Məhkəmə qərarları › İş №2-1(114)-5020/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-5020/2024

27.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-5020/2024 27.12.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Nurəli Əvəz oğlu, İddiaçı gizir hərbi rütbəsinin bərpası iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş insan hüququ və azadlıqlarını, cəza müddəti ötdüyünə görə məhkumluğu olmayan şəxs olmasını, müharibə vetranı olmasını, ağır xəstə olmasını, maddi və sosial durumunu, ən əsası isə cənab prezidentin humanist siyasətini nəzərə alaraq hərbi rütbəsinin bərpa edilməsi üçün müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, o, Tərtər Hərbi Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2-1(096)-06/2014 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.1 və 311.1-ci maddələri ilə təqsirli bilinərək 2(iki) il müddətinə məsul vəzifə tutlmaq hüququndan məhrum edilməklə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli Əfv Sərəncamına əsasən cəzanın çəkilməsindən azad olunmuşdur. X1 veteranı olduğunu, 1993-cü ilin mart ayında Ağdərə istiqamətində getmiş döyüşlər zamanı yaralandığını, hərbi xidmətdə olduğu müddətdə 14 (on dörd) dəfə fəxri fərmana layiq görüldüyünü bildirmişdir. Hərbi xidmət zamanı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı adından verilməklə Müdafiə nazirinin müvafiq əmrinə əsasən “Qüsursuz xidmətə görə” medalın üçüncü dərəcəsi ilə və bir sıra yubiley medalları ilə təltif olunmuşdur. Azadlıqdan məhrum edildiyi zaman “gizir” hərbi rütbəsindən məhrum edilmişdir. 27 (iyirmi yeddi) təqvim ili müddətində həqiqi hərbi xidmətdə olmuşdur. Baxmayaraq ki, cinayətin törədilməsində təqsiri olmayıb, hərbi xidmətinin 27-ci ilində rütbədən məhrum edilməklə azadlıqdan məhrum edilməsi ona pensiya təyin olunmasına hüquqi əngəl yaradır. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş insan hüquq və azadlıqlarını, cəza müddəti ötdüyünə görə məhkumluğu olmayan şəxs olmasını, müharibə veteranı, ağır xəstə olmasını, maddi və sosial durumumu nəzərə alaraq hərbi rütbəmin bərpa olunması üçün müvafiq qərar verilməsində köməklik göstərilməsini xahiş etmişdir.

II. İddianın mümkünlüyü

3. İddia tələbindən göründüyü kimi tələb məhkəmə hökmü ilə məhrum edilmiş hərbi rütbənin bərpa edilməsidir.

4. “İnzibati icraat haqqında” Qanunda inzibati orqanların hüquqazidd qərarlarının yoxlanılması, onların ləğv edilməsi və ya onlara dəyişiklik edilməsi məqsədi ilə maraqlı şəxslər üçün hüquqi müdafiə imkanları müəyyən edilmişdir. Həmin Qanunun 72-ci maddəsinin müddəalarına əsasən, maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. İnzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. İnzibati aktlardan məhkəmə qaydasında şikayət (inzibati iddia) Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən olunmuş qaydada verilir.

5. Məhkəmə hesab edir ki, hazırki iddia cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətdən irəli gəldiyi üçün mümkün deyil. Belə ki, şəxs hərbi rütbədən inzibati icraatdan irəli gələn fəaliyyət nəticəsində deyil, cinayət prosessual fəalliyyət nəticəsində məhkəmə hökmü ilə məhrum edilmişdir.

6. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı 10 aprel 2015-ci il 04 nömrəli qərarına əsasən: 7.2. Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən, həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayətprosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur.

7. İşdə olan məhkəmə sorğusu əsasında əldə edilmiş Tərtər Hərbi Məhkəməsinin 28 fevral 2014-cü il tarixli 1(098)-06/2014 nömrəli hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası CM-nin 341.1-ci maddəsi ilə təqsirli bilinib, 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 311.1-c maddəsi ilə təqsirli bilinib, 2 il müddətinə məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə və gizir hərbi rütbəsindən məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cinayətlərin məcmusu üzrə qəti olaraq 2 il müddətinə məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə və gizir hərbi rütbəsindən məhrum edilməklə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır.

8. İşdə olan məhkəmə sorğusu əsasında əldə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 21 may 2014-cü il tarixli 1/1(104)-59/2014 nömrəli qərarından görünür ki, Tərtər Hərbi Məhkəməsinin 28 fevral 2014-cü il tarixli 1(098)-06/2014 nömrəli hökmündən məhkumun vəkili tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır.

9. İşdə olan məhkəmə sorğusu əsasında əldə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının 19 mart 2015-cü il tarixli 1-1(102)-37/2015 nömrəli qərarından görünür ki, müdafiəçinin kassasiya şikayəti qismən təmin edilərək, Azərbaycan Respublikası CM-nin 341.1 və 311.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş İddiaçı barəsindəki Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 21 may 2024-cü il tarixli qərarı dəyişdirilmiş, məhkum İddiaçı təqsirli bilindiyi CM-nin 341.1ci maddəsi ilə olan əməli CM-nin 29,341-ci maddəsinə tövsif edilmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanmışdır.

10. İddiaçı Azərbaycan Respublikası CM-nin 341.1-ci maddəsi ilə təqsirli bilinib, 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 311.1-c maddəsi ilə təqsirli bilinib, 2 il müddətinə məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə və gizir hərbi rütbəsindən məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cinayətlərin məcmusu üzrə qəti olaraq 2 il müddətinə məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə və gizir hərbi rütbəsindən məhrum edilməklə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır.

11. Azərbaycan Respublikası CM-nin 76-cı maddəsinə əsasən məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər.

12. Azərbaycan Respublikası CPM-nin 509.1-ci maddəsinə əsasənm məhkəmənin hökmü çıxarıldıqdan sonra onun icrası qurtaranadək məhkum edilmiş şəxs aşağıdakı məsələlərə dair ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir: 509.1.1. cəzanın çəkilməsinin təxirə salınması haqqında; 509.1.2. xəstəliyə və ya ittiham hökmünün icrası müddətinin başa çatmasına görə cəza çəkməkdən azad edilməsi haqqında; 509.1.3. cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında; 509.1.4. cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza ilə əvəz edilməsi haqqında; 509.1.5. cəzaçəkmə və ya tərbiyə müəssisələrinin növünün dəyişdirilməsi haqqında; 509.1.6. amnistiyanın tətbiq edilməməsi və ya düzgün tətbiq edilməməsi haqqında; 509.1.7. müalicə müəssisəsində saxlanılma vaxtının cəzaçəkmə müddətinə daxil edilməsi haqqında; 509.1.8. məhkumluğun vaxtından əvvəl götürülməsi haqqında; 509.1.9. bu Məcəllədə nəzərdə tutulmuş digər məsələlər haqqında.

13. “Azərbaycan Respublikasının Məhkəmələrində Kargüzarlığın aparılmasına dair” Təlimatın 147-ci bəndinə əsasən: 1 - cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat; 2 - mülki işlər üzrə icraat; 2-1. inzibati mübahisələrə dair işlər üzrə icraat; 2-2 – kommersiya mübahisələrinə dair işlər üzrə icraat; 2-3 - apellyasiya məhkəmələrinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat; 3 - inzibati xətalar haqqında işlər üzrə icraat; 4 - prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi üzrə icraat; 5 - istintaq hərəkətlərinin məcburi aparılması və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üzrə icraat; 6 - cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər üzrə icraat; 7 - hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası qaydasında icraat; 8 - məhkəmə və digər orqanların qərarlarının icrası qaydasında icraat; 9-xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması üzrə icraat; 10 - xarici məhkəmələrin mülki məhkəmə aktları ilə bağlı icraat; 11 - cinayət işlərinə dair hüquqi yardımın göstərilməsi üzrə icraat; 12 - Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda cinayət icraatı; 13 - Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda mülki icraat; 14 - Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda Məhkəmə-Hüquq Şurasının qərarlarından verilmiş şikayətlər üzrə icraat; 15 - müvəqqəti xarakterli müdafiə təbdirləri üzrə icraat; 16 - müvəqqəti təminat tədbirləri üzrə icraat; 17 - terrorçuluğa və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların ölkədaxili siyahıya daxil edilməsi üzrə icraat.

14. Təlimatın 147-ci bəndinin qeydinə əsasən Hərbi məhkəmələrin qeydiyyat vərəqələrinin fərqləndirilməsi üçün “ 1”, “3”, “4”, “5”, “6”, “7” və “11” nömrəli indekslər müvafiq olaraq “ 1-1”, “3-1”, “4-1”, “5-1”, ”6-1”, “7-1” və “11-1” nömrəli indekslər kimi göstərilir.

15. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 68-ci bəndinə əsasən cinayət törətdiklərinə görə hərbi rütbədən məhrum edilmiş hərbi qulluqçuların və hərbi vəzifəlilərin hərbi rütbələri məhkəmənin qərarı ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Hərbi Komissarlığı) təqdimatına əsasən həmin hərbi rütbəni vermək hüququ olan vəzifəli şəxslər tərəfindən bərpa edilir.

16. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.

17. İddiaçı gizir hərbi rütbəsindən Tərtər Hərbi Məhkəməsinin 28 fevral 2014-cü il tarixli hökmü ilə məhrum edilməsi, bununla da həmin hərbi rütbədən inzibati icraat nəticəsində deyil, cinayət prosessual fəaliyyət nəticəsində məhkəmə hökmü ilə məhrum edilməsini nəzərə alaraq məhkəmə İddiaçı “gizir hərbi rütbəsinin bərpası” haqqında iddiasına inzibati mübahisələrə dair işlər üzrə icraat çərçivəsində deyil, cinayət mühakimə icraatı çərçivəsində-hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası qaydasında baxılmalı olması qənaətinə gəlmişdir.

18. Odur ki, iddia mümkün sayılmamalı, iddiaçıya müvafiq tələblə Azərbaycan Respublikası CPM-nin 506-521-ci madəllərinə uyğun olaraq müvafiq məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.

19. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

20. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq,

Q Ə R A R A A L D İ M:

İddiaçı gizir hərbi rütbəsinin bərpası” iddiası mümkün sayılmasın. İddiaçıya izah edilsin ki, hazırki tələblə Azərbaycan Respublikası CPM-nin 506-521ci madəllərinə uyğun olaraq müvafiq məhkəməyə müraciət edə bilər.

Qərardaddan 10 gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Nurəli Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar