Məhkəmə qərarları › İş №2-1(114)-4996/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-4996/2025

29.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-4996/2025 29.01.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə, cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsinə qarşı “cavabdehin xx.xx.2025-ci il tarixli, xxxxxxx0004 nömrəli qərarının ləğv edilməsi və ona xx.xx.2025-ci il tarixdən orqanizmin funksiyasının 35-60 faiz pozuntusuna görə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbli əlaqəsi ilə 2 il müddətinə əlilliyin təyin edilməsi barədə qərar qəbul olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşdəki sənədlərə əsasən: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1996-cı il tarixdə Ağstafa rayonu, Aşağı Göycəli kəndində anadan olmuş, hazırda ünvan 1i ünvanda qeydiyyata olmaqla yaşayır. İddiaçı xx.xx.2020-ci il tarixdə Suqovuşan uğrunda gedən döyüşlər zamanı düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində “Partlayış travması. Barotravma, kontuziya” diaqnozu ilə xəsarət almışdır. Müdafiə Nazirliyinin “N” saylı hərbi hissənin xx.xx.2022-ci il tarixli 99 nömrəli travma haqqında arayışına əsasən həmin xəsarət (yaralanma, travma, kontuziya) döyüş “tapşırığını yerinə yetirərkən” alınmışdır. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim komissiyasının xx.xx.2025-ci il tarixli, 151 nömrəli qərarı ilə iddiaçının “F07.0 Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı tez-tez dekompensasiyalarla baş verən funksional tutmalarla müşahidə olunan ağır dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalarla. F62.0 Fəlakət (müharibə) keçirtdikdən sonrakı şəxsiyyətin davamlı dəyişikliyi. T90.5, G90 Partlayış travması (xx.xx.2020). Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsinin davamlı vegetativ damar davamsızlığı, xroniki sefalgik və insomnik sindrom ilə təzahür edən nəticəsi. G40.1 Posttravmatik simptomatik epilepsiya, tez-tez təkrarlanan qıcolma tutmaları ilə. T70.0, H93.3, H90.3 Barotravma (xx.xx.2020) nəticəsində ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor tip ağıreşitmə, piçıltı nitqinin hər iki qulaqda 4 (dörd) metr məsafədə eşitməsi ilə. M23.2 Hər iki diz oynağının ön çarpaz bağının köhnə hissəvi zədələnməsi" diaqnozu "HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR". Hazırda iddiaçı barədə şəhadətnamə qüvvədədir. İddiaçı əlilliyin təyini ilə bağlı bir neçə dəfə cavabdehə müraciət etmişdir. İddiaçı barəsində sonuncu dəfə X1 tərəfindən xx.xx.2025-ci il tarixdə göndəriş tərtib edilmiş və iddiaçıya aşağıdakı diaqnoz qoyulmuşdur: Əsas diaqnoz: T90.5 – Kəllədaxili travmaların nəticələri, Partlayış travması (xx.xx.2020) Keçirilmiş qapalı kəlləbeyin travması, baş beyin silkələnməsinin davamlı vegetativ damar davamsızlığı, xroniki sefalgik və insomnik sindrom ilə təzahür edən nəticəsi. Ağırlaşma: F07.0 - Üzvi mənşəli şəxsiyyət pоzuntusu, Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəlləbeyin travması, baş beyin silkələnməsind ən sonrakı teztez dekompensasiy alarla baş verən funksional tutmalarla müşahidə olunan ağır dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalarla. Ağırlaşma: G40.1 - Sadə parsial tutmalarla müşahidə olunan lokalizə olunmuş, Posttravmatik simtomatik epilepsiya, teztez təkrarlanan qıcolma tutmaları ilə (ayda 6-8 dəfə). Ağırlaşma: T70.0 - Qulağın barotravması, Barotravma (xx.xx.2020) nəticəsində ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor tip ağıreşitmə, pıçıltı nitqinin hər iki qulaqda 4 (dörd) metr məsafədən eşitməsi ilə. Yanaşı xəstəliklər: M23.2 – Keçmiş travma və cırılma nəticəsində meniskin zədələnməsi, Hər iki diz oynağının ön çarpaz bağının köhnə hissəvi zədələnməsi. Yanaşı xəstəliklər: F62.0 - Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Fəlakət (müharibə) keçirdikdən sonrakı şəxsiyyətin dəyişikliyi Həmin diaqnoz üzrə iddiaçının əlilliyi xx.xx.2025-ci il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Qiymətləndirmədən narazı qalan iddiaçının müraciətinə əsasən iddiaçı və digər 15 nəfər vətəndaşın xx.xx.2025-ci il tarixdə əyani müayinəsi keçirilmiş və Komissiyanın xx.xx.2025-ci il tarixli, 3-17-4/3-3-4787/2025 nömrəli qərarı qəbul edilmişdir. Həmin qərarda iddiaçının diaqnozları sadalanmış və qeyd edilmişdir ki, xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı özünü təqdim etmiş, ətrafdakı insanlarla münaqişə yaratmasından, qıcolmalardan, yuxusuzluqdan, əsəbilikdən, şübhələrinin olmasından şikayətlənmişdir. Öz-özünə danışdığını, gözünün önündə nəsə canlandığını, onunla danışdığını (müharibə ilə əlaqəli), şübhələrinin olduduğunu, kiminləsə danışarkən həmin şəxsin onu alçaltmaq istədiyini düşünərək mübahisə etdiyini qeyd etmişdir. Qıcolma tutmalarından şikayətlənmiş olsa da, anamnestik olaraq təsvir edə bilməmişdir. Medikamentoz preparatlardan "Depakin 500", "Zolomaks" qəbul etdiyini söyləmişdir. İşləmədiyini bildirsə də, əllərin ovuc səthlərində əmək qabarlı və dırnaqlarının qara kirli olması izlənilmişdir. Psixi statusu: Xarici görkəmi yaşına və situasiyaya uyğun olmuşdur. Düşüncəsi aydın, ünsiyyətə nümayişkarcasına qoşulmuş, suallara cavab verərkən qeyrisabit davranış nümayiş etdirmişdir. Verdiyi məlumatlarda sanki fərqli-fərqli psixiatrik xəstəliklərdən cəmlənmiş, bir-birinə uyğun olmayan şikayətlər bildirmişdir. Yaddaşı qorunmuş, bələdliyi tam olmuşdur. Zehni inkişantansmna uygan dəyərləndirilmişdir. Ümumi müşahidə və aparılan klinik qiymətləndirmə əsasında təqdim etdiyi simptomların psixotik pozuntuya uyğun gəlmədiyi, klinik tablo ilə real psixi xəstəlik arasında uyğunsuzluq olduğu və psixi pozuntunun simulyasiyası ehtimalının yüksək olduğu qənaətinə gəlinmişdir. 2015-2016 il tarixlərdə müddətli həqiqi hərbi xidmətdə olub, 2017- 2022 il tarixlərdə gizir rütbəsində hərbi xidmətdə olub. İİ Qarabağ Müharibəsində iştirak etmişdir. Ordu sıralarından xəstəlik ilə tərxis edilmişdir. Subay olduğunu, valideynləri ilə yaşadığını, işləmədiyini qeyd etmişdir. DMA-ya müraciət etsə də işlə təmin edilmədiyini bildirmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən "Üzvi mənşəli şəxsiyyət pozuntusu. Kompensasiya vəziyyəti" kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra cavabdehin xx.xx.2025-ci il tarixli, xxxxxxx0004 nömrəli Qərarı sistemə xx.xx.2025-ci il tarixdə daxil edilmişdir. xx.xx.2025-ci il tarixdə iddiaçıya SMS bildiriş göndərilərək xx.xx.2025-ci il tarixli göndərişə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyinatından imtina edilməsi barədə məlumat verilmişdir. SMS-də qərarla razılaşmadığı təqdirdə ərazi üzrə TSEK-ə yaxınlaşa və ya 30 gün müddətində müvafiq inzibati məhkəməyə müraciət edə bilməsi izah olunmuşdur. Məhkəmə mübahisəsi: İddiaçı xx.xx.2025-ci il tarixdə cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsinə qarşı Gəncə İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia ərizəsi xx.xx.2025-ci il tarixdə qeydiyyata alınmışdır. Daha sonra iddiaçının səlahiyyətli nümayəndəsi tələbin dəqiqləşdirilməsi barədə ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2025-ci il tarixli, xxxxxxx0004 qərarının ləğv edilməsi və ona xx.xx.2025-ci il tarixdən orqanizmin funksiyasının 35-60 faiz pozuntusuna görə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbli əlaqəsi ilə 2 il müddətinə əlilliyin təyin edilməsi barədə qərar qəbul olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2026-cı il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməmiş və iddianın təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(114)-4996/2025 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Psixiatrik Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, 3599 nömrəli rəyinə əsasən Üzvi (X3 zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, anamnezində funksional tutmalar ilə (F07.0) aşkar olunur. Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, anamnozindo funksional tutmalar ilə (F07.0) aşkar olunur, Elmi ədəbiyyatdakı məlumata əsasən, nisbətən uzun zaman ərzində formalaşan bir patologiya olan Üzvi mənşəli şəxsiyyət pozuntusu üzvi xəstəliklərin (kəllə-boyin travması nəticəsində) ağır keçən uzaq nəticələrindən biri hesab olunur. Üzvi mənşəli şəxsiyyət pozuntusunun tam reabilitasiyası mümkün deyil, lakin İddiaçı Vaqıf oğlunun vəziyyətinin stabil saxlanılması və sosial adaptasiyası məqsədilə əlavə müalicə və psixiatrik nozarətə ehtiyacı vardır. Yoxlanılan şəxs İddiaçı X1 tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş tibbi göndərişdə aparılan müayinələrin nəticələri diaqnozda öz əksini tapır. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci və 31.1-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia qaldırmışdır. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Belə ki, iddiaçı iddiasında ona əlilliyin təyinindən imtina edilməsi ilə bağlı qərarın ləğvini və ona müvafiq əlilliyin təyin edilməsini tələb etsə də, bu halda qərarın ləğvi ona əlilliyin təyin edilməsi tələbinin təmininə yönəlmişdir. Məcburetmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.2-ci maddəsi) əməl olunmalıdır. İddiaçı əlilliyin təyini barədə cavabdeh orqana müraciət etmiş, inzibati orqan tərəfindən xx.xx.2025-ci il tarixli qərarla onun arzuladığı inzibati aktın qəbul olunmasından imtina edilmiş, vətəndaş həmin qərardan inzibati qaydada şikayət vermiş, cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli qərarla yenə imtina cavabı verilmiş və xx.xx.2025-ci il tarixdə SMS-lə qərar barəsində məlumat verilmişdir. İddiaçı hazırkı tələblə xx.xx.2025-ci il tarixdə iddia ərizəsinin məhkəməyə göndərilməsi üçün kuryerə təqdim etmişdir. Məhkəmənin xx.xx.2026-cı il tarixli qərardadı ilə iddia qaldırılması üçün ötürülmüş prosessual müddət bərpa edilmişdir. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona əlillik dərəcəsinin təyin edilməsinə yönəlmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun: 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydaların Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1-ci bəndində qeyd olunur ki, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. 2.5-ci bəndində göstərilmişdir ki, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. Yuxarıda qeyd olunan normalara əsasən tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 88-də əks olunmuş xəstəliklərin şəxsdə aşkar edilməsi və həmin xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda əks olunması əlilliyin təyininə hüquqi və faktiki olaraq əsas yaradır. Hazırkı işlə bağlı qeyd edilməlidir ki, iş materiallarında olan tibbi sənədlərdən və səhiyyə müəssisəsi tərəfindən verilmiş göndərişdən (Forma 88) müəyyən olunur ki, iddiaçıya xəstəliyi ilə bağlı qoyulmuş ağırlaşma diaqnozu F07.0 kodu altında olan “üzvi mənşəli şəxsiyyət pozuntusu” olmuşdur. İddiaçıya qoyulmuş diaqnozun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.1-ci bəndi ilə nəzərdə tutulmuş xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətlərinə, orqanizmin funksiyalarının pozulmasının 35-60 faizinə uyğun olduğu işin araşdırılmış halları ilə müəyyən edilir. Kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadına istinad olunmaqla qəbul etdiyi qərardad(lar)da (xx.xx.2024-cü il tarixli 2-1(102)-1940/2024 nömrəli) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, şəxsin səhiyyə müəssisəsinin göndərişində qeyd edilmiş diaqnozu iş materialları ilə öz təsdiqini tapırsa və həmin diaqnoz şəxsə müvafiq əlillik dərəcəsinin təyin edilməsi üçün meyarların müvafiq bəndinə uyğundursa, cavabdeh inzibati orqan tərəfindən müvafiq əlillik dərəcəsinin təyin olunmasından imtina edilməsi onun qanunla qorunan hüquqlarının pozulmasına səbəb olacaq və işin konkret halı nəzərə alınmaqla, onun vəziyyətinə mütənasib olmayacaqdır. Cavabdeh hər bir halda əlilliyin müəyyən olunması məsələsinə fərdi yanaşmalı, iş üzrə müəyyən olunmuş hallara obyektiv qiymət verməlidir. Həmçinin, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda, həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Bu mənada, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından, şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən, tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən, şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni, əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Odur ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. İşdə olan sənədlərlə müəyyən edilir ki, iddiaçıya Üzvi mənşəli şəxsiyyət pоzuntusu, Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəlləbeyin travması, baş beyin silkələnməsind ən sonrakı teztez dekompensasiy alarla baş verən funksional tutmalarla müşahidə olunan ağır dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalarla” diaqnozu qoyulmuş və ağır dərəcəli simptomlarla müşahidə edildiyi göstərilmişdir. Belə olduqda, qeyd edilən diaqnoz əlillik təyinatına əsas verən həcmdə olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, səhiyyə müəssisəsi tərəfindən təqdim edilən Forma 88 arayışına əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.1-ci bəndi ilə nəzərdə tutulmuş əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) orqanizmin funksiyalarının pozulmasının faizinin 35-60 faizinə uyğun olmasına baxmayaraq iddiaçıya əsassız olaraq əlilliyin təyin edilməsindən imtina edilmişdir. Ona görə də, təyin olunmuş diaqnoz üzrə iddiaçıya əlilliyin təyinatı olmalıdır. Həmçinin, o da nəzərə alınmalıdır ki, Forma 88 arayışına əsasən və xəstəlik haqqında şəhadətnaməyə əsasən yuxarıda qeyd edilən diaqnozun səbəbli əlaqəsi HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR olmuşdur. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehin xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməli, ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar xx.xx.2025-ci il tarixdən orqanizmin funksiyasının 35-60 faiz pozuntusuna görə iki il müddətinə əlilliyin müəyyən edilməsi barədə qərar qəbul olunması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, xxxxxxx0004 nömrəli qərarı ləğv edilsin. İddiaçı xx.xx.2026-cı il tarixdən orqanizmin funksiyasının 35-60 faiz pozuntusuna görə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbli əlaqəsi ilə 2 il müddətinə əlillik müəyyən olunması barədə qərar qəbul edilməsi vəzifəsi cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar