Məhkəmə qərarları › İş №2-1(114)-50/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-50/2025

03.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-50/2025 03.04.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “Tərtər rayonu Narçılıq kolxozunun Yerli X3 xx.xx.2002-ci il tarixli 24 saylı və Tərtər rayon X3 xx.xx.2002-ci il tarixli 02 saylı qərarı ilə Narçılıq kolxozunaməxsus “maşın-traktor” parkı və onun çöl tərəfində olan plaramanın və yerləşdiyi torpaq sahəsi 1.0705 ha ərazisinin üzərində mülkiyyət hüququmun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşdəki sənədlərə əsasən: İddiaçı xx.xx.1968-ci il tarixdə Tərtər rayonunda anadan olmuş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla hazırda həmin Tərtər rayonu, Sarcalı kəndində yaşayır. Tərtər rayonu Narçılıq kolxozu X5 komissiyasının xx.xx.2002-ci il tarixli 24 nömrəli protokol-qərarı ilə qərara alınmışdır:

1. Sabiq Narçılıq kolxozunun balansında olan maşın traktor-parkı və plaramanın ərazisi mövcud vəziyyəti nəzərə alınmaqla İddiaçı xüsusi mülkiyyətə verilsin.

2. Tapşırılsın Komissiyanın mühasibatlığına maşın traktor-parkı və plaramanın ərazisinin mövcud vəziyyətinin nəzərə alınıb qiymətləndirilməsi işlərini təmin etsin.

3. Y.A.İ.Komissiyasının qərarının təsdiq edilməsi Tərtər rayon Y.A.İ.K-dan xahiş edilsin. Tərtər Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 02 saylı iclas protokoluna əsasən sabiq Narçılıq kolxozuna məxsus maşın-traktor parkının və onun çöl tərəfində olan plarama ərazisinin özəlləşdirilərək iddiaçıya verilməsi haqqında Narçılıq kolxozu YAİK-nin xx.xx.2002-ci il tarixli 24 saylı qərarı nəzərə alınmışdır. xx.xx.2002-ci il tarixdə Kolxozun baş mexaniki M.Hüseynov, Baş mühasib Ə.İsmayılov, fermerlər H.Həsənov, Q.Babayev, inşaat briqadiri A.Nağıyev və alıcı İddiaçı iştirakı ilə Narçılıq kolxozunda avtomaşın traktor və kənd təsərrüfatı maşınlarının özəlləşdirilməsi işini həyata keçirmək üçün texnikanın mövcud vəziyyətlərini müəyyən edərək 5 ədəd avtotraktor qarajının qiyməti 420.000 manat saziş qiymətini müəyyən etdilər. İddiaçı Tərtər rayonu ərazisində yerləşən maşın-traktor parkının və onun çöl tərəfində olan plarama ərazisi üzərində hüququnun dövlət reyestrində qeydiyyata alınması məqsədilə xx.xx.2023-cü il tarixli ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3-46/2-Q-00xx-xx/2023 nömrəli məktubla bildirmişdir ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1-ci və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respubiikası Qanununun 8-ci maddələri, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə əsas kimi müəyyən edilmiş sənədlər əsasında həyata keçirilir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Təqdim edilən sənədlər ekspertiza edilən zaman məlum olmuşdur ki, Tərtər rayonu ərazisində yerləşən maşın-traktor parkının və onun çöl tərəfində olan plarama ərazisi Tərtər rayonu Narçılıq kolxozunun X5 Komissiyasının 13 aprel 2002-ci il tarixli 24 saylı və Tərtər rayon Aqrar İslahat Komissiyasının 16 aprel 2002-ci il tarixli 02 saylı qərarı ilə sizə verilmişdir. Sözügedən daşınmaz əmlakın (torpaq sahəsinin) sizin istifadənizdə olmasına baxmayaraq, Azərbaycan Respublikasında torpaq islahatı aparılarkən hansı səbəbdənsə, torpaq üzərində mülkiyyət forması müəyyən edilməmişdir. Halbuki, islahat zamanı iddiaçıya ayrılmış torpaq sahəsinin dövlət, bələdiyyə və ya xüsusi mülkiyyətə verilməsi müəyyən edilməli, mülkiyyətçinin torpağa sahiblik, istifadə və sərəncam hüquqları təmin edilməli, müvafiq torpağı mülkiyyətə verilməsinə dair "Şəhadətnamə" və ya "Dövlət aktı" verilməli idi. Bundan əlavə müəyyən olunmuşdur ki, təqdim olunmuş sənədlərdə ərazinin ölçüsü (sahəsi) qeyd olunmamış, torpaq sahəsinin yeləşmə vəziyyətini, sərhədlərini müəyyən edən yerquruluşu planını da mövcud deyildir. Qanunvericiliyə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqları dövlət qeydiyyatına alınmamış hüquqların müdafiəsinə və toxunulmazlığına təminat verilmir. Odur ki, "Daşınmaz Əmlakın Dövlət Reyestri" haqqında Azərbaycan Respublikasının Qanununun 15.1.1-ci maddəsinə əsasən ərizənizin icrasından imtina edilir. İmtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Tərtər rayonu ərazisində yerləşən maşın-traktor parkının və onun çöl tərəfində olan plarama ərazisi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra iddiaçı ərizə təqdim edərək məhkəmədən “Tərtər rayonu Narçılıq kolxozunun Yerli X3 xx.xx.2002-ci il tarixli 24 saylı və Tərtər rayon X3 xx.xx.2002-ci il tarixli 02 saylı qərarı ilə Narçılıq kolxozuna məxsus “maşın-traktor” parkı və onun çöl tərəfində olan plaramanın və yerləşdiyi torpaq sahəsi 1.0705 ha ərazisinin üzərində mülkiyyət hüququmun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Tərtər rayon, Narçılıq kolxozunun Yerli X3 xx.xx.2002-ci il tarixl 24 saylı və Tərtər rayon X3 xx.xx.2002-ci il tarixli 02 saylı qərarı ilə Narçılıq kolxozuna məxsus "maşın-traktor"parkı və onun çöl tərəfində olan plarama ərazisi iddiaçının mülkiyyətinə verilmişdir. Qeyd olunan əmlakı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsində qeydə alınması üçün bütün lazımi sənədlərlə müraciət etsə də idarə tərəfindən həmin mülkün qeydə alınmasından müxtəlif bəhanələrlə imtina edilir. Bu barədə idarənin xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli 3-21-3-46/2-Q-0016- 35/2023 saylı imtina məktubuda var. Sonucu dəfə iddiaçının etdiyi müraciət xx.xx.2023-cü il tarixdə yazılsa da ona xx.xx.2023-cü il tarixdə poçt vasitəsi ilə verilibdir. İddiaçı hesab edir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən mülkiyyətinə verilmiş "maşın- traktor"parkı və onun çöl tərəfində olan plarama ərazisinə mülkiyyət hüququmun qeydə alınmasından əsassız olaraq imtina edilmişdir. Bu səbəbdəndə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi, eyni zamanda vəkili iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdeh iddiaya dair yazılı münasibətini bildirməmiş, nümayəndəsinin iştirakını təmin etməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Məhkəmə sorğusuna cavab olaraq "xxxx" MMC xx.xx.2023-cü il tarixli, 3-21-3-60/2- 1509/2023 nömrəli məktubunda qeyd etmişdir ki, Mərkəzin arxivində Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 02 saylı və sabiq Narçılıq kolxozunun X5 Komissiyasının xx.xx.2002-ci il tarixli, 24 saylı qərarları, eləcə də sözügedən qərarlar əsasında torpaq sahəsinə texniki sənədlərin tərtib edilib-edilməməsi barədə məlumat aşkar edilməmişdir. Tədqiqat obyektinə keçirilmiş baxış və aparılmış araşdırma nəticəsində Yerquruluşunun Təşkili şöbəsinin mühəndisi tərəfindən tərtib edilmiş və xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində qeyd olunur: iddiaçının faktiki istifadə etdiyi Tərtər rayonu ərazisində yerləşən maşın-traktor parkının və onun çöl tərəfində olan plarama ərazisindəki torpaq sahəsi Tərtər rayonu Yuxarı Sarıcalı kəndi ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu planına və X2 X4 əsasən bələdiyyə mülkiyyətinə aid olmaqla, yaşayış məntəqələri daxilində tikinti altında olan torpaqlardandır. Tərtər rayonu Yuxarı Sarıcalı kəndi ərazisində aparılmış ilkin torpaq islahatına dair kompleks yerquruluşu planına və X2 X4 əsasən bələdiyyə mülkiyyətinə aid olmaqla, yaşayış məntəqələri daxilində tikinti altında olan torpaqlardandır və hər hansı dəyşiklik aparılmamışdır. Torpaq sahəsini faktiki naturada 1.10 ha təşkil edir, koordtinatlar rəyə əlavə edilmiş sxemdə öz əksini tapmışdır. Torpaq sahəsinin bir hissəsi yer səthinin üzərindən keçən qaz xətti, 10 kvt-luq elektrik xəttinin mühafizə zonasına düşür. Üzərindən ümüumi istifadəli arx, tikililər, transformator qurğuları, artzian və qaz xətti var. Qeydə alınması nəzərdə tutulan torpaq sahəsinin bir hissəsi elektron məlumat bazasında **********53 reyestr nömrəli çıxarışla qeydiyyata alınmış 0.0295 ha torpaq sahəsi ilə üstüstə düşür. Rəy Tərtər rayonu Yuxarı Sarıcalı kəndi ərazisində aparılmış ilkin torpaq islahatına dair kompleks yerquruluşu planına və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli fərmana əsasən X2 uçotu informasiya sistemindəki məlumatlara əsasən hazırlanmışdır. Naturada aparılmış çöl-ölçmə işləri və kameral araşdırma nəticəsində tərtib olunmuş plan əlavə olunur. İş üzrə keçirilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/8769 nömrəli ekspert rəyi də mütəxəssis rəyi əsasında tərtib edilmişdir. Məhkəmə heyəti tərəfindən keçirilmiş yerli baxış zamanı təqdim edilən mübahisəli torpaq sahəsi boş sahə olmaqla, hasarlanmadığı, çəpərlənmədiyi, həmin ərazidə yaşayış və istifadə üçün tam yararsız, yarımçıq formada tikililər mövcud olduğu, ərazidə hər hansı qurğular mövcud olmadığı və torpaq sahəsindən uzun müddətdir istifadə olunmadığı müəyyən edilmişdir.

Əsaslandırıcı hissə:

İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə ilk öncə qeyd edir ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. İddiaçı isə sözügedən torpaq sahəsi üzərində qanunla nəzərdə tutulmuş qaydada hüquq əldə etməmişdir. Yəni, iddiaçının həmin torpaq sahəsi üzərində qanunla nəzərdə tutulmuş ilkin hüquqmüəyyənedici sənədləri mövcud deyildir. İddiaçı hüquqmüəyyənedici sənəd kimi onun adına verilmiş Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 02 saylı və sabiq Narçılıq kolxozunun X5 Komissiyasının xx.xx.2002-ci il tarixli, 24 saylı qərarlarına istinad edir. Lakin, Tərtər rayon Narçılıq kolxozunun X5 Komissiyasının xx.xx.2002-ci il tarixli iclas-qərarında maşın traktor-parkı və plaramanın ərazisinin iddiaçının mülkiyyətə verilməsi qərar alınsa da, məzmunundan aydın olur ki, kolxozun balansında olan maşın traktor-parkı və plaramanın ərazisi mövcud vəziyyəti nəzərə alınmaqla İddiaçı satılmışdır. Lakin bu barədə qərar qəbul edildiyi göstərilsə də, maşın traktor-parkı və plaramanın ərazisinin nədən ibarət olması, ümumi ölçüsü, uzunun və eninin nə qədər olması, koordinatları və eyniləşdirmək üçün hər hansı digər bir məlumatın olması müəyyən olunmur və əmlakın dəyərinin ödənilməsi ilə bağlı hər hansı bir sübut aşkar edilməmişdir. Qeyd olunmalıdır ki, həmin qərarın məzmunundan (xüsusilə çıxışlar və qərara alır hissəsinin İİ bəndinə əsasən) mübahisələndirilən əmlakın xüsusi mülkiyyətə verilməsi (satılması) nəzərdə tutulmuşdur. Göründüyü kimi, Tərtər rayonu ərazisində yerləşən maşın-traktor parkı və onun çöl tərəfində olan plarama ərazisinin iddiaçıya satılması nəzərdə tutulsa da, lakin alqı-satqı ilə bağlı prosedur başa çatmamışdır. Belə ki, iş materiallarından və işin faktiki hallarından, iddiaçı ilə alqı-satqı müqaviləsi və ya aktının bağlanılması, həmçinin əmlakın dəyəri iddiaçı tərəfindən ödənilməsi sübuta yetirilmir. İddiaçıya kolxozun balansında olan Tərtər rayonu ərazisində yerləşən maşın-traktor parkı və onun çöl tərəfində olan plarama ərazisinin yerləşdiyi torpaq sahəsinin ayrılması ilə bağlı torpağın və tikililərin alqı-satqısına dair aktın tərtib olunması və ya müqavilənin bağlanması torpaq sahəsinin ayrılması üzrə inzibati icraatın tərkib hissəsi kimi qəbul olunmalıdır. Nəzərə almaq lazımdır ki, torpaq sahəsinin ayrılması ilə bağlı hakimiyyət iradəsi məhz bu barədə qərarda ifadə olunur. Alqı-satqı aktı və ya müqavilə həmin qərara əsaslanır, həmin qərarın icrasının və maşın-traktor parkının və onun çöl tərəfində olan plarama ərazisinin dəyərinin ödənilməsinin təmin olunması məqsədlərinə xidmət edir. Həmin dövrdə qüvvədə olan Torpaq Məcəlləsinin 65-ci maddəsinin

2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir.

3. Torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır.

5. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

7. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır.

9. Torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparılır. Qüvvədə olan maddi hüquq normalarına əsasən qanunvericilik hər bir halda torpaq sahəsi ayrılarkən həmin torpaq sahəsinin yerdə (naturada) hüdudlarının müəyyən edilməsini vacib şərt kimi müəyyən etmişdir. Belə ki, Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. İşin araşdırılmış hallarından isə yuxarıda qeyd edilən prosedur qaydasının yerinə yetirilməsi müəyyən olunmur. Belə ki, iş materiallarında satılan torpaq sahəsinin və ya tikilinin nə planı və ölçüsü, nə də ki, daşınmaz əmlakın iddiaçının adına mülkiyyət hüququn rəsmiləşdirilməsi barədə müvafiq qurumun qərarı nə iddiaçıda nə də ki, arxivdə mövcud deyil. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin siyahısı göstərilmişdir. Həmin siyahıda olan sənədlərdən hər hansı birinin mövcudluğu daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsasdır. Mülkiyyət hüququnun qeydə alınması məqsədilə qeydiyyat orqanına verilən ərizəyə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə olan əsaslardan biri əlavə edilməlidir. Lakin iddiaçı nə cavabdeh orqana, nə də məhkəməyə iddia etdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun ona məxsus olması barədə qanunvericilikdə göstərilən əsaslardan hər hansı birinin mövcudluğunu təsdiq edən sənəd təqdim etməmişdir. Bu cür hüquqi mövqe Ali Məhkəmənin İnzibati Kollegiyasının qərarlarında da təsbit olunmuşdur (Azərbaycan Respublikasının Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1309/2023 nömrəli qərarı ) Beləliklə, iddiaçının iddiası üzrə öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Ona görə də iddia rədd olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “Tərtər rayonu Narçılıq kolxozunun Yerli X3 xx.xx.2002-ci il tarixli 24 saylı və Tərtər rayon X3 xx.xx.2002-ci il tarixli 02 saylı qərarı ilə Narçılıq kolxozunaməxsus “maşın-traktor” parkı və onun çöl tərəfində olan plaramanın və yerləşdiyi torpaq sahəsi 1.0705 ha ərazisinin üzərində mülkiyyət hüququmun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası üçün aparılmış tədqiqatın dəyəri olan 100 (bir yüz) manat ekspertiza xərci İddiaçı alınaraq 210005 kodlu, VÖEN**********, AZ34CTRE ********************, X1, VÖEN********** müxbir hesab AZ41NABZ013602**********3944; SFİFT BİK CTREAZ22 saylı hesaba ödənilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar