Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-504/2020 07.02.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Abdullayev Əsgər Vəli oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Nizami rayon şöbəsinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Nizami rayon şöbəsinə (bundan sonra AR ƏƏSMN yanında DSMF-nin Gəncə şəhər Nizami rayon şöbəsi) qarşı təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh AR ƏƏSMN yanında DSMF-nin Gəncə şəhər Nizami rayon şöbəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona məxsus diplomda qeyd olunan 1972-1976-cı illərdə “H.Zərdabi” adına Kirovabad Dövlət Pedaqoji İstitutunda təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 1972-1976-cı illərdə “H.Zərdabi” adına Kirovabad Dövlət Pedaqoji İstitutunda təhsil almışdır. Təhsil illərinin sosial sığorta stajına daxil edilməsilə bağlı ƏƏSMN yanında DSMF-nin Gəncə şəhər Nizami rayon şöbəsinə müraciət etsə də, cavabdeh orqan bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X8 bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsində təhsil müddətinin sosial sığorta stajına hesablanması nəzərdə tutulmadığına görə şöbə tərəfindən iddiaçının təhsil aldığı illər sığorta stajına daxil edilməmişdir. Hazırda iddianı qəbul edib qərar qəbul edilməsini xahiş edir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - AR ƏƏSMN yanında DSMF-nin Gəncə şəhər Nizami rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, **********5 nömrəli məktubunun surətindən görünür ki, “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsində təhsil müddətinin sosial sığorta stajına hesablanması nəzərdə tutulmadığına görə onun pensiyasının yenidən hesablanması imkan xaricində olması bildirilmişdir. - Məmmədova (İbrahimli) Minayə Rəcəb qızına məxsus 016430 nömrəli, xx.xx.1976-cı il tarixli diplomun təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 1972- 1976-cı illərdə “H.Zərdabi” adına Kirovabad Dövlət Pedaqoji İstitutunda “azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə təhsil almışdır. - Evlənmək haqqında xx.xx.1976-cı il tarixli şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X3 ilə X6 arasında nikah bağlanmış, ərə “İbrahimov” arvada “İbrahimova” soyadı verilmişdir. - Azərbauycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən DSMF-nin Gəncə şəhər Nizami rayon şöbəsinə ünvanlanmış xx.xx.2015-ci il tarixli, 750 nömrəli məktubundan görünür ki, X1 xx.xx.2003-cü il tarixdə “İbrahimli” soyadına dəyişmişdir. - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2016-cı il tarixli, 50/182 nömrəli qərarının surətindən görünür ki, İddiaçı 2016-cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati-iqtisadi məhkəmələrə aiddir. X5 Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, İddiaçı məxsus 016430 nömrəli, xx.xx.1976-cı il tarixli diplomun təsdiq edilmiş surətindən görünür ki, o, 1972-1976-cı illərdə “H.Zərdabi” adına Kirovabad Dövlət Pedaqoji İstitutunda “azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə təhsil almışdır. Məhkəmə qeyd olunan diplomu mötəbər sübut kimi qəbul edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Konstitusiyanın 38-ci maddəsinin 3-cü bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların geriyə qüvvəsi şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşları bu qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Cavabdeh təşkilat “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsində təhsil müddətinin sığorta stajına daxil edilməsi nəzərdə tutulmadığını əsas gətirərək tələbi təmin etməkdən imtina etmişdir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir. Belə ki, “əmək stajı” və “pensiya hüququ” bir – birindən fərqli anlayışlardır. Pensiya hüququ şəxsin qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatdıqdan sonra yaranan hüququdur, yəni, bu gün qüvvədə olan pensiya hüquq normalarını tənzimləyən qanunvericilik aktında “təhsil müddətinin əmək stajına daxil edilməməsi” pensiya hüququ yaranmış şəxsə deyil, hazırda təhsil alan şəxsə şamil edilməlidir. Ona görə də, “təhsil müddətinin əmək stajına daxil edilməsi” məsələsi həmin təhsil alınan vaxt qüvvədə olan qanunvericiliklə, pensiya hüququ isə bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericilik ilə tənzimlənir. “Əmək stajı” və “pensiya hüququ” müxtəlif dövrlərdə yaranan hüquqi anlayışı olduğundan təhsil müddətinin sığorta stajına daxil edilməsi məsələsi şəxsin pensiya hüququnun yaranması vaxtı ilə müəyyən edilə bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçilarının öz mülahizələrini bildirmək imkanı olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı məxsus 1972-1976-cı illərdə “H.Zərdabi” adına Kirovabad Dövlət Pedaqoji İstitutunda “azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə təhsil aldığı müddətin əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Nizami rayon şöbəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-504/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-504/2020
07.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver