Məhkəmə qərarları › İş №2-1(114)-501/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-501/2020

28.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-501/2020 28.01.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı üçüncü şəxslərin qeydiyyatdan çıxarılması iddia tələbi üzrə inzibati işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İş materialları ilə müəyyən edilmişdir ki, ünvan 1 mənzil 4 ünvanda yerləşən daşınmaz əmlak xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus olmaqla, bu barədə sonuncuya Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən MH seriyalı ******* nömrəli çıxarış verilmişdir. İddiaçı xx.xx.2019-cu il tarixdə Cavabdehnə müraciət edərək iddiaçıya məxsus qeyd olunan ünvandan X3 və X2 qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixdə iddiaçıya ünvanladığı 10/2019 nömrəli məktubla məhkəməyə müraciət etməsi bildirilmişdir. İddiaçı Cavabdehnə qarşı mülkiyyətində olan Qazax şəhəri, Ə.Qədirov küçəsindəki 2 nömrəli evin 4 nömrəli mənzilinin qeydiyyatında qalan X3 və X2 qeydiyyatdan çıxarılmaları tələbinə dair iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, iddiaçı evi alqı-satqı müqaviləsi bağlamaqla almışdır. Hazırda əmlak iddiaçının xüsusi mülkiyyətində olsa da, həmin mənzildə üçüncü şəxslər qeydiyyatda olduğu üçün iddiaçı əlavə kommunal xərclər ödəmək məcburiyyətində qalmışdır. İddiaçı üçüncü şəxsləri tanımır və onlarla heç bir qohumluq əlaqəsi yoxdur. Həmin şəxslərin qeydiyyatı yalnız formal xarakter daşıyır. Cavabdeh iddiaya qarşı münasibət bildirməmiş və xx.xx.2020-ci il tarixli, 173-801- 1220 nömrəli məktubla məhkəmə baxış iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Üçüncü şəxslərdən X5 notariat qaydada təsdiq edilmiş xx.xx.2019-cu il tarixdə ərizəsində sözügedən mənzildən qeydiyyatdan çıxarılmasına razı olduğunu, heç bir etirazının olmadığını və gələcəkdə bu mənzillə bağlı hər hansı mübahisəsinin olmadığını bildirmişdir. Üçüncü şəxs X4 iddiaya münasibət bildirməmiş və məhkəmə iclasında iştirak etməmişdir. Cavabdehin və üçüncü şəxslərin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməməsinə baxmayaraq, məhkəmə işə baxıb iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62-ci maddəsi). Məhkəmə araşdırmasının predmetini AN-İ №0153513 nömrəli, xx.xx.2018-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı ******* nömrəli çıxarış təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia təmin olunmalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakter daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 5-ci maddəsində təsbit edilmişdir ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizəanketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1)şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyata alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə isə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə araşdırması zamanı ünvan 1 mənzil 4 ünvanda yerləşən daşınmaz əmlakın xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olduğu və üçüncü şəxslərin hazırda mübahisəli mənzilə dair əmlak hüquqları sahibi olmadıqları, faktiki olaraq həmin mənzildə yaşamadıqları müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan evdən yaşayış sahəsinə dair əmlak hüquqları mövcud olmayan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına əngəl təşkil etməməlidir. Bununla bağlı həmçinin qeyd olunmalıdır ki, həmin şəxslərin qeydiyyatdan çıxarılması onlar üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, onların yaşayış sahəsi üzrə ümumiyyətlə, qeydiyyatsız qalmasına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlət Kabinetinin xx xxxxx 2003-cü il tarixli 55s saylı sərəncamına uyğun olaraq Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilər. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll olunur. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 81-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: X3 və X2 ünvan 1 mənzil 4 ünvandan daimi qeydiyyatdan çıxarılması vəzifəsi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar