Məhkəmə qərarları › İş №2-1(114)-5034/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-5034/2025

28.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-5034/2025 28.11.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Giriş hissəsi Hakim Hüseynov Nurəli Əvəz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Hüseynova Aləmzər İlkin qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə:

1. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş cavabdehin xx.xx.2025-ci il tarixli, 3-21-3-33/2-Q-0071-8/2025 nömrəli imtina məktubuna əsasən, müraciətdə iddia olunan torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədin əlavə edilmədiyi müəyyən edilmişdir. Aparılan araşdırma zamanı, təqdim edilmiş Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli, 856 saylı sərəncamı 0.04 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilmir.

2. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gəncə Şəhər Nizami Rayon İcra Hakimyyəti başçısının 29 dekabr 2015- ci il tarixli, 856 nömrəli sərəncamı ilə ona fərdi yaşayış evi tikintisi üçün Gəncə şəhəri, Qaraməmmədli yaşayış ərazisindən ayrılmış 400,0 kvm torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərarın çıxarılmasını xahiş etmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, Gəncə Şəhər Nizami Rayon İcra Hakimyyəti başçısının 29 dekabr 2015-ci il tarixli, 856 nömrəli sərəncamı ilə fərdi yaşayış evi tikintisi üçün ona Gəncə şəhəri, Qaraməmmədli yaşayış ərazisindən 400,0 kvm torpaq sahəsi ayrılmışdır, həmin torpaq sahəsi 2015-ci ildən onun sahibliyindədir və torpaq sahəsini mişar daşı ilə hasara alınmışdır. İddiaçı qeyd edir ki, torpaq sahəsində tikilməsi nəzərdə tutulan evin eskiz layihəsi Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq şöbəsi ilə razılaşdırılmış, 2025-ci ilin iyun ayında o, torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində adıma qeydiyyata alınaraq çıxarışın verilməsi üçün cavabdeh orqana müraciət etmişdir. Lakin qeyd edilən dövlət orqanı torpağı iddiaçının adına qeydiyyata almaqdan imtina etmiş və imtina onunla əsasandırılmışdır ki, təqdim edilən Gəncə Şəhər Nizami Rayon İcra Hakimyyəti başçısının 29 dekabr 2015-ci il tarixli, 856 nömrəli Sərəncamı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab olunmur. İddiaçı imtinanın əsasları ilə razı deyildir, belə ki, torpaq sahəsi icra hakimiyyəti orqanı tərəfindən ona verilmişdir. İddiaçı bildirir ki, verildiyi vaxtdan hal-hazıradək onun sahibliyində və istifadəsindədir. İddiaçı torpaq sahəsində ev tikməyə hazırlaşır, buna görə torpaq sahəsi adına qeydiyyata alınmalıdır. Odur ki, o, hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətindədir.

4. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-48-DA- 4F/2-1645//8/2025 nömrəli məktuba qoşma şəklində əlavə edilmiş Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli, 856 saylı sərəncamına əsasən, Gəncə şəhəri ,Qaraməmmədli yaşayış ərazisində yerləşən 400 kv.m torpaq sahəsində İddiaçı tərəfindən fərdi yaşayış evinin yerləşdirilməsinə icazə verilmişdir.

5. Cavabdeh tərəfindən iddia tələbi ilə bağlı etiraz məhkəməyə daxil olmuş və etirazda bildirilmişdir ki, müraciətə iddia olunan torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədin əlavə edilmədiyi, həmçinin, təqdim edilmiş Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli, 856 saylı sərəncamı 0.04 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab olunmadığı müəyyən edilmişdir. Həmçinin, aparılan araşdırma zamanı, xx.xx.2025-ci il tarixli müayinə aktına əsasən, torpaq sahəsinin yerləşdiyi yer AZCAD VƏ TEKUİS məlumatlarında yaşayış məntəqələri torpaqları olan dövlət mülkiyyəti kimi qeyd edilmişdir. İddia ərizəsinə əlavə edilmiş olan Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli, 856 saylı sərəncamından məlum olur ki, İddiaçı 0.04 ha torpaq sahəsində fərdi yaşayış evinin layihələndirilməsinə icazə verilmişdir. İddiaçı cavabdehin ona məxsus torpaq sahəsinin ayrıldığını iddia etdiyindən ilk növbədə iddiaçının həmin torpaq sahəsinə hüququnun olması, yəni bu iddianı qaldırmaq üçün özünün subyektiv hüququnun mövcudluğunu sübuta yetirməlidir. İddiaçının hazırkı iddia tələbi ilə müraciət etməsi üçün subyektiv hüququnun mövcud olması üçün ilk növbədə ona torpaq sahəsinin hansı əsaslarla ayrılmış olması müəyyən edilməlidir. İddiaçının istinad etdiyi sərəncamda torpaq sahəsinin iddiaçının mülkiyyətinə və istifadəsinə verilməsi ilə bağlı hər hansı müddəa yoxdur. Sərəncamda yalnız iddiaçıya torpaq sahəsində fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsi qeyd edilmişdir.

6. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat vermiş, iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

7. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişlər.

8. İddiaçının və cavabdehin nümayəndəsinin hazırlıq icraatı üzrə məhkəmə iclasına gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi).

Əsaslandırma hissəsi:

9. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır.

10. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar.

9. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

11. Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

19. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.

20. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olması şərti də yerinə yetirilməlidir.

21. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Mümkünlük şərtləri məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.

22. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.

23. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə münasibətdə iddiaçının belə bir hüququnun mövcudluğu təsdiq olunmur.

24. İddiaçının istinad etdiyi Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli, 856 nömrəli sərəncam mübahisələndirilən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd kimi qəbul edilə bilməz. Belə ki, bu sənəd nə həmin torpağın icarəyə, nə istifadəyə verilməsi ilə bağlı olmamışdır. Bundan başqa, həmin sərəncama torpaq sahəsinin yerləşmə yerini, koordinatlarını əks etdirən hər hansı bir sənəd əlavə edilməmişdir.

25. Göründüyü kimi, mübahisəli torpaq sahəsi ilə iddiaçının hər hansı hüquqi bağlılığı yoxdur. Belə ki, mübahisəli torpaq sahəsi nə mülkiyyət hüququ əsasında, nə də ki, əqdlərdən doğan hüquqi nəticə üzrə onun istifadəsində deyildir. Nəzərə alınmalıdır ki, torpaq sahəsinin özü qanuni əsaslarla iddiaçıya məxsus olmadığından iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında hüquqi müstəvidə həlli mümkün deyildir.

26. Eyni zamanda qeyd olunmalıdır ki, iddiaçının mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı subyektiv hüququnun yaranması üçün Torpaq Məcəlləsinin 55-ci maddəsində sadalanan əsaslardan hər hansı biri olmalıdır. Yəni iddiaçının torpaqdan istifadə etməsinə ixtiyar verən müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və onlarla bağlanan müqavilə, bu torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair məhkəmə qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər əsaslar mövcud deyildir.

27. Başqa sözlə, 400 kv.m ölçüdə torpaq sahəsinin iddiaçıya verilməsi hər hansı bir mötəbər sübutla təsdiq olunmur.

28. Beləliklə də, mübahisəli torpaq sahəsinin hər bir halda iddiaçıya aid olması barədə hüquq müəyyənedici sənədlər yoxdur, yəni bir növ iddiaçı torpaq sahəsinə dair özünün titul sahibliyini aşkara çıxarda bilməmişdir ki, hazırda da qeyd edilən torpaq sahəsinin qeydiyyata alınmasını ləğvini xahiş etsin. Yuxarıda qeyd olunan hallar hazırkı iddia ilə bağlı iddiaçının subyektiv hüququ istisna edir.

29. Həmçinin məhkəmə bildirir ki, Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin təfsirinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.

30. Hazırkı iş üzrə iddiaçı Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 856 nömrəli sərəncamına istinad edərək, Gəncə şəhəri, Qaraməmmədli yerləşən 400 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərarın çıxarılmasını xahiş etmişdir.

31. Bununla bağlı məhkəmə qeyd edir ki, yerli icra hakimiyyəti orqanın sərəncamı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə əsasən, hüquqların qeydə alınması əsaslarından biri kimi nəzərdə tutulmamışdır. Başqa sözlə sərəncam tikintilayihələşmə sahəsində müvafiq yerli icra hakimiyyəti orqanın icazəsini əks etdirir, bu isə həmin sənədə əsasən torpaq sahəsi üzərində şəxsin hər hansı hüququnun yaranmasına əsas deyildir.

32. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-3125/2023 nömrəli qərarında oxşar mövqe əks etdirilmişdir.

33. Hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən, iddia mümkünsüz sayılmalıdır.

34. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiaları mümkün sayılmamalıdır.

35. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin norma tələblərinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Habelə, qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 85.1-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan, onun tam formada təqdim olduğu gündən 10 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim Nurəli Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar