Məhkəmə qərarları › İş №2-1(114)-5/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-5/2022

19.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-5/2022 19.07.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Kirovabad (Gəncə) şəhəri X6 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 01 nömrəli protokoluna əsasən Üçtəpə ərazisindən 2-2-10 sahəsində Kəpəz rayon Təhsil şöbəsinin BBB vasitəsilə 504 kv.m torpaq sahəsinin üzərində hüquqlarının dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Kirovabad (Gəncə) şəhəri X6 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 01 nömrəli protokoluna əsasən Üçtəpə ərazisindən 2-2- 10 sahəsində Kəpəz rayon Təhsil şöbəsinin BBB vasitəsilə 504 kv.m torpaq sahəsi iddiaçıya verilmişdir. Həmin torpaq sahəsi 30 ildən artıq müddətdir ki, onun istifadəsindədir. Həmçinin həmin torpaq sahəsində tikinti işləri aparılması üçün qanunda nəzərdə tutulmuş razılığı da var. İddiaçı DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət edərək qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını xahiş etsə də, cavabdeh bundan imtina etmişdir. İddiaçı əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X2 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçı müraciətin araşdırılması zamanı bağçılıq üçün ayrılmış 504.0 kv.m torpaq sahəsinə dair qanunvericiliklə müəyyən edilmiş sənədlərin tam şəkildə təqdim edilmədiyi müəyyən olunmuş, bu səbəbdən də ərizənin icrasından imtina olunmuşdur. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında tələbin həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Kəpəz Bağ-bostan birliyinin xx.xx.1991-ci il tarixli, 11 nömrəli arayışından görünür ki, Gəncə şəhər X6 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 01 nömrəli protokoluna əsasən Üçtəpə ərazisindən 2-2-10 sahəsində Kəpəz rayon Təhsil şöbəsinin BBB vasitəsilə 504 kv.m torpaq sahəsi İddiaçı verilmişdir. -Gəncə şəhər Təhsil İdarəsinin M.Əzizbəyov adına 15 nömrəli orta məktəbin xx.xx.2009-cu il tarixli, 430 nömrəli arayışından görünür ki, İddiaçı Gəncə şəhər M.Əzizbəyov adına 15 nömrəli orta məktəbdə riyaziyyat müəllimi vəzifəsində işləyir və ona Gəncə şəhər X6 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 01 nömrəli protokoluna əsasən Üçtəpə ərazisindən 2-2-10 sahəsində Kəpəz rayon Təhsil şöbəsinin BBB vasitəsilə 504 kv.m torpaq sahəsi verilmişdir. -X8 filialının xx.xx.2016-cı il tarixli 127/4 nömrəli arxiv arayışından görünür ki, Kirovabad şəhər XDS-nin İcraiyyə Komitəsinin xx.xx.1998-ci il tarixli 11 saylı iclas protokolunun 3-cü bəndinə əsasən Gəncədə bağçılıq yoldaşlıqlarına daxil edilmiş idarələrin, təşkilatların və müəssisələrin təsdiq edilmiş siyahısında Kəpəz rayon Xalq Təhsil şöbəsi 78-ci nömrə ilə qeyd edilmişdir. -X8 filialının xx.xx.2020-ci il tarixli 759/3 nömrəli məktubundan görünür ki, Kirovabad şəhər XDS-nin İcraiyyə Komitəsinin xx.xx.1998-ci il tarixli qərarına əsasən təşkilatlar tərəfindən öz əməkdaşlarına paylanmış torpaqların adlı siyahıları X8 filialına təhvil verilməmişdir. -DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********64 nömrəli bildirişindən görünür ki, iddiaçının ərizəsinin icrasından imtina edilmişdir. -“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********09 nömrəli mütəxəssis rəyindən görünür ki, İddiaçı naturada təqdim etdiyi 417.84 kv.m torpaq sahəsi Gəncə şəhəri, Nizami bələdiyyəsinin ərazi xəritəsinə istinadən dövlət mülkiyyətinə aid torpaq sahəsidir, həmin torpaq sahəsi yaşayış məqsədləri üçün nəzərdə tutulmuşdur, faktiki olaraq istifadəsizdir, üzərində heç bir tikili mövcud deyildir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Gəncə şəhər X6 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 01 nömrəli protokoluna əsasən Üçtəpə ərazisindən 2-2-10 sahəsində Kəpəz rayon Təhsil şöbəsinin BBB vasitəsilə 504 kv.m torpaq sahəsi İddiaçı verilmişdir. İddiaçı qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh orqan iddiaçının ərizəsinin təmin edilməsindən imtina etmişdir. Cavabdehin imtinasının əsası kimi mübahisələndirilən torpaq sahəsinə dair qanunvericiliklə müəyyən edilmiş hüquqmüəyyənedici sənədlərin tam şəkildə təqdim edilməməsi həmçinin bağçılıq yoldaşlıq birliyi tərəfindən ayrılmış torpaq sahəsinin arxiv səndlərinin Ərazi İdarəsinə təhvil verilməməsi qeyd olunmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd edilməlidir ki, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. -8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. -12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan da qeyd olunmalıdır ki, müvafiq sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir. Təqdim edilmiş sübutlarla təsdiq olunur ki, Gəncə şəhər X6 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 01 nömrəli protokoluna əsasən iddiaçıya qanuni əsaslarla torpaq sahəsi ayrılmışdır. Göstərilənlərə əsasən cavabdehin imtinasına münasibətdə qeyd edilməlidir ki, təşkilatlar tərəfindən öz əməkdaşlarına paylanmış torpaqların adlı siyahılarının X8 filialına təhvil verilməməsi iddiaçının hüquqlarının məhdudlaşdırılmasına əsas vermir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli 2186 nömrəli “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmişdir. Həmin Sərəncamın 2.1-ci bəndinə əsasən ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır. İstinad olunan Sərəncamdan göründüyü kimi ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin edilməsi bu sahədə müvafiq səlahiyyətli quruma həvalə edilmişdir. Bu səbəbdən də, “bağçılıq yoldaşlıq birliyi tərəfindən ayrılmış torpaq sahəsinə dair sənədlərin tam şəkildə təqdim edilməməsini əsas gətirərək cavabdeh tərəfindən iddiaçının hüquqlarının məhdudlaşdırılması qanunsuz olmuşdur. Həmçinin qeyd edilməlidir ki, iddiaçı sözügedən torpağı müvafiq orqanının qərarı əsasında, yəni qanuni əsaslarla əldə etmişdir və həmin qərar hal-hazırda da qüvvədədir. Əmlak qanuni əsaslarla əldə edilmişirsə, bu zaman onun qeydiyyatının aparılması da yolveriləndir. Beləliklə işin faktiki hallarına və qanunvericiliyin müvafiq tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Odur ki, sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Gəncə şəhər X6 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 01 nömrəli protokoluna əsasən Üçtəpə ərazisindən 2-2-10 sahəsində Kəpəz rayon Təhsil şöbəsinin BBB vasitəsilə İddiaçı verilmiş 504 kv.m torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması öhdəliyi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar