Məhkəmə qərarları › İş №2-1(114)-4960/2023

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-4960/2023

21.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-4960/2023 21.11.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı torpaq sahəsinin ölçüsünə düzəliş edilməsi, torpaq sahəsinin mülkiyyətinə qeydə alınaraq çıxarışın verilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı JN-165A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə torpaq sahəsinin ölçüsünə düzəliş edilərək 0,08 ha kimi qeyd edilməsi və torpaq sahəsinin mülkiyyətinə qeydə alınaraq çıxarışın verilməsi tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Tovuz rayon Abulbəyli kənd nümayəndəliyinin xx.xx.1992-ci il tarixli sərəncamına əsasən 0,08 ha həyətyanı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətinə verilmişdir.

2. Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 24 nömrəli qərarı ilə İddiaçı Məhərrəm oğlu və ailə üzvlərinə Tovuz rayonu, Abulbəyli kəndində 0,06 ha həyətyanı torpaq sahəsinin verilməsi qərara alınmış və bu barədə Torpağın mülkiyyətə verilməsinə dair JN-165A KOD 50301004 nömrəli şəhadətnamə tərtib edilmişdir.

3. Tovuz rayonu, Abulbəyli kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısından əlyazma və elektron çıxarışlarla müəyyən edilir ki, islahat zamanı İddiaçı Məhərrəm oğlu və 4 nəfər ailə üzvünün faktiki istifadəsində 0,791 ha torpaq sahəsi olmuş, onun 0,06 ha hissəsi həyətyanı torpaq sahəsi kimi iddiaçı və ailə üzvlərinə, 0,0191 ha isə bələdiyyənin ehtiyat fonduna ayrılmışdır.

4. Tovuz rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 266 saylı arayışına əsasən Abulbəyli kənd icra nümayəndəliyinin arxivdə saxlanılan 1996-2000-ci il tarixli 12 nömrəli təsərrüfatbaşına kitabın 1019-cu şəxsi hesabında təsərrüfat İddiaçı adına olmaqla, adına 0,08 ha torpaq sahəsinin olması göstərilmişdir.

5. 13.04.2023-cü il tarixdə tərtib edilmiş aktla müəyyən edilmişdir ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-165A KOD 50301004 nömrəli şəhadətnamədə texniki səhv olaraq İddiaçı əvəzinə, İddiaçı Məhərrəm oğlu yazılmışdır. II. Məhkəmədə icraat

6. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, JN-165A nömrəli torpağın mülkiyyətə dair şəhadətnamədə onun ailə üzvlərinə verilmiş həyətyanı torpaq sahəsində 0,06 ha hissəsində düzəliş aparılıb 0,08 ha həyətyanı torpaq sahəsinin mülkiyyətinə dair qeydə alınaraq çıxarışı verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə Tovuz rayonu Abulbəyli kəndində yaşayır. Onu qeyd etmək istəyir ki, yaşadıqları evin həyətyanı sahəsi 0,08 ha torpaq sahəsi 40 ilə yaxındır ki, onların istifadəsindədir. Bütün arxiv sənədlərində də həmin torpaq sahəsi 0,08 ha onlara məxsus olması qeyd olunmuşdur. Ancaq buna baxmayaraq Aqrar İslahat Komissiyası islahat gedən vaxtı səhvən onlara 0,06 ha həyətyanı torpaq sahəsi qeyd olunmuşdur. Onun həyat yoldaşı ağır xəstə olduğu üçün həmin torpaq sahəsindən müalicəsi üçün bir qismini satmaq istəmişdir. Həmin torpaq sahəsini satan vaxtı ona məlum olmuşdur ki, Aqrar İslahat Komissiyası 0,08 ha deyil 0,06 ha qeyd etmişdir. Belə hesab edir ki, bu Aqrar İslahat Komissiyasının səhvi olub. Ona görə də həmin torpaq sahəsinə düzəliş olunmasını istəyir. Bir də onu qeyd etmək istəyir ki, onun ailə üzvlərinə həyətyanı torpaq sahəsi 0,08 ha olmasına baxmayaraq 0,06 ha həyətyanı torpaq sahəsinə dair JN-165A nömrəli torpağa mülkiyyətə dair şəhadətnamə vermişdir. Bu da X1 Komissiyasının qərarına əsasən səhvən verilmişdir.

8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

Əsaslandırma hissəsi:

9. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

10. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 3.1.İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Bənd 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Bənd 7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.

11. İddia ərizəsindən məlum olur ki, iddiaçı Tovuz rayon Abulbəyli kənd nümayəndəliyinin xx.xx.1992-ci il tarixli sərəncamına və Tovuz rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 266 saylı arayışına əsaslanmaqla, iddia edir ki, ona aqrar islahat zamanı 0,08 ha ayrılmasına baxmayaraq, ona verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-165A KOD 50301004 nömrəli şəhadətnamədə torpağın ölçüsü düzgün qeyd edilməmişdir. Onun aqrar islahatdan əvvəl də, sonra da faktiki istifadəsində 0,08 ha torpaq sahəsi olmuşdur.

12. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı eyni tələblə əvvəllər də inzibati məhkəməyə müraciət etmiş və həmin məhkəmə araşdırması zamanı Tovuz rayonu, Abulbəyli kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısından əlyazma və elektron çıxarışlarla müəyyən edilmişdir ki, islahat zamanı İddiaçı Məhərrəm oğlu və 4 nəfər ailə üzvünün faktiki istifadəsində 0,791 ha torpaq sahəsi olmuş, onun 0,06 ha hissəsi həyətyanı torpaq sahəsi kimi iddiaçı və ailə üzvlərinə, 0,0191 ha isə bələdiyyənin ehtiyat fonduna ayrılmış və bu barədə Torpağın mülkiyyətə verilməsinə dair JN-165A KOD 50301004 nömrəli şəhadətnamə tərtib edilərək, iddiaçıya təqdim edilmişdir.

13. Bu halda isə iddiaçının aqrar islahat zamanı ona 0,08 ha torpaq sahəsi ayrılması, şəhadətnamədə torpaq sahəsinin ölçüsünün səhv göstərilməsi əsası aradan qalxmış olur və iddiaçı hüquqi marağına çatmaq üçün Tovuz rayonu, Abulbəyli kəndi aqrar islahatla əlaqədar ona 0,06 ha həyətyanı torpaq sahəsinin ayrılması barədə yerli və rayon aqrar islahat komissiyalarının qərarını məhkəmədə mübahisələndirmək hüququna malikdir.

14. Eyni hal əvvəllər işə baxılan zaman da iddiaçının nəzərinə çatdırılmış və iddia tələbini hüquqi marağına uyğun dəyişdirmək ona təklif olunmuş, lakin o, bundan imtina edərək, həmin tələbə baxılmasını xahiş etdiyindən Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-2548/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Tovuz Rayon İcra Hakimiyyətinə qarşı torpaq sahəsinin ölçüsünə düzəliş edilərək 0,08 ha kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamışdır.

15. Məhkəmə qeyd edir ki, İddiaçı Məhərrəm oğlu və ailə üzvlərinə Tovuz rayonu, Abulbəyli kəndində 0,06 ha həyətyanı torpaq sahəsi Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 24 nömrəli qərarı ilə verildiyindən və həmin qərar qüvvədə olduğundan, Torpağın mülkiyyətə verilməsinə dair JN-165A KOD 50301004 nömrəli şəhadətnamədə torpaq sahəsinin ölçüsünə düzəliş edilməsi mümkün deyildir.

16. Ona görə də, iddia mümkün sayılmamalıdır.

17. İPM-ə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:

18. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. İddiaçının nəzərinə çatdırılsın ki, iddianın mümkün sayılmaması, mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar