Məhkəmə qərarları › İş №2-1(114)-500/2023

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-500/2023

08.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-500/2023 08.02.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, iddiaçı Azərbaycan İnterneyşnl Mayning Kompani Limited Şirkətinin nümayəndəsi X2, üçüncü şəxslər X7 və X3, üçüncü şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Azərbaycan İnterneyşnl Mayning Kompani Limited Şirkətinin Cavabdehnə qarşı (üçüncü şəxslər X15, Şirəliyev (Həsənov) Vüqar Qurban oğlu, X12, X9, X10 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi) Gədəbəy rayon Söyüdlü kəndi üzrə X24 Komissiyasının qərarının qismən ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i: İddiaçı Azərbaycan İnterneyşnl Mayning Kompani Limited Şirkəti Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 13 nömrəli qərarının X11, Şirəliyev (Həsənov) Vüqar Qurban oğluna, X8, X5, X6 aid hissədə qismən, yəni 8870 kv.m (552C) hissəsində ləğv edilməsi, həmin qərar əsasında verilmiş Dövlət aktının da eyni hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsinin müvafiq müraciətinə əsasən məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə ilkin iddia Gədəbəy rayon Söyüdlü kəndi üzrə X24 Komissiyasının qərarının qismən ləğv edilməsi barədə iddia tələbinə dəyişdirilmişdir. İddiaçının nümayəndəsi X13 məhkəmə iclasında iddianı müdafiə etmiş, eyni zamanda iddia qaldırmaq üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim etmiş, iddia müddətinin ötürülməsinə üzürlü səbəb kimi sözügedən qərardan şirkətin bu yaxınlarda məlumatının olmasını bildirmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi X14 məhkəmə iclasında iddia müddətinin bərpa edilməsinə etiraz etmədiyini bildirmişdir. Üçüncü şəxslər X16 və X12 məhkəmə iclasında iddianı qəbul etmədiklərini bildirmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə cavabdehə və digər üçüncü şəxslərə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, digər üçüncü şəxslər isə gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə AR İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin və digər üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, şirkətin fəaliyyət göstərdiyi ərazi hüdudlarının bir hissəsi 8870 kv.m biçənək torpaq sahəsini əhatə edir ki, həmin sahə mübahisələndirilən qərarla Gədəbəy rayonu Söyudlü kənd sakinləri X15, Şirəliyev (Həsənov) Vüqar Qurban oğlu, X12, X9 və X1 ümumi birgə mülkiyyətinə (2.10 ha) verilmiş və bu barədə JN-552 KOD ******* saylı “Torpağın mülkiyyət hüququna dair” Dövlət aktı tərtib edilmişdir. Hazırki mübahisə ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən hüquqi və fiziki şəxslərin hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı bələdiyyələr, icra hakimiyyəti orqanları və onların struktur qurumlarının cavabdeh qismində iştirak etdiyi işlər üzrə 2016-2017-ci illərdə məhkəmə təcrübəsi öyrənilərək məhkəmələrə tövsiyə olunmuşdur ki, “İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisə olunan inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-ci fəslində (Dövlət hakimiyyət orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 1 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, orqanların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdur”. Həmçinin “Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər”. Məhkəmə qeyd olunan tövsiyəni nəzərə alaraq hazırki iş üzrə də eyni hüquqi yanaşmanın tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, baxılan iş üzrə Gədəbəy rayon Söyüdlü kəndi üzrə X24 Komissiyasının qərarının qismən ləğv edilməsi tələb edilsə də, həmin aktın məhkəmə qaydasında mübahisələndirilməsi imkanı artıq aradan qalxmışdır və qüvvədə olan İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanını istisna edir. Göründüyü kimi sözügedən qərarın mübahisələndirilmə imkanı aradan qalxmışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. -24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. -38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 73.1 maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, iddiaçının buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80-ci və 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: İddiaçı Azərbaycan İnterneyşnl Mayning Kompani Limited Şirkətinin Cavabdehnə qarşı Gədəbəy rayon Söyüdlü kəndi üzrə X24 Komissiyasının qərarının qismən ləğv edilməsi tələbinə dair iş üzrə müddətin bərpası barədə ərizə təmin edilməsin, iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar