Məhkəmə qərarları › İş №2-1(114)-503/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-503/2023

28.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-503/2023 28.03.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı ödənilməmiş əmək pensiyası məbləğinin ödənilməsi barədə inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya təminatı departamentinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə pensiya ödənişinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının əlilliyə görə əmək pensiyasının ödənişi əlillik müddətinin bitməsi səbəbindən xx.xx.2021-ci il tarixdən dayandırılıb. Əlillik vəziyyəti yenidən qiymətləndirilərkən ona xx.xx.2022-ci il tarixdən əlillik təyin edilmişdir. Pensiya ödənişidə həmin tarixdən bərpa edilmişdir. İddiaçı hesab edir ki, əvvəlki ayların pensiyasiya məbləğinin ödənilməsindən imtina edilməsi qanunsuz və əsassız olmuşdur. İddiaçı Azətbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət edib tələbinin təmin edilməsini xahiş etsə də, cavabdeh orqan imtina cavabı vermişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya təminatı departamenti əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, o, 2019-cu ildə sürücülük vəsiqəsini yeniləmiş, lakin həmin vaxt sağlamlıq haqqında arayış təqdim etməmişdir. Cavabdehin nümayəndəsi X5 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının əlilliyinin müddəti xx.xx.2021-ci il tarixdə bitmiş, Şəmkir Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il göndərişi əsasında xx.xx.2022-ci il tarixdə 2-ci dərəcə müddətsiz əlilliyin müəyyən edilməsi ilə bağlı qərar qəbul edilmiş və qeyd edilən tarixdən müvafiq olaraq əlilliyə görə əmək pensiyası hesablanaraq ödənilməkdədir. Əlilliyin müəyyən edilməsi barədə qərarın qəbul edildiyi tarix həmin şəxsin qeyd edilən tarixdən etibarən əlilliyə görə əmək pensiyasının ödənilməsi üçün əsasdır. Cavabdehin nümayəndəsi X4 iddianı qəbul etməmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2022-ci il tarixli, **********5 nömrəli məktubundan görünür ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət üzrə İddiaçı pensiya ödənilməsindən imtina edilmişdir. -Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli, **********9 nömrəli məktubuna əlavə edilmiş tibbi-sosial ekspertiza sənədlərindən görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdə 5 il müddətinə 2-ci dərəcə əlillik, xx.xx.2022-ci il tarixdə müddətsiz 3-cü dərəcə əlillik təyin edilmişdir. -Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli, **********9 nömrəli məktubuna əlavə edilmiş tibbi-sosial ekspertiza sənədlərindən görünür ki, İddiaçı əlilliyi ilə bağlı xx.xx.2021, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli göndərişlərdən “əlavə müalicəyə ehtiyacın olması - Səbəb: 2009-cu ildən xəstə olmasına baxmayaraq 2019-cu ildə sağlamlıq haqqında arayış səbəbi: sürücüluk vəsiqəsi əldə edib”, “Göndərişin natamam doldurulması - Səbəb: xəstəyə təkrar əlillik dərəcəsinin təyinatin aparilmasi ücün hal hazirdaki sənədləri əsasında ekspertiza üçün əhəmiyyətli olan ixisaslaşmiş müəsissədə əlavə müayinə olunmaq məsləhət görülür”, “Göndərişin natamam doldurulması - Səbəb: Göz xəstəlikləri reyestrdə yoxdur. ” və “Göndərişin natamam doldurulması - Səbəb: Xəstəliyinin xarakterini və göndərişdə qeyd edilən kliniki əlamətlərin ağırlığını nəzərə alaraq ,aktiv sürücülük vəsiqəsinə malik olması məsələsi dəqiqləşdirilsin.” səbəbləri ilə imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya xx.xx.2016-cı il tarixdə “Miopiya, Hər iki gözdə yüksək dərəcəli miopiya. Skleroplastik əməliyyatından sonrakı vəziyyət.Miopiya, VİSOU-0,04 k/ilə-7,0D-4,0D-0,08 (yüzdə səkkiz).” diaqnozuna əsasən 5 il müddətinə 2-ci dərəcə əlillik təyin edilmiş, xx.xx.2021-ci il tarixədək ona həmin əsasla əmək pensiyası ödənilmiş və xx.xx.2021-ci il tarixdə əlillik müddətinin bitməsi ilə əlaqədar əmək pensiyasının ödənişi dayandırılmışdır. X2 Sisteminin Əlillik altsistemində iddiaçının əlilliyi xx.xx.2022-ci il tarixdən bərpa olunduğu üçün pensiya ödənişi həmin tarixdən bərpa edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət üzrə ona ödənilməmiş pensiyanın ödənilməsini tələb etsə də, cavabdeh bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”-na əsasən, 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra alt sistemə ötürülür. 2.3. Göndəriş alt sistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə alt sistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Dövlət Tibbi-Sosial Ekspertiza və X1: -1.1-ci maddəsinə əsasən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra – Agentlik) əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. -1.2-ci maddəsinə Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində fəaliyyət göstərir. -2.1.4-cü maddəsinə əsasən strukturuna daxil olan tibbi-sosial ekspert komissiyaları vasitəsilə əlilliyin qiymətləndirilməsinin həyata keçirilməsi Agentliyin fəaliyyət istiqamətlərindəndir. -3.1.2 və 3.1.3-cü maddələrinə əsasən müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlilliyinin dərəcəsini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək Agentliyin vəzifəsidir. -3.2.9-cu maddəsin əsasən dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq Agentliyin hüququdur. “Əliliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs əlilliyi olan şəxs hesab edilir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 24.1. maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. İşə əlavə edilmiş iddiaçıya dair tibbi-sosial ekspertiza sənədlərindən görünür ki, iddiaçı 2010-cu ildən eyni xəstəlikdən əziyyət çəkir və xx.xx.2021-ci il tarixədək (ilkin imtina tarixi) həmin diaqnozla 2-ci dərəcə əlil hesab edilmişdir. Buna baxmayaraq xx.xx.2021, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli göndərişlərdən “əlavə müalicəyə ehtiyacın olması - Səbəb: 2009-cu ildən xəstə olmasına baxmayaraq 2019-cu ildə sağlamlıq haqqında arayış səbəbi: təqdim edərək sürücüluk vəsiqəsi əldə edib”, “Göndərişin natamam doldurulması - Səbəb: xəstəyə təkrar əlillik dərəcəsinin təyinatin aparilmasi ücün hal hazirdaki sənədləri əsasında ekspertiza üçün əhəmiyyətli olan ixisaslaşmiş müəsissədə əlavə müayinə olunmaq məsləhət görülür”, “Göndərişin natamam doldurulması - Səbəb: Göz xəstəlikləri reyestrdə yoxdur. ” və “Göndərişin natamam doldurulması - Səbəb: Xəstəliyinin xarakterini və göndərişdə qeyd edilən kliniki əlamətlərin ağırlığını nəzərə alaraq ,aktiv sürücülük vəsiqəsinə malik olması məsələsi dəqiqləşdirilsin.” səbəbləri ilə “Göndərişin natamam doldurulması-ixtisaslı həkim müayinələrinin nəticələri dəqiqləşdirilsin” əsasları ilə əlillik dərəcəsinin təyinindən imtina edilmişdir. Məhkəmə qeyd edir ki, xx.xx.2021-ci il tarixdə verilmiş imtina sürücülük vəsiqəsi alarkən sağlamlıq haqqında arayış təqdim etməsi ilə bağlı olmuşdur, bu halda səlahiyyətli qurum (Komissiya) iddiaçının sağlamlıq vəziyyətini əyani şəkildə qiymətləndirməli olduğu halda sürücülük vəsiqəsinin verilməsi əsası ilə əlillik təyinatından imtina etməkdə haqlı olmamışdır. Bundan əlavə, növbəti imtinalar göndərişin natamam doldurulması əsası ilə verilmişdir ki, bu halda da komissiyanın hərəkətləri qanunazidd olmuşdur. Belə ki, yuxarıda istinad olunan qanunvericiliyin tələblərinə əsasən göndərişin natamam və yanlış doldurulması əlilliyin müəyyən olunmasından imtinaya deyil, altsistemin xüsusi bölməsində müvafiq qeyd aparılmaqla bu barədə bildirişin göndərişi rəsmiləşdirilmiş komissiyaya göndərilməsinə əsas verir. Həmçinin qeyd edilməlidir ki, iddiaçının səhhətində 11 il ərzində yaxşılığa doğru heç bir irəliləyiş olmadığı halda əlavə müalicəyə göndərilməsi aşkar süründürməçilik halı hesab edilir. Göründüyü kimi, komissiya qəsdən və yaxud səhlənkarlıq edərək iddiaçının əlillik təynatını ləngitmiş və 6 aylıq müddətin ötürülməsinə zəmin yaratmışdır. Məhkəmə gəldiyi qənaəti həm də onunla əsaslandırır ki, iddiaçının əlillik dərəcəsinin müddəti bitsə də növbəti təyinat zamanı onun yenidən əlil kimi qiymətləndirilməsi onu deməyə əsas verir ki, növbəti əlillik dərəcəsinin verilmə anınadək iddiaçı əvvəkli fizioloji durumda (əlil) olmuş, yalnız bu durumun formal olaraq dəyərləndirilməsi zərurəti yaranmış, dəyərləndirmənin gecikməsi isə iddiaçının səhlənkarlığı ucbatından deyil, başqa faktorlardan asılı olmuşdur. Qeyd olunan hal iddiaçının pensiya təminatı ilə bağlı hüquqlarını məhdudlaşdırmamalıdır. Həmçinin qeyd edilməlidir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və hazırki iş üzrə cavabdeh eyni mərkəzə (nazirliyə) tabe olan qurumlar olduğundan Agentliyin qüsuru nəticəsində yaranmış öhdəliyin pensiya və müavinət ödənişlərinin həyata keçirilməsi səlahiyyəti baxımından nazirliyin digər tabe qurumu tərəfindən aradan qaldırılması, yəni ödənilməli məbləğin hazırki cavabdehə həvalə edilməsi qanunamüvafiqdir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Odur ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməmiş pensiya məbləğinin hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar