Məhkəmə qərarları › İş №2-1(114)-5039/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-5039/2025

10.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-5039/2025 10.10.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “xəslətliyinin şəhadətləndirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Mən, Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Nurəli Əvəz oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “qərarın ləğv edilməsi və səbəbli əlaqə ilə yeni qərarın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, məhkəmə iclasından kənar baxaraq M Ü Ə Y Y Ə N E T D İ M:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, oğlu X1 yenidən hərtərəfli müayinə olunaraq xəstəliyinin şəhadətləndirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, iddia mümkün sayılmamalıdır.

3. Məhkəmə qeyd edir ki, qanunun tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

4. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri).

5. Həmin qərarın 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

6. Həmin qərarın həmçinin qeyd edilir ki, iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. (qərarın 16.1, 16.2, 16.3, 16.4, 16.5 və 16.6-cı bəndləri).

7. Göründüyü kimi, iddianın mümkünlük şərtlərindən biri iddiaçının müvafiq iddianı qaldırması üçün subyektiv hüququnun olmasıdır.

8. İddiaçı iddia ərizəsinin “xahiş edirəm”, yəni tələb hissəsində oğlu X1 yenidən hərtərəfli müayinə olunaraq xəstəliyinin şəhadətləndirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

9. Məhkəmə tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2025-ci il tarixli sərəncamda İPMin 13-cü maddəsinin tələblərinə əsasən yardım edilərək, iddia ərizəsinin hazırki iddiaçı deyil, X2 tərəfindən qaldırılmalı olduğu, iddia ərizəsində tələbin yönəldiyi və yaxud tələbə cavab verməli olan inzibati orqan - hazırkı tələb üzrə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Hərbi-Həkim Komissiyası “cavabdeh” qismində qeyd etməklə “Dövlət Sərhəd Xidməti Hərbi-Həkim Komissiyasının xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi və “hərbi xidmətə yararsızdır” kimi qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə tələbi dəqiqləşdirmək təklif edilmişdir. 10.Həmin sərəncam İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə “poçt göndərişinin verilməsi haqqında” xəbərnamayə imza atılmaqla qəbul edilmişdir.

11. Daha sonra İddiaçı tərəfindən məhkəməyə ərizə ünvanlanaraq, cavabdeh və iddia ərizəsinin “xahiş edirəm”, yəni tələb hissəsi hüquqi yardım qaydasında məhkəmə tərəfindən göndərilmiş sərəncama uyğunlaşdırılsa da, “iddiaçı” qismində tələb yerinə yetirilməmişdir. Belə ki, iddiaçı "X2" olmalı olduğu halda, “iddiaçı” qismində yenidən “İddiaçı” göstərilmişdir.

12. Qeyd edilən sərəncam iddiaçıya təqdim edilməsinə baxmayaraq, iddiaçı tərəfindən iddia tələbində yol verilmiş formal xətaların tam aradan qaldırılması ilə bağlı faktiki hərəkətlər edilməmiş, yenilənmiş iddia ərizəsi hüquqi yardım qaydasında məhkəmə tərəfindən göndərilmiş sərəncama tam uyğunlaşdırılmamışdır.

13. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələblərinə əsasən, iddiaçıya iddianın qanunun tələblərinə uyğunlaşdırılmasına dair xx.xx.2025-ci il tarixli sərəncam göndərilərək iddia ərizəsində olan formal xətaların aradan qaldırılması və dəqiqləşdirilmiş iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün xx.xx.2025-ci il tarixə qədər vaxt verilməsi, eləcə də müəyyən edilmiş vaxtadək qeyd edilən çatışmazlıqların aradan qaldırılmayacağı təqdirdə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35-ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir.

14. Buna baxmayaraq iddiaçı sərəncamda qeyd edilən formal xətaları aradan qaldırmamışdır.

15. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. -46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim, yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir.

17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır.

18. İddiaçı iddia ərizəsində övladı X4 Sərhəd Xidmətinin Füzuli rayonunda yerləşən N saylı hərbi hissəsində xidmət etdiyini göstərmişdir.

19. Belə olan halda X2 hazırki iddia üzrə xidməti yaşayış sahəsinin olduğu yerin yerləşdiyi yer üzrə müvafiq inzibati məhkəməyə müraciət etməlidir.

20. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 46, 80, 81 və 85-ci maddələrinin tələblərinə əsasən,

Q Ə R A R A A L D İ M:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “qərarın ləğv edilməsi və səbəbli əlaqə ilə yeni qərarın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmasın. İddiaçıya izah edilsin ki, X3 qərardadda göstərilən nöqsanları aradan qaldıraraq xidməti yaşayış sahəsinin olduğu yerin yerləşdiyi yer üzrə müvafiq inzibati məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Nurəli Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar