Həmin vaxt Banklar tərəfindən əmanətlərlə bağlı sənədlər məhkəməyə təqdim olunmuşdur. Lakin dəfərlərlə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə və Cavabdehnə həmin sənədlərin ona təqdim olunması ilə bağlı müraciətlər etsə də, həmin müraciətləri öz həllini tapmamışdır.
3. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
Əsaslandırma hissəsi:
4. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
5. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. Bənd 12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.
6. İddia ərizəsindən müəyyən olunur ki, hazırki mübahisənin əsasını Gəncə Şəhər Nizami Rayon Məhkəməsində baxılmış işin icraat materiallaında olan bank sənədlərinin iddiaçıya verilməsi ilə əlaqədar olaraq həmin orqanın üzərinə vəzifə qoyulması təşkil edir.
7. Halbuki, inzibati məhkəmədə inzibati icraat qaydasında həyata keçirilən fəaliyyətdən irəli gələn, yəni inzibati mübahisələrə baxılır. Həmin mübahisələrin predmetini isə inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.
8. Bununla bağlı qeyd edilməlidir ki, məhkəmə orqanlarının ədalət mühakiməsinin həyata keçirilməsi üzrə fəaliyyəti, həmin orqanların inzibati idarəçilik sahəsi üzrə gördüyü tədbirlərə aid deyildir. Məhkəmə orqanlarının ədalət mühakiməsinin həyata keçirilməsi üzrə fəaliyyəti daxilində olan hərəkət və ya hərəkətsizliyinin inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilməsi yolverilməzdir.
9. İddia tələbində göstərilən hallar üzrə Cavabdeh inzibati hüququn subyekti kimi çıxış etmir.
10. Həmçinin, məhkəmənin sorğusuna Cavabdeh xx.xx.2023-cü il tarixli xx-xx/2023 cavab məktubunda bildirilmişdir ki, İddiaçı cavabdehlər "xxxx" ASC-dən və Azərbaycan Beynəlxalq Bankından ona məxsus sənədlərin dublikatının alınıb verilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmiş və ərizə ərazi aidiyyəti pozulmaqla verildiyinə görə həmin Məhkəmənin xx.xx.2006-cı il tarixli qəradadı ilə geri qaytarılmışdır. İddiaçı cavabdeh Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə qarşı 2004-2005-ci illər arası X1 Cəmiyyətinin və Milli Beynəlxalq bankdan baxılıb alınan bank sənədlərinin surətlərinin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(044)-2020/2015 nömrəli qərardadı ilə iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilmişdir. İddiaçı cavabdeh Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə qarşı eyni məzmunlu ikinci iddia ərizəsinin qəbulundan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(044)-1805/2019 nömrəli qərardadı ilə iddianın yolverilməzliyinə görə imtina edilmişdir. İddiaçı yenidən cavabdeh Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə qarşı 2004-2005-ci illər arası X1 Cəmiyyətinin və Milli Beynəlxalq bankdan baxılıb alınan bank sənədlərinin surətlərinin verilməsi tələbinə dair iddia ərizəsi Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmiş və Məhkəmənin xx.xx.2019-cu il tarixli, 2(044)-3080/2019 nömrəli qərardadı ilə iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı ayrı-ayrı təşkilatlardan lazımi sənədlərin götürülməsini barədə iddia ərizəsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmiş və Məhkəmənin xx.xx.2019-cu il tarixli, 2(044)-3188/2019 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə Cavabdehnə müraciət etməmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə Cavabdehnə müraciət edərək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsində hakim X.Z.Fərhadov tərəfindən baxılmış iş üzrə çıxarılan qətnamənin surətinin ona verilməsini istəmiş və xx.xx.2023-cü il tarixli məktubla ona bildirilmişdir ki, "xxxx" ASC-dən və Azərbaycan Beynəlxalq Bankından sənədlərin dublikatının alınıb verilməsi tələbinə dair iddia ərizəsi həmin Məhkəmənin (hakim X.Z.Fərhadov) xx.xx.2006-cı il tarixli qəradadı ilə geri qaytarılmış, həmin iddia ərizəsi üzrə qətnamə qəbul edilməmişdir. Əlavə olaraq bildirilir ki, İddiaçı oxşar məzmunlu ərizələrlə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə dəfələrlə müraciət etmiş və hər dəfə onun iddiası mümkün sayılmamışdır.
11. Göründüyü kimi, iddiaçının cavabdehdən sənədlərin verilməsinə dair tələbi inzibati məhkəmə icraatında baxılan inzibati mübahisənin predmeti ola bilməz. Ona görə də, iddia mümkün sayılmamalıdır.
12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:
13. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Gülşən Əliyeva