Məhkəmə qərarları › İş №2-1(114)-500/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-500/2022

14.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-500/2022 14.04.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsinə qarşı ölüm akt qeydində düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə 20.12.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 14.03.2002-ci il tarixdə verilmiş 184 saylı ölüm haqqında akt qeydində vəfat edən atasının soyadının “Babayev” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İ-ЭЖ 013756 saylı 09.07.1969-cu il tarixli Ermənistan, Vardenis rayonu, Böyük Məzrə kənd sovetliyi tərəfindən verilən şəhadətnamədən görünür ki, onun X2dur. Lakin ölüm haqqında şəhadətnamədə vəfat edən atası - X9 göstərilmişdir. İcraat zamanı cavabdehə sorğu edilmiş və sonuncunun tərtib etdiyi 14.03.2002-ci il tarixli 184 saylı ölüm haqqında akt qeydində də vəfat edən şəxs kimi X9 göstərilmişdir. Ermənistan, Vardenis rayonu, Böyük Məzrə kənd soveti tərəfindən verilən 02.12.1964-cü i tarixli 49 saylı nikah haqqında şəhadətnamədə də göstərilir ki, X2 anası X11 nikaha daxil olmuş və anası ər soyadı olan 'Babayeva” soyadını qəbul etmişdir. X2 1927-ci il Qərbi Azərbaycanın Basarkeçər rayonunun Böyük Məzrə kəndində anadan olmuş, 14 mart 2002-ci il tarixdə vəfat etmişdir. Beləliklə, cavabdeh tərəfindən 14.03.2002-ci tarixdə verilmiş 184 saylı ölüm haqqında akt qeydində vəfat edən atasının soyadının “Babayev” əvəzinə “Hacıyev” qeyd edilməsi səbəbindən qarşılaşdığı problemin həlli ilə əlaqədar cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, atası 1988-ci il tarixədək Basarkeçər rayonunda yaşamış, 1988-ci il tarixdən sonra Gəncə şəhərdə yaşamış və 14 mart 2002-ci il tarixdə vəfat etmişdir. Cavabdeh işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş İ-ЗЖ 013756 saylı 02.12.1964-cü il tarixli Ermənistan, Vardenis rayonu, Böyük Məzrə kənd sovetliyi tərəfindən verilən nikah haqqında şəhadətnamədən görünür ki, X10 ilə X11 arasında nikah bağlanmış, ərə “Babayev”, arvada “Babayeva” soyadı verilmişdir. -surəti işə əlavə edilmiş İ-ЗЖ 013756 saylı 09.07.1969-cu il tarixli Ermənistan, Vardenis rayonu, Böyük Məzrə kənd sovetliyi tərəfindən verilən doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı 06.07.1969-cu il tarixdə anadan olmuş, ata qrafasında “X10”, ana qrafasında “X12” qeyd edilmişdir. -surəti işə əlavə edilmiş AZ 148547 saylı 14.03.2002-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X9 14.03.2002-ci il tarixdə ölmüşdür. -Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsinin 09.12.2021-ci il tarixli, 106 nömrəli məktubunda bildirilir ki, iddiaçının mərhum atası X4 184 saylı 14.03.2002-ci il tarixli ölüm haqqında akt qeydi tərtib olunarkən şəxsiyyət vəsiqəsi kimi 1CN№555199 nömrəli 12.05.1976 il tarixli Ermənistan, Vardenis RPŞ tərəfindən verilmiş vaxtı keçmiş pasport təqdim olunduğuna görə mərhumun fərdi uçot kartoçkasını sorgulayıb, ona istinad etmək mümkün olmamışdır, bu səbəbdən də iddiaçının təqdim etdiyi sənədlər kifayət etmədiyindən ərizəni təmin etmək imkan xaricindədir. -Gəncə “Asan Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin 06.10.2021-ci il tarixli, 05/Q-3121/15 nömrəli məktubunda bildirilir ki, iddiaçı tərəfindən təqdim edilən İ-ЭЖ 013756 saylı 09.07.1969-cu il tarixli Ermənistan, Vardenis rayonu, Böyük Məzrə kənd sovetliyi tərəfindən verilən şəhadətnamədə onun X2 olmalıdır, lakin şöbəyə təqdim etdiyi ərizəyə əlavə edilmiş ölüm haqqında şəhadətnamədə vəfat edən atası - X9 göstərilmişdir, icraat zamanı cavabdehə sorğu edilmiş və sonuncunun tərtib etdiyi 14.03.2002-ci il tarixli 184 saylı ölüm haqqında akt qeydində də vəfat edən şəxs kimi X9 göstərilmişdir, həmçinin Ermənistan, Vardenis rayonu, Böyük Məzrə kənd soveti tərəfindən verilən 02.12.1964-cü i tarixli 49 saylı nikah haqqında şəhadətnamədə də göstərilir ki, X2 anası X11 nikaha daxil olmuş və anası ər soyadı olan “Babayeva” soyadını qəbul etmişdir, iddiaçı atası barəsində ölüm haqqında şəhadətnamə təqdim edə bilmir, bu səbəbdən də qanunvericiliyin tələblərinə uyğun olaraq, doğum haqqında akt qeydinin bərpa edilməsi səlahiyyətləri xaricindədir. -X3 Reyestri Xidmətinin 10.03.2022-ci il tarixli 05/2-1374/13 nömrəli məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən Q.Babayevin soyadının dəyişdirilməsi haqqında hər hansı məlumat aşkar edilməmişdir. -Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsinin 03.02.2022-ci il tarixli, 244 nömrəli məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi üzrə aparılmış yoxlama zamanı X1 dəyişdirilməsi barədə heç bir məlumat aşkar olunmamışdır. -Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinin 05.03.2022-ci il tarixli, 05/Q-489/13 nömrəli məktubundan görünür ki, X10 barəsində Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinin arxivində adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi haqqında akt qeydi aşkar edilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçının X2na aid hüquqmüəyyənedici sənədlərdə soyadı “Babayev” kimi qeyd olunsa da, ölüm haqqında şəhadətnamədə soyadı “Hacıyev” kimi qeyd olunmuşdur. Bu isə iddiaçı üçün bir sıra çətinliklər törətdiyindən iddiaçı atasının ölüm haqqında akt qeydində soyada düzəliş edilməsi üçün cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, iddiaçının X2na məxsus doğum haqqında şəhadətnamə mövcud olmasa da, ona məxsus nikah haqqında şəhadətnamədə, eləcə də övladlarına məxsus doğum haqqında şəhadətnamələrdə onun soyadı “Babayev” kimi qeyd edilmişdir. Həmçinin məhkəmənin müvafiq sorğusuna əsasən əldə edilmiş cavab məktublarında “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi üzrə aparılmış yoxlama zamanı X1 dəyişdirilməsi barədə heç bir məlumat aşkar olunmamışdır. Buna baxmayaraq ona məxsus ölüm haqqında şəhadətnamədə soyadı “Hacıyev” kimi qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının atasına və onun övladlarına məxsus müvafiq sənədlərdə soyadının “Babayev” kimi qeyd edilməsi, eləcə də onun soyadının dəyişməsi ilə bağlı hər hansı məlumatın aşkar edilməməsi onu deməyə əsas verir ki, iddiaçının atasına dair ölüm akt qeydi tərtib edilərkən onun soyadı ilə bağlı səhvə yol verilmişdir. Qeyd edilməlidir ki, X3 qeydində dəyişiklik, bərpa və ləğv qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “X3 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Qaydalar”da təsbit edilmişdir. Həmin Qaydaların:- -1-ci bəndinə əsasən X3 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. -4-cü bəndinin 11-ci yarımbəndinə əsasən X3 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər X3 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün əsaslardan biri hesab edilir. -5-ci bəndinə əsasən X3 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Beləliklə işin yuxarıda qeyd olunan faktiki hallarına əsasən məhkəmə hesab edir ki, iddiaçının atasının ölüm akt qeydində onun soyadına düzəliş edilməsi üçün kifayət qədər yetərli əsaslar mövcuddur. Odur ki, işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız hesab edilməklə X4 ölüm akt qeydində soyadına düzəliş edilərək “Babayev” kimi qeyd edilməsi öhdəliyi cavabdeh orqana həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X8 dair tərtib edilmiş 14.03.2002-ci il tarixli 184 saylı ölüm haqqında akt qeydində “Hacıyev” soyadına düzəliş edilərək “Babayev” kimi qeyd edilməsi öhdəliyi Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar