Məhkəmə qərarları › İş №2-1(114)-494/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-494/2021

18.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-494/2021 18.03.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı sənəddə düzəliş edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə X1 Məhkəməsinə müraciət edərək, may 2011-ci il tarixdə aldığı travmanın hərbi xidmətlə səbəb əlaqəsinin “hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən almışdır” kimi qeyd edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 2010-2017-ci illərdə döyüş bölgəsində yerləşən N saylı hərbi hissədə avtomobil manqa komandiri vəzifəsində müddətli həqiqi hərbi xidmət keçmişdir, 2011-ci ilin may ayının axırlarında hərbi hissənin döyüş təminatını həyata keçirilməsi məqsədilə yük maşının sürətlər qutusunu dəyişərkən qutunun ağırlığının qəflətən üzərinə düşməsilə onurğa nahiyəsində kəskin ağrılar hiss etmiş, sonradan müalicə üçün hospitala yerləşdirilmiş, müayinə vaxtı “L4-L5 fəqərəarası diskin sağ sinir kökünü kompensasiya edən posterolateral yırtığı diaqnozu” təyin edilmişdir. Müalicə nəticəsində uçotdan çıxarılmaqla hərbi xidmətə yararsız hesab edilmiş və 2-ci qrup əlildir. Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı tərəfindən ona verilmiş xx xxxxxx 2017-ci il tarixli, 2166 nömrəli xəstəlik haqqında şəhadətnamədə travmanın hərbi xidmətlə səbəbli əlaqəsini “xəstəlikdir hərbi xidmət dövründə alınmışdır” kimi qeyd edilmiş, lakin travma hərbi xidmət vəzifələrini icra edərkən alındığından səbəbli əlaqəsi düz qeyd edilməmişdir. Hərbi hissə tərəfindən həmin dövrdə iddiaçının travma alması şəraiti haqqında müvafiq arayış hospitala təqdim edilmədiyindən travmanın alınma şəraiti haqqında səbəb əlaqəsi düzgün qeyd edilməmişdir. Bunun nəticəsində iddiaçı bir sıra hüquq və imtiyazlardan məhrum olunmuşdur. Təkrar şəhadətləndirilmək məqsədi ilə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etmək üçün travmanın alınma şəraiti barədə hərbi hissədən arayış təqdim edilməsi zərurəti yaranmışdır. Lakin iddiaçının travma almağı barədə hər hansı bir qeydiyyat hərbi hissəinin travma və zədələnmələrin qeydiyyat kitabında aparılmamışdır. Bu səbəbdən də iddiaçı zədə alması faktının müəyyən edilməsi məqsədi ilə Qazax rayon Məhkəməsinə müraciət etmiş və məhkəmə tərəfindən iddiaçının 2011-ci ilin may ayının axırlarında N saylı hərbi hissənin 2-ci taborunun avtoparkında ona təhkim olunmuş avtomobilə texniki xidmət keçirərkən belinin onurğa nahiyyəsindən zədə alması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilmişdir. Bundan sonra iddiaçı xəstəliyinin səbəbli əlaqəsinin dəyişdirilməsi məqsədilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etsə də, müraciəti cavabsız qalmışdır. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir. İddiaçı əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə tərəflərə məlumat verilməsinə baxmayaraq iddiaçı gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2021-ci il tarixli, 336 nömrəli etirazda qeyd edilmişdir ki, Qazax RHK tərəfindən 2010-cu ildən müddətdən artıq həqiqi hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı xx.xx.2017-ci il tarixdə SQ BKH terapiya profilli hospital hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmiş, onda təyin edilmiş “İdiopatik dilatasion kardiomiyopatiya. Ürək çatışmazlığı, İİ funksional sinif, L4 fəqərəsinin sağdan hissəvi laminektomiyası, L4-L5 rezidiv disk yırtığının xaric edilməsi əməliyyatından sonrakı vəziyyət” diaqnozuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 42 “a” maddəsinin İİİ qrafası və ƏTC-na əsasən “Həm dinc, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır” sayılmış və xəstəliyinin hərbi xidmətlə səbəbli əlaqəsi “Hərbihəkim ekspertizası haqqında Əsasnamə”nin 7.2 bəndinin ç)yarımbəndinə əsasən “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır" kimi təyin edilmişdir. İddiaçı xəsarət alması ilə bağlı çıxarış epikrizi və xidmət etdiyi N saylı hərbi hissənin komandiri tərəfindən travma haqqında arayış komissiyaya təqdim edilməmişdir. İddiaçı xx.xx.2011-xx.xx.2011, xx.xx.2017-xx.xx.2017 və xx.xx.2017-xx.xx.2017-ci il tarixlərdə SQ Baş Klinik Hospitalında müayinə və müalicə olunmuş və həmin vaxt onda həkimlər tərəfindən hər hansı bir travma və onun nəticələri müəyyən edilməmiş, İddiaçı özü də travma alması ilə bağlı hospital həkimlərinə heç bir müraciət etməmişdir. “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.2 bəndinin “ç” yarımbəndi ilə vətəndaş İddiaçı təyin edilmiş xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsinin “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi təyin edilməsi nəzərdə tutulmamışdır. Bu səbəbdən İddiaçı xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi düzgün təyin edilmişdir və dəyişdirilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -xx xxxxxx 2017-ci il tarixli, 2166 nömrəli Xəstəlik haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı təyin edilmiş “İdiopatik dilatasion kardiomiyopatiya. Ürək çatışmazlığı, İİ funksional sinif, L4 fəqərəsinin sağdan hissəvi laminektomiyası, L4-L5 rezidiv disk yırtığının xaric edilməsi əməliyyatından sonrakı vəziyyət” diaqnozuna əsasən “Həm dinc, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır” sayılmış və xəstəliyinin hərbi xidmətlə səbəbli əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır" kimi təyin edilmişdir. -xx.xx.2002-ci il tarixli, AO ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 42.0.2-ci maddəsinə (xəstəliyə görə) müvafiq olaraq müddətdən artıq həqiqi hərbi xidmətdən istefaya buraxılmışdır. -Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2018-ci il tarixli məlumatın surətindən görünür ki, İddiaçı hərbi xidmət dövrü ilə əlaqədar əlillik səbəbindən 2-ci dərəcə əlillik təyin edilmişdir. -Qazax Rayon Məhkəməsinin 2(021)-1417/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı 2011-ci ilin may ayının axırlarında N saylı hərbi hissənin 2-ci taborunun avtoparkında ona təhkim olunmuş avtomobilə texniki xidmət keçirərkən belinin onurğa nahiyyəsindən zədə alması faktı müəyyən edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2017-ci il tarixdə SQ BKH terapiya profilli hospital hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmiş, onda təyin edilmiş “İdiopatik dilatasion kardiomiyopatiya, ürək çatışmazlığı, İİ funksional sinif, L4 fəqərəsinin sağdan hissəvi laminektomiyası, L4-L5 rezidiv disk yırtığının xaric edilməsi əməliyyatından sonrakı vəziyyət” diaqnozuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 42 “a” maddəsinin İİİ qrafası və ƏTC-na əsasən “Həm dinc, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır” sayılmış və xəstəliyinin hərbi xidmətlə səbəbli əlaqəsi “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2 bəndinin ç) yarımbəndinə əsasən “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır" kimi təyin edilmişdir. Həmçinin Qazax Rayon Məhkəməsinin 2(021)-1417/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı 2011-ci ilin may ayının axırlarında N saylı hərbi hissənin 2-ci taborunun avtoparkında ona təhkim olunmuş avtomobilə texniki xidmət keçirərkən belinin onurğa nahiyyəsindən zədə alması faktı müəyyən edilmişdir. İşin hallarından məlum olduğu kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2018-ci il tarixdə ikinci dərəcəli əlillik verilmiş və əlilliyinin səbəbi kimi hərbi xidmət dövrü ilə əlaqədar olması qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında” Əsanamənin: -7.1-ci bəndinə əsasən hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. -7.3-cü bəndinə əsasən hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir. -7.4-cü bəndinə əsasən hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraiti haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxarır. -7.5-ci bəndinə əsasən hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş vətəndaşlarda xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi vətəndaşların özlərinin, sosial müdafiə orqanlarının, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrin, orqanların kadr aparatlarının, habelə pensiya təminatını həyata keçirən orqanların müraciəti əsasında hərbi-həkim komissiyası tərəfindən təyin edilir. Məhkəmə hesab edir ki, mübahisə predmeti olan xəstəliyinin hərbi xidmət vəzifəsinin yerinə yetirərkən bilavasitə alınması aşkar olunduqda hərbi həkim ekspertizaları tərəfindən onun yenidən müəyyən edilməsi mümkündür. Belə ki, qeyd olunduğu kimi İddiaçı hərbi vəzifəsini yerinə yetirərkən xəsarət alması ilə bağlı qanuni qüvvəsini almış Qazax Rayon Məhkəməsinin qətnaməsi vardır ki, bu da yeni müəyyən edilmiş hal hesab edilə bilər. İşin mübahisəsiz halıdır ki, iddiaçı səhhətində yaranmış xəsarəti hərbi xidmət vəzifəsini yerinə yetirərkən almış, xəsarətə səbəb olan avtomaşının surətlər qutusunun dəyişdirilməsi hərbi vəzifə zərurətindən irəli gəlmiş, bu səbəblə yaranmış zərurətlə yekunlaşmış nəticə arasında bilvasitə səbəbli-əlaqə vardır. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin müsbət həll edilməsindən imtina etməkdə haqlı olmamışdır. Odur ki, iddiaçının xəsarətinin “hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən almışdır” kimi qeyd edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1 maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. xx xxxxxx 2017-ci il tarixli, 2166 nömrəli Xəstəlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı “Ştatlı hərbi-həkim komissiyasının qərarı” dəyişdirilərək İddiaçı xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsi “hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən almışdır” kimi qeyd edilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar