Məhkəmə qərarları › İş №2-1(114)-495/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-495/2020

31.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-495/2020 31.05.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı itirakı ilə, İddiaçı cavabdeh Gəncə şəhəri üzrə İcra İdarəsinə qarşı icra ödənişinin ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Gəncə şəhəri üzrə İcra İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2019cu il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, icra ödənişinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı yaşadığı evi 2016-cı ildə “Ata-Banka”-a girov qoymuşdur. Səhhəti ilə əlaqədar olaraq Moskva şəhərinə uzun müddətli müalicəyə getmiş, qayıdanda ona məxsus evin məhkəmə tərəfindən 80.000 (səksən min) manat dəyərində qiymətləndirildiyini, lakin “Ata Bank” və icra məmuru həmin evi 51000 (əlli bir min) manata hərracda onun xəbəri olmadan satmışdır. Qalan 26.648 (iyirmi altı min altı yüz qırıx səkkiz) manatdan 1716 (min yeddi yüz on altı) manat faiz tutulmuşdur. İddiaçı hesab edirki tutulan faiz məbləği qanusuzdur. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, iş apelyasiya məhkəməsində baxıldıqdan dərhal sonra Rusiya Federasiyasına məcburi müalicəyə getmiş, 2-3 ay bundan əvvəl qayıtmışdır. İcra hərəkətlərindən isə məlumatı olmamış, həmin vaxt ailəsi həmin evdə yaşamış və evi 1 il əvvəl bank boşaldaraq götürmüşdür. Cavabdeh Gəncə şəhəri üzrə İcra İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(104)-262/2016 nömrəli icra vərəqəsinin məzmunundan görünür ki, X1 24.290,33 manat borcun tutulması, tutmanın xx.xx.2014-cü il tarixli KBAZ-092 nömrəli kredit müqaviləsinin təminatı qismində banka ipotekaya qoyulmuş, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən cavabdehə məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Əttarlar küçəsində 0.0126 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 122,3 kv.m ümumi, 82,1 kv.m yaşayış, 40,2 kv.m yardımçı sahədən ibarət 4 nömrəli fərdi yaşayış evinə yönəldilməsi və ipoteka predmetinin ilkin satış qiymətinin 80.000 (səksən min) manat məbləğdə müəyyən olunması qət edilmişdir. -Gəncə şəhəri üzrə İcra İdarəsinin xx.xx.2016-cı il tarixli, 10787/2016 nömrəli qərarından görünür ki, Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(104)- 262/2016 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır. -10787/2016 nömrəli “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(104)-262/2016 nömrəli icra sənədində göstərilən tələbin könüllü şəkildə icra edilməsi üçün İddiaçı və X2 10 gün vaxt verilmişdir. -Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinin xx.xx.2017-ci il tarixli məktubundan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Əttarlar küçəsində 0.0126 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 122,3 kv.m ümumi, 82,1 kv.m yaşayış, 40,2 kv.m yardımçı sahədən ibarət 4 nömrəli fərdi yaşayış evi 51.000 (əlli bir min) manata tələbkar "xxxx" ASC tərəfindən əldə edilmişdir. -Gəncə şəhəri üzrə İcra İdarəsinin xx.xx.2019-cu il tarixli, 10787/2016 nömrəli qərarından görünür ki, Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(104)- 262/2016 nömrəli icra sənədi üzrə icraata xitam verilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı icra işinə dair sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçının icra prosesi barədə məlumatı olmamışdır. Başqa sözlə müvafiq sənədlərin (icraata başlamaq haqqında qərarın, “tələbin könüllü icrası haqqında” bildirişin) ona çatdırılması barədə hər hansı sübut yoxdur. Bu da onu deməyə əsas verir ki, icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda İddiaçı tərəfindən üzrsüz səbəbdən icra edilməməsi halı mövcud deyil. Ona görə də məhkəmə hesab edir ki, iddiaçıya münasibətdə icra ödənişinin tətbiq edilməsi əsassız olmuşdur. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun:- -2.1 maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. -7-ci maddəsinin tələblərinə əsasən icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlərin görülməsi və s. icra məmurunun icra ilə əlaqədar vəzifələri sırasına aid edilmişdir. -70.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru bu Qanunun 8-ci maddəsinə uyğun olaraq icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. -78.1-ci maddəsinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən İddiaçı münasibətdə hesablanmış icra ödənişi ləğv edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar