Məhkəmə qərarları › İş №2-1(114)-503/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-503/2020

21.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-503/2020 21.02.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və vəkili X8, üçüncü şəxs X5 iştirakı ilə, İddiaçı cavabdeh Şəmkir Rayon İcra Hakimiyyəti Aparatının Qapanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə qarşı (üçüncü şəxs X11) təsərrüfatbaşına kitabda həyətyanı torpaq sahəsinə dair aparılmış qeydiyyatın ləğv edilməsi və həmin kitabda onun adının qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Şəmkir Rayon İcra Hakimiyyəti Aparatının Qapanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, Şəmkir rayonunun Qapanlı kəndinin ərazisində yerləşən mərhum anası X9 miras qalmış 0,28 ha həyətyanı torpaq sahəsinin təsərrüfatbaşına kitabda 2006-2020-ci illər üzrə heç bir hüquqi əsas olmadan X5 adına aparılmış qeydiyyatın ləğv edilməsi və həmin təsərrüfatbaşına kitabda yeganə varis kimi onun adının qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, atası X16 ilə anası X22zının birgə nikahlarından iddiaçı, Süzənbər Hüseyn qızı və Qəzənfər Hüseyn oğlu olmaqla üç övlad anadan olmuşlar. Ataları Böyük Vətən Müharibəsində həlak olmuşdur. Ata-anasından miras qalmış mülk Qapanlı kəndində yerləşməklə 0,28 hektar həyətyanı torpaq sahəsindən və fərdi yaşayış evindən ibarət olmuşdur. Həmin mülkdə iddiaçının qardaşı Qəzənfər ailə quraraq həmin kənddə başqa ünvanda öz evində ailəsi ilə yaşamış, bacısı Süsənbər də həmin kənddə başqa evdə ailəsi ilə yaşamış, yalnız iddiaçı anası Tamamla həmin miras mülkdə birgə ailə şəraitində qalıb yaşamışlar. İddiaçı miras mülklə qonşuluqda yerləşən əri Sərxan Mustafayevlə ailə qurub onun evində yaşasa da miras mülkə sahiblik edərək qoruyub saxlamışdır. Azərbaycan Respublkası Milli X28 Filalının verdiyi xx.xx.2018-ci il tarixli K-1-905 saylı arayışa əsasən Şəmkir rayonun Qapanlı kənd XDS-nin təsərrüfatbaşına kitabının 1986-1990-cı illər üzrə mərhum X12 adına 1228 saylı təsərrüfatın olması, həmin təsərrüfatda yeganə ailə üzvü kimi iddiaçının olması və həmin təsərrüfatda 0,28 hektar həyətyanı torpaq sahəsinin olması qeyd olunmuşdur. Anasının xx.xx.1986-cı ildə vəfatından sonra isə həmin miras mülkə bir müddət iddiaçı sahiblik etmiş, qocaldıqdan sonra isə onun razılığı və xəbəri olmadan X1 təsərrüfatbaşına kitabda heç bir hüquqi əsası olmadan özünün adına həmin torpaq sahəsini qeydiyyata aldırmışdır. Cavabdehin xx.xx.2019-cu il tarixli 35 saylı məktubunda da qeyd edilmişdir ki, həmin 0,28 hektar həyətyanı torpaq sahəsinin 2006-2020-ci illər üzrə hər hansı əsasla X5 adına təsərrüfatbaşına kitabda qeydə alınması barədə nümayəndəlikdə heç bir məlumat yoxdur. İddiaçı anasından qalmış mirasın yeganə varisi olmaqla notariatda vərəsəlik haqqında notariat işi açdırmış, lakin 0,28 hektar həyətyanı torpaq sahəsinin X5 adına təsərrüfatbaşına kitabda qeydə alınması mirasın onun adına rəsmiləşdirilməsinə mane olur. İddiaçı üçünü şəxsin adına əsassız olaraq alınmış qeydiyyatın ləğvi ilə bağlı cavabdeh orqana müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçı və vəkili X17 məhkəmə iclasında iddianı müdafiə etmişlər, həmçinin iddiaçı əlavə olaraq bildirmişdir ki, həmin sahədə nəvəsi Xəyal 4 il əvvəl ev tikməyə başlamış, hazırda ev tamamlanmaq ərəfəsindədi. Üçüncü şəxs X11 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, mübahisəli torpaq sahəsi Qapanlı kəndi İƏV üzrə nümayəndəliyin 1991-1995-ci illərə dair təsərrüfatbaşma kitabının 197-ci təsərrüfat nömrəsində onun adına qeyd edilmiş 0.28 sot həyətyanı torpaq sahəsidir. Eləcə də Qapanlı kənd İƏD üzrə nümayəndəsinin 461 nömrəli, xx.xx.2018-ci il tarixdə verilmiş arayışında qeyd edilir ki, təsərrüfatbaşına kitabda onun adına 0.28 ha torpaq sahəsi qeydə alınmışdır. Həmçinin Qapanlı kənd İƏD üzrə Nümayəndəsinin 89 nömrəli xx.xx.2019-cu il tarixli arayışında qeyd edilir ki, X11 2006- 2020-ci illərdə təsərrüfatbaşına kitabda qeydiyyatda dayanır. Təsərrüfatbaşına kitabda adına 0.28 ha həyətyanı torpaq sahəsi qeyd olunmuşdur və ailə üzvləri:- arvadı Bahar, oğlu Şahin, qızı Nuranə və Günaydır. O, torpaq sahəsinin adına sənədləşdirilməsi üçün (Qapanlı kəndində Aqrar islahat getməmişdir) Qapanlı bələdiyyəsinə müraciət etdikdən sonra, mərhum qardaşı Müzəffərin oğlu Xəyal ilə aralarında mübahisə yaranmış, o, həmin şəxsə qarşı Şəmkir Rayon Məhkəməsində “ölçmə işlərinə aparılan maneənin aradan qaldırılması tələbi”nə dair, sonuncu isə iddiaçı (atasının bibisi) İddiaçı vasitəsi ilə ona qarşı sözügedən iddia ərizəsini verdirmişdir. Əslində atası Qəzənfər Mahmudov nənəsi X10 təxminən 6 ay qabaq öldüyü və yaşadığı ev uçduğu üçün nənəsi Tamam gəlib atası Qəzənfərin adına olan evdə onlarla birlikdə yaşamışdır. Həmin vaxt evdə bacısı Qaytan, qardaşı Müzəffər və o yaşayırdı. Nənəsi Tamam onlarla birlikdə yaşayarkən ölmüş və onu yerdən bacısı Qaytan götürmüşdür. Mübahisəli torpaq sahəsini nənəsi öləndən sonra o idarə etmiş, əkib-becərmiş, məhsulunu yığmış və torpaq vergisini də o ödəmişdir. X3 xx xxxx 1986-cı ildə, nənəsi X18 isə xx.xx.1986-cı ildə ölmüşdür. Onların ölümündən sonra isə təsərrüfatı faktiki idarə edən şəxs kimi həmin mübahisəli torpaq sahəsi 1991-1995-ci ilin təsərrüfat başına kitabda onun adına qeyd edilmişdir. İddiaçı isə anasından qalan torpaq sahəsini nə faktiki, nə də rəsmi qaydada qəbul etməmişdir. O, həmin vaxt ərdə olmuş və torpaq sahəsi ilə heç bir bağlılığı olmamışdır. Hesab edir ki, İddiaçı mübahisəli 0.28 ha torpaq sahəsi üzərində heç bir hüququ olmadığı üçün onun həmin torpaq sahəsini mübahisələndirmək kimi hüququ da yoxdur. Cavabdeh Şəmkir Rayon İcra Hakimiyyəti Aparatının Qapanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Şəmkir Rayon İcra Hakimiyyəti Aparatının Qapanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2020-ci il tarixli 10 nömrəli məktubda bildirilmişdir ki, vətəndaş X14 nümayəndəliyə xx.xx.2019-cu il tarixli məktubla müraciət edərək anası mərhum X12 varisi kimi təsərrüfatbaşına kitabda onun qeyd edilməsini və X5 adına təsərrüfatbaşına kitabda qeyd olunmuş təsərrüfatın ləğv edilməsini xahiş etmişdir. Həmin müraciət əsasında nümayəndəlik tərəfindən araşdırma aparılmış və müəyyən olunmuşdur ki, Dövlət Arxiv idarəsinin Şəmkir rayonu fililından alınmış xx.xx.2019-cu il tarixli k-1-811 saylı arxiv arayışına əsasən mərhum X12 təsərrüfatında özündən başqa heç kim olmamışdır. Ona görə də varis kimi tanınması üçün məhkəməyə və notariata müraciət etməsi tövsiyyə olunmuşdur. Digər tələbi olan təsərrüfatbaşına kitabda X5 adına olan təsərrüfatın məhkəmə qərarı olmadan və ya özünün razılığı olmadan ləğv edilməsinin mümkün olmadığı X7 bildirilmişdir. Hazırda təsərrüfatbaşına kitabda X5 adına qeyd olunmuş təsərrüfatın hansı əsasla və neçənci ildə onun adına işlənilməsi barədə nümayədəlikdə heç bir məlumat yoxdur. Buna görə də X6 nümayəndəliyə qarşı irəli sürdüyü tələb əsassız hesab edilməlidir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Şəmkir rayon Qapanlı bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 116 nömrəli məktubundan görünür ki, kənd sakini mərhum X12 adına qeyd olunmuş 0.28 ha həyətyanı torpaq sahəsi 1999-cu il tarixdə Şəmkir rayonu Qapanlı yaşayış məntəqəsinin xüsusi mülkiyyətə, bələdiyyə və dövlət mülkiyyətinə verilən torpaqların plan və baş kitabında X5 adına işlənmişdir. - Şəmkir Rayon İcra Hakimiyyəti Aparatının Qapanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2019-cu il tarixli 01 nömrəli məktubundan görünür ki, X12 adına qeyd olunmuş sahənin təsərrüfatın təsərrüfatbaşına kitabda hansı əsasla X5 adına işlənməsi barədə nümayəndəlikdə məlumat yoxdur. -Dövlət X21 tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli k-1-905 nömrəli arxiv arayışından görünür ki, arxivdə mühafizə olunan Qaracəmirli kənd XDS-nin təsərrüfatbaşına kitabında 1986-1990-cı illərdə X12 adına 1228 nömrəli təsərrüfat qeyd edilmiş və təsərrüfatda başqa ailə üzvü qeyd olunmamışdır. -Dövlət X21 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli k-1-27 nömrəli arxiv arayışından görünür ki, arxivdə mühafizə olunan Qapanlı kənd İƏD üzrə nümayəndəsinin təsərrüfatbaşına kitabında 1991-1995-cı illərdə X5 adına 0,28 ha torpaq sahəsi olmaqla 197 nömrəli təsərrüfat qeyd edilmiş və təsərrüfatda özü ilə birlikdə ailə üzvləri qeyd edilmişdir. -Dövlət X21 tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli k-1-863 arxiv arayışından görünür ki, arxivdə mühafizə olunan Qapanlı kənd İƏD üzrə nümayəndəsinin təsərrüfatbaşına kitabında 1991-1995-cı illərdə X5 adına 0.28 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab etmir. Belə ki, iddiaçı hesab edir ki, təsərrüfatbaşına kitabda anası X12 adına qeyd olunmuş torpaq sahəsi onun ölümündən sonra vərəsəlik qaydasında onun adına qeyd edilməli idi. İş materiallarında olan arxiv sənədləri ilə müəyyən edilmişdir ki, mübahisəli sahə 1991-ci ildə təsərrüfatbaşına kitabda X5 adına qeyd edilmişdir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan SSR-nin xx.xx.1964-cü il tarixli Qanunu ilə təsdiq edilmiş xx.xx.1999-cu il tarixdə qüvvədən düşmüş Mülki Məcəllənin 119-cu maddəsində qeyd olunmuşdur ki, kolxozçu həyətinin mülkiyyətində kolxoz nizamnaməsinə müvafiq olaraq onun istifadəsində olan həyətyanı torpaq sahəsindəki yardımçı təsərrüfat, yaşayış evi, məhsuldar mal-qara, ev quşları və xırda kənd təsərrüfatı alətləri ola bilər. Həmin Məcəllənin 564-cü maddəsinə əsasən kolxozçu həyətinin üzvü öldükdə həyətin əmlakı üçün vərəsəlik açılmır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prossesual hüquq normalarına uyğun çıxarılmalıdır. Göründüyü kimi mübahisəli torpaq sahəsi 1991-ci ildə təsərrüfatbaşına kitabda X5 adına qeyd edildiyi zaman qüvvədə olan Azərbaycan SSR-nin Mülki Məcəlləsinin tələblərinə görə həyətyanı torpaq sahələri vətəndaşların mülkiyyətində olmamış və miras kütləsinə daxil edilməmişdir. Ona görə də həmin torpaq sahəsinin X12 ölümündən sonra təsərrüfatbaşına kitabda vərəsəlik qaydasında iddiaçının adına qeyd edilməli olması barədə iddiaçının dəlillərinin hüquqi əsası yoxdur. Bundan əlavə hüquq münasibətlərinin yarandığı zaman, habelə hazırda mövcud olan hər hansı qanunvericilik aktında adına təsərrüfatbaşına kitabda torpaq sahəsi qeyd edilmiş şəxsin ölümündən sonra onun ailə üzvlərinin və yaxud vərəsələrinin həmin kitabda qeydiyyatı növbəliliyi ilə bağlı göstəriş yoxdur. Beləliklə məhkəmə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən hesab edir ki, iddiaçının tələbi əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı Şəmkir Rayon İcra Hakimiyyəti Aparatının Qapanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə qarşı təsərrüfatbaşına kitabda həyətyanı torpaq sahəsinə dair aparılmış qeydiyyatın ləğv edilməsi və həmin kitabda onun adının qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar