Məhkəmə qərarları › İş №2-1(114)-502/2023

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-502/2023

16.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-502/2023 16.01.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, iddiaçılar İddiaçı və X1, cavabdeh Göygöl Rayon İcra Hakimiyyətinin nümayəndəsi X7, üçüncü şəxs X8 iştirakı ilə, İddiaçılar İddiaçı və qeyrilərinin cavabdeh Göygöl Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs X14) qərarın qismən ləğv edilməsi və torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin etibarsız hesab edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı, X9 və X2 cavabdeh Göygöl Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Keçmiş Xanlar rayon X13 02 iyul 1997-ci il tarixli 08 saylı qərarına əsasən üçüncü şəxs X8 nülkiyyətinə verilmiş və mərhum anaları X12 evinin həyətyanı torpaq sahəsinə dair verilmiş JN-046B saylı və JN- 046F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin verilməsinə əsas olan keçmiş Xanlar rayon X13 02 iyul 1997-ci il tarixli 08 saylı qərarını hissəvi ləğv edilməsi və JN-046B saylı və JN-046F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçıların mərhum anası X10 Göygöl rayonu Tulallar kəndində qalan evi və həyatyanı torpaq sahəsini hal-hazırda İddiaçı qəbul etmiş və ondan qalan mirası bütövlükdə o, idarə etmiş və sahiblik etmişdir. İddiaçıların anası X17 xx.xx.1997-ci il tarixdə, ataları X5 xx.xx.1971-ci il tarixdə vəfat etmişdir. İddiaçı vərəsəliklə bağlı Gəncə Asan Xidmət Mərkəzinin Notariat Ofisinə rəsmi qaydada müraciət etsə də imtina cavabı almışdır. Halbuki iddiaçı qanun üzrə vərəsədir və həmin miras əmlaklara sahiblik etmişdir. Lakin məsələ bundan ibarətdir ki, iddiaçı mirası tam şəkildə sənəd üzrə qəbul edə bilmir və bu barəd mübahisə qaldıra bilmir. Belə ki, anasının adına olan Göygöl rayonu Tullar kəndində yerləşən evin altındakı və həyətyanı torpaq sahəsi Xanlar rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1997-ci il tarixli 08 saylı qərarı ilə JN- 046B saylı və JN-046F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında X8 adına işlənmişdir. Hansı ki, həmin şəhadətnamə həmin şəxsin adına deyil mərhum X12 adına işlənməli idi. Bununla da iddiaçı mirasın qəbulu ilə bağlı nə vərəsəlik hüqüquna dair şəhadətnamə ala bilmir və ya məhkəmədə əsaslı iddia qaldıra bilmir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, həmçinin ərizə təqdim edərək buraxılmış prosessual müddətin bərpa edilməsini xahiiş etmişdir. İddiaçı X2 iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X15 bildirmişdir ki, iddia müddəti ötürüldüyünə görə iddia mümkünsüz sayılmalıdır. Üçüncü şəxs X14 iddianı qəbul etməyərək bildirmişdir ki, o, qanuni əsaslarla sənəd əldə etmişdir, ona görə də iddia rədd edilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə digər iddiaçıya məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə AR İPM-in 62.3-cü maddəsinə əsasən işə digər iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, hazırda mübahisələndirilən Göygöl rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1997-ci il tarixli 08 nömrəli qərarı ilə ayrı-ayrılıqda 0.03 ha və 0.04 ha torpaq sahəsi X8 və onun ailə üzvlərinin (X3, X6, X4) mülkiyyətinə verilmiş, eyni zamanda həmin torpaq sahələri ilə bağlı sonuncuların adına JN-046F və JN-046B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələr tərtib edilmiş və xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla 0.07 ha həmin torpaq sahəsi üzərində onların mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən hüquqi və fiziki şəxslərin hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı bələdiyyələr, icra hakimiyyəti orqanları və onların struktur qurumlarının cavabdeh qismində iştirak etdiyi işlər üzrə 2016-2017-ci illərdə məhkəmə təcrübəsi öyrənilərək məhkəmələrə tövsiyə olunmuşdur ki, “İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisə olunan inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-ci fəslində (Dövlət hakimiyyət orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 1 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, orqanların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdur”. Həmçinin “Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər”. Məhkəmə qeyd olunan tövsiyəni nəzərə alaraq hazırki iş üzrə də eyni hüquqi yanaşmanın tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, baxılan iş üzrə Göygöl rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1997-ci il tarixli 08 nömrəli qərarının qismən ləğv edilməsi tələb edilsə də, həmin aktın məhkəmə qaydasında mübahisələndirilməsi imkanı artıq aradan qalxmışdır və qüvvədə olan İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanını istisna edir. Bu səbəbdən də məhkəmə hesab edir ki, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilə bilməz. Bundan başqa, məhkəmə tələbin “JN-046B saylı və JN-046F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin etibarsız hesab edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, sözügedən şəhadətnamələr inzibati akt hesab edilmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. Göründüyü kimi sözügedən şəhadətnamələr inzibati akt hesab edilmədiyindən həmin sənədlərin ləğvi və yaxud etibarsız sayılması tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir, həmçinin tələbin qeyd olunan hissəsi hazırki cavabdehə qarşı yönələ bilməz. Belə ki, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən verilmişdir və sözügedən qurumlar ləğv olunduğundan tələbin qeyd olunan hissəsi ilə bağlı onların hüquqi varisi kimi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsi və onun müvafiq ərazi idarələri cavabdeh ola bilər. İddiaçı sözügedən şəhadətnamələrin ləğvi və etibarsız hesab edilməsi ilə bağlı cavabdeh orqana müraciət etməmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 9-cu bəndində Plenum məhkəmələrə izah etmişdir ki, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə cavabdehə müraciət etməsi və iddianın verilməsi müddətinə əməl olunması yoxlanılmalıdır. Göründüyü kimi qanunverici öhdəliyin icrası haqqında iddia tələbləri üçün xüsusi mümkünlük şərtləri müəyyən etmiş, iddiaçı tərəfindən isə tələblə bağlı müəyyən edilmiş şərtlərə əməl edilmədən məhkəmədə iddia qaldırılmışdır. Bu səbəbdən də məhkəmə iddianı həmin hissədə də mümkünsüz hesab edir. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Qəraraaldı: İddiaçılar İddiaçı və qeyrilərinin cavabdeh Göygöl Rayon İcra Hakimiyyətinə qarşı qərarın qismən ləğv edilməsi və torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin etibarsız hesab edilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar