Məhkəmə qərarları › İş №2-1(114)-499/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-499/2024

07.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-499/2024 07.06.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçı, üçüncü şəxslər X5, X4, X2, üçüncü şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi, X5, X4, X6) yaşayış sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, X7 tərəfindən 20 dekabr 2001-ci il tarixli 37 nömrəli orderlə ona verilmiş ünvan 1 üzərində onun mülkiyyət hüquqlarının qeydə alaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, X7 tərəfindən 20 dekabr 2001-ci il tarixli 37 nömrəli orderlə ona verilmiş ünvan 3 saylı evin 516, 517, 518, 519 və 520 nömrəli yaşayış sahələri üzərində mülkiyyət hüquqlarının qeydə alaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, həmin ərizə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-499/2024 nömrəli qərardadı ilə məhkəmənin icraatına qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-499/2024 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi, xx.xx.2024-cü il tarixli 2-1(114)-499/2024 nömrəli qərardadı ilə X5, X4, X6 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına zəruri qaydada cəlb edilmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanındakı mənzil X7 tərəfindən 20 dekabr 2001-ci il tarixli 37 nömrəli orderlə ona verilmişdir və o, 20 oldən çoxdur ki, orada yaşayır. Mənzilə hüquqları olan ailə üzvlərinin hamısı mənzilin onun adına özəlləşdirilməsinə razıdırlar. Lakin cavabdeh orqan müxtəlif bəhanələrlə ərizəni təmin etməmişdir. Halbuki Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununa əsasən cavabdehin hüquq subyektləri qarşısında öhdəliyi var ki, o, iddiaçının hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almalıdır. Həmin mənzilə dair hüquqların dövlət reyestrində qeydə alınması üçün cavabdeh orqana müraciət edilsə də, imtina cavabı alınmışdır. İş üzrə şifahi məhkəmə baxışı iclası 07 iyun 2024-cü il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş və tələbin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxslər X5, X4 və X6 məhkəmə iclasında izahat verərək, iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Üçüncü şəxsin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək, iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-8542/2023 nömrəli etirazında qeyd edilmişdir ki, aparılan araşdırma zamanı ərizəyə əlavə edilmiş sənədlərin qanunvericiliyin tələblərinə uyğun olmadığı aşkar edilmişdir, belə ki, təqdim edilmiş “X3” xx.xx.2001-ci il tarixli, 37 saylı orderi mənzilin özəlləşdirilməsi üçün əsas hesab olunmur. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və iddiaçıya xx.xx.2023-cü il tarixli 3-21-3- 33/2-7328/2023 nömrəli cavab məktubu ünvanlanmışdır. Mənzil fondunun özəlləşdirilməsinin ümumi qaydaları, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu ilə tənzimlənir. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi, mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 nömrəli forma) mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı order və ya mənzil kirayə müqaviləsi mənzilin özəlləşdirilməsi üçün əsas hesab olunur. Hesab edirik ki, iddiaçının “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 3 saylı Gəncə Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatınln dəqiqliyinə cavabdehdir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. “Daşımaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Göstərilənlərdən aydın olur ki, iddiaçı tərəfindən mənzilin özəlləşdirilməsi Qanunun tələblərinə ziddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3 və 35.1-ci maddələrini nəzərə alaraq, iddia ərizəsinə etiraz bildirərək, iddianın mümkün sayılmaması haqqında qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə araşdırmasının predmetini aşağıdakılar təşkil etmişdir: -iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, **********133, **********134 və **********133 nömrəli təsdiq olunmuş ərizələrdən görünür ki, üçüncü şəxslər X5, X4 və X1 mənzilin iddiaçının adına bütövlükdə özəlləşdirilməsinə etiraz etməmişlər. -iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Gəncə Şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 4 saylı sahəsi tərəfindən verilmiş arayış-forma 2-dən görünür ki, Gəncə şəhəri, Nizami küçəsi, ev 239, mənzil 10-da İddiaçı və üçüncü şəxslər X5, X4 və X2 yaşamaq hüququ vardır. -iş materiallarına əlavə edilmiş cavabdeh orqan tərəfindən iddiaçıya təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-7328/2023 nömrəli məktubdan görünür ki, X3 20 dekabr 2001-ci il tarixli 37 nömrəli orderi mənzilin özəlləşdirilməsi üçün əsas hesab olunmadığı üçün ərizənin icrası mümkün olmamışdır. -iş materiallarına əlavə edilmiş X3 20 dekabr 2001-ci il tarixli 37 nömrəli orderinin surətindən görünür ki, iddiaçı ailə üzvləri ilə birlikdə ünvan 3 ünvanı üzrə blok 1, mərtəbə 5, 516, 517, 518, 519 və 520 nömrəli otaqlarda yaşamaq hüququna malik olmuşdur. -iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Gəncə Şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixli, M-1130 nömrəli məktuba əlavə edilmiş şəxsi hesab vərəqəsindən görünür ki, Nizami küçəsi, 239 nömrəli binanın 516, 517, 518, 519 və 520 nömrəli otaqları İddiaçı adına qeyd olunmuşdur. -iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 15 nömrəli Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə Müqaviləsindən görünür ki, müqavilənin predmetini müqaviləyə görə kirayəyə verən Nizami küçəsi, 239 nömrəli yataqxananın 516, 517, 518, 519 və 520 nömrəli otaqlarında yerləşən 73.77 kv. metrdən ibarət 5 otaqlı yaşayış sahəsinin haqqı ödənilməklə, müvəqqəti yaşamaq üçün Azərbaycan Respublikasının Mənzil Məcəlləsi və bu Müqavilə ilə müəyyən edilmiş şərtlərlə, müddətsiz Kirayəçinin sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. -iş materiallarına əlavə edilmiş Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli, 141 nömrəli Sərəncamından görünür ki, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" MMC-nin balansında olan Gəncə şəhəri, Nizami prospekti 239 nömrəli ünvanda yerləşən 5 mərtəbəli ailəvi yataqxana və torpaq sahəsi 2.4 ha olan idman meydançası əvəzsiz olaraq Gəncə şəhəri Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansına qəbul edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və iddia tələbinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə işin hallarını, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçıya ailə üzvləri ilə birlikdə ünvan 3 ünvanı üzrə blok 1, mərtəbə 5, 516, 517, 518, 519 və 520 nömrəli otaqlarda yaşamaq hüququ verən X3 20 dekabr 2001-ci il tarixli 37 nömrəli orderi verilmişdir. İddiaçı hazırda sözügedən mənzil üzərində yaranmış mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını və müvafiq çıxarışın verilməsini tələb edir. Cavabdeh inzibati orqan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi iddiaçının müraciətinin icra edilməsindən imtina etməsini X3 20 dekabr 2001-ci il tarixli 37 nömrəli orderinin mənzilin özəlləşdirilməsi üçün əsas hesab edilməməsi ilə əsaslandırmışdır. İşin faktiki hallarına və aşağıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətinə və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər. 15.1. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi mövcud qanunvericilik hüquqların dövlət qeydiyyatına alınmasından imtina hallarını konkret olaraq sadalamış və dairəsini müəyyənləşdirmişdir. Həmin halların genişləndirici təfsir ilə dairəsinin artırılması hüququn müəyyənlik prinsipi ilə ziddiyyət təşkil edəcəkdir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən, hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi... "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 6-cı maddəsinə əsasən, təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər. Memarlıq, tarixi və mədəni abidə sayılan binalardakı mənzillər özəlləşdirildikdən sonra həmin binaların arxitektura görkəmini pozmaq, binanın mədəni, tarixi dəyərinə xələl gətirmək qadağan edilir. Həmin binalar satılarkən onları almaqda dövlət üstün hüquqa malikdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə əsasən, sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən, bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. Həmin Məcəllənin 146.3-cü maddəsinə əsasən, bu Məcəllənin 146.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahələrinin özəlləşdirilməsi Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulduğu hallarda və qaydada həyata keçirilə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının 2 iyul 2019-cu il tarixli 1653- VQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Mənzil Məcəlləsinə aşağıdakı yeni məzmunda 146.4-cü maddə əlavə edilmişdir, lakin həmin Qanun 27 avqust 2019-cu il tarixdən qüvvəyə minmişdir: Maddə 146.4. Dövlət mənzil fondunun bu Məcəllənin 146.1-ci maddəsinə aid edilməyən yaşayış sahələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada özəlləşdirilməsinə yol verilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının hazırkı hüquqi marağı mülkiyyət hüququnun əldə edilməsi deyil, əvvəllər əldə etdiyi mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışı əldə etməkdir. Cavabdeh orqan isə işin faktiki hallarına uyğun olmayan səbəblərdən iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Belə olan halda məhkəmənin qənaətinə görə ünvan 3 saylı evin 516, 517, 518, 519 və 520 nömrəli yaşayış sahələrinə İddiaçı mülkiyyət hüququ yarandığından, Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11 və 10-cu maddələrinə əsasən, onun həmin daşınmaz əmlaka hüquqları qeydiyyata alınmalı və bu barədə reyestrdən çıxarış verilməlidir. Odur ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin imtinası qanunazidd sayılmalı və iddiaçının mülkiyyətçi kimi hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. - 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 3 saylı evin 516, 517, 518, 519 və 520 nömrəli yaşayış sahələri üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Ünvan: Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar