Məhkəmə qərarları › İş №2-1(114)-504/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-504/2021

18.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-504/2021 18.02.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı ödənilməmiş pensiya məbləğinin ödənilməsi, maddi və mənəvi ziyan tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdeh tərəfindən ona vurulmuş 10.000 manat dəyərində mənəvi zərərin, 5.000 manat maddi zərərin (nəqliyyat xərcləri, notariat xərcləri, hüquqi xidmətə görə qonarar, poçt xərcləri, 4 aylıq pensiya pulu) cavabdehdən alınıb ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, uşaqlıqda almış olduğu xəsarətlə bağlı olaraq ona 2017-ci ildə müddətsiz 3-cü qrup əlilik müəyyən olunmuşdur. xx xxxxxxx 2019cu il tarixinə kimi pensiyanı mübahisəsiz almışdır. Lakin cavabdeh sonradan heç bir hüquqi əsas olmadan onun pensiyasını dayandırmış, Şəmkir Rayon Məhkəməsində ona qarşı "pul tələbinə dair” iddia qaldırmışdır. Cavabdeh ona qarşı qaldırmış olduğu iddiasında xx.xx.2017-ci ildən xx.xx.2019-cu ilə kimi onun hesabına ödəmiş olduğu 14089.00 manat pulun geri qaytarılmasını tələb etmişdir. Həmin tələb zamanı ona məlum olmuşdur ki, onun əlilliyi "Əlillik altsistemində" etibarsız hesab olunub. Bundan sonra təkrar olaraq Tibbi Sosial Ekspert komissiyasına müraciət etmiş və xx xxxxxx 2020-ci il tarixində komissiyanın qiymətləndirmə üzrə qərarı ilə müddətsiz üçüncü dərəcəli əlil hesab olunmuşdur. Cavabdeh heç bir hüquqi əsas olmadan ona verilən pensiyanı dayandırmışdır. Bu səbəbdən də hesab edir ki, cavabdeh xx.xx.2019-cu il tarixdən xx xxxxxx 2020-ci il tarixə kimi dayandırmış olduğu pensiyanı, eyni zamanda onun qanunsuz hərəkəti nəticəsində çəkmiş olduğu maddi ziyanı, həmçinin cavabdehin qanunsuz hərəkəti nəticəsində yaşamış olduğu mənəvi ziyanı cavabdeh ona ödəməlidir. Belə ki, cavabdehin qanunsuz hərəkəti nəticəsində dörd ay pensiya almamış, Eyni zamanda vəkilin hüquqi yardımından istifadə etmək məcburiyyətində qalmışdır. Həmin hüquqi yardımlara görə vəkilə xidmət haqqı ödəmişdir. Həmçinin cavabdehin bu qanunsuz hərəkəti nəticəsində onun şərəf və ləyaqəti alçalmışdır. Belə ki, cavabdehin ona qarşı bu iddiasından sonra işlədiyi kollektivdə, qonşuları və qohumları yanında xəcalətli olmuş, hamı onu saxta sənəd düzəltməklə, dövlət vəsaitini qanunsuz əldə edən kimi qəbul etmişdir. Bu isə onun mənəvi əzab çəkməyinə, təkrar müayinələrə cəlb olunmağına səbəb olmuşdur. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı və nümayəndəsi məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə iddiaçının, onun nümayəndəsinin və cavabdehin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib aşağıda qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən hesab edir ki, iş baxılması üçün ərazi aidiyyəti üzrə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Həmin Məcəllənin 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış, yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İşin hallarından göründüyü kimi hazırkı iddia kompensasiyanın ödənilməsi tələbinə dair iddia növünə aiddir və iddiaçı ilə cavabdeh inzibati orqan arasında hər hansı xidməti hüquq münasibəti olmadığından inzibati işin ərazi aidiyyəti İPM-in 8.1.4-cü maddəsinə əsasən həll edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsində nəzərdə tutulmuş qaydalara uyğun baxılmalı olmadığından və cavabdehin yerləşdiyi yer üzrə baxılmalı olduğundan iş aidiyyəti üzrə baxılması üçün müvafiq səlahiyyətli məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 8.2-ci maddəsinə görə predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. - 8.4-cü maddəsinə görə tərəflərdən birinin məhkəmə aidiyyətini mübahisələndirdiyi hallarda, mübahisəyə baxılmasının onun səlahiyyətinə aid olması barədə məsələ məhkəmə tərəfindən həll edilir. - 8.5-ci maddəsinə görə bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli qərarının 15.1. və 15.2-ci bəndlərində qeyd edilmişdir ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hüquqi ünvanı ünvan 1 olduğundan və həmin ərazi Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid edildiyindən hazırkı inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 8 və 85-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı ödənilməmiş pensiya məbləğinin ödənilməsi, maddi və mənəvi ziyan tələbinə dair inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar