Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-5/2020 01.12.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, iddiaçı Naiqin K “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X4, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı X5 nümayəndəsi Mustafayev Rövşən Yunis oğlunun, üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Tovuz rayon filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Naiqin K “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı X3rşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Tovuz rayon filialı) dəymiş ziyanın, əldən çıxmış faydanın ödənilməsi, sərəncamların ləğv edilməsi və borcun silinməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Naiqin K “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon şöbəsinə qarşı xx.xx.2018-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək cavabdehin qanunsuz hərəkətləri nəticəsində Naiqin K “xxxx” MMC-yə dəymiş maddi ziyan kimi 389.748 (üç yüz səksən doqquz min yeddi yüz qırx səkkiz) manat məbləğində pulun alınıb iddiaçıya verilməsi, cavabdeh tərəfindən Naiqin K “xxxx” MMC-nin “xxxx” ASC-də və digər banklarda olan hesablarının üzərinə qoyulmuş sərəncamların ləğv edilməsi və borcların silinməsi, Naiqin K “xxxx” MMC-nin hesablarının üzərinə qoyulmuş sərəncamlar nəticəsində şirkətin fəaliyyətinin dayanması, şirkətin öz tərəfdaşlarını itirməsi nəticəsində əldən çıxmış fayda kimi 200.000 (iki yüz min) manat məbləğində pulun cavabdehdən tutulub Naiqin K “xxxx” MMC-yə ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 2-1(83)-73/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon şöbəsi Azərbaycan Respublikası Vergilər Nazirliyi 14 saylı X9 ilə əvəz edilmiş, həmçinin məhkəmənin 2- 1(114)-5/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon şöbəsi iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh tamamilə əsassız olaraq xeyli vaxtdır iddiaçı müəssisəni məhkəmələrə verməklə onların əsassız olaraq məhkəmələrdə iştirak etməyinə və vaxtlarının əsassız yerə sərf etmələrinə səbəb olan iddialar qaldırmışdır. Cavabdehin iddialarında belə bir dəlilə istinad olunur ki, iddiaçı 88.250,70 manat məbləğində pulu DSMF-nin Tovuz rayon şöbəsinin xeyrinə ödəməlidir. İddiaçının bankda olan hesabına cavabdeh tərəfindən əsassız olaraq həbs qoyulmuş, müəssisənin hesabında olan pul vəsaitindən istifadə etmək mümkün olmamış və nəticədə müəssisənin işgüzar nüfuzuna maddi ziyan dəymişdir. Müəssisənin hal-hazırda və əvvəllər də 19 nəfər işçisi olmuşdur. Bu şəxslərin müəssisə ilə əmək müqaviləsi var və əmək müqaviləsinə uyğun olaraq hər ay sığorta məbləği DSMF-nin Tovuz rayon şöbəsinə ödənilir. Cavabdeh əlində heç bir əmək müqaviləsi olmayan insanların adı belə olmadığı halda iddiaçıdan 88.250,70 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı tələb edir. Halbuki məcburi dövlət sosial sığorta haqqı tələb etmək üçün hər bir işçinin əmək müqaviləsinin surəti və işçi haqqında bütün məlumatlar sığorta idarəsinə təqdim edilməlidir. Buna baxmayaraq cavabdeh iddiaçının bank hesabları üzərinə sərəncam qoymaqla onun işgüzar nüfuzuna külli miqdarda ziyan vurmuşdur. Nəticədə iddiaçının xarici şirkətlərlə olan fəaliyyətində geriləmələr olmuş, bu da həmin şirkətlər qarşısında iddiaçının götürdüyü öhdəliyin yerinə yetirilməməsinə səbəb olmuş və bunun da nəticəsində beynəlxalq müqavilələrlə işləyən müəssisəyə 389.748 manat dəyərində ziyan dəymişdir. Buna görə də məhkəmə qaydasında cavabdehin qanunsuz hərəkətlərinin qarşısı alınmalı və cavabdehin qanunsuz hərəkətləri nəticəsində Naiqin K “xxxx” MMC-yə dəymiş maddi ziyan kimi 389.748 (üç yüz səksən doqquz min yeddi yüz qırx səkkiz) manat məbləğində pul alınıb iddiaçıya verilməli, cavabdeh tərəfindən Naiqin K “xxxx” MMCnin “xxxx” ASC-də və digər banklarda olan hesablarının üzərinə qoyulmuş sərəncamlar ləğv edilməli və borc silinməli, Naiqin K “xxxx” MMC-nin hesablarının üzərinə qoyulmuş sərəncamlar nəticəsində şirkətin fəaliyyətinin dayanması, şirkətin öz tərəfdaşlarını itirməsi nəticəsində əldən çıxmış fayda kimi 200.000 (iki yüz min) manat məbləğində pul cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. İddiaçının nümayəndəsi X8 iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi Mustafayev Rövşən Yunis oğlu məhkəmə iclasında iddianı qəbul etmədiyini bildirmişdir. Üçüncü şəxsin nümayəndəsi X2 iddianı qəbul etməmiş, əlavə olaraq bildirmişdir ki, 88.250,70 manat borc 2002-ci ildən 2018-ci ilədək olan dövr üzrə yaranmış borcdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Naiqin K “xxxx” MMC-nin xx.xx.2018-ci il tarixli, 09/01 nömrəli arayışında Cəmiyyətin 19 nəfər işçisinin olması qeyd edilmişdir. -14 saylı X5 xx.xx.2018-ci il tarixli **********497200 nömrəli məktubundan görünür ki, Naiqin K “xxxx” MMC-nin 2010-cu ildə 31, 2011-ci ildə 28, 2012-ci ildə 53, 2013-cü ildə 71, 2014-cü ildə 27, 2015-ci ildə 26, 2016-cı ildə 20, 2017-ci ildə 19, 2018-ci ildə 19 işçisi olmuşdur. -Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu vəsaitləri üzrə haqqhesab cədvəllərindən görünür ki, Naiqin K “xxxx” MMC-nin 2002-ci ildə 102, 2003-cü ildə 54, 2004-cü ildə 52, 2005-ci ildə 50, 2006-cı ildə 67, 2007-ci ildə 42 və 2008-ci ildə 57 nəfər işçisi olmuşdur. -xx.xx.2018-ci il tarixli 188/********** nömrəli sərəncamdan görünür ki, Naiqin K “xxxx” MMC-nin “xxxx” ASC-də olan hesabına DSMF-nin Tovuz rayon şöbəsi tərəfindən 100.146,73 manat məbləğində sərəncam qoyulmuşdur. -xx.xx.2018-ci il tarixli 188/********** nömrəli, 188/********** nömrəli, 188/********** nömrəli, 188/********** nömrəli, 188/********** nömrəli, 188/********** nömrəli, 188/********** nömrəli sərəncamlardan görünür ki, Naiqin K “xxxx” MMC-nin “xxxx” ASC-də olan hesabına DSMF-nin Tovuz rayon şöbəsi tərəfindən 117.790,20 manat məbləğində sərəncam qoyulmuşdur. -xx.xx.2018-ci il tarixli 188/********** nömrəli sərəncamdan görünür ki, Naiqin K “xxxx” MMC-nin “xxxx” ASC-də olan hesabına DSMF-nin Tovuz rayon şöbəsi tərəfindən 20.931,80 manat məbləğində sərəncam qoyulmuşdur. -DSMF-nin Tovuz rayon şöbəsinin xx.xx.2018-ci il tarixli, 69/7-1849 nömrəli məktubundan görünür ki, Naiqin K “xxxx” MMC-nin “xxxx” ASC-də olan hesabına qoyulmuş inkasso sərəncamı təşkilatın rəhbərliyinin müraciətindən sonra fond tərəfindən götürülmüş və təşkilatın bank əməliyyatlarına qoyulmuş məhdudiyyət aradan qaldırılmışdır. -Naiqin K “xxxx” MMC-nin DSMF-yə təqdim etmiş olduğu hesabatları əsasında yaranmış olan borc məbləğinin illər üzrə açıqlama cədvəlindən görünür ki, Naiqin K “xxxx” MMC-nin xx.xx.2002-ci ilədək və həmin tarixdən 2015-ci ilin İV rübünədək ümumilikdə 88250,70 manat sosial sığorta haqqı borcu yaranmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən iş üzrə verilmiş xx.xx.2019-cu il tarixli, 33713 nömrəli ekspert rəyindən görünür ki, DSMF-nin Tovuz rayon şöbəsi tərəfindən Naiqin K “xxxx” MMC-yə hesablanmış 88.250.70 manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə pul məbləğinin düzgünlüyü mövcud iş materialları ilə müəyyən etmək mümkün olmamışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olsa da,mahiyyət baxımından əsaslı deyil. Belə ki, iddia ərizəsindən görünür ki, hazırki iddia üzrə tələb aşağıdakı 3 hissədən ibarətdir: 1) dəymiş ziyanın, əldən çıxmış faydanın ödənilməsi; 2) sərəncamların ləğv edilməsi; 3) borcun silinməsi. Məhkəmə tələbin “dəymiş ziyanın, əldən çıxmış faydanın ödənilməsi” hissəsi ilə bağlı aşağıdakəların qeyd olunmasını zəruri hesab edir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda xx xxxxxx 2018-ci il tarixli 1360-VDQ nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir (Qanunun 9-1.1-ci maddəsi). Göründüyü kimi yuxarıda sadalanan səlahiyyətlər vergi orqanına verilmişdir. Lakin sözügedən Qanuna həmin dəyişikliklə Dövlət Sosial Müdafiə Fondunun hər hansı subyektə vurduğu ziyanın ödənilməsinin hüquqi varislik qaydasında vergi orqanına keçməsi nəzərdə tutulmamışdır. Ona görə də qeyd olunan öhdəliklər üzrə vergi orqanı cavabdehlik daşıya bilməz. Bununla bağlı iddiaçıya xx.xx.2020-ci il tarixli sərəncam göndərilərək tələbin “dəymiş ziyanın, əldən çıxmış faydanın ödənilməsi” hissəsi üzrə cavabdeh orqan qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon şöbəsinin çıxış etməsinin daha məqsədəuyğun olması izah edilmiş, həmçinin iş üzrə məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında iddiaçının nümayəndəsinə cavabdehin əsl cavabdehlə əvəz edilməsi və yaxud Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon şöbəsinin əlavə cavabdeh qismində cəlb edilməsi və nəticələri izah olunmuş, lakin iddiaçının nümayəndəsi iddia üzrə cavabdeh qismində 14 saylı X5 çıxış etməli olduğunu bildirmişdir. Deməli yuxarıda qeyd olunan normaların tələbinə əsasən tələbin qeyd olunan hissəsi üzrə 14 saylı X9 cavabdehlik daşımadığından tələb həmin hissədə əsaslı sayıla bilməz. Həmçinin tələbin “borcun silinməsi” hissəsi ilə bağlı qeyd olunur ki, iddiaçı 2018-ci ildə 19 işçisinin olması barədə sənəd təqdim etsə də, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon şöbəsi tərəfindən təqdim edilmiş Dövlət Sosial Müdafiə Fondu vəsaitləri üzrə haqq-hesab cədvəllərindən görünür ki, Naiqin K “xxxx” MMC-nin 2002-ci ildə 102, 2003-cü ildə 54, 2004-cü ildə 52, 2005-ci ildə 50, 2006-cı ildə 67, 2007-ci ildə 42 və 2008-ci ildə 57 nəfər işçisi olmuş və bu minvalla 2015-ci ilin İİİ rübünə 88.250,7 manat borcu yığılmışdır. Eyni zamanda həmin cədvəldən görünür ki, iddiaçı həmin illər ərzində hər il üzrə yaranmış borcunu tam ödəməmişdir. Belə ki, Naiqin K “xxxx” MMC-nin DSMF-yə təqdim etmiş olduğu hesabatları əsasında məcburi dövlət sosial sığorta haqları üzrə xx.xx.2002-ci ilə borc qalığı 10705,02 manat, 2002-ci ilin İV rübü üzrə 1182.76 manat, 2003-cü il üzrə 2702.00 manat, 2004-cü il üzrə 2273.02 manat, 2005-ci il üzrə 2948.06 manat, 2006-cı il üzrə 1651.07 manat, 2007-ci il üzrə 55.44 manat, 2008-ci il üzrə 9055.96 manat, 2009-cu il üzrə 2719.10 manat, 2010-cu il üzrə 6737.11 manat, 2011-ci il üzrə 8685.24 manat, 2012-ci il üzrə 8149.30 manat, 2013-cü il üzrə 12290.81 manat, 2014-cü il üzrə 10571.22 manat, 2015-ci ilin İV rübünədək 8524.59 manat borcu qalmışdır. Bütün bunlar onu deməyə əsas verir ki, silinməsi tələb olunan borc məbləği yalnız 2018-ci il üzrə deyil, əvvəlki illər üzrə də ödənilməmiş məbləğdir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun 10-cu maddəsinə əsasən müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək sığortaedənlərin vəzifəsidir. Bundan əlavə 14 saylı X5 təqdim etdiyi (xx.xx.2018-ci il tarixli **********497200 nömrəli məktubla) cədvəldən görünür ki, iddiaçının özü tərəfindən təqdim edilmiş bəyənnamələrdə 2010-cu ildə 31, 2011-ci ildə 28, 2012-ci ildə 53, 2013-cü ildə 71, 2014-cü ildə 27, 2015-ci ildə 26, 2016-cı ildə 20, 2017-ci ildə 19, 2018-ci ildə 19 işçisinin olduğunu göstərmişdir. Beləliklə müəyyən olunur ki, iddiaçıya hesablanmış borc məbləği məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borc məbləğidir ki, bunu da ödəmək qanunvericiliklə onun üzərinə qoyulmuş öhdəlikdir. Odur ki, qanuni əsaslarla hesablanmış borc məbləğinin silinməsi ilə bağlı iddia qanunvericiliyin istinad olunan normasının tələbləri ilə ziddiyət təşkil etdiyindən təmin edilə bilməz. Tələbin “sərəncamların ləğv edilməsi” hissəsi ilə bağlı isə aşağıdakılar qeyd olunmalıdır. Belə ki, Naiqin K “xxxx” MMC-nin məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borc məbləğinə görə DSMF-nin Tovuz rayon şöbəsi tərəfindən iddiaçının “xxxx” ASC-də olan hesablarına xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli sərəncamlar qoyulsa da, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon şöbəsinin xx.xx.2018-ci il tarixli 69/7-1849 nömrəli məktubundan görünür ki, Naiqin K “xxxx” MMC-nin “xxxx” ASC-də olan hesabına qoyulmuş inkasso sərəncamı təşkilatın rəhbərliyinin müraciətindən sonra fond tərəfindən götürülmüş və təşkilatın bank əməliyyatlarına qoyulmuş məhdudiyyət aradan qaldırılmışdır. Bu baxımdan tələb qeyd olunan hissədə də əsaslı hesab edilə bilməz. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi ümumilikdə əsassız olduğundan təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, xx.xx.2019-cu il tarixli, 33713 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyəri 20 (iyirmi) manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspert rəyinin verilməsi ilə bağlı ekspertiza xərci iddiaçıdan tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Naiqin K “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı X3rşı dəymiş ziyanın, əldən çıxmış faydanın ödənilməsi, sərəncamların ləğv edilməsi və borcun silinməsi tələbinə dair iddia təmin edilməsin. xx.xx.2019-cu il tarixli, 33713 nömrəli ekspert rəyi üzrə 20 (iyirmi) manat ekspertiza xərci iddiaçı Naiqin K “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətdən tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SFİFT BİK CTREAZ 22 saylı hesaba ödənilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-5/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-5/2020
01.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver