Məhkəmə qərarları › İş №2-1(114)-503/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-503/2021

04.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-503/2021 04.02.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlu, İddiaçı cavabdeh “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Qərb RETSİ-ə qarşı cavabdeh orqanın vəzifəli şəxsləri tərəfindən istehlakçıya məxsus obyektdə «Elektrik enerjisindən istifadə qaydaları»na riayət olunması barədə yoxlamanın nəticəsinə müəyyən olunmuş pozuntulara dair xx xxxxxxxx 2020-ci il tarixli R 179699 saylı aktın ləğv olunması tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin binasında məhkəmə iclasından kənar baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı cavabdeh “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Qərb RETSİ-ə qarşı cavabdeh orqanın vəzifəli şəxsləri tərəfindən istehlakçıya məxsus obyektdə «Elektrik enerjisindən istifadə qaydaları»na riayət olunması barədə yoxlamanın nəticəsinə müəyyən olunmuş pozuntulara dair xx xxxxxxxx 2020-ci il tarixli R 179699 saylı aktın ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələblərinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Belə ki, hazırki tələb Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı iddia növlərinə aid olmadığından, qeyd olunan tələbə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə işdə iştirak edən şəxslərin subyektiv tərkibi təhlil edilərkən iddiaçının fiziki şəxs, cavabdehin isə dövlət orqanı olduğu müəyyən edilir. Həmçinin qeyd etmək lazımdır ki, iddiaçının iddia ərizəsindən müəyyən olunmur ki, iddia edilən akt onun yaşayış sahəsi və ya qeyri-yaşayış, yəni fərdi sahibkarlıq fəaliyyəti ilə bağlı tərtib edilmişdir. Məhkəmə qeyd etmək istəyir ki, iddiaçı iddia ərizəsi ilə yenidən müraciət edən zaman bu halı nəzərə alıb müvafiq olaraq ümumi və ya kommersiya məhkəməsinə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Beləliklə, məhkəmə iddianın mümkün sayılmaması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrinin tələblərinə əsasən, q ə r a r a a l d ı m: İddiaçı cavabdeh “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Qərb RETSİ-ə qarşı cavabdeh orqanın vəzifəli şəxsləri tərəfindən istehlakçıya məxsus obyektdə «Elektrik enerjisindən istifadə qaydaları»na riayət olunması barədə yoxlamanın nəticəsinə müəyyən olunmuş pozuntulara dair xx xxxxxxxx 2020-ci il tarixli R 179699 saylı aktın ləğv olunması barədə iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar